15 noyabr 2024

Bütün xəbərlər
test
18 oktyabr, 10:53
3472

“Azərbaycan müəllimi”nin budəfəki müsahibləri ucqar kənd məktəblərinin innovativ müəllimləridir.

Həmin müəllimlərimizdən biri Fatimə Hüseynovadır. Hamı onu "Yumruca Kukla" layihəsindən tanıyır. "Youtube" platforması üzərindən hazırladığı kiçik verilişləri balacalar tərəfindən maraqla izlənilir. Onun 4 yaşlı "Yumruca"sı uşaqlarla birlikdə dünyanı öyrənir, müxtəlif mövzuları müzakirə edir.

Fatimə Hüseynova Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İbtidai sinif müəllimliyi” ixtisasını bitirib. 2017-ci ildən Ağsu rayon Sarvan kənd ümumi orta məktəbində çalışır.

"Uşaqlar üçün danışan bir kukla görmək möcüzədir"

– Fatimə müəllim, uşaqlarla işləmək necədir? Çox yorulmursunuz?
– Uşaqlarla işləmək çətin deyil, sadəcə bu işi sevmək lazımdır. Hətta deyərdim ki, olduqca zövqlü işdir. Çünki uşaqlar çox təmiz və sağlam ruhlu olduğundan onların aurası da çox gözəl olur, adamı qətiyyən yormur. Düşünürəm ki, öyrənməyin və öyrətməyin ən əsas bünövrəsi o işi sevməkdir. Mən işimi, ən əsası uşaqları sevirəm və buna görə də azyaşlı uşaqlarla dərs prosesi mənə çətin gəlmir. Kiçikyaşlı uşaqların dünyası çox fərqlidir və bu dünyanı kəşf etmək həssaslıq tələb edir. Ona görə də hesab edirəm ki, öyrətmə prosesində onların yaradıcı dünyalarını daha dəqiq kəşf etmək və necə öyrənmə bacarıqlarına yiyələndiklərinə diqqətlə yanaşmaq lazımdır.

“Yumruca Kukla" ideyası 2019-cu ildə COVID-19 pandemiyası zamanı ortaya çıxdı. Layihə qısa müddətdə diqqət çəkdi və bununla bağlı bir neçə televiziya kanalına müsahibə vermişəm. Layihə 3-5 yaşlı uşaqların verdiyi suallara cavab vermək, öyrənmək istədikləri məlumatları onlara çatdırmaq və ümumi dünyagörüşlərinin formalaşdırılması məqsədi daşıyır. “Yumruca Kukla” “Youtube” kanalımız maarifləndirici videolarla yanaşı, canlı görüşlərlə də azyaşlı dostlarımıza xidmət edir. 

Əsas məsələlər uşaqlara daha əlçatan olmaqdır. Çünki  bu ideya bir az da uşaqların xəyal dünyasıdır, yaradıcılıq bacarığıdır, onlar üçün danışan bir kukla görmək möcüzədir. Qarşıda duran məsələləri "Yumruca Kukla" üzərindən uşaqlara çatdırmaq istədiyimiz əsas maarifləndirici mesajlardır.

– "Yumruca Kukla"nı özünüz hazırlamısınız?
– Bəli, özüm hazırlamışam. Bununla yanaşı, digər əl kuklaları da hazırlayıram və müəllimlər üçün təlimlər təşkil edirəm.

– İşlədiyiniz illərdə hansı layihələrin iştirakçısı olmusunuz?
– 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında “Təhsilin ulduzu” müsabiqəsi keçirilirdi. Mən də gənc müəllim olaraq öz ideyamla müsabiqəyə qoşuldum, təhsil ekspertləri layihəmi bəyəndilər və müsabiqənin final mərhələsinə yüksəldim.

– Sosial platformada özünəməxsus dərs metodlarınızı izləyirik...  
– Təlim metodları müasir təlim üsullarına əsaslanır. Məqsədim uşaqların cəmiyyətdə sağlam düşüncəli fərd kimi yetişmələrinə, öyrənməyə və tədqiqatlara açıq olmalarına şərait yaratmaqdır. Bəli, özünəməxsus dərs metodlarım da var, bu metodları sosial platformada müəllimlərlə də bölüşürəm. 

