
Ali təhsil sistemini Boloniya prosesinə uyğunlaşdıran bir çox ölkələrdə bakalavriat və magistratura səviyyələrinin təhsil müddəti fərqlidir.
Artıq bir çox ölkələrin universitetləri bakalavriat təhsilini 3, magistratura təhsilini isə 1 il ərzində verir. Bu model tələbələrə daha qısa müddətdə ali təhsil alıb əmək bazarına daxil olmağa və ya elmi fəaliyyətə başlamaya imkan verir.
Bu sahədə islahatlara hazırlaşan növbəti ölkə Gürcüstandır. Ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, bakalavriat və magistratura səviyyələri üzrə təhsilin müddəti azaldıla - bəzi ixtisaslar istisna olmaqla bakalavrda təhsil müddəti 3, magistrlər üçün isə 1 il ola bilər: “Üç il demək olar ki, bütün ixtisaslar üçün kifayətdir. Əlbəttə, tibb və bu kimi ixtisaslar istisnadır”, - deyə o əlavə edib.
Mövzu təkcə Gürcüstan üçün deyil, Azərbaycan üçün də aktual sayıla bilər.
Azərbaycanda da ali və orta ixtisas təhsili sahəsində təhsil müddətinin dəyişdirilməsi ilə bağlı islahatlara ehtiyac varmı? Belə bir model Azərbaycanda tətbiq olunarsa, bu, təhsil sisteminə hansı yenilikləri gətirər?
”İslahatlar mərhələli şəkildə və elmi əsaslara söykənərək həyata keçirilməlidir”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, ölkəmizdə də təhsilin pillə və səviyyələri üzrə islahatlara ehtiyac var:

“Ali və orta ixtisas təhsili sahəsində ixtisas və peşələrin yenidən təhlil olunması, bəzi istiqamətlərdə bakalavriat və magistratura səviyyəsində təhsil müddətinin azaldılması üçün ciddi araşdırmalar aparılmalı və statistik əsaslara söykənən qərarlar qəbul edilməlidir. Xüsusilə biznes, turizm və bu kimi sahələrdə təhsil müddətinin azaldılması, eyni zamanda praktik imkanların genişləndirilməsi müzakirə olunmalıdır. Bu islahatlar mərhələli şəkildə və elmi əsaslara söykənərək həyata keçirilməlidir.
Bununla yanaşı, peşə təhsili, kolleclər və ali təhsil müəssisələri arasındakı fərqlər və funksionallıq yenidən qiymətləndirilməli, bu istiqamətdə geniş müzakirələr aparılmalıdır. Bu cür dəyişikliklər təhsil sisteminin daha çevik və əmək bazarının tələblərinə uyğun olmasına şərait yarada bilər”.
O qeyd edib ki, bu cür islahatların həyata keçirilməsinə təhsil müəssisələri də tam hazır olmalıdır: “İslahata hazır və mərhələli keçid etmək məqsədəuyğundur”.
”Əsas məsələ illərin sayını azaltmaq deyil, öyrənmənin keyfiyyətini qorumaq və dərinliyi itirməməkdir”
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova isə bildirib ki, Gürcüstanda ali təhsil müddətinin azaldılması müasir dövrdə təhsilin çevikləşməsi baxımından maraqlı bir addımdır:

“Belə modellər düzgün dizayn olunduqda tələbələrin daha tez əmək bazarına çıxmasına, təhsil xərclərinin azalmasına və proqramların modullaşmasına imkan yaradır. Lakin burada əsas məsələ illərin sayını azaltmaq deyil, öyrənmənin keyfiyyətini qorumaq və dərinliyi itirməməkdir. Əks halda, xüsusilə praktik yönümlü ixtisaslarda tələbələr real bacarıq qazanmaqda çətinlik çəkə bilərlər. Azərbaycanda da bu modelin tətbiqi mümkündür, amma düşünürəm ki, bu addım mərhələli şəkildə atılmalıdır. Əvvəlcə bir neçə universitet və ixtisas üzrə pilot layihələr həyata keçirilməli, nəticələr təhlil olunmalı, tələbə və müəllim rəyinə, məzunların məşğulluq göstəricilərinə baxılmalıdır. Yalnız bundan sonra bu sistem genişləndirilə bilər”.
”Bu dəyişiklik yalnız təhsil proqramlarının və akademik heyətin hazır olduğu mühitdə uğurlu ola bilər”
O vurğulayıb ki, təhsil müddətinin qısaldılması öz-özlüyündə keyfiyyətin azalması demək deyil, amma öyrənmə nəticələri, qiymətləndirmə meyarları və praktika saatları yenidən nəzərdən keçirilməlidir: “Dünyada uğurlu nümunələrə baxdıqda, məsələn, Skandinaviya ölkələrində, Almaniyada və ya Kanadada görürük ki, qısamüddətli proqramlar da çox keyfiyyətli olur, çünki onlar kompetensiyaya əsaslanır və təcrübə ilə birləşdirilir. Bəzi sahələrdə bu model daha real və effektiv ola bilər. Məsələn, İT, data analitika, biznes idarəçiliyi, dizayn və kommunikasiya kimi sahələrdə praktik və layihə əsaslı təlimlər vasitəsilə müddəti azaltmaq mümkündür. Lakin tibb, mühəndislik, müəllim hazırlığı, memarlıq kimi peşələrdə bu, çətin görünür, çünki bu istiqamətlərdə praktik təcrübə və sahə işi çox vacibdir.
Təhsil müəssisələrinin bu dəyişikliklərə hazır olub-olmamasına gəlincə, hazırda vəziyyət bərabər deyil. Bəzi universitetlər çevik proqram dizaynı, LMS sistemləri və modul əsaslı tədris baxımından müəyyən təcrübəyə malikdir, digərləri isə hələ bu istiqamətdə ilkin mərhələdədir. Ona görə də bu dəyişiklik yalnız təhsil proqramlarının və akademik heyətin hazır olduğu mühitdə uğurlu ola bilər”.
Onun sözlərinə görə, təhsil müddətini azaltmaq məqsəd deyil, vasitədir: “Düzgün planlaşdırıldıqda bu, çevik, səmərəli və tələbəyönümlü sistem yarada bilər. Amma tələsik tətbiq olunsa, keyfiyyətə zərbə vura bilər. Ən uğurlu nəticə mərhələli, sübutlara əsaslanan və yerli reallıqlara uyğun yanaşma ilə mümkündür”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər