Bütün xəbərlər
20 oktyabr, 10:29

Müəllimlərin peşəkar inkişaf imkanları 

II YAZI

Azərbaycan Respublikasında müəllimlərin peşəkar inkişafının təmin edilməsi üçün atılan addımlardan biri onların əlavə təhsilinin təşkilidir. Müəllimlərin əlavə təhsili “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na müvafiq olaraq təşkil edilir. Qaydaya əsasən, əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir. Məqalədə bu istiqamətlərdən biri olan ixtisasartırma təlimləri xüsusi olaraq diqqət mərkəzinə çəkiləcək və bu prosesin Azərbaycanda necə təşkil olunduğuna dair ətraflı məlumat veriləcəkdir.

Müəllimlərin ixtisasartırma təhsilinin məqsəd və məzmunu 

Qaydaya əsasən, ixtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmiş və dövlət sənədi əldə etmiş kadrların fasiləsiz təhsilini təmin etmək üçün əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür. Bu təhsil növünün əsas məqsədi təhsilverənlərin ixtisasları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, daim yenilənən əmək bazarının tələblərinə uyğunlaşdırılması, onların peşəkarlıq səviyyələrinin artırılması və dünyagörüşlərinin inkişaf etdirilməsidir. Bu məqsədə nail olmaq üçün ixtisasartırma təhsili aşağıdakı üç modul üzrə əyani və distant formada təşkil edilir:

1. Peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

2. İxtisas sahələri üzrə təlim;

3. İnnovasiyalar üzrə təlim.

Müəllimlər 1-ci modulda ümumi pedaqoji-psixoloji biliklər, bacarıqlar və müasir düşüncə tərzi, 2-ci modulda ixtisaslar üzrə bilik, bacarıq və müasir təlim strategiyaları, 3-cü modulda isə ümumi mədəni səviyyəni və yenilikləri əks etdirən bilik, bacarıq və vərdişlərə yiyələnirlər. İnnovativ nəzəriyyələr, üsullar, təcrübələr və texnologiyalarla bağlı bilik və bacarıqların formalaşdırılmasını nəzərdə tutan 3-cü modul üzrə təlim proqramları müəllimlərin maraqlarını nəzərə almaqla hazırlanır. 1-ci və 2-ci modul üzrə proqramların siyahısı isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

İxtisasartırma təhsili yalnız müəllimlər üçün nəzərdə tutulubmu?

İxtisasartırma təhsili müəllimlərlə yanaşı təhsil müəssisələrinin digər pedaqoji kadrları və müəssisə rəhbərləri üçün də nəzərdə tutulur. Pedaqoji kadrlar və təhsil müəssisəsi rəhbərləri bir ixtisasartırma dövründə hər modul üzrə 60 saatlıq (2 həftəlik) və ya 30 saatlıq (1 həftəlik) təlimlərdə iştirak etməlidirlər. Hər modul üzrə müxtəlif təlim proqramları təklif edilir və pedaqoji kadrlar, eləcə də müəssisə rəhbərləri öz seçimləri ilə bir və ya bir neçə təlim proqramında iştirak edə bilirlər. Təlim proqramını uğurla bitirən pedaqoji kadrlar və rəhbərlər təlimin sonunda təhsil krediti əldə edirlər. Keçilən hər təlimin 6 saatı 1 təhsil kreditinə bərabər hesab edilir. Yəni, 30 saatlıq təlim proqramı keçmiş müdavimlər 5 təhsil krediti əldə etmiş olurlar. 

Müdavimlər ixtisasartırma təhsili ilə bağlı proqramı mənimsədikdən sonra sertifikat əldə edirlər. Həmin vahid formalı sertifikatın surəti və müdavimin topladığı kreditlər onun şəxsi işinə əlavə olunur və gələcəkdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı nəzərə alınır.

Təhsilverənlərin peşəkar inkişafı daha hansı vasitələrlə həyata keçirilir?

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün atılan addımlardan biri də müəllimlərin sertifikatlaşdırılması prosesidir. İlk dəfə 2022-ci ildə ibtidai sinif müəllimlərinin cəlb olunması ilə təşkil edilən sertifikatlaşdırma prosesinin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, eləcə də onların vəzifə maaşlarına artımlar edərək stimullaşdırılmasını təmin etməkdir. 2026-cı ilə qədər 135 min müəllimin cəlb olunması planlaşdırılan bu prosesdə iştirak etməklə müəllimlər sertifikatlaşdırmanın tələblərinə uyğun olaraq öz üzərlərində işləyir, bilik və bacarıqlarını təkmilləşdirməklə öz peşəkar inkişaflarına töhfə vermiş olurlar. Müəllimlərin öz təşəbbüsləri ilə yanaşı, onlara dəstək məqsədilə  Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ)  tərəfindən sınaq imtahanları təşkil edilir və müxtəlif faydalı resurslar hazırlanır.

Müəllimlərin peşəkar inkişafının təşkil edilməsi üçün atılan növbəti addım ARTİ tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsidir. Müsabiqəyə müraciət etmək üçün tələblərdən biri müraciət edən müəllimlərin sertifikasiya balının 51 və ya 51-dən yuxarı olmasıdır. Müsabiqənin bütün mərhələlərini uğurla tamamlayan müəllimlər ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək, müəllimlərlə metodik görüşlər təşkil edəcək və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsinə töhfə verəcəklər.