Fasiltasiya prosesində əsasən Kukla ilə təlim prosesi qururam. Öyrəndiyini öyrətmə texnikası, yaradıcı tətbiqetmə və təlimin təşkili kimi interaktiv təlim metodlarından istifadə edirəm. Bundan başqa, öyrəndiyim, uğurla tətbiq etdiyim texnikaları müəllimlərlə, xüsusən yeni işə başlayan gənc həmkarlarımla bölüşməyi sevirəm və hər zaman dəstək oluram. 

“Oyun zamanı uşaqlar xoşbəxtdirlər. Xoşbəxt uşaqlar isə daha tez öyrənir”

İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nuranə Bağırova da oyun əsaslı öyrətmə metodundan məharətlə istifadə edən müəllimlərimizdəndir.

O, 1998-ci il İsmayıllı rayonu Ağbulaq kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” fakültəsini bitirib. 2019-cu ildə MİQ imtahanında uğurlu nəticə əldə edərək İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Pedaqoji fəaliyyət dövründə bir çox təlim-treninqlərin iştirakçısı, Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innoasiyalar üzrə VIl qrant müsabiqəsinin qalibidir. 

– Fərqli formada dərs keçmək çətinlik yaratmır ki? 
– İnteqrativ təlim metodlarından istifadə etmək ənənəvi təhsil prosesinin bir parçası olan nəsil üçün bir qədər çətinlik yaradıb. Lakin inteqartiv təlimin məqsədini anladıqdan sonra artıq hər bir situasiyanı dəyərləndirməyə, interaktiv tədrisin bir parçası olmağa can atırıq. 

Yerləşdiyimiz məkanı daha yaxşı tədris mühitinə çevirmək üçün şagirdlərin maraq və tələbatlarını nəzərə alıram. Öyrənmə prosesini maksimum əyani resurslarla inteqrasiya etdirərək daha yaddaqalıcı tədris mühiti yaratmağa çalışıram. Oyun uşağın ən vacib işidir. Düşündüm ki, niyə öyrənmə prosesini uşaqların ən önəmli işinin bir parçasına çevirməyim ki? Oyun zamanı uşaqlar xoşbəxtdilər. Xoşbəxt uşaqlar isə daha tez öyrənir.

– Yeni təlim metodlarına valideynlərin münasibəti necədir?
– Hazırda şəhər mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəbində fəaliyyət göstərirəm. Təbii ki, ilk zamanlar valideynlər buna etirazını bildirir, yeni təlim üsullarını anlamaqda çətinlik çəkirdilər. Lakin zaman keçdikcə maarifləndirmə və  bu üsulların nəticələrini görmələri interaktiv təlimi dəstəkləmələrinə səbəb oldu.

– Şagirdlərin istedad və bacarıqlarını inkişaf etdirməklə yanaşı qrant müsabiqəsində qalib gələn layihəni həyata keçirməkdə məqsədiniz nə idi?
– 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII  qrant müsabiqəsində  rəhbəri olduğum “Bir peşənin uğur sirri” adlı layihəqalib oldu. Layihəni həyata keçirməkdə məqsədim şagirdləri müxtəlif peşələrlə yerində tanış etmək və ixtisas seçimində onlara dəstək olmaq idi.

– Məqsədinizə nail ola bildinizmi?
– Layihənin icrası müddətində layihə iştirakçısı olan şagirdlərimizlə birgə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, “İsmayıllı xəbərləri” qəzetinin redaksiyası, İvanovka kənd kolxozu, Basqal Resort&Spa, Xalça sexi və s. müəssisələrdə olub şagirdlərin prosesin iştirakçısı olaraq peşələri dəyərləndirməsinə şərait yaratdıq. Bununla yanaşı peşəsinin uğurlu insanları ilə görüşlər təşkil edərək onların təcrübəsini şagirdlərimizlə bölüşmələrinə vəsilə olduq.

Şagirdlərin layihə sonunda yazdığı təşəkkür məktublarını referans edərək deyə bilərəm ki, bu layihə onların gələcək həyatı ilə bağlı edəcəkləri seçimlərə istiqamət göstərib.

