21 noyabr 2024

Bütün xəbərlər
test
27 may, 18:58
78

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub. 

Tədqiqat universitetləri necə yaradılır, əsas missiyaları və hədəfləri nədir? Öncə bu suala cavab verməyə çalışaq. Tədqiqat universitetləri XXI əsrdə bilik iqtisadiyyatının mərkəzi institutları hesab olunur və qiymətləndirilir. Yüksəkixtisaslı müəllim heyəti, əla tədqiqat nəticələri, yüksək keyfiyyətli təhsil, etibarlı maliyyə mənbələri, geniş tədqiqat imkanları, istedadlı milli və beynəlxalq tələbələr, akademik azadlıq tədqiqat universitetlərinin ümumi xüsusiyyətləridir. Dünyadakı tədqiqat universitetləri iqtisadiyyatın ehtiyac duyduğu peşəkarları, yüksək səviyyəli ekspertləri, alimləri və tədqiqatçıları hazırlayır və milli innovasiya sistemlərini dəstəkləmək üçün yeni biliklərin istehsalında mühüm rol oynayır. Qlobal bilik iqtisadiyyatının mərkəzində dayanan tədqiqat universitetləri bütün dünyada orta təhsildən sonrakı təhsil üçün flaqman rolunu oynayır. Tədqiqat universitetləri ümumiyyətlə, ölkələrin ən yaxşı və ən parlaq tələbələrini cəlb edən, peşəkar tədqiqatçıları işə götürən və tədqiqat nəticələrinin əksəriyyətini istehsal edən universitetlərdir. 

ABŞ-də 6 min ali təhsil müəssisəsi arasında 150, 3 minə yaxın ali təhsil müəssisəsi olan Çin Xalq Respublikasında isə 147 tədqiqat universiteti var. Adıçəkilən ölkələr geniş tədqiqat universitetləri şəbəkəsini yaratmaqla beynəlxalq rəqabəti gücləndirmək üçün universitetə əlavə dəstək verirlər. 

Son 20 ildə Türkiyədə də ali təhsil sahəsində genişlənmənin, tədqiqat universitetlərinin sayının artmasını müşahidə edə bilərik. 

Beləliklə də, “Azərbaycan müəllimi”nin növbəti araşdırması qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil sistemində önəmli çəkiyə malik olan tədqiqat universitetləri ilə bağlıdır.

Türkiyənin tədqiqat universitetləri

Türkiyədə tədqiqat universitetlərinin yaradılmasına 2017-ci ildən başlanılıb. İlkin mərhələdə akademik və elmi uğurları ilə seçilən 10 ali təhsil müəssisəsinə “tədqiqat universiteti” statusu verilib. Prezident Rəcəb Tayyib Ərdoğan 2017-ci ildə yeni tədris ilinin açılış mərasimindəki çıxışında yaradılacaq 10 tədqiqat universitetinin adlarını açıqlayıb: Ankara, Boğaziçi, Erciyes, Qazi, Gebze Teknik, Hacettepe, İstanbul, İstanbul Teknik, İzmir Yüksək Texnologiyalar və Orta Doğu  Texniki universitetləri. R.Ərdoğan ali təhsil sahəsində qarşıya qoyulan məqsədlərə çatmaqda bu universitetlərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Sonrakı illərdə isə ölkədə fəaliyyət göstərən 200-dən artıq universitet arasından daha bir neçə ali təhsil müəssisəsi tədqiqat universiteti statusu alıb. Hazırda Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təyin olunan 20-si dövlət və 3-ü vəqf olmaqla cəmi 23 tədqiqat universiteti var:

Ankara Universiteti, Atatürk Universiteti, Boğaziçi Universiteti, Bursa Uludağ Universiteti, Dokuz Eylul Universiteti, Ege Universiteti, Fırat Universiteti, Gazi Universiteti, Gebze Texnik Universiteti, Hacettepe Universiteti, İhsan Doğramacı Bilkent Universiteti, İstanbul Texnik Universiteti, İstanbul Universiteti, İstanbul Cerrahpaşa Universiteti, İzmir Yüksək Texnologiyalar İnstitutu, Qara Dəniz Texniki Universiteti, Koç Universiteti, Mərmərə Universiteti, Orta Doğu Texnik Universiteti, Sabançı Universiteti, Yıldız Texnik Universiteti, Erciyes Universiteti, Çukurova Universiteti.

