12 noyabr 2024

Bütün xəbərlər
test
14 oktyabr, 10:16
137

MİQ-lə SERTİFİKASİYA birləşdirilə bilər…

Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinnin üzvü Məhriban Vəliyeva Modern.az və AzEdu.az Təhsil Portalına geniş müsahibə verib. 

“Azərbaycan müəllimi” müsahibəni təqdim edir.

- Mehriban xanım, Siz cəmiyyətdə daha çox təhsil adamı kimi tanınırsınız. Bilmək olarmı, Sizi bu sahəyə daha çox bağlayan səbəb nədir? Ümumən təhsilimizi necə xarakterizə edərdiniz?

146929

- 1989-cu ildən etibarən təhsildəyəm. 1980-ci illər özünəməxsus xüsusiyyətləri ilə təhsildə diqqəti cəlb edirdi. Çünki biz müstəqilliyə doğru gedirdik. Həmin dövr çox təlatümlü idi. Tarixdə baş verən büyük siyasi hadisələr təhsilin inkişafına həm müsbət, həm də mənfi mənada təsir edirdi.

Daha sonra müstəqillik dövrü, müharibələr, torpaqlarımızın işğalı, 1 milyon məcburi köçkünümüzün olması təhsilə yenə öz təsirini göstərdi. Qarabağ və Şərqi Zəngəzurda 1000-ə yaxın təhsil müəssisəsi var idi. Onların hamısının fəaliyyəti birdən dayandı. Bir sözlə, təhsilimiz "köçkün" düşdü.

Təhsilə ilk vaxtlar müəllim kimi fəaliyyətə başladım və ondan sonra direktor vəzifəsində çalışmışam. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini kimi fəaliyyət göstərmişəm. Nəhayət indi isə qanunvericilik sahəsindəyəm. Deməzdim ki, sadaladığım fərqli sahələrdir. Dünən mən təhsilin icra sahəsində işləyirdimsə, bu gün həmin qanunvericiliyin dəyişməsində məsuliyyət daşıyıram. Bu həm şərəflidir, həm də vacib bir sahədir.

Bayaq qeyd etdiyim kimi, tarixdə baş verən siyasi hadisələr təhsildən yan ötüşməyib. Təhsil əvvəlki dövrdən, indiyə qədər çox maraqlı, mərhələli inkişaf prosesindən keçib. 2010-cu ilə qədər müstəqillik dövrün qanunvericilik bazası yaradılıb. 2010-cu ildən 2020-ci ilə qədər inkişaf prosesində müxtəlif Dövlət Proqramları həyata keçirilib. Əsasasən də təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.

2020-ci ilə qədər olan dövr ərzində dövlətin daha prioritet istiqamətlər olub. Torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyin bərpası məsələsi və s. Bütün bunlar çox vacib məsələdir. Bununla yanaşı, daima təhsilin inkişafına yönələn böyük addımlar atılıb. 2020-ci ildən sonra Azərbaycanın tarixində, siyasi həyatında, həm də təhsil həyatında yeni bir mərhələ başladı. Buna qədər əsas məqsəd Azərbaycan vətəndaşının yetişdirilməsi məsələsi idi. Hazırki dövrdə də bu prioritet olaraq qalır, amma yeni dövrdə daha çox rəqabətə davamlı insan kapitalının formalaşması ən vacib şərtlərdəndir. Yəni bu vacib şərti təhsil həyata keçirir. Çünki təhsil yoxdursa, heç bir inkişafdan söhbət gedə bilməz. Belə deyim, iqtisadiyyatın özündə davamlı inkişafı təmin etmək üçün insan kapitalının milli sərvətdə payını müəyyənləşdirmək üçün mütləq şəkildə təhsil ona dəstək olmalıdır.