– Gənc həmkarlarınıza nə tövsiyə edərdiniz?
– Gənc həmkarlarıma tövsiyə edərdim ki, hər bir situasiyada empatiya göstərib həmin an uşaqların marağına səbəb olacaq şeyi kəşf etsinlər. Maraq hər zaman öyrənməyə sövq edən motivasiyadır.

“Şuşa müəllimlərin görüş meydanı oldu”

Ucqar kəndin innovativ gənc müəllimlərindən biri də səmərəli fəaliyyəti ilə seçilən, “Mənim üçün xoşbəxtlik anlayışı şagirdlərimlə ölçülür” deyən Xəzri Muradovdur.

Xəzri Allahyar oğlu Muradov 1990-cı il dekabrın 29-da İsmayıllı rayon Mican kəndində anadan olub. Orta məktəb illərində bir çox olimpiadalarda iştirak edib, coğrafiya fənni üzrə müxtəlif yerlərə layiq görülüb. 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. Universitet illərində bir çox intellektual və digər yarışların iştirakçısı olub. 2011-ci ildə regionlar üzrə debat oyunlarında qalib gəlib. 2012-2013-cü illərdə hərbi xidmət keçib. 2013-2014-cü illərdə müstəqil jurnalist olaraq fəaliyyət göstərib. 2014-cü ildən İsmayıllı rayon Ruşan kənd tam orta məktəbində, 2017-ci ildən bu günə qədər İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir.

– Pedaqoji fəaliyyətinizin ən məhsuldar dövrü hansı illəri əhatə edir?
– Pedaqoji fəaliyyətimin ən məhsuldar dövrü məhz Qalınçaq kənd tam orta məktəbi ilə bağlıdır. Bilirik ki, ilk müəllimlik fəaliyyətinə başlayan gənc şəhər mərkəzlərində çalışmaq istəyir. Mən belə düşünmədim, öz arzularımın arxasınca kiçik bir kəndə müəllim kimi yollandım. Kənd məktəbini seçməyim heç də təsadüfi deyildi. Qriqori Petrovun "İdeal müəllim" kitabı bu yolda mənə bir ruh verdi. Kitabın qısa xülasəsi belə idi ki, şəhərdə çalışan bir professor belə düşünür ki, şəhərdə bir şagirdi yetişdirmək daha asandır, nəinki kənd mühitində. Beləliklə, kənd məktəbinə yollanır. Müəllim yoldaşları elə sanır ki, professor ağlını itirib, çoxu onu qınayır, amma o, öz yolundan dönmür. Kənd məktəbinə gedir və neçə-neçə şagirdlər yetişdirib onların ali təhsil almasına səbəb olur. Məhz bu kitab mənə ilham verdi, mən də kənd məktəbinə yollandım. Bəzi insanlar üçün xoşbəxtlik pulla, bəziləri üçün mülklə, bəziləri üçün sağlamlıqla ölçülür, mənim üçün isə xoşbəxtliyin anlayışı şagirdlərimlə ölçülür. Qalınçaq kəndində çalışdığım müddətdə bir çox layihələr həyata keçirdim. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans təşkil etdim. Daha sonra şagirdlərimin arzularını reallaşdırmağın ardınca yollandım. Yeni il münasibətilə "Şaxta baba" layihəsi həyata keçirərək onları sevindirdim. 

2021-ci il pandemiya ilə əlaqədar dərslərin təşkili üzrə fləşmob təşkil etdik. 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fləşmob daha maraqla qarşılandı. 2022-ci il Vətən müharibəsi qəhrəmanlarının əbədi ruhuna ithaf olaraq "Zəfər" fləşmobunu şagirdlərimizlə birlikdə qürurla həyata keçirdik.

– Hazırladığınız "Tutorlab-məktəblim" layihəsinin üstünlükləri nədən ibarətdir?
– “Tutorlab-məktəblim”in üstünlüklərini sadalamaqla bitirmək olmaz. "Tutorlab-məktəblim" valideyn-müəllim əməkdaşlıq elektron jurnalıdır. VI qrant müsabiqəsi elan olunanda Azərbaycan təhsilinə necə fayda verəcəyimizi düşündük. Bilirdik ki, təhsili inkişaf etdirən və ayaqda saxlayan təhsil üçbucağıdır, yəni şagird, valideyn və müəllim birlikdə çalışmasa, heç bir nəticə əldə etmək olmaz. "Tutorlab-məktəblim" proqramını yaratmaqla müəllim və valideynləri daha sıx əlaqəyə dəvət etmiş olduq. Məncə, bu bizdə alındı. Hazırda bu proqram vasitəsilə  valideynlər hər gün öz övladları haqqında məlumatları operativ olaraq əldə edirlər.

