ADPU-da tələbələrin dayanıqlı inkişaf prinsiplərinə münasibəti öyrənilib

3 Noyabr, 2026 - 11:00
ADPU-da tələbələrin dayanıqlı inkişaf prinsiplərinə münasibəti öyrənilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin dayanıqlı inkişaf və BMT Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sorğu keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, sorğunun əsas məqsədi tələbələrin dayanıqlı inkişaf anlayışını mənimsəmə səviyyəsini, DİM-lər haqqında məlumatlılığını və gündəlik həyatda dayanıqlı davranışlara münasibətini öyrənmək, həmçinin universitetdə bu istiqamətdə maarifləndirmə fəaliyyətlərinin inkişafı üçün prioritetləri müəyyənləşdirmək olub.

Universitetin müxtəlif kurslarında və magistratura səviyyəsində təhsil alan 2433 tələbənin iştirak etdiyi sorğu çərçivəsində dayanıqlı inkişafın mahiyyəti, DİM-lərin qlobal əhəmiyyəti, dayanıqlı davranış nümunələri və ADPU-nun bu sahədə həyata keçirdiyi təşəbbüslər barədə məlumatlılıq araşdırılıb. Respondentlərin tədris illəri üzrə bölgüsünə əsasən, iştirakçıların 34,1 faizini I, 22,1 faizini II, 18,7 faizini III, 18,9 faizini IV, 2,4 faizini V tədris ilinin tələbələri təşkil edib. Sorğuda magistratura səviyyəsində təhsil alan tələbələrin payı isə 3,7 faiz olub.

Sorğunun nəticələrinə görə, respondentlərin 75,2 faizi dayanıqlı inkişafı indiki və gələcək nəsillərin rifahını nəzərə alan, iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında tarazlığın qorunmasına əsaslanan inkişaf modeli kimi düzgün müəyyənləşdirib. Tələbələrin 89,8 faizi isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal sosial, iqtisadi və ekoloji problemlərin həllinə töhfə vermək məqsədi daşıdığını qeyd edib.

Nəticələr tələbələrin dayanıqlı inkişaf mövzusuna marağını və bu istiqamətdə biliklərini artırmaq istəyini də əks etdirib. Belə ki, respondentlərin 63,4 faizi universitetdə dayanıqlı inkişaf, DİM-lər və ətraf mühitin qorunması ilə bağlı daha çox məlumat əldə etmək istədiyini bildirib.

Tələbələrin maarifləndirmə və iştirak baxımından üstünlük verdikləri fəaliyyətlər arasında seminar və təlimlər (49,8 faiz), ekoloji layihələr və könüllülük təşəbbüsləri (44 faiz), eləcə də açıq mühazirə və müzakirələr (35,2 faiz) yer alıb.

Ümumilikdə sorğunun nəticələri ADPU tələbələrinin dayanıqlı inkişafın qlobal əhəmiyyətini dərk etdiyini və bu sahədə biliklərini genişləndirməyə maraq göstərdiyini ortaya qoyur. Tələbələrin təklifləri universitetdə dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılması, praktiki təşəbbüslərin genişləndirilməsi və DİM-lərin universitet həyatına inteqrasiyası baxımından əhəmiyyətli istiqamətlər müəyyən edir.

Əldə olunan məlumatların ADPU-da dayanıqlı inkişaf üzrə tədris, tədqiqat və maarifləndirmə fəaliyyətlərinin daha məqsədyönlü planlaşdırılmasına, tələbələrin bu proseslərdə iştirakının təşviqinə və dayanıqlı inkişaf prinsiplərinin universitet mühitində geniş tətbiqinə töhfə verməsi nəzərdə tutulur.