Təhsil özü konservativ sahədir və bu dəyişkənliyi yaratmaq çox çətindir. Ulu öndərin belə bir sözü var: "Təhsil kənd təsərrüfatı deyil, təhsil iqtisadiyyat deyil". Təhsil tamamilə başqa sferadır. Bu gün rəqabətli insan kapitalından danışırıq və həmin an insanın gözünün qarşısına dünyada inkişafla bağlı insanlar arasında gedən rəqabət gəlir. Süni intellekt bu rəqabəti 2 qat artıracaq. Biz o qədər sürətlə inkişaf etməliyik ki, süni intellekt bizi deyil, biz onu idarə edə bilək. Əlbəttə ki, biz süni intellektdən qorxmamalıyıq. Biz istəsək də, istəməsək də artıq həyatımıza daxil olub. Süni intellektdən təhsildə yaxşı mənada bəhrələnmək lazımdır.

- Az əvvəl qeyd etdiniz ki, təhsilimiz də uzun müddət “köçkün” düşdü. O dövrlərlə indini müqayisə etsəniz, hansı məqamlara diqqət yetirərdiniz?

- Həmin dövrlər tam başqa idi. Təhsilin o zamanlar geri qalmasının əsas səbəbi yeni quruluşa transformasiya idi. Amma köçkünlük və qaçqınlıq bu inkişafa təsir etdi. Bütün bunlarla yanaşı, Azərbaycan təhsilinin inkişafı istiqamətində Dövlət Proqramları müəyyən zəminlər yaratdı.

Sovet dövründə olan təhsili pisləmək fikrim yoxdur. O zamanlar təhsilin özünəməxsus bir ənənəsi var idi. Amma quruluş dəyişəndən sonra məqsədlər, baxışlar dəyişir. Biz heç vaxt sovet təhsili ilə müasir dövrün demokratik baxışlı insanlarını formalaşdıra bilməyəcəyik.

Düzdür, fəaliyyətim sovet dövrünə düşməyib, amma təhsilim həmin dövrdəydi. Sovet təhsili nəzəriyyəçi təhsil olub. Ondan sonrakı mərhələlərdə niyə bizim alimlərimizin əksəriyyəti böyük bir boşluqda qaldı? Əslində onların günahı yox idi, onlar o cür yetişmişdilər. Təhsil sahəsində nəzəriyyəçi formada yetişən insanların beynini dəyişmək çətin idi. Müasir dövr bizdən artıq tamamilə fərqliliklər istəyir.  Bu gün təhsillə bağlı müzakirə edilən məsələlərdən biri də gələcəyin ixtisaslarıdır. Hazırda 1-ci sinfə gedən uşağa öyrətdiyimiz biliklərin 10 ildən sonra ona nə dərəcədə lazım olacağını bilmirik. Ona görə də bu gün məktəblər çox ciddi şəkildə yeniliyə transformasiya olunmalıdır.

- Ölkə çapında tanınmış təhsil adamı, eyni zamanda millət vəkili olaraq necə düşünürsünüz, orta məktəblərin mahiyyəti  və vəzifəsi nədir?

- Məktəb rəqabətə davamlı insan kapitalını formalaşdıran, bütün səriştələri, həyati bacarıqları aşılayan bir məkandır. Təkcə akademik bilik verən sahə olmamalıdır. Akademik bilik hər yerdə var. Hesab edirəm ki, məktəb şagirdlərin mənimsədiklərini istehsal etməyi öyrədən bir məkan olmalıdır. Məktəb laboratoriyaya çevrilməlidir.

- Qeyd etdiyiniz məqsədlərə çatmaq üçün sizcə Azərbaycan müəlliminin gücü yetərlidirmi?

- Məktəb funksiyasını o zaman itirir ki, o yalnız akademik bilik verən məkana çevrilir. Məktəb şagirdin sosiallaşmasına imkan verməlidir. Bu gün süni intellekt gəlir və rəqəmsal dövrü əvəzləyir. Burada sual yaranır. Biz gənclərimizi bu istiqamətdə inkişaf etdirə bilirikmi? Yüz faiz etdirməyə çalışırıq və edirik də. Rəqəmsal bacarıqlar deyilən bir fənn artıq neçə ildir ki, tədris olunur. Burada əsas məsələ odur ki, bizə təqdim olunan yeniliklərdən faydalana bilirik, yoxsa yox? Bundan məktəb də, müəllim də şagird də faydalanmalıdır.

