Bütün xəbərlər
8 noyabr, 09:53

O da uşaq olub, bir gün qəhrəman olmaq xəyalı ilə böyüyən uşaqlardan biri... Bu xəyalla böyüyüb zabit olub, indi isə müəllimdir. Zabit kimi də bir qəhrəman idi, müəllim kimi də qəhrəmandır. 

Şagirdlərinin, millətinin qəhrəmanı, müharibə veteranı Nahid Abdullayevlə görüşmək üçün Zəfər Günü ərəfəsində Bakı şəhər N.Məmmədov adına 9 nömrəli tam orta məktəbə getdik. Nahid müəllim 2022-ci ilin yanvarından sözügedən məktəbdə Çağırışaqədərki hazırlıq üzrə Hərbi rəhbərdir. III mərtəbədə yerləşən kabineti ilə silah-sursat otağı yanba-yandır. Dərsə hazırlıq məqsədilə əvvəlcə “anbar”a getdi, qısa müddət sonra atıcı və partlayıcı silahlarla hərbi kabinetə gəldi. X sinif şagirdləri onu səbirsizliklə gözləyirdilər...

Müəllimləri qəhrəman olanlar

Fazil Məhəmmədli deyir, bu il ilk dəfə Çağırışaqədərki hazırlıq dərsi keçirlər. Hərbi rəhbərlərinin müharibə veteranı olduğunu bilir. Bir qəhrəmanın hərbi hazırlıq keçməsinin gələcəkdə, xüsusən hərbi xidmət zamanı onun çox karına gələcəyini düşünür. 

Xədicə Əhmədova silah açıb-yığmağa çox maraqlıdır. Silahı hazırlayan müəlliminə “Müəllim, bəs demişdiniz ki, hətta silah boş olanda da heç kimə sarı tutmayın. Silah sinif yoldaşımıza tuşlanıb” deməyindən bəlli olur ki, Nahid müəllimin söylədiklərinə diqqətlə qulaq asır, hər sözünü sırğa edir.

Zəhra Kərimzadə, deyəsən, sinifdəki “hərbi rejim”dən narahatdır, deyir ki, müəllimləri onlarla çox ciddidir: “Dərsdə müharibə təəssüratlarından belə danışmır, dərslərimizi proqramda tələb olunan mövzular üzərində qurur”.

Narçiçək Xudiyeva hərbi rəhbəri ilə bağlı ağızdolusu danışır. Onun sözlərinə görə, təhlükəsizlik qaydaları da daxil olmaqla çox maraqlı dərslər keçirlər.

Tahir Əhmədli Vətən müharibəsinin əhəmiyyətindən danışır. Onun fikrincə, 44 günlük müharibədə iştirak etmiş müəllimlərinin dərsdə dediyi hər sözü onlar üçün dəyərlidir. 

Onun da qəhrəmanı olub

Özü hələ şagird ikən hərbi forma geyinməyin xəyalını qurub. I Qarabağ müharibəsi dövründə yaşı az olsa da, dayısı, dayısı oğlanları, xalası oğlanları müharibədə iştirak ediblər. Könüllü döyüşən və qazi olan həmin qohumlarından yaxınlarının, qonşularının ağızdolusu söhbətlərini canı-könüldən dinləyib, xəyallarında formanı geyinib, əlinə silah alıb, düşməni lərzəyə salıb: “Dayım formasını vermişdi mənə, həmişə həmin formanı geyinirdim”,- deyən qəhrəmanım elə o vaxtdan zabit olmağa qərar verib. 

Necə qəhrəman oldu?

Şagirdlərinin qəhrəmanı Nahid müəllimin müəllimliyə qədərki yolu ilə maraqlanırıq. 1980-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Rayondakı E.Həbibov adına 4 nömrəli tam orta məktəbin 1998-ci il, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 2002-ci il məzunudur. Hərbi məktəbdə raket qoşunları, artilleriyanın və raket-artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı ixtisasına yiyələnib. İxtisas kursu keçdikdən sonra müxtəlif hərbi hissələrdə taqım komandiri-batareyanın baş zabiti vəzifəsində çalışıb. 2019-cu ildə öz arzusu ilə ehtiyata buraxılıb. 1 il sonra Vətən müharibəsi başlayanda onun hərbi bacarığına yenidən ehtiyac yaranıb və o, geri çağırılıb. 2020-ci ilin oktyabr ayında yenə batareya komandiri olaraq orduya qayıdıb və Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Bunlar onun müharibədən sonrakı təltifləridir. Nahid Abdullayevin müharibəyə qədərki dövrdə də qazandığı medallar var. 

“Düşmən silahını qoyub qaçırdı”

Müharibə dövrünü xatırlamaqla tariximizin qəhrəmanlıq səhifələrinin yazıldığı o günləri yada salır: “Azərbaycan Ordusunun artilleriyası çox güclüdür. Uzaqvuran artilleriya silahlarında Azərbaycan ordusu ən pis halda ikinci cəhddə hədəfi vururdu. Bizim hesabatlarda bu dəqiqlik öz əksini tapırdı. Elə ki, döyüş üstünlüyünü Ordumuz ələ alırdı, düşmən silahını qoyub qaçırdı. Hətta elə qorxmuşdular ki, özlərini itirib əllərindəki silahdan istifadə etməyi belə unudurdular, tankla insan vurmağa çalışırdılar. Bizim hücum başlayanda nə ilə gəldi atırdılar, ata bilməyəndə də qoyub qaçırdılar”. 

