23 noyabr 2024

Bütün xəbərlər
test
5 oktyabr, 10:49
53

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlərlə silsilə yazılarımız davam edir. 

 

“Azərbaycan müəllimi”nin budəfəki qonağı İmişli rayonu İ.Əhmədov adına Xoşçobanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi, Əməkdar müəllim Cəbrayıl Şirəliyevdir. 

 

Cəbrayıl Şirəliyev 21 mart 1966-cı ildə İmişli rayonunun Otuziki kəndində anadan olub. 1983-1990-cı illərdə ADPİ-nin riyaziyyat fakültəsində qiyabi təhsil alaraq, orta məktəbdə "Riyaziyyat müəllimliyi" ixtisası alıb. 1987-ci ildən  pedaqoji fəaliyyətə başlayıb. 

 

“38 illik iş təcrübəm var”, - deyir Cəbrayıl müəllim: “Pedaqoji sahədə fəaliyyətim yüksək qiymətləndirilmiş, dəfələrlə fəxri fərman və  diplomlara layiq görülmüşəm. 2004-cü  ildə  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 4 oktyabr tarixli 422 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi"  fəxri adı ilə təltif olunmuşam. 2004-cü ildə Azərbaycan Respublikası Təhsil  Nazirliyinin “Təhsil sahəsində səmərəli  fəaliyyətinə  görə” fəxri fərmanına layiq  görülmüşəm. İxtisasım üzrə iki, pedaqoji sahə üzrə bir kitabın həmmüəllifiyəm. 2009-cu ildə fizika-riyaziyyat elmləri doktoru Məlik-Baxış Babayevlə həmmüəllif olduğum “Orta  məktəb riyaziyyatında klassiklər” adlı ilk kitabımız AR TN Təhsil Sektorunun inkişafı üzrə II layihə  çərçivəsində nəşr edilmiş “Təlim və oxu materialları kataloqu”na daxil edilib. 2011-ci  ildə akademik Akif Hacıyevin elmi redaktorluğu ilə Əməkdar elm xadimi Məlik-Baxış Babayev və Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimi Məhərrəm Quliyevlə həmmüəllif olduğum “Qədim  məsələlər” adlı ikinci kitabımız nəşr edilib. 2022-ci ildə Ankara şəhərində nəşr olunan "Teoriden Pratiğe Harmanlanmış Liderlik ve Harmanlanmış Öğrenme" təcrübə kitabının həmmüəllifi olmuşam. 2021-ci ildən Türkiyədə ən böyük təhsil dərnəyi kimi fəaliyyət göstərən Eğitim Yöneticileri ve Uzmanları Derneyinin (EYUDER) üzvüyəm. 2021-ci ildən 2024-cü ilə kimi Türkiyədə keçirilən 4 böyük beynəlxalq elmi konfransda iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bu mötəbər forumlarda fəaliyyətim əsasən azərbaycançılıq ideyaları üzərində qurulub. Belə ki, “Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığının ortaq bağları” Forumunda təqdimat mövzum “Nizami Gəncəvi və müasirlik”, Ankara şəhərində keçirilən EYFOR-12 Forumunda mövzum “Orta ümumtəhsil məktəblərində milli iftixar tərbiyəsi”, İzmirdə keçirilən EYFOR-13-də təqdimatım “Məntiq və Biz”, Antalyada keçirilən EYFOR-14-də isə təqdimatım “Dünya elminə yeniliklər gətirmiş azərbaycanlı alimlər” və “Nizami Gəncəvinin ensiklopedik yaradıcılığından bəhrələnmə imkanlarımız” olmuşdur. 2021-ci ildən Avropa Təhsil və Məktəbləri Birliyi olan "eTwinning" platformunda qeydiyyatdan keçərək şagirdlərimlə birlikdə müxtəlif layihələrdə iştirak edirik. İndiyə kimi "eTwinning" üzərindən “X-dən Z-yə biz”, “Bir millət iki dövlət” və  “Mənə mənim gözlərimlə bax” layihələrində şagirdlərimlə birlikdə uğurla iştirak etmişik. “X-dən Z-yə biz”  layihəsi Milli Keyfiyyət Nişanına (NQL), “Mənə mənim gözlərimlə bax” layihəsi isə həm Milli Keyfiyyət Nişanına (NQL), həm də Avropa Keyfiyyət Nişanına (EQL) layiq görülüb. EYUDER-in təşkil etdiyi beynəlxalq “İxtiraçı sizziniz türk cümhuriyyətləri” layihəsində də  şagirdlərimizin hazırladığı modellər yüksək qiymətləndirilərək sertifikatlarla təltif olunub. 1990-cı ildən  mətbuatda müntəzəm çıxış  etmişəm. İndiyə qədər bir çox mətbu orqanlarda, o cümlədən Türkiyədə onlayn yayımlanan “Güfte edebiyyat” dərgisində bədii və publisistik yazılarım dərc olunub. 2023-cü ildə Türkiyədə Azərbaycanın görkəmli şairi Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş beynəlxalq müsabiqədə təqdim etdiyim şeir münsiflər heyəti tərəfindən 4-cü yerlə dəyərləndirilmiş, sertifikat və pul mükafatına layiq görülmüşəm. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayının nümayəndəsi olmuşam”.

