“Valideyn müəllimin rolunu üzərinə götürməməlidir” – Rasim Abdurazaqov
“Valideyn uşaqla elə işləməlidir ki, ona dəstək olsun. Buna görə valideynlər üçün bələdçi kitabı hazırladıq ki, tədris prosesində övladlarına kömək edə bilsinlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu fizika dərsliyinin müəllifi Rasim Abdurazaqov “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında söyləyib.
O bildirib ki, valideyn övladına dəstək olarkən müəllimin rolunu üzərinə götürməməli, müəllimə kömək etməlidir: “Məqsədimiz valideynin təlim prosesində müəllimə dəstək olmasıdır.
Bu dəstək müəllimə hansısa tədris prosesində, uşağın öyrənmə çətinliklərinin aradan qaldırılmasında kömək edə bilər. Məktəbin həmişə valideynin dəstəyinə ehtiyacı var”.
Onun sözlərinə görə, xarici ölkələrin bəzi məktəblərində müəllim axşama qədər məktəbdə qalmalı, bütün şagirdləri müəyyən təlim nəticəsi səviyyəsinə çatdırmalıdır. Ancaq Azərbaycan məktəblərində vəziyyət belə deyil: “Dərs bitdikdən sonra uşaqlar evlərinə gedirlər. Bu mənada müəllimə və valideynə kömək lazımdır. Tapşırıqların yerinə yetirilməsində, uşaq mövzunu başa düşmədikdə və əlavə suallar yarandıqda valideynin dəstəyi vacibdir”.




