
Səliqəsiz, qatma-qarışıq yazılmış məktəb dəftərinə baxanda nə düşünürsünüz? Pis oxuyan uşaq? Tənbəl şagird? Əslində, yox. Qaralama, yarımçıq cümlələrlə dolu bu dəftər sadəcə öyrənmə çətinliyi olan bir uşağa məxsusdur. O, nə tənbəldir, nə də istəksiz, sadəcə fərqli öyrənir.

Bu fərqli öyrənmə halına elm “disleksiya” deyir. Oxumaqda çətinlik, sözlərin qarışdırılması, uyduraraq oxuma və bəzən yazıda səs və hərflərin itməsi disleksiyanın əlamətlərindəndir. Onun bir növü olan diskrafiya isə yazıda özünü daha aydın göstərir: oxunaqsız yazı, hərflərin əlavə edilməsi və ya çıxarılması, səhifələrdə yarımçıq buraxılmış cümlələr: bütün bunlar diskrafiyanın tipik nümunələridir.

Bu halı daha yaxından öyrənmək üçün 96 nömrəli məktəbin ibtidai sinif müəllimi Təranə Möhsünova ilə söhbətləşdik. O həm disleksiya ilə rastlaşan müəllim kimi, həm də fərqli öyrənən uşaqlara qarşı düzgün yanaşmanın vacibliyini vurğulayan pedaqoq kimi təcrübəsini “Azərbaycan müəllimi” ilə bölüşüb.
“Disleksiya zəka çatışmazlığı deyil”
Təranə Möhsünovanın sözlərinə görə, disleksiya xüsusi öyrənmə çətinliyinin bir növüdür və çox zaman yanlış dəyərləndirilir:
“Disleksiya zəka çatışmazlığı deyil. Bu hal həm normal intellektə malik, həm də zəka geriliyi olmayan uşaqlarda müşahidə olunur. Sadəcə, uşağın bioloji yaşı ilə öyrənmə yaşı üst-üstə düşmür. Məsələn, ikinci sinif şagirdi artıq səlis oxumağı bacarmalı olduğu halda disleksiyalı uşaq hələ də hərfləri birləşdirib heca düzəldə bilmir”.

O əlavə edib ki, bəzən disleksiyalı uşaqlar oxuyarkən sözləri uyduraraq dəyişdirir. Məsələn, kitabda “lalə” yazıldığı halda uşaq “lamiyyə” deyə bilər. Bu, uyduraraq oxuma formasıdır. Digər hallarda sözün sonu ixtisar olunur və ya əlavə səs artırılır. Məsələn, “vətənin” yerinə “vətəni” və ya “vətəninin” kimi.
“Disleksiya diaqnozunu yalnız psixiatr təsdiqləyə bilər”
Müəllim bildirir ki, bu hal tez-tez diqqət dağınıqlığı və yaddaş zəifliyi ilə müşahidə olunur. Buna görə də sinif müəllimi uşaqları yalnız oxuma sürətinə görə deyil, ümumi qavrama səviyyəsinə görə də izləməlidir:

“Müəllim bilməlidir ki, şagirdin oxuma və öyrənmə səviyyəsi sinif standartlarına uyğundurmu, ya yox. Tutaq ki, sinifdə iki uşaq var. Əli və Vəli. Hər ikisi 7-8 yaşındadır. Amma Əli mövzuları rahat mənimsəyir, Vəli isə biz artıq 10-cu mövzuya keçdiyimiz halda hələ də birinci mövzunu tam anlaya bilmir. Belə hallarda müəllim öyrənmə çətinliyi ehtimalını nəzərə almalıdır”.