 

Cəbrayıl müəllimin deyir ki, o, həmçinin qrant müsabiqəsi qalibi olub:

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə təqdim etdiyim “Məntiqi zəkanın inkişafı” layihəsi qalib oldu. Layihə təlimlərinə cəlb etdiyimiz şagirdlərdən Hüseyn Behbudov 2024-cü ildə keçirilən Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunda gümüş medala, İbrahim Usubzadə KİNGS beynəlxalq olimpiadası liqasında qızıl medala layiq görülüb, Murad Cəfər isə məktəblilərarası fənn müsabiqələrində rayon üzrə ən yüksək – 96,88 bal nəticəyə nail olub. Hazırda şəhid şagirdimiz İ.Əhmədovun adını daşıyan Xoşçobanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyirəm. Peşəkarlıq səviyyəmi artırmaq, şagirdlərimə elmin sirlərini öyrətmək, onları vətənimizin layiqli vətəndaşları kimi yetişdirmək istiqamətində fəaliyyətimi davam etdirirəm. Müəllimlik fəaliyyətim mənə zövq verir". 

 

Qəhrəmanım bildirir ki, müəllimlik dünyanın ən nəcib, ən çətin çətin olduğu qədər şərəfli peşəsidir:

 

"Müəllim öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik həm də dünyanın ən məsuliyyətli peşəsidir. Çünki müəllimə insan tərbiyə etmək həvalə olunub. Müəllim – insan memarıdır, şəxsiyyət mühəndisidir. Hər bir peşənin ən mahir kadrlarını müəllim yetişdirir. Bu mütəxəsislərin qazandığı hər bir uğurda müəllim əməyinin zərrəsi var. Bütün dövrlərdə, bütün ölkələrdə ümumi tərəqqinin əsasında müəllim əməyi dayanır. Müəllim gənc nəsillərdə milli şüuru yaradan, tərbiyə edən, inkişaf etdirəndir. Müəllimlik peşəsi özündə nəsillər arasındakı əlaqəni ehtiva edir. Müəllimlər daim dövlətin inkişafına və millətin tərəqqisinə zəmin yaradan mənəviyyat keşikçiləridir. Təsadüfi deyil ki, dünyanın bir çox dahi şəxsiyyətləri müəllim əməyini çox yüksək qiymətləndirib. Məsələn, Əli ibn Əbu Talibə şamil edilən: “Mənə bir hərf öyrədənin köləsi olaram” sözləri müəllim əməyinə verilən böyük dəyərdir. Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi özünün "Əxlaqi-Nasiri" əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazılıb: "Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?". Azərbaycanın tanınmış maarif xadimi S.M.Qənizadə yazırdı: "Müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz". Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllim şəxsiyyətinə böyük önəm verərək demişdir: "Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifçidən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi bir kütlə deyilir, millət deyilmir. Bir kütlə millət ola bilmək üçün mütləq maarifçilərə, müəllimlərə möhtacdır”. Müəllim əməyinə ən lakonik və məna tutumlu yanaşmanı isə Ümummilli Lider Heydər Əliyev belə ifadə edib: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". 

 

Cəbrayıl müəllim deyir ki, sevindirici haldır ki, son illər gənclər arasında müəllim peşəsinə meyil xeyli artıb. Belə ki, DİM-in ali məktəblərə qəbul imtahanlarında yüsək bal toplayan gənclərimizin müəllim peşəsini seçmələri buna nümunə göstərilə bilər:

 

Müəllimlik peşəsinin əsasında duran sima müəllimdir. Bəs yaxşı müəllim necə olmalıdır?

 

Ümumiyyətlə müəllim kimdir

 

Müəllim  – ən  təmiz qəlbli, mehriban, nurlu, ən xeyirxah insandır.

Müəllim –  təbəssümü, geyimi, yerişi, davranışı, nitqi, yeri gəldikdə susmağı ilə örnək olan insandır.