Müəllimlərin peşəkar inkişafının təşkili üçün həyata keçirilən tədbirlərdən biri də Məktəblərin İnkişaf Planlarının hazırlanmasıdır. TKTA-nın (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) ümumi təhsil müəssisələrində keçirdiyi monitorinqlərin nəticələrinə əsasən, metodik bacarıqlar və öyrədici mühitin qurulmasında zəif nəticə göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə Məktəblərin İnkişaf Planı hazırlanır. Bir neçə ili əhatə edən inkişaf planının icrası zamanı həmin məktəblərdə ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən metodik görüşlər təşkil edilir və müəllimlərin peşəkar bacarıqları inkişaf etdirilir. Müəllimlərlə birgə müzakirələr formasında keçirilən bu görüşlər müəllimlər arasında əməkdaşlığın inkişafına, eləcə də sağlam sinif mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

Bu tədbirlərlə yanaşı, müəllimlərin peşəkar inkişafını artırmaq üçün məktəblərdə dərsdinləmələr təşkil edilir. Dərsdinləmələr məktəbin fəaliyyət planına daxil olmaqla, məktəbin rəhbər heyəti tərəfindən müəllimlərə metodik dəstək məqsədilə həyata keçirilir. Dərsdinləmələrin məqsədinə uyğun olaraq müəllimlərə fərdi konstruktiv rəy təqdim edilir və onların təlim ehtiyacları müəyyənləşdirilir. Müəllimlər də həmkarlarının dərslərini dinləyə və dinləmənin nəticələrini birgə müzakirə edərək məktəbdə peşəkar əməkdaşlıq mühitinin inkişafına və həmkarlardan öyrənmə mexanizminin qurulmasına dəstək ola bilərlər.

Nəticə

Beləliklə, müəllimlərin peşəkar inkişafı uzun və çoxşaxəli öyrənmə prosesidir. Bu prosesdə müəllimlər həm öz şəxsi təşəbbüsləri, həm də həmkarlarının, məktəb rəhbərliyinin və dövlətin dəstəyi ilə peşəkar inkişafa nail olurlar. Sevindirici haldır ki, ölkəmiz müəllimlərin peşəkar inkişafının təşkili sahəsində qabaqcıl dünya ölkələrindən geri qalmamağı, təhsil siyasətimiz isə bu prosesin səmərəliliyini artırmaq üçün ən müasir yanaşmaları tətbiq etməyi hədəfləyir. 

Buna baxmayaraq, ölkəmizdə müəllimlərin peşəkar inkişafının təşkili ilə təhsil üzrə qabaqcıl dünya ölkələrinin təcrübələri arasında fərqlər özünü hələ də göstərməkdədir. Belə ki, məqalədə adıçəkilən ölkələrdə müəllimlərin tədqiqat bacarıqları onlara təlim-tədris prosesində ortaya çıxan problemləri aşkarlamağa və öz peşəkar inkişaf ehtiyaclarını müəyyənləşdirməyə imkan verir. Ölkəmizdə isə müəllimlərin peşəkar inkişaf ehtiyacları təhsil qurumları tərəfindən həyata keçirilən sertifikasiya, monitorinqlər, sorğular və digər vasitələrlə müəyyənləşdirilir. Müəllimlərin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi isə təhsilverənlərin peşəkar inkişaf gündəmində ən aktual mövzulardan biri kimi yer almaqdadır.

Təhsil üzrə qabaqcıl dünya ölkələrində müəllimlərin peşəkar inkişaf fəaliyyətləri daha çox onların fəaliyyət göstərdiyi məktəblərdə təşkil edilir və məktəb rəhbərliyinin bu sahədə dəstəyi önəmli hesab olunur. Ölkəmizdə bu sahədə işlər aparılır və yaxın gələcəkdə bu fəaliyyətlərin metodistlər tərəfindən müəllimlərin fəaliyyət göstərdikləri məktəblərdə aparılması nəzərdə tutulur. 

Bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkəmizdə müəllimlərin peşəkar inkişafının səmərəli təşkil edilməsi üçün atılan addımlar bu sahədə qabaqcıl olan dünya ölkələrinin təcrübələrinə əsaslanır və mərhələli formada həyata keçirilməklə müəllimlərin peşəkarlığının yüksəldilməsinə və şagirdlərin keyfiyyətli təhsillə təmin edilməsinə xidmət edir. 

Gülşən NƏBİYEVA,
ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzi, Əlavə təhsil üzrə innovasiyalar və tədqiqatlar şöbəsinin baş mütəxəssisi

Şərhlər

Xəbər lenti

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: İqlim təhsili siyasətimiz davamlıdır

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırırıq

20 oktyabr, 12:28

Ş.Mustafayev: Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək

20 oktyabr, 12:18

Təhsil Qarabağa qayıdır: Zəngilan

20 oktyabr, 12:15

Kimya və riyaziyyat olimpiadaları üçün seçmə imtahanı keçirilib

20 oktyabr, 11:53

ADNSU-nun rektoru beynəlxalq müsabiqəyə qatılacaq tələbələrlə görüşüb

20 oktyabr, 11:47

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

20 oktyabr, 11:13

ICESCO rəsmisi: İqlim fəaliyyətinin təhsil proqramlarına salınması üçün səy göstərilir

20 oktyabr, 11:02

Məryəm Qafarzadə: Ekoloji məsuliyyəti təhsil sistemlərinin mərkəzinə qoymalıyıq

20 oktyabr, 10:49

ICESCO rəsmisi: Gələcək nəsilləri necə öyrətdiyimizə yenidən baxmalıyıq

20 oktyabr, 10:40

Sudan səmərəli istifadə maarifləndirmənin mühüm istiqamətlərindəndir – Nazir müavini

20 oktyabr, 10:31

Həsən Həsənli: Qarşılıqlı əməkdaşlıq olmadan qlobal çağırışların öhdəsindən gəlmək mümkün deyil

20 oktyabr, 10:28

“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir

20 oktyabr, 09:43

UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

20 oktyabr, 09:41

QHT Əməkdaşlıq Forumu iştirakçıları Qarabağ Universiteti ilə tanış olub

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.