“Study in Azerbaijan” layihəsi çərçivəsində əcnəbi tələbələrlə görüş keçirilib
Noyabrın 2-də Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə səhər yeməyi formatında görüş təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, qeyri-rəsmi və səmimi şəraitdə keçirilən görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, “Study in Azerbaijan” layihəsinin nümayəndələri, müvafiq qurumların əməkdaşları, eləcə də ölkəmizin 9 ali təhsil müəssisəsində təhsil alan, 13 ölkəni təmsil edən 40-a yaxın əcnəbi tələbə iştirak edib.
Görüşün əsas məqsədi əcnəbi tələbələrlə birbaşa ünsiyyət qurmaq, onların Azərbaycandakı təhsil və tələbəlik təcrübələrini öyrənmək, qarşılaşdıqları çətinlikləri və təklifləri dinləmək, həmçinin təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
İnteraktiv müzakirələr zamanı tələbələrin Azərbaycanda təhsil imkanları, universitet mühitinə uyğunlaşma prosesi, akademik və sosial həyatda iştirakı ilə bağlı məsələlər müzakirə edilib. Tələbələr öz təcrübələrini bölüşərək onları maraqlandıran məsələləri diqqətə çatdırıb, təkliflərini səsləndiriblər.
Görüşdə Pakistan, Rusiya Federasiyası, Türkiyə, Qazaxıstan, Hindistan, Çin, Gürcüstan, Əlcəzair, Mərakeş, Belarus, İraq, İndoneziya və Konqodan olan tələbələr təmsil olunublar.
Onlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti və Xəzər Universitetində təhsil alırlar.




