Qrup işində bütün tələbələrə eyni balın verilməsi ədalətlidirmi?
Universitetlərdə qrup layihələri tələbələrin birgə işləmək, araşdırma aparmaq və fikirlərini əsaslandırmaq bacarıqlarının inkişafında mühüm rol oynayır. Lakin layihənin hazırlanmasında bütün tələbələrin əməyi hər zaman eyni olmur. Bəziləri işin əsas hissəsini yerinə yetirdiyi halda, digərləri prosesdə daha az iştirak edə bilir. Belə vəziyyətdə qrupun bütün üzvlərinə eyni qiymətin verilməsi nə dərəcədə ədalətlidir? Müəllimlər yekun nəticə ilə tələbələrin fərdi əməyini qiymətləndirərkən hansı meyarlara əsaslanmalıdırlar?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Gülnar Cəfərova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, qrup layihələrinin qiymətləndirilməsində yalnız yekun nəticə deyil, hər bir tələbənin həmin nəticənin əldə olunmasına verdiyi töhfə də nəzərə alınmalıdır.
Onun sözlərinə görə, layihə əsaslı qrup işləri tələbələrin akademik nailiyyətlərinə və sosiallaşmasına müsbət təsir göstərməklə yanaşı, əməkdaşlıq, tədqiqatçılıq və müzakirə aparmaq bacarıqlarını inkişaf etdirir:
“Layihə əsaslı təlim strategiyasının əsas xüsusiyyətlərindən biri yekun nəticə ilə yanaşı, işin hazırlanma prosesinin də nəzərə alınmasıdır. Çünki qrup üzvlərinin layihəyə verdiyi töhfə fərqli ola bilər. Bəzi tələbələr digərləri ilə müqayisədə daha çox, bəziləri isə daha az əmək sərf edirlər. Buna görə də ümumi qrup işinin qiymətləndirilməsi ilə yanaşı, hər bir tələbənin fərdi töhfəsinin müəyyənləşdirilməsi üçün müvafiq mexanizmlər olmalıdır. Əgər tələbələr layihənin hazırlanmasında eyni səviyyədə iştirak etməyiblərsə, onların hamısına eyni qiymətin verilməsi bərabərlik prinsipinə uyğun olsa da, ədalətlilik prinsipinə uyğun gəlməyə bilər”.
“Qiymətləndirmə meyarlarının hazırlanmasına tələbələrin cəlbi məqsədəuyğundur”
G.Cəfərova qeyd edib ki, qiymətləndirmə meyarları tapşırığın məzmununa və gözlənilən təlim nəticələrinə uyğun müəyyənləşdirilməli, tələbələr isə həmin meyarlarla əvvəlcədən tanış olmalıdırlar. Hətta meyarların hazırlanmasına tələbələrin də cəlb edilməsi məqsədəuyğun hesab olunur.
Həmsöhbətimizin fikrincə, ədalətli qiymətləndirmə üçün layihənin hazırlanma prosesi və yekun nəticəsi ayrı-ayrılıqda dəyərləndirilə bilər:
“Prosesin qiymətləndirilməsi zamanı tələbələrin əməkdaşlıq bacarıqları, üzərlərinə götürdükləri vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmələri əsas meyarlardan ola bilər. Yekun məhsul qiymətləndirilərkən isə layihə hesabatının müəyyən edilmiş tələblərə uyğunluğu, təqdimatın keyfiyyəti, məlumatların etibarlılığı və akademik düzgünlüyü nəzərə alınmalıdır. Hər iki istiqamət üzrə ayrıca qiymətləndirmə meyarları və rubriklər müəyyənləşdirmək mümkündür. Bundan başqa, tələbələrin bir-birinin fəaliyyətini qiymətləndirməsi və özünüqiymətləndirmə üsullarından istifadə olunması da faydalıdır. Xüsusilə qrup üzvlərinin bir-birini anonim şəkildə qiymətləndirməsi onların fikirlərini daha sərbəst və obyektiv ifadə etməsinə imkan verə bilər”.
G.Cəfərova hesab edir ki, bu yanaşma həm qrupun ümumi fəaliyyətini, həm də ayrı-ayrı tələbələrin əməyini nəzərə almağa, nəticədə qiymətləndirmədə ədalət prinsipini daha dolğun təmin etməyə imkan verər.