Müəllim – təkəbbürdən, lovğalıqdan, eqoizimdən uzaqdır.

Müəllim – elmi cəhətdən tədris etdiyi fənni nə qədər yaxşı bilsə də, hər an öyrənən, peşəkarlıq səviyyəsini artırandır.

Müəllim – təvazökardır.

Müəllim – şagirdlərinə münasibətdə spektik baxışlardan uzaq, onların qabiliyyətlərinə  və uğurlarına inanan, onların mənəvi güc, motivasiya mənbəyidir.

Müəllim – şagirdlərinin uğur qazanması üçün, onların yolunda şam kimi gilə-gilə əriyən, neçə-neçə gəncin həyat yoluna mayak olan insandır.

Müəllim – şəxsi nümunə, mənəviyyat etalonudur.

Müəllim – xalqın, millətin mənəviyyat yükünü çiyinlərində daşıyan fədaidir.

Müəllim – ideallıq yolçusudur.

Müəllim – təmənnasız könül sarayı inşa edən bənnadır.

Müəllim – tərbiyə elmlərinin bilicisidir.

Müəllim – öyrətməyi, sevməyi, hörməti öyrədəndir.

Müəllim – Vətənin dar günündə əlindəki qələmi süngü ilə əvəz edən qəhrəmandır.

Müəllim – sevimli ana, mərd ata, ismətli bacı, qeyrətli qardaşdır.

Müəllim – ümid yeridir.

Müəllim – məhəbbət dolu qəlbdir.

Müəllim – saf, təmiz əxlaqlı, ülvi bir şəxsiyyətdir.

Müəllim – MÜQƏDDƏSDİR!

 

Məktəbin, müəllimin məqsədi, vəzifəsi xalqın, dövlətin gələcəyini formalaşdırmaqdır. Məllimin əsas vəzifəsi "Təhsil haqqında" qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir". 

 

Sevindirici haldır ki, son illər gənclər arasında müəllim peşəsinə meyil xeyli artmışdır. Belə ki, DİM-in ali məktəblərə qəbul imtahanlarında yüsək bal toplayan gənclərimizin müəllim peşəsini seçmələri buna nümunə göstərilə bilər. Cəmiyyətdə müəllim nüfuzunu qorumaq üçün məsuliyyət hamı tərəfindən dərk olunmalı, valideyn-məktəb əlaqələrində tələblərdə vahidlik prinsipinə əməl olunmalıdır. Övladının təhsilinə və tərbiyəsinə hər bir valideyn qayğı göstərməli, bu qayğının onun valideynlik borcu olduğunu dərk etməlidir. Hesab edirəm ki, hazırda Azərbaycan müəllimi üzərinə düşən məsuliyyəti dərk edir və müəllim nüfuzunu yüksək tutaraq Vətənimizin inkişafı naminə şərəfli fəaliyyətini uğurla davam etdirir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllim əməyinə verdiyi yüksək qiymətdə də öz əksini tapmışdır: "Bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri sayılan, xalqımızın intellektual potensialının formalaşmasında, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın inkişafında böyük xidmətləri olan müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti bu gün əldə etdiyimiz uğurların əsasında durur".

 

Əməkdar müəllim öz müəllimləri ilə bağlı xatirələrini də bizimlə bölüşərək, qeyd edir ki, 38 ildir pedaqoji sahədə çalışır. Amma ibtidai sinif partası arxasında oturduğu elə bil ki, dünəndir:

 

