Bütün xəbərlər
14 iyun, 14:35

“Son zəng” – ağ “bantik”lər, məzun lenti, ağ köynəyə yazılacaq ürək sözləri, bir dövrün yekunu, yeni bir səhifənin açılması…

Bu gün respublikanın müxtəlif bölgələrindəki ümumtəhsil məktəblərində “Son zəng” çalınır. Ancaq elə məktəblərimiz var ki, bu tədbir burada illər sonra ilk dəfə keçirilir.

Elə Xankəndi məktəbi də bu tədbirə illər sonra ev sahibliyi edən təhsil müəssisələrindəndir. 

Beləcə, bu gün yolumuz Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbədir. Düz 37 ildən sonra bu məktəbdə "Son zəng" çalınır. 

Həyəcanlı şagirdlər, tədbirə valideynləri ilə gələnlər

Müxtəlif siniflərdən olan şagirdlər məktəbə tələsirlər. Məktəbin sonuncu gününün olmasına baxmayaraq, hələ də çantasından ayrıla bilməyən balacalar da var. “Bu gün dərs yoxdur, niyə çantalısan?” sualına balaca qızın cavabı “Təzə almışam”,- olur. Nə qədər safdırlar, necə təmizdirlər…

Mən də məktəbdə keçiriləcək “Son zəng”ə doğru yol alan şagirdlərin arasına qatılıram. Bəziləri iti, bəziləri isə yavaş-yavaş addımlarla gedir. Məktəbə çatan şagirdlərin hərəsi bir tərəfə dağılır. Sinfinə qaçan, sinif yoldaşını tapıb yanında durmağı böyük hünər hesab edən balacaların təlaşları deyəsən məzunlardan daha çoxdur.

Ara-sıra həyətə çıxan və tədbirə hazırlıq prosesini izləyən şagirdlər ilk məzunlardır. Səliqəli geyinmiş, tədbirdə çıxış edəcək Günayın yanaqları qızarır, dodaqlarının altında pıçıltı ilə nəsə danışır. Günay Cavadzadə II ixtisas qrupunun “Menecment” ixtisasına yiyələnmək istəyir. İlk məzun olmağın sevincini yaşadığını, həyəcanını dilə gətirir: “Valideynlərim tədbirdə iştirak edir. Onların harada durduğuna baxıram...”

Həyəcanla eyni cümlələri təkrarlayan məzun yenidən məktəbin binasına daxil olur. Qapıda qarşılaşdığı Nərgizdən həyətə baxmasını istəyir.

Nərgiz Göyüşova V ixtisas qrupuna hazırlaşır. Oğuz rayonunda yerləşən Kəlbəcər rayonu 95 nömrəli tam orta məktəbdə təhsil alıb. Bu gün o da “Son zəng”i çalınan məzunlardandır. Arada vaxt tapıb “Bilirsiniz necə həyəcanlıyıq!” deməyi də unutmur.

1988-ci ildə “Son zəng”i yarım qalanlar

Tədbir iştirakçıları arasında sanki öz məzun günü imiş kimi hazırlaşan başqa məzunlar da var. “Necə olur, yaş uyğun deyil axı?” deyə düşünürəm. Bəlkə də valideynlərdir...
Ortayaşlı bir kişinin “37 ildən sonra biz də yarım qalan son zəngimizi keçiririk”,-  deməsindən sonra aydın olur ki, onlar 1988-ci ildə “Son zəngi” yarımçıq qalanlardır.


Hamısı bu gün buradadır. Axşamdan gəlib siniflərini tapıb, hazırlıqlara kömək ediblər.
37 il bir arzunun yerinə yetəcəyi günü gözləmək, bu ana hazırlaşmaq... Onların sevincini, gözlərinin içinin necə güldüyünü sadəcə görmək lazımdır. Yəni sözsüz anlatmaq və anlamaq…

27 nəfəri tələbə olmuş Xankəndi məktəbi

Elə İbrahim Hətəmovla söhbətə başlayıram. İbrahim Hətəmov ehtiyatda olan hərbi polkovnikdir. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Bu gün özünün azad olunmasında payı olduğu torpaqda “Son zəng” tədbirini keçirir.

“Xanım, bu gün ən gözəl günlərimizdən biridir. 1988-ci ildə qismət olmayan zəngimizi bu gün möhtəşəm şəkildə keçiririk”, - deyir. Danışır ki, 1988-ci ilin mart ayından sonra Xankəndidə tədris dayandı. Buna rəğmən, bir sinfin 27 nəfəri ali təhsil müəssisələrinə qəbul olub:

“Mənimlə bərabər 4 nəfər polkovnik rütbəsi daşıyan sinif yoldaşım var. Hər biri ali rütbəli işçilərdir.