Hər bir valideyn gündəlik olaraq öz övladının təhsili ilə maraqlanmaq, müəllimlərin övladları haqqında düşüncələrini öyrənmək istəyir. Etiraf etməliyik ki, bu gün hər birimizin gündəlik qayğıları çox olduğundan hər gün məktəbə gedib övladımızın məktəbdəki təhsili, davranışlarını öyrənə bilmirik. “Tutorlab-məktəblim” mobil tətbiqi isə valideyn-müəllim əməkdaşlığının möhtəşəm şah əsəridir. Harada olmağından asılı olmayaraq müəllim hər hansı bir şagirdin gündəlik davranışı, qiyməti və tapşırıqları haqqında məlumatı sms vasitəsilə birbaşa valideynin telefonuna ötürür. Valideyn məktəbə getmədən bir toxunuşla övladı haqqında məlumat əldə edə bilir.

– Sertifikasiya imtahanında yüksək nəticə göstərmişdiniz... 
– 2023-cü ildə keçirilən sertifikasiya imtahanında yüksək nəticə, 96 bal toplayaraq uğur əldə etmişəm. İxtisasım üzrə sualların hamısını düzgün cavablandırmışdı. Kurikulumla bağlı müəyyən suallar var idi ki, orda azca yanlışlığım olub. 10 il ərzində mindən çox şagirdim ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına yüzlərlə müdavim hazırlamışam, onlar da uğur qazanıblar.

– İsmayıllı Kitab Klubunun fəaliyyəti nədən ibarətdir?
– 2016-cı ildə İsmayıllıda və bütün regionda mütaliə vərdişlərini daha da artırmaq üçün İsmayıllı Kitab Klubunu yaratmışam. İlk illərdən möhtəşəm layihələrimiz oldu. Gənc, yaşlı nəsil demədən bir məkana toplaşır, oxuduğumuz əsərləri müzakirə edirdik. Ard-arda bir neçə il kitab yarmarkaları təşkil etdik. Bu, həm də regionlarda təşkil olunmuş ilk yarmarka idi. İsmayıllıda kitab yarmarkaları təşkil edərək daha çox insanın kitab oxumasını təbliğ etmişəm. İdeal bir nəticə əldə etdik. Təxminən bir saat ərzində 1900-dən çox kitab satıldı. O zamana kimi düşünürdüm, rayonlarda kitaba maraq çox deyil. Bu yarmarkalardan sonra bütün fikirlərim alt-üst oldu. Sonralar bu işi daha da inkişaf etdirib davam etdirdik. 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş vətən oğullarının ruhuna ithaf olaraq 300-dən artıq kitabı təmənnasız olaraq oxuculara payladıq. Hazırda klubumuzun fəaliyyəti davam edir.

– Pedaqoji fəaliyyətiniz ilə yanaşı çoxsaylı müsabiqələrə qoşulub qalib olaraq ayrılmısınız. Qalib olduğunuz anda hansı hissləri yaşamısınız?
– Müəllim kimi çalışdığım illərdə İsmayıllı rayonunda keçirilən intellektual oyunların iştirakçısı və qalibi olmuşam. Müəllimlərdən ibarət intellektual komandamız birlik nümunəsidir desək, yanılmarıq. 2018-ci ildən birlikdə hansı yarışda iştirak etdiksə, oradan mütləq mükafatla qayıtdıq. Təbii ki, bu, birgə çalışmağımızın nəticəsi idi. 2018-ci ildə Şəki şəhərində keçirilən Azərbaycan gəncləri arasında intellektual oyununun ikincisi, 2021-ci ildə AGMA-nın Azərbaycan müəllimləri arasında təşkil etdiyi “I Həmrəylik Kuboku” Xəmsə Milli İntellektual oyunun ikincisi, 2022-ci ildə gənclər arasında "Zəfər kuboku" intellektual oyununun birincisi, 2023-cü ildə AGMA-nın müəllimlər arasında təşkil etdiyi "Nə? harada? nə zaman?" intellektual oyununun birincisi, 2023-cü ildə Azərbaycan müəllimləri arasında "Xəmsə" Milli İntellektual oyununun ikincisi olduq. Hazırda gəncləri bu yolda tək qoymur, onlarla təcrübələrimizi bölüşürük.
2023-cü ildə Elm və Təhsil Nazirliyinin elan etdiyi VI qrant müsabiqəsinə "Məktəblim" mobil tətbiqi layihəsi ilə qatılmış və qalib olmuşam. 2024-cü ildə ilin ən fəal təhsil işçisi döş nişanı ilə mükafatlandırılmışam. Bundan başqa, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və İsmayıllı Təhsil Sektorunun fəxri fərmanları və bir çox mükafatlara layiq görülmüşəm.

