ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayı 3 dəfə artıb
Beynəlxalq Təhsil İnstitutunun (IIE) “Open Doors 2025” hesabatının Azərbaycan üzrə ölkə profili ölkəmizdən ABŞ-yə tələbə axınının son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir. Hesabata əsasən, 2024/2025-ci tədris ilində ABŞ-nin ali təhsil müəssisələrində 1 329 azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki tədris ilindəki 1 130 nəfərlə müqayisədə 17,6 faiz artım deməkdir.
“Azərbaycan müəllimi” xəbər verir ki, son yeddi ilin dinamikası daha diqqətçəkicidir. Belə ki, 2017/2018-ci tədris ilində ABŞ-da təhsil alan azərbaycanlıların sayı 426 nəfər olduğu halda, 2024/2025-ci ildə bu göstərici 1 329 nəfərə yüksəlib. Başqa sözlə, yeddi il ərzində tələbələrin sayı üç dəfədən çox artıb.
Təhsil səviyyələri üzrə bölgüdə magistratura və doktorantura tələbələri üstünlük təşkil edir. Onların sayı 617 nəfər olmaqla ümumi göstəricinin 46,4 faizini təşkil edir. Bakalavriat səviyyəsində 500 azərbaycanlı tələbə təhsil alır ki, bu da ümumi sayın 37,6 faizidir. Bundan əlavə, 32 nəfər qeyri-dərəcə proqramlarında, 180 nəfər isə təhsildən sonrakı praktiki hazırlıq imkanı verən OPT proqramında iştirak edir.
Hesabatın ən diqqətçəkən nəticələrindən biri azərbaycanlı tələbələrin universitet seçimidir. Onların 87,9 faizi doktorantura proqramları həyata keçirən ali təhsil müəssisələrində təhsil alır. Bu göstərici Azərbaycan gənclərinin ABŞ-ın elmi-tədqiqat potensialı yüksək olan universitetlərinə marağını nümayiş etdirir.
Ali təhsil müəssisələrinin mülkiyyət formasına görə bölgüsündə dövlət universitetləri 56,3, özəl universitetlər isə 43,7 faiz paya malikdir. Azərbaycanlı tələbələrin daha çox üz tutduğu ABŞ ştatları arasında Kolumbiya dairəsi, Massaçusets, Nyu-York, Florida və İllinoys ilk beşlikdə yer alır.
Hesabatda Azərbaycanın beynəlxalq tələbə göndərən ölkələr arasında 76-cı yerdə qərarlaşdığı da qeyd olunur.
Bütün bu göstəricilər Azərbaycanın beynəlxalq ali təhsil mobilliyində ABŞ istiqamətinin getdikcə gücləndiyini, xüsusilə magistratura, doktorantura və praktiki hazırlıq proqramlarına marağın artdığını göstərir.




