MDU tələbələri “Türk-Forum 2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıblar
Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin tələbələri Əhəd İslamzadə, Bəyaz Bayramov və Səbinə Həsənova Türkiyənin Ankara İvedik Mütəşəkkil Sənaye Bölgəsinin (İvedik OSB) ev sahibliyi, Qazi Universiteti və Ankara Hacı Bayram Vəli Universitetinin əməkdaşlığı ilə təşkil olunan “Türk-Forum 2026” beynəlxalq müsabiqəsinin mühəndislik kateqoriyası üzrə seçim mərhələsini uğurla keçərək finala vəsiqə qazanıblar.
"Azərbaycan müəllimi" xəbər verir ki, tələbələr müsabiqədə “TransChain & Smart Logistics: Türk Dünyası ve İpek OSB Odaklı Blockchain ve AI Destekli B2B Lojistik ve Ticaret Entegrasyon Platformu” adlı innovativ layihə ilə təmsil olunurlar.
Türk dünyasında iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsinə yönələn layihə logistika və ticarət proseslərinin rəqəmsallaşdırılmasını, sənaye müəssisələri və biznes subyektləri arasında əlaqələrin müasir texnologiyalar əsasında inkişaf etdirilməsini nəzərdə tutur.
Tələbələrin irəli sürdükləri innovativ həll blokçeyn və süni intellekt texnologiyalarından istifadə etməklə logistika və ticarət əməliyyatlarının vahid rəqəmsal platformada birləşdirilməsini, məlumat mübadiləsinin təhlükəsizliyinin və şəffaflığının artırılmasını, əməliyyat proseslərinin optimallaşdırılmasını hədəfləyir. Layihə müasir rəqəmsal texnologiyaların real iqtisadi sektorun ehtiyaclarına uyğun tətbiqi və Türk dünyasında rəqəmsal ticarət ekosisteminin inkişafı baxımından əhəmiyyət daşıyır.
Layihə üzrə tələbələrin mentoru universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Nurlana Qasımova, elmi rəhbəri isə texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayevadır.