Tədqiqat universitetləri də öz fəaliyyətlərinə görə A1, A2 və A3 olmaqla 3 qrupa bölünür:

A1- yüksək səviyyəli tədqiqat performansı olan universitetlər – Orta Doğu Texnik Universiteti, İstanbul Texnik Universiteti və Boğaziçi Universiteti.

A2 - İzmir Yüksək Texnologiyalar İnstitutu, Yıldız Texniki Universiteti, Ankara Universiteti, İstanbul Universiteti, Erciyes Universiteti, Hacettepe Universiteti, Gebze Texniki Universiteti, Ege Universiteti, İstanbul Cerrahpaşa Universiteti. 

A3 - orta səviyyəli tədqiqat performansı göstərən universitetlər - Marmara Universiteti, Bursa Uludağ Universiteti, Dokuz Eylül Universiteti, Atatürk Universiteti, Qazi Universiteti, Çukurova Universiteti, Fırat Universiteti, Qara Dəniz Texniki Universiteti.

Vəqf tədqiqat universitetlərinə isə İhsan Doğramacı Bilkənt Universiteti, Sabancı Universiteti və Koç Universiteti aiddir. 

Tədqiqat universitetlərinin məqsədi nədir?

Bu universitetlər güclü tədqiqatçıların hazırlanmasına, elmin və ölkənin bütün dünyada inkişafına kömək edəcək doktorluq proqramlarının hazırlanmasına yönəlib. Tədqiqat universitetləri ölkənin gələcək ehtiyaclarını müəyyənləşdirərək öz tədqiqatlarını bu istiqamətdə istiqamətləndirirlər. Bundan başqa, bu müəssisələrdə əldə olunan biliklər cəmiyyətin inkişafının mərkəzidir. Tədqiqat universiteti öz missiyası ilə strateji yol xəritəsini müəyyənləşdirən və universitetin fəaliyyətini bu plana uyğun həyata keçirə bilən müəssisələrdir. Tədqiqat universitetlərində müəllimlər tələbələri kursdan kənar tədqiqat fəaliyyətinə cəlb edərək təhsilin əhatəliliyini artırmağa çalışırlar. Tələbələr mütəmadi olaraq tədqiqat mədəniyyətində iştirak etdikləri üçün onlar da biliklərini yaxşılaşdırmaqla akademik tədqiqatların aparılması metodlarını mənimsəyirlər. 

Bu universitetlərdə intensiv tədqiqat prosesi universitetlərə öz dəyərlərini artırmaqla öz büdcələrini yüksəltməyə, səmərəli tədqiqatlardan və mövcud tədqiqat fondlarından daha çox pay almağa imkan verir, onların olduğu cəmiyyət isə gələcək inkişaf üçün töhfələr əldə edir. Tədqiqat universitetləri milli əsasda hərtərəfli qurumlar olduqlarından ümumi elm və texnologiyaya əhəmiyyətli töhfələr verirlər.

Türkiyədə tədqiqat universitetlərindən gözləntilər

Tədqiqat universitetləri ölkənin milli maraqlarına xidmət edən, regional və milli inkişafda mühüm rol oynayan mühüm qurumlardır. Ali Təhsil Şurasının sədri Erol Özvar qeyd edir ki, tədqiqat universitetlərindən əsas gözləntilərimiz həm milli, həm də beynəlxalq səviyyədə yüksək əlavə dəyərli akademik tədqiqatlara rəhbərlik etmələri və Türkiyənin doktorantura kadr potensialını gücləndirmələridir. 

Ümumi çərçivədən baxıldığında universitetlər arasında ciddi qruplaşmanın tərəfdarı olmadıqlarını vurğulayan E.Özvar qeyd edir ki, əsas məqsədimiz məhdud milli resurslarımızdan daha səmərəli istifadə edərək həm milli, həm də beynəlxalq rəqabəti artırmaqdır. Buna görə də E. Özvar həm bu gün, həm də gələcəkdə missiya fərqliliyi baxımından həyata keçirəcəkləri bütün siyasətlərin, xüsusilə tədqiqat universitetləri və regional inkişaf yönümlü proqramların öz məqsədlərinə xidmət etdiyi ölçüdə dəstək tapacağını vurğulayıb. E.Özvar universitetlərin ən əsas missiyası olan təhsil, təlim və tədqiqat sahələrində beynəlxalq arenada rəqabətədavamlı olmasını istədiklərini vurğulayıb. 