Təhsillə bağlı qəbul edilən sənədlərin içərisində çox sevdiklərimdən biri 2013-cü ildə təsdiq olunan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Bu sənəddə təhsilin inkişafı üzrə 5 əsas istiqamət verilir. Həmin 5 istiqamətdə 2013-cü ildən bu günə qədər məzmunla bağlı xeyli işlər görülüb. Yeni dərsliklər yazılıb, yeni məzmun formalaşıb. Biz artıq demək olar ki, bütün beynəlxalq qiymətləndirmələrə qoşulmuşuq. 5-ci sinifdən artıq təbiət fənni tədris edilir. Bu fənnin salınmasının səbəbi nə idi, bilirsiniz? Məsələ burasındadır ki, riyaziyyat fənnindən şagirdlərimiz az-çox nailiyyətlər əldə etdilər, amma təbiət fənlərində biz çox geri qalırdıq. Bunu görən bizim təhsil mütəxəssisləri başa düşdülər ki, məzmunu beynəlxalq aləmə uyğun olaraq formalaşdırmalıyıq. Ona görə də yeni kitab hazırlandı. Düzdür, elə fənlər var ki, orada Amerika kəşf etmək lazım deyil. Əsas hədəf ən uğurlu modelləri dərsliklərdə tətbiq etməkdir.

Cənab Prezidentin dediyi kimi, 44 günlük Vətən müharibəsinin qalibi gənclərimiz oldu. Həmin gənclər vuruşdular və qalib gəldilər. Onları müəllimlərimiz, məktəblərimiz və ailələrimiz yetişdirdi. Məncə bu faktor təhsilimizin gücünü göstərir. Amma təbii ki, elə bir zamanda yaşayırıq ki, hər an yenilənməyə ehtiyac duyulur. Dövrün çağırışları tamam başqadır. Təhsilimiz nəinki bu çağırışlara ayaq uydurmalı, hətta ondan önə keçməlidir. Bu istiqamətdə ciddi addımlar atılır.

Təhsilin keyfiyyətini müəllimin keyfiyyətindən üstün tutmaq olmaz. Ona görə də bu yöndə durmadan islahatlar aparılır. Şəffaflığı təmin etmək üçün mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulunun həyata keçirilməsi və bu kimi digər aksiyalar təhsilimizin inkişafına, müəllimlərimizin bilik və bacarıqlarının daha da yüksəlməsinə xidmət edir.

- Mehriban xanım, çox vacib bir məqama toxundunuz. Necə etmək olar ki, gələcəkdə müəllim olmaq istəyənlərin MİQ-dən keçməsinə ehtiyac qalmasın? Sertifikasiya isə hər vaxt olmalıdır.

- MİQ 10 il bundan əvvəl əsası qoyulan bir prosesdir. Bu imtahanlar şəffaf formada həyata keçirilir. Bundan sonra sözün əsl mənasında məktəblərə heç bir qeyri-qanuni yolla müdaxilələr olmadı. Sertifikasiya isə 2022-ci ildən etibarən tətbiq edilir və 2026-cı ildə tamamlanacaq. Sertifikatlaşdırma peşəkar inkişafı təmin edir, MİQ isə müəllimlərin işə qəbulu prosesini həyata keçirir. Ola bilər ki, gələcəkdə sertifikatlaşdırma ilə MİQ-in birləşməsi istiqamətində işlər görülsün.

- Yeri gəlmişkən, son zamanlar cəmiyyət arasında belə bir fikir səsləndirilir ki, müəllim olmaq istəyən abituriyentlər yazılı imtahanla yanaşı şifahi formada da imtahan verməlidirlər. Siz bu barədə nə düşünürsünüz?

- Təkcə şifahi nitq deyil, yazılı nitqin özü də yoxlanılmalıdır. Təbii ki, bu məsələlər gündəmdə olan və danışılan məsələlədir. Yəqin ki, gələcəkdə həmin imtahanların təşkilini universitetlərin ixtiyarına buraxacaqlar. Düşünürəm ki, bu səlahiyyətlər ali məkəblərə ötürülməlidir. Bunun üçün universitetlər hər hansısa bir model təşkil edə bilərlər.