2024-cü ildə AzEdu təhsil portalı və "Azərbaycan müəllimi" qəzetinin təşkil etdiyi "İlin gənc müəllimi" müsabiqəsində ölkənin ən yaxşı 10 gənc müəllimindən biri seçilmişəm. Bir müəllim üçün bundan daha böyük mükafat ola bilməzdi. Mükafatlandırma mərasiminin Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşada baş tutması mənə heç bir cümləyə sığmayacaq qürur bəxş etdi. Şuşa bir zaman döyüş meydanı, indi isə müəllimlərin görüş meydanı oldu.

Xəbər lenti

14 noyabr, 19:43
40

Kimyaçı alimlər karbohidrogenlərin oksidləşməsinin qarşısını alan daha təsirli inhibitor alıblar

14 noyabr, 18:32
30

Emin Əmrullayev Anqolanın vitse-prezidenti ilə görüşüb

14 noyabr, 17:13
80

COP29-da “Yaşıl enerji keçidində suveren fondların rolu” müzakirə edilib

14 noyabr, 16:25
45

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

14 noyabr, 16:12
47

Naxçıvan Dövlət Universitetinin tələbəsi növbəti uğura imza atıb

14 noyabr, 15:47
352

Bakı Dövlət Universitetində “Eko məkan” yaradılıb - FOTOLAR

14 noyabr, 15:30
44

BMU tələbələri bərpaolunan enerji və təcrübə proqramları barədə məlumatlandırılıb

14 noyabr, 15:17
33

Naxçıvanda ümumtəhsil müəssisələrinin rəhbər işçiləri üçün təlimlərə start verilib

14 noyabr, 14:42
73

Şəhid Elbrus Hüseynovun övladı Avropa çempionu oldu

14 noyabr, 14:05
44

BMU-da tələbələr üçün “Uğurun formulu” adlı təlim keçirilib

14 noyabr, 13:49
130

Ən böyük hədəfim coğrafiyanı ingilis dilində daha böyük auditoriyaya tədris etməkdir” – Gənc müəllim

14 noyabr, 13:20
40

ADU-da COP-29 konfransında iştirak edən Çin nümayəndə heyəti ilə görüş keçirilib

14 noyabr, 12:50
54

Qırmızı Ürəklər Fondu və Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 noyabr, 12:40
48

Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb

14 noyabr, 12:30
103

İqlim savadlılığının ölçülməsi təşəbbüsü niyə məhz PISA-ya verilib?

14 noyabr, 12:00
97

Azərbaycanın PISA-ya verdiyi təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə necə təsir göstərəcək?

14 noyabr, 11:36
71

Elnur Əliyev: Tədris proqramlarımızda iqlim dəyişikliyi mövzusuna kifayət qədər yer ayrılıb

14 noyabr, 11:11
48

ADNSU ilə Qazaxıstanın Avrasiya Milli Universitetinin əməkdaşlıq əlaqələri müzakirə olunub

14 noyabr, 10:56
105

Peşə təmayüllü sinfin müəllimi: Təhsil nəticəsi zəif olan şagirdlərlə işləmək daha maraqlıdır 

14 noyabr, 10:43
62

“Xəyallar düşərgədirsə, yollar əngəl deyil” adlı layihənin açılış tədbiri keçirilib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.