21 noyabr 2024

Bütün xəbərlər
test
23 oktyabr, 09:49
180

Azərbaycan iqtisadiyyatında müasir texnologiya və innovativ yanaşmalara maraq artdıqca KOBİA tərəfindən mikro və kiçik sahibkarlara verilmiş “Startap” şəhadətnamələri əsasında startap layihələrinin tətbiqi dairəsi də genişlənir. Artıq ölkədə sahibkarlara yeni bizneslər yaratmaq və inkişaf etdirmək imkanı verən startap layihələrinin sayı 170-ə yaxınlaşır.  

Lakin bəzi hallarda innovativ gənclərin startap layihələrinin icrası ilə bağlı ilk cəhdləri uğursuz nəticələnir. Bu uğursuzluqların arxasında isə müxtəlif səbəblər, xüsusilə təşkilati məsələlərin düzgün tənzimlənməməsi ilə bağlı çətinliklər, bəzi incə detalların əvvəlcədən nəzərə alınmaması və son olaraq, səhv qərarların verilməsi dayanır. 

Yeri gəlmişkən, qeyd edək ki, biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-ya və ya Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. Agentlik tərəfindən “biznesi planla”, “biznesə başla”, “biznesi işlət” və “biznesi inkişaf etdir” mərhələləri üzrə sahibkarlara informasiya, məsləhət, biznes biliklərinin artırılması üçün təlim, dövlət və özəl qurumlarla əlaqələndirmə, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxış kimi istiqamətlərdə müxtəlif dəstək və xidmətlər göstərilir.

Üç vacib sual

Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru dosent İsa Qasımovun “vergiler.az”a verdiyi məlumata görə, özünü startap fəaliyyətində sınamaq istəyənlər uğur qazanmaq üçün, ilk növbədə, 3 vacib suala cavab tapmalı və işə başlayarkən bunları mütləq nəzərə almalıdırlar:

1. Qurmaq istədiyiniz startapda təklif etdiyiniz xidmət və ya həll yolu ilə cəmiyyətin, bazar iştirakçılarının hansı problemlərini həll etməyi planlaşdırırsınız?
2. Təklif etdiyiniz xidmət və ya məhsulun digərlərindən fərqi nədir?
3. Xidmət və ya məhsulunuzun hansı üstünlükləri olacaq?

Texnopark direktoru hesab edir ki, startap fəaliyyətində ideyanın müəyyənləşdirilməsi, ilk növbədə, bazar araşdırmasına bağlıdır. Bu suallara əsaslandırılmış cavabın tapılması arzu edilən bazar araşdırmasının aparılmasını təmin edəcək. Başqa sözlə, bazar araşdırması edilmədən ideyanın reallaşdırılmasına qərar vermək startapçının bilinməyən risklərlə qarşılaşma ehtimalını artırır. 

Digər tərəfdən, əksər startapçıların etdiyi səhvlərdən biri bazarın ehtiyaclarını düzgün qiymətləndirmədən MVP (Minimum Viable Product/Minimum dəyər qatan məhsul) hazırlamağa çalışmalarıdır. Bunu çox yanlış addım sayan İ.Qasımovun fikrincə, startapçılar bu fəaliyyət növünün bir hobbi olmadığını nəzərə almalıdırlar.

Güclü komandalar bazarın risk kimi gördüyü amilləri fürsətə çevirir

Biznesin mütərəqqi formalarından biri olan startap fəaliyyətinin kifayət qədər ciddi, məsuliyyətli, əsasən, komanda bacarıqları tələb edən fəaliyyət növü olduğunu vurğulayan İ.Qasımov hesab edir ki, startap komandası nəyi necə etmək istədiyini düzgün başa düşməlidir. Komanda bacarıqlarının yetərli olduğuna əmin