- Mehriban xanım, bu gün bağça, orta məktəb və ali məktəb arasındakı əlaqələr sizi qane edirmi?

- Burada ən önəmli şərtlərdən biri varislik prinsipinin qorunmasıdır. Məktəbəqədər təhsil Azərbaycanda həmişə icra qurumlarında olub, lakin 2 ildir ki, Nazirliyin tabeliyinə keçib. Əlbəttə ki, keçmə səbəbi də həmin varislik prinsipinin qorunmasıyla bağlıdır. Məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi ən vacib dövlət siyasətidir. Biz bilirik ki, məktəbəqədər təhsilin bazası güclü olmasa, digər bazaları qurmaq çox çətindir. Belə ki, məktəbəqədər təhsilin əhatə dairəsi 35%-ə qədər gəlib çatıb, amma sonrakı mərhələdə istəyirik ki, bu faiz 50-yə gəlib çatsın. Bu istiqamətdə vacib işlər görülür.

Təhsil mütəxəssislərimizin əsas məqsədi ali məktəblərə qəbulun asanlaşması və ali məktəbdən çıxışın çətinləşməsi məsələsidir. Bunun üçün ciddi adımmların atılması lazımdır. Konkretləşdirsək, qeyd etdiyiniz sahələrlə bağlı işlər görülür.

- Bundan öncə icraedici orqanlarında fəaliyyət göstərərdiniz. Təhsil qanunvericiliyində boşluqlar görürdünüzmü?

- Əslində qanunvericilik də, qanunlar da demək olar ki, öz yerindədir. Söhbət onun icrasından gedir. Bəzən onun icra mexanizmləri olmur, qaydalarda boşluq olur.

- “Ali təhsil haqqında” qanun layihəsi 4 ildir ki, qəbul edilə bilmir.

- “Ali təhsil haqqında” qanun layihəsi 4 ildir ki, müzakirədədir. Məsələnin müzakirəyə qaldırılması istiqamətində düşünülür, danışılır. Yəqin ki, həllini tapacaq…

- Mehriban xanım, Qarabağ Universiteti ilə bağlı düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Əslində, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi formalaşmayacaq. Universitetin özünün siyasi bir əhəmiyyəti var. O həm də Qarabağ təhsilinin formalaşmasında baza rolunu oynacaq. Qarabağ Universiteti açılanda dedilər ki, onun qəbul planı dolmayacaq. Amma 1200 yüksək bal toplayan abituriyent məhz həmin ali məktəbi seçdi. Bu o deməkdir ki, dünən ordumuz Cənab Prezidentin dəmir yumruğu ilə “qalxaq, mübarizəyə gedək”, deməsi ilə hamı ayağa qalxdı. İndi gənclərin Qarabağ Universitetini seçib ora getməsi bu mübarizənin davamıdır. Belə bir gənclik məhz Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formaşalır. Bu gənclik İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha irəli aparacaq. 

Qarabağ təhsili tamamilə yeni bir ruh gətirəcək. Mən buna inanıram, çünki ora gedən müəllimlərdə bunu görürəm. Onlar çox böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərirlər. Təhsildə əsas məsələlərdən biri də sevgidir. Sənin sevgin varsa, hər şey yarada biləcəksən. Məğlub müəllimlə, qalib müəllimin təbii ki, fərqi çox böyükdür.  Burada məğlub müəllim dedikdə torpaqları vaxtı ilə düşmən tapdağı altında qalanlardan söhbət gedir. Təbii ki, məğlub müəllimlərimiz gənclərimizdə qalib ruhu formalaşdıra bildilər.

Bax, elə həmin əzm və ruh yüksəkliyi idi ki, bizim gənclərin yetişməsinə səbəb oldu. Azərbaycan müəllimi çox ağrılı prosesdən keçib. Cənab Prezidentin bu ifadəsi çox gözəldir: “Qarabağda anadan olmayan uşaqlar, gedib Qarabağı aldılar”. Çünki onlara Qarabağı sevdirən məhz Azərbaycan müəllimidir. Ona görə də Azərbaycan müəlliminin əməyi böyükdür və onları ucalardan uca saxlamaq lazımdır.