“Böyük sərkərdə Makedoniyalı İsgəndərin öz müəllimi haqqında söylədiyi gözəl deyim var: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.” Qeyd etmişdim ki, 38 ildir  ki, pedaqoji  sahədə çalışıram. Amma ibtidai sinif partası arxasında oturduğum elə bil ki, dünəndir. 27 şagird var idi sinfimizdə. İbtidai sinif müəllimimiz adı kimi özü də müqəddəs olan Müqəddəs Cəbrayılov idi. Müqəddəs müəllim ciddi görkəmli, səliqəli geyimli, ortaboylu bir müəllim idi. Hal-hazırda təqaüddədir. Hər bir şagirdlə çox mehriban davranar, hər birimizə hüsnxət dəftəri verərdi. Bu dəftərdə nümunə olmasına baxmayaraq, hər bir şagirdin əlindən tutar, hərflərin gözəl, səliqəli yazılışı və birləşdirilməsi, müəyyən meyildə yazılması qaydalarını səbirlə hər birimizə öyrədərdi. O vaxt yoxlama yazı dəftərlərimiz var idi. İmla, inşa yazmaq üçün. Dəftərlər məktəbdə saxlanılırdı. Müqəddəs müəllim dəftərlərlə yanaşı, hər bir şagirdə bir diyircəkli qələm də alıb, dəftərləri saxladığı şkafa qoymuşdu. Bu ona görə idi ki, yazı yazılan gün heç kimin bəhanəsi olmasın ki, bəs mənim qələmim yazmır, yaxud evdə qalıb və s. İbtidai sinifdən sonra bizə riyaziyyat fənnini hazırda təqaüddə olan Rizvan Cəbrayılov, daha sonra hazırda ADPU-da müəllimlik fəaliyyətini davam etdirən Natiq Hacıyev tədris ediblər. Bu müəllimlərin ciddiliyi, aramla və səbirlə izahları mənə riyaziyyat fənnini sevdirdi. Şagirdlər onlar kimi səliqəli geyinmək istəyir, yağışlı havalarda, kəndin palçıqlı yollarında onlar kimi yeriməyə çalışırdılar ki, ayaqqabıları bulanmasın. Bu müəllimlərin idmana maraqları da bütün şagirdlərdə idmana maraq oyatmış, yarış ovqatı yaratmışdı. Kimya müəllimimiz mərhum Əməkdar müəllim Balanisə Quliyevanın dərs prosesində əyani şəkildə kimyəvi reaksiyaları nümayiş etdirməsi, biologiya müəllimimiz Sabir Paşayevin bitkilərin inkişafına dair dərslərdə, ümumiyyətlə biologiya və zoologiyaya aid diafilmləri nümayiş etdirməsi, tarix müəllimimiz Varidat Sarıyevin tarixi hadisələrə dair xronoloji yaddaş dəfdərimizə ciddi nəzarəti, bu yaddaş dəftərindən vaxtaşırı suallar verməsi, Azərbaycan dili və ədəbiyyat müəllimimiz Sabir Yusifovun hər birimizlə xoş rəftarı, məktəb direktorumuz Nadir Həsənovun zabitəli danışığı, məktəbimizdə bağ və yaşıllığın salınmasına ciddi qayğısı, idman müəllimimiz mərhum İlqar müəllimin hamının çox maraqla gözlədiyi məktəblərarası idman yarışlarının təşkili hamısı xoş xatirələr tək yaddaşımızda yer tutub. Hal-hazırda yaşayan müəllimlərimizə Allahdan möhkəm cansağlığı, dünyasını dəyişənlərə rəhmət diləyirəm, ruhları qarşısında baş əyirəm”.

 

Cəbrayıl müəllim şərəfli peşə sahiblərini Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, möhkəm cansağlığı, dövlətçiliyimizin daha da möhkəmlənməsi, vətənimizin çiçəklənməsi naminə səmərəli fəaliyyətlərində müəllimlərə uğurlar arzulayıb.

Tural NƏSİROV,

Şirvan-Salyan Mil-Muğan üzrə regional təmsilçi

1 /4

https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728128191816%7CIMG-20241005-WA0004.jpg
https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728128191821%7CIMG-20241005-WA0003.jpg
https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728128191825%7CIMG-20241005-WA0002.jpg
https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728128191830%7CIMG-20241005-WA0000.jpg

Xəbər lenti

23 noyabr, 14:06
3

UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək

23 noyabr, 12:44
63

Nazirlik vətəndaşları anket sorğusunda iştirak etməyə dəvət edir

23 noyabr, 11:55
15

Naxçıvan Dövlət Universitetinə xaricdən 16 nəfər professor-müəllim dəvət edilib

23 noyabr, 11:11
13

Nadir torpaq metallarının kosmosda  istehsalı real ola bilər

23 noyabr, 09:18
88

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir

22 noyabr, 17:33
25

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:20
22

Səfir: Azərbaycan Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə dəstək verməyə hazırdır

22 noyabr, 15:17
26

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 15:11
14

PhET interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə ediləcək

22 noyabr, 14:57
19

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
93

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
46

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
64

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
26

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
87

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
289

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

22 noyabr, 10:22
11

Məktəbin İnkişaf Planı reallaşdırılan ümumi təhsil müəssisələrində metodik görüşlər davam edir

22 noyabr, 09:21
19

“Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib

22 noyabr, 09:11
15

GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib

21 noyabr, 18:50
45

BMqT nümayəndəsi: “Azərbaycan iqlim savadlılığına dair mühüm təkliflər irəli sürüb” 

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.