Onun sözlərinə görə, bu mərhələdə müəllim iki istiqamətdə hərəkət etməlidir: Valideyni məlumatlandırmaq, mütəxəssisə yönləndirmək.
Təranə müəllim vurğulayır ki, disleksiya diaqnozunu yalnız uşaq psixiatrı təsdiqləyə bilər. Müəllim isə sadəcə müşahidə apararaq ilkin siqnalları müəyyənləşdirməlidir.
Fərqli öyrənən uşağa fərqli yanaşma: Oyun, xor oxumaq…
Disleksiyalı uşaqlarla işləyərkən müəllim həm səbirli, həm də yaradıcı olmalıdır. Təranə Möhsünova belə uşaqlarla fərqli metodlardan istifadə edir:

“Əgər sinifdə belə uşaqlar varsa, ayrı-seçkilik etməməyə çalışıram. İlk addım olaraq dinləmə bacarığını inkişaf etdirmək lazımdır. Bu məqsədlə “Hansıdır?”, “Demə”, “Heca oyunu” kimi sadə oyunlardan istifadə edirəm. Uşaqlar həm əylənir, həm də səsləri fərqləndirməyi öyrənirlər”.
Onun fikrincə, “Xor oxu” da çox təsirli metoddur. Çünki bir neçə uşaq birlikdə oxuyarkən fərqli öyrənən şagird özünü daha rahat hiss edir, siniflə birgə prosesə qoşulur və oxumağa marağı artır:

“Belə uşaqlara diqqət göstərmək vacibdir. Onlar dərs zamanı tez yorulurlar, diqqətləri dağılır. Buna görə də mən çalışıram onları ön sırada əyləşdirim ki, diqqətim daha çox onların üzərində olsun”.
Diskrafiya – yazıda görünən çətinlik
Təranə Möhsünova bizə bir şagirdin dəftərini göstərərək bu halı izah edir:

“Diskrafiyada uşaq sanki səhvini düzəltmək istəyir, amma yenə də qaralayır. Yazı oxunmaz olur, hərflər əlavə olunur, ixtisar edilir və bəzən tərsinə çevrilir. Bir səhifədə yazını yarımçıq buraxır, növbəti səhifədə davam edir. Bu, tipik diskrafiya nümunəsidir”.
Səhvə görə yox, irəliləyişə görə qiymətləndirmə
Belə uşaqlarda yazı çətinliyi oxuma bacarığına da təsir göstərə bilər. Amma hər zaman birlikdə getmir. Bəzən uşaq yaxşı oxuyur, amma yaza bilmir. Müəllimin sözlərinə görə, bu zaman uşağı səhv etdiyi üçün tənbeh etmək əks-təsir yaradır:

“Əgər 20 sözlük bir imlada uşaq 10 sözü səhv, 10 sözü düzgün yazıbsa, yalnız düzgün yazdıqlarını qiymətləndirirəm. Çünki əsas məqsəd uşağı cəzalandırmaq deyil, onu stimullaşdırmaqdır”.
Təranə Möhsünova hesab edir ki, belə yanaşma uşağın motivasiyasını qoruyur. Uşaq öz inkişafını hiss etdikcə öyrənməyə marağı artır.

“Onlara tənbəl demək olmaz. Bu, tənbəllik deyil, öyrənmə çətinliyidir. Onlar istəsələr də, bəzən bacarmırlar. Biz müəllimlər isə onların istəklərini sönməyə qoymamalıyıq”, – o deyib.
Disleksiya bir xəstəlik deyil
Təranə müəllimin fikrincə, disleksiya xəstəlik deyil, öyrənmə pozuntusudur. Onun dərmanla müalicəsi yoxdur. Sadəcə düzgün yanaşma, motivasiya və fərdi metodlarla disleksiyanı idarə etmək və uşağı daha yaxşı vəziyyətə gətirmək mümkündür”.

Müsahibimiz sonda qeyd edib ki, disleksiya ilə mübarizədə ən vacib məsələ anlayış və dəstəkdir. Uşaqlar fərqli öyrənsələr də, öyrənməyə həvəslidirlər. Müəllimin vəzifəsi isə onlara uyğun yol göstərməkdir. Hamı eyni cür öyrənmir, amma hər kəs öyrənə bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər