Peşə Təhsili üzrə Dövlət Agentliyi FHN ilə birgə maarifləndirici tədbir keçirib
11 oktyabr 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin (ETN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Fövqəladə halların idarə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin keçirilməsində məqsəd tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını öyrətmək və onların bu cür hallara hazır olmalarını təmin etmək olub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət sektorunun baş məsləhətçisi Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin baş idarəsinin rəisi Məhbubə Mustafayeva və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib və tədbir Dövlət Himni ilə açıq elan olunub.
Tədbirdə çıxış edən şəxslər fövqəladə halların müxtəlif növləri- mina təhlükəsi, yanğınlar, təbii fəlakətlər zamanı davranış qaydaları və ilk tibbi yardım mövzusu haqqında ətraflı məlumat veriblər. Mərkəzin direktoru belə maarifləndirici tədbirlərin tələbələrin təhlükəsizlik biliyinin artırılması üçün vacib olduğunu vurğulayıb və tədbirin təşkilinə dəstək verən bütün qurumlara təşəkkür edib.
Tədbirin sonunda maarifləndirici video çarxlar nümayiş etdirilib, tələbələrdən gələn suallar cavablandırılıb və mərkəzin rəhbərliyinə fövqəladə hallarda davranış qaydalarına dair “Yaddaş təlimat kitabçası” təqdim edilib.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)