Bütün xəbərlər
8 noyabr, 09:29

“Şagirdim böyüyüb müəllim olub, öz uşaqlarıma dərs deyib”

Əməkdar müəllim Elxan Quliyev üçün müəllimlik dünyada yeganə peşədir. Yenə abituriyent olub peşə seçəcək olsa, seçimi bu dəfə də müəllimlik olar. Bəlkə də müəllimliyi genlərində daşıdığından, iliyinə qədər müəllim olmağından irəli gəlir bu: “Ulu babamdan bəri hamı müəllimliyi seçib. Babam danışırdı ki, ulu babam Üzeyir Hacıbəylinin müəllimi olub. Dayım, əmim tarix müəllimi idi. Anam-atam da müəllim olub. Ailəmizdəki müəllimlər məni müəllimlik peşəsini seçməyə, onların peşəsini davam etdirməyə həvəsləndiriblər. Mən də tarix müəllimi oldum”.

Keçmişindən üzü bəri hamı müəllim olub, müəllimlərə və müəllimliyə hörmət mühitində böyüyüb və bu sevgiylə də müəllim olmağa qərar verib. “Azərbaycan müəllimi” qəzetinin müəllim qonağı 2015-ci ildən Əməkdar müəllim Elxan Quliyevdir.

Şagirdlərinin nailiyyəti onun ən böyük hədiyyəsidir

Elxan müəllim məktəbi ilk dəfə 1968-ci ildə tanıyıb. 1978-ci ilə kimi məktəbli statusunda, 1989-cu ildən bəri isə müəllim kimi məktəbin önəmli parçasına çevrilib, sadəcə müəllim olduğu üçün yox, təhsilə verdiyi töhfələrə görə. Belə ki, o, 2001-2002-ci tədris ilində ölkə üzrə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. 2013-cü ildə “Azərbaycan tarixi” aylığı çərçivəsində keçirilən “Ən yaxşı açıq dərs” nominasiyası üzrə II yeri tutub. Tarix fənni üzrə Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin bir neçə dərs vəsaitinin müəllifidir.

O, bu qədər uğura müəllim kimi nail olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix və əlavə sovet hüququ fakültəsində “Tarix” ixtisası üzrə təhsilini fərqlənmə diplomu ilə bitirəndən bəri 276 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyir. Artıq 63 yaşına çatan Elxan Quliyev uğur dalınca uğur qazanıb. Müəllimlikdə ilk uğurunu bir-birinin ardınca gələn çoxsaylı nailiyyətlər çoxdan unutdurub. Onun üçün müəllimlik, sadəcə peşə yox, həyat tərzidir, məqsəddir, fərqli yanaşmadır: “İndiyədək şagirdlərimin əldə etdiyi yüksək nəticələr mənim ən böyük hədiyyəm olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Respublika müsabiqəsində şagirdim Zəhra Əliyevanın birincilik qazanması ən böyük uğurlarımdandır”.

Şagirdlərinin nailiyyətləri onun müəllim kimi vəzifəsini yerinə yetirməsidir: “Müəllim şəxsiyyət yetişdirir. Qarşısında duran hər şagird şəxsiyyətdir və həmin şəxsiyyətin formalaşması üçün canını, ürəyini qoymalıdır. Mən də belə etmişəm, şagirdlərimi anlamağa çalışmışam. Buna nail ola bilməsəm, dərs keçə bilməzdim”.

“Şagirdlərim mənim üçün hər şeydir”, - deyən Elxan Quliyev onlarla fəxr edir. Aralarında müəllimlər, həkimlər, nazirlərin olduğu bu siyahı çox uzundur: “Şagirdim böyüyüb müəllim olub, öz uşaqlarıma dərs deyib. Keçmiş şagirdlərim arasında hazırda nazir olan da var”.

Elxan müəllim deyir yetirmələri arasında qəhrəmanlar daha çoxdur: “Hamısının adını indi xatırlamıram. Milli Qəhrəman Rövşən Hüseynov şagirdlərimdən biri olub. Yetişdirdiyim qəhrəmanlar hər birimizin qürururdur, xüsusən də onların müəllimi olaraq mənim. Peşəmlə qürur duyduğum kimi, yetişdirdiyim müəllim, həkim, alim, professor, hərbçi, bir sözlə, peşəsindən asılı olmayaraq, hər yetirməmlə həmişə fəxr etmişəm”.

“Xoşbəxt o müəllimdir ki, Vətən üçün, millət üçün şəxsiyyətlər yetişdirib”, - deyən Elxan müəllim özünü həmin xoşbəxt müəllimlərdən sayır: “Şagirdlərimin hər uğuruna sevinirəm, sevinclərini bölüşürəm. Onlara dövlətçilik ənənələri olan bir ölkənin vətəndaşları olduqlarını qürurla başa salıram. 5000 illik tariximizdə saysız-hesabsız görkəmli şəxsiyyətlər var. Həmin şəxsiyyətləri, vətənimizi, tariximizi bir-bir hamısına tanıtmağa çalışıram”.

Uğur qazanıb mükafatlandırılıb

Çoxsaylı uğurların mükafatı da olur. Elxan Quliyevin də uğurları qiymətləndirilib. Elm və Təhsil Nazirliyinin fəxri fərman və diplomları, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub: “Təhsil sahəsində əldə etdiyim uğurlar qiymətləndirilib, 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm”.

Tarix müəlliminin şagirdlərinə ən böyük tövsiyəsi isə budur: “Zəfər tarixi” kimi fənni tədris edirəm. Mən peşəmlə daim fəxr etmişəm, edirəm və edəcəyəm. Gənc nəslin yetişdirilməsi yolunda çalışmaq hər bir müəllim üçün şərəfli vəzifədir. Ümumiyyətlə, hər peşə ona sevərək yiyələnən peşəkarlarla gözəldir, dəyərlidir. Həmişə şagirdlərimə bunu tövsiyə edirəm. Deyirəm ki, sevdikləri işin qulpundan yapışsınlar, öz peşələrini sevsinlər. Nə iş olursa-olsun, onu sevərək icra etsinlər”. 

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.