- Son zamanlar yüksək bal toplayan abituriyentlərin böyük hissəsi müəllimlik ixtisasını seçir. Baxmayaraq ki, onlar həmin balla istədikləri ixtisas üzrə təhsil ala bilərlər. Sizcə, müəllimliyə bu qədər marağın olmasına səbəb nədir?

- Ümumiyyətlə, təhsildə müəllimlə bağlı olan, onun nüfuzunun artırılması istiqamətdə dövlət səviyyəsində müəyyən işlər aparılır. Maaşların artırılması, differensial əmək haqqının tətbiq olunması və s. bu qəbildəndir. Stimulverici nüanslar əlbəttə ki, bizim gənclərimizi müəllimlik peşəsinə yönləndirir. Bu müsbət haldır. Hesab edirəm ki, müəllim sənətinə aşağı balla qəbul olmaq yolverilməzdir. Ən savadlı gənclərimiz müəllim olmalıdır. Çünki onlar gələcəyimizi yetişdirən qüvvələrdir.

- Son zamanlar sosial mediada müəllimlər barədə mənfi hallar qabardılaraq tirajlanır. Ən adi bir hadisəni belə şişirdib, müəllimlərin nüfuzu barədə mənfi rəylər formalaşdırırlar. Sizcə, bu kimi paylaşımların qarşısını almaq üçün məktəblərdə həm şagirdlərə, həm də müəllimlərə telefon qadağası tətbiq edilə bilər?

- Müəllim hər hansı bir məsələdə nəyisə nümayiş etdirirsə, bu məktəb daxilində olmalıdır. Yəni bu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilməməlidir. Amma, eyni zamanda hər bir müəllim başa düşməlidir ki, qarşısındakı gələcəyin şəxsiyyətidir.

Çin, Rusiya, İtaliya məktəblərində telefon qadağası var. Resurs kimi telefondan istifadə olunacaqsa, qadağan oluna bilməz, lakin digər məqsədlər üçün işlədilirsə, o zaman qadağan oluna bilər.

Xəbər lenti

11 noyabr, 23:32
32

Elm və təhsil naziri UNICEF-in regional direktoru ilə görüşüb

11 noyabr, 22:43
34

SDU ilə Daşkənd İnformasiya Texnologiyaları Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11 noyabr, 22:32
34

UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

11 noyabr, 22:03
35

İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb

11 noyabr, 21:23
35

SDU ilə AlmaU arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

11 noyabr, 19:55
35

Həsən Həsənli "British Council"ın “Climate Connection” proqramının təqdimatında iştirak edib

11 noyabr, 18:36
41

COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçiriləcək

11 noyabr, 15:39
64

COP29 çərçivəsində şagirdlərin iqlim savadlılığının ölçülməsinə dair təşəbbüs müzakirə ediləcək

11 noyabr, 12:04
54

Honkonqlu direktor: İqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan digər neft ölkələri üçün nümunədir

11 noyabr, 11:59
66

COP29 başlayır: Bakı dünya liderlərini iqlim dəyişikliyi ilə mübarizəyə çağırır

10 noyabr, 19:29
125

Azərbaycanın COP29 gündəmi qlobal təşəbbüslərə töhfədir

9 noyabr, 15:51
202

BDU ilə Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyası əməkdaşlıq edəcək

9 noyabr, 15:45
192

“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” - elmi-praktik konfrans keçirilib

9 noyabr, 15:41
199

Aşqarlar Kimyası İnstitutunda COP29-a həsr edilən beynəlxalq seminar keçirilib

9 noyabr, 15:38
192

ADNSU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib  

9 noyabr, 15:24
210

SDU Qazaxıstanın aparıcı universitetləri ilə əlaqələrini genişləndirir

8 noyabr, 20:41
245

Şəhid oğlu: "Atam son dəfə dedi ki, dərslərinizi yaxşı oxuyun, ananızı incitməyin" - MÜSAHİBƏ

8 noyabr, 18:24
241

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib 

8 noyabr, 13:33
783

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısının “Marş irəli”si

8 noyabr, 12:40
441

Zəfərlə qürurlanan qalib xalqın qalib övladları

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.