Azərbaycan Ordusuna itki, Nahid müəllim üçün isə ağır psixoloji travmaya çevrilən hadisələr heç unudulmur: “Bir çox itkilərimiz zabitlərimizin, ya da əsgərlərin özlərinin ehtiyatsızlığı, yaxud arxayınlığı üzündən oldu. Məsələn, yüksəklikləri alır, düşməni çıxartdıqdan sonra bizim qüvvələr məhz həmin mövqelərə yerləşirdi. Bu da təhlükəsizlik qaydalarına riayət etməmək demək idi. Çünki düşmənin əlində həmin mövqelərin xəritəsi vardı. Xəritə ilə mövqeləri çox dəqiq vururdular. Ehtiyatda olan zabitlər bəzən bu məqama diqqət etmirdilər. Təcrübəli komandirlər düşməndən geri alınan mövqelərdən istifadə etmir, başqa yerlərdə mövqelənirdilər”. 

Əsgərlərin ehtiyatsızlığından danışan zabit özü də ehtiyatsızlığı ucbatından yaralanıb, üstəlik, zəfərin elan olunduğu saatlarda: “Ən çox ehtiyatsızlıq səbəb oldu itkilərə. Məni çox yandıran itkilərdən biri müharibənin bitməsinə saatlar qala baş verdi. Qoruyucu jiletini çıxarıb gəzən əsgər xəbərdarlıqlarıma baxmayaraq, sərbəst gəzirdi və nəticəsi həyatını itirməyinə səbəb oldu. Atasını tanıyırdım, ailənin tək oğlu idi. Onun ölümü mənə çox təsir etmişdi...Günlərlə bərabər olduğum, söhbət etdiyim, hətta bir yerdə təhsil aldığım zabit dostlarımı, bir yerdə xidmət etdiyim yoldaşlarımı itirdim bu müharibədə. Mən də zəfərin elan olunmasına az qalmış yaralandım”.

Nahid müəllim Xocavəndin Zoğalbulaq kəndində yaralanıb.  “Bronjileti geyinməmişdim. Düşmən artıq heç nə edə bilməz”, - fikri artıq bizi arxayınlaşdırmışdı. Qəlpə girmişdi, əsgərlərdən biri çıxartdı, ilk yardım göstərdilər, tibb məntəqəsinə belə getmədim. Amma qəlpə dəydiyi anı heç unutmaram. Qəlpənin zərbəsindən nəfəsim kəsildi. Elə düşündüm ki, şəhid oldum. Kürəyimdən yaralanmışdım, nəfəs ala bilmədim. Bir az sonra huşumun özümdə olduğunu dərk etdim və anladım ki, ölmürəm. Yanımdakı əsgərə dedim ki, yaranın dərinliyinə baxsın. Dedi “komandir, qan axır”. Elə o əsgərə də çıxartdırdım kürəyimdən  qəlpəni. Vaxtında təmizləyə bilmədiyimiz üçün çirklənmişdi, amma ciddi bir problem yaranmadı”.

Noyabrın 9-da yaralanan Nahid Abdullayev deyir bu yara yox, müharibə onda ağır izlər qoyub. Müharibədən sonra bir müddət döyüşlərdə yaşadıqlarının təsirindən çıxa bilməyib, həyata adaptasiya olmaqda çətinlik çəkib. 

Xalq-Ordu birləşdi

Müharibədən ona yalnız itki, ağrı, acı xatirə qalmayıb. İndi də qürurla xatırladığı, yadına düşəndə gözlərinin dolduğu anlar da düşür yadına: “Ən böyük üstünlüyümüz xalqla ordunun birləşməsi oldu. Xalqın dəstəyi bu müharibədə əvəzedilməz oldu. Mənə ən çox təsir edən küçələrdə xalqın əsgərlərə göstərdiyi münasibəti oldu. İnsanların alqışı, bizi qucaqlaması, öz övladı kimi qarşılaması hər birimizə qürur verirdi. İnsanların yollara düzülüb bizi qarşılaması elə təsir edirdi ki, ağlamaqdan özümü güclə saxlayırdım”.

Nahid müəllim övlad atası olaraq ən böyük sevincindən də bəhs edib: “Xoşbəxtəm ki, bu problemi övladlarımıza saxlamadıq”. 

Döyüşdən sinfə

Müharibədən sonra müalicə alıb, müharibənin izlərini silməyə çalışıb. Bu istiqamətdə ən böyük dəstəyi təhsil sahəsindən alıb. Eşidib ki, məktəblərdə hərbi rəhbər vəzifəsinə imtahanlar keçirilir. O da qoşulub bu müsabiqəyə: “40 üzərindən 29 bal topladım. Öz nəticəmdən razı qalmamışdım, amma eşitdim ki, ən yüksək bal toplamışam. Məktəb seçməyi özümün ixtiyarıma buraxdılar. 9 nömrəli tam orta məktəbdə vakansiya vardı, mən də bu məktəbi seçdim və 1 illik müqavilə ilə işə başladım. Artıq məktəbdə daimi əsaslarla hərbi rəhbərəm”.

2022-ci il yanvarın 24-də hərbi rəhbər kimi ilk dəfə dərsə girib: “Sinifdə nizam-intizamdan başladım. Şagirdlərimi mübarizə meydanına cəlb etdim, özü də ən dəcəllərdən başladım. “Şahin” hərbi-idman oyunlarına qatıldıq”.

Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.