ATU-nun yeni binası tikiləcək – Layihələndirmə işləri planlaşdırılır
Azərbaycan Tibb Universitetinin (ATU) 100 illik yubileyi çərçivəsində yeni binanın tikintisi planlaşdırılır.
“Azərbaycan müəllimi” ATU-ya istinadla xəbər verir ki, universitetin Böyük Elmi Şurasının növbəti iclasında yeni binanın tikintisi ilə bağlı layihələndirmə işlərinin aparılması qarşıdakı dövrün əsas planlarından biri kimi diqqətə çatdırılıb.
İclasda, həmçinin universitetin infrastrukturunun inkişafı ilə bağlı digər layihələr müzakirə olunub. Belə ki, tələbə yataqxanalarının və üzgüçülük hovuzunun təmiri, universitet ərazisində parkın yenilənməsi, liftlərin dəyişdirilməsi və müasir turniket sisteminin quraşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, universitetin tədris korpuslarında, klinikalarında və digər infrastruktur obyektlərində aparılan təmir-yenilənmə işləri, avadanlıq təminatı, təhlükəsizlik və videomüşahidə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.