Digər bir mühüm məsələ tədqiqat universitetlərinin əcnəbi tələbə cəlbinin yaxşılaşdırılması ilə bağlıdır. Hazırda tədqiqat universitetlərinin toplam əcnəbi tələbə sayı ölkədəki ümumi tələbə sayının 19 faizini təşkil edir. Tədqiqat universitetlərindən gözləntilərin biri beynəlxalq tələbələrin sayının artırılması ilə bağlıdır.

Tədqiqat universitetlərinə maliyyə necə ayrılır?

Məlumdur ki, bilik istehsalı və tədqiqatlar universitetlərin öz hədəflərinə çatmaqda ən mühüm aktorlardan biridir. Universitetlərin elmi-tədqiqat və innovasiya ekosistemində rollarının gücləndirilməsi, tədqiqatçıların sayının və keyfiyyətinin artırılması mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan son 20 ildə Türkiyə hökuməti universitetlərin inkişafı istiqamətində mühüm səylər göstəriblər. Digər tərəfdən, universitetlərin keyfiyyət yönümlü inkişafını təmin etmək üçün müxtəlif siyasətlər həyata keçirilib. Bu siyasətlərdən ən mühümü universitetlərin  tədqiqat potensialının və səriştələrinin artırılmasıdır.

Bu məqsədlərə nail olmaq üçün Türkiyə Prezidenti yanında Strategiya və Büdcə Müdirliyi və Ali Təhsil Şurası arasında memorandum imzalanıb. Bununla da  “Tədqiqat Universitetlərinə Dəstək Proqramı”na (ADEP) start verilib. Hər il  tədqiqat universitetlərinə dəstək layihəsi çərçivəsində Proqram tərəfindən “araşdırma qabiliyyəti”, “araşdırma keyfiyyəti” və “qarşılıqlı fəaliyyət və əməkdaşlıq” sahələrində 32 göstərici ilə tədqiqat universitetlərinin reytinqi tərtib olunur. Maliyyə vəsaitlərinin həcmi də bu və digər tədqiqat universitetinin bəhs etdiyimiz reytinq göstəriciləri əsasında müəyyən olunur. 

2023-cü ildə tədqiqat universitetləri tərəfindən təqdim olunan 351 layihəyə 250 milyon lirə dəstək verilib. ADEP çərçivəsində, Strategiya və Büdcə Müdirliyi tərəfindən 2023-cü ildə 20 dövlət araşdırma universitetinə müvafiq sahələr üzrə 351 müraciət üçün 250 milyon lirə büdcə transferi edilib. Sözügedən büdcə tədqiqat universitetləri arasında onların illik performans reytinqlərinə uyğun olaraq bölüşdürülüb. Bu büdcənin 173,3 milyon lirəsi elm və mühəndislik sahəsində 233 layihəyə, 108,2 milyon lirəsi səhiyyə elmləri sahəsində 94 layihəyə, 8,5 milyon lirəsi isə sosial elmlər sahəsində 24 layihəyə verilib.

ADEP çərçivəsində Strategiya və Büdcə Müdirliyi tərəfindən 2024-cü ildə 20 dövlət araşdırma universitetinə köçürüləcək büdcə 400 milyon lirəyə artırılıb.

2024-cü ildə ən çox büdcə transferinin ediləcəyi üç universitet ODTÜ, İTU və Boğaziçi Universitetidir. 

Dövlət tədqiqat universitetlərinə köçürüləcək büdcələr aşağıdakı kimidir:

Orta Doğu Texniki Universiteti - 34,9 milyon lirə,

İstanbul Texniki Universiteti - 31,4 milyon lirə,

Boğaziçi Universiteti -26,2 milyon lirə,

İzmir Texnologiya İnstitutu - 25,1 milyon lirə,

Yıldız Texniki Universiteti - 24 milyon lirə,

İstanbul Universiteti- 22,8 milyon lirə,

Hacettepe Universiteti - 21,5 milyon lirə,

Erciyes Universiteti - 21 milyon lirə,

Gebze Texniki Universiteti -  20,6 milyon lirə,

Ankara Universiteti - 20,4 milyon lirə,

İstanbul Cerrahpaşa Universiteti - 18,6 milyon lirə,

Ege Universiteti - 17,7 milyon lirə,

Qazi Universiteti -17 milyon lirə,

Atatürk Universiteti -  16,5 milyon lirə,

Fırat Universiteti - 16,3 milyon lirə,

Mərmərə Universiteti - 14,6 milyon lirə,

Çukurova Universiteti - 13,9 milyon lirə,

Dokuz Eylül Universiteti - 13,4 milyon lirə,

Qaradəniz Texniki Universiteti - 12,2 milyon lirə,

Bursa Uludağ Universiteti - 11,9 milyon lirə.