Sizə bir sirr açım. Bu gün qızıma nişan gələcəkdi. Bu günə görə onu təxirə saldım. Təsəvvür edirsiniz bu günə olan həssaslığımı?! 37 ildir gözlədiyimiz arzumuz bu gün yerinə yetir. Bundan artıq sevinc ola bilərmi? Hər zaman ümidlə yaşamışıq ki, qayıdacağıq.

37 il əvvəl əyləşdiyimiz partalar deyil, amma təxmini yerlərimizi hazırlamışıq. Sinif uşaqları tərəfindən Nizami Gəncəvinin portreti məktəbə hədiyyə edilib. Gecədən buradayıq. 10-cu sinfi bitirə bilməyən biz illər sonra bura yığışa bilmişik”.

O qədər həyəcanlı danışır ki, bu həyəcan mənə də keçir. Sanki mən də onlarla birgə məzun oluram. Birgə dayanan sinif yoldaşlarını göstərir:

“Qızlardan Gülnaz xanım sinif nümayəndəmiz idi, Nazilə xanım, Bəxtilə, Gülnarə, Leyla – hər biri buradadır. Desəm ki, ən az 11-cilər qədər həyəcanlıyıq, şişirtmiş olmaram. Ürək sözlərimiz çoxdur, çoxdan da çox…”

Danışa-danışa gəlirik 37 ilin həsrətini yaşayan “10-cuların” yanına. Həmsöhbətim hər birini tanıdır, qısa tanışlıq verir.

Ata-bala “Son zəng” keçirənlər

Yuxarıda sinif nümayəndəsi kimi qeyd olunan Gülnaz Zülfüqarova ilə söhbətə davam edirəm:

“1988-ci ildə Məzun Günü yarım qalan şagirdlərdənəm. Məcburi köçkün həyatı müxtəlif çətinliklər gətirmişdi. “Son zəng” deyiləndə, nə yalan deyim, bir az paxıllığım tuturdu. Bu gün çox xoşbəxtəm, 37 il sonra “Son zəng”imizi keçiririk.

Sinif yoldaşımız Rövşən Abbasov var. Bu gün övladının da “Son zəng”idir. Necə deyərlər, ata-bala ikisinin də “Son zəng”idir. Ancaq Rövşən buradadır, bizimlə birgə keçirir. Söz vermişəm, ağlamayacağam. 37 il sonra uşaqlığımızı geri qaytarıblar. Həqiqətən də uşaqlığımızı, gəncliyimizi yaşaya bilmədik...”

Şəhid yoldaşlarını ziyarət edən məzunlar

Qəhərlənməyəcəyini demişdi, amma səsindəki tutqunluq tamam fərqlidir:

“Şagird yoldaşlarımızın 3-ü şəhidlik məqamına ucalıb. 37 il az bir müddət deyil. Körpə uşaq həvəsi ilə bu gün burada iştirak edirik. 

Xankəndiyə gəlməzdən əvvəl Ağcabədi rayonunda “Qəhrəmanlar Parkı”nda uyuyan şəhidimiz Fərhad Atakişiyevi ziyarət etdik və yol aldıq məktəbimizə. Bu günə şəhid analarımızı dəvət etmişik. Düşünürəm ki, bu, ən yaddaqalan “Son zəng”lərdən biri olacaq. Deyəcək sözlərim çoxdur. Sevincim imkan vermir ki, onu cümlələrə sığdırım…”

Artıq tədbir başlayır. Hər kəs yerini alır. Ağ köynəkləri ürək sözləri ilə doldurulan məzunlar yavaş-yavaş həyətə enir, tədbirə qatılırlar.

Tədbir boyu səslənən çıxışlar, oxunan şeirlər, oynanan milli rəqslər bir anda təkcə bu ilin deyil, illərin, onilliklərin nisgilini, sevincini, göz yaşını bir səhnəyə gətirir. Hər mahnının misrasında, hər əl çalınanda sanki təkcə bu günün gəncləri yox, 37 il öncə "parta" arxasından birdəfəlik qoparılan uşaqlar da var.

Tədbirin sonunda balaca məktəblilər iri gül dəstələri ilə 1988-ci ilin məzunlarına yaxınlaşır. Kiminin gözləri dolur, kimisi başını qaldıra bilmir, kimisi isə bəlkə də düz 37 il sonra ilk dəfə bu qədər səmimi gülümsəyir. Onlar bu gün həm məktəb məzunu, həm vətənə qayıdan, həm də həyata qalib gələnlərdir.

Bu məktəbin həyətində bu gün çalınan “Son zəng” bir qələbənin, bir dönüşün, bir ömrün simvoludur.

İllərdir qəlblərdə susan zəng bu gün gur səsləndi. Bu təkcə məktəb zəngi deyildi, bu, torpağa, köklərə, uşaqlığa, sülhə, gələcəyə dönən zəng idi.

37 ildən sonra çalınan ilk “Son zəng” ilk addım kimi, ilk arzu kimi yadda qalacaq...

Şərhlər

Xəbər lenti

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.