Litvanın aparıcı universitetlərində 800-ə yaxın azərbaycanlı təhsil alır – Ceyhun Bayramov

25 Noyabr, 2026 - 15:12
Litvanın aparıcı universitetlərində 800-ə yaxın azərbaycanlı təhsil alır

Litvada çox sayda azərbaycanlı gənc ali təhsil alır. Litvalı nazir bu gün ən son statistik məlumatları bizimlə bölüşdü. Belə ki, hazırda 800-ə yaxın azərbaycanlı tələbə Litvanın aparıcı ali təhsil müəssisələrində təhsil alır. Hesab edirik ki, bu, iki ölkə arasındakı münasibətlərin mühüm komponentidir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ötən il Litvadan Azərbaycana 3 mindən çox turist səfər edib. Onun sözlərinə görə, birbaşa uçuşların təşkili məsələsinin gündəmdə saxlanılması və həll edilməsi bu sahələrdə əməkdaşlığın inkişafına əlavə təkan verə bilər.