Bundan əlavə, Türkiyədə tədqiqatların idarə edilməsi, maliyyələşdirilməsi və aparılması üzrə aparıcı qurum olan Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) da tədqiqat universitetlərinə maliyyə dəstəyi göstərir. 

Yeni hədəflər

Ali Təhsil Şurası yaxın perspektivdə də “uğurlar artdıqca dəstək də artacaq” (E.Özvar) vizyonuna uyğun olaraq araşdırma universitetlərinin tədqiqat və inkişaf layihələrinə (Ar-Ge) diqqəti artırmaq niyyətindədir. Bu çərçivədə tədqiqat universitetləri üçün yeni alimlərin yetişdirilməsi də hədəflər sırasındadır.Yeni hədəflərdən danışan  Erol Özvar qeyd edir ki, bu il ADEP çərçivəsində araşdırma universitetlərində həyata keçiriləcək 327 tədqiqat və inkişaf layihəsi üçün 503,9 milyon lirə büdcə transferi ediləcək. Tədqiqat universitetlərindən 10-nun 2028-ci ilə qədər dünyanın ən yaxşı top-500 ali təhsil müəssisəsi arasında yer alması üzrə səylər bundan sonra da davam etdiriləcək. 

Ali Təhsil Şurası olaraq əsas missiyalarında keyfiyyətə yönəlmiş yanaşmanı qəbul etdiklərini deyən E.Özvar tədqiqat universitetlərinə dəstək proqramlarını israrla davam etdirəcəklərini vurğulayıb: “Bütün universitetlərimizin elmi-tədqiqat potensialı və keyfiyyəti artırılmalıdır. Son 5 ilin məlumatları göstərir ki, daha keyfiyyətli nəşrlərin sayında nəzərəçarpacaq artım var. Bununla belə, dünyanın əsas elmi dairələri ilə müqayisə edildikdə biz hələ də ciddi irəliləyiş əldə etməliyik, xüsusən də Q1 və Q2 kvartillərdə illik məqalə sayını 45-46 min səviyyəsinə çatdırmalıyıq. Müasir səviyyədə elmi nəşrlərin keyfiyyətinə zərər vermədən onların sayını artırmaq lazımdır. Tədqiqat universitetlərimiz bunu edəcək aparıcı universitetlər arasında birincilər sırasındadır”.

Tədqiqat universiteti nə deməkdir?

Sonda “Tədqiqat  universiteti nə deməkdir?” sualımıza cavabımızı bir daha ümumiləşdirək:

  • Tədqiqat universiteti öz missiyasını və strateji yol xəritəsini müəyyən etmiş və öz  fəaliyyətini bu plana uyğun həyata keçirə bilən qurumdur. Bu prosesdə universitet təkcə tədqiqatda mükəmməlliyi hədəfləmir, həm də təhsil və biliklərin istehsalı, ötürülməsi və paylaşılmasında ən yaxşısını hədəfləyir. 

  • Universitet müəllimləri tələbələri dərsdənkənar tədqiqat fəaliyyətlərinə cəlb etməklə təhsilin əhatə dairəsini və töhfəsini artırır. Tələbələr tədqiqat mədəniyyəti çərçivəsində öz biliklərini təkmilləşdirir və akademik tədqiqatçılıq fəaliyyətinə yiyələnirlər.

  • Həyata keçirilən tədqiqat fəaliyyətləri universitetlərə istehsal etdikləri məhsullarda dəyər taparaq büdcələrini inkişaf etdirməyə, məhsuldar tədqiqatlar vasitəsilə mövcud tədqiqat fondlarından daha çox pay almağa və bir hissəsi olduqları cəmiyyətin gələcəyində sosial layihələrlə pay sahibi olmağa imkan verir. 

  • İdeal tədqiqat universiteti  güclü tədqiqatçılar yetişdirən və dünya elminə və ölkənin inkişafına töhfə verən doktorantura proqramlarına malik qurumlardır.

  • Ölkəsinin keçmişini, gələcəyini və ehtiyaclarını nəzərə alaraq bəşəriyyətin ortaq dəyərlərinə töhfə verirlər.

Digər ölkələrdə tədqiqat universitetlərinin formalaşması və fəaliyyətləri, bu sahədə müsbət təcrübələri növbəti yazılarımızda oxucularımızla bölüşməkdə davam edəcəyik.

Xəbər lenti

21 noyabr, 12:43
4

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
4

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
7

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
40

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
33

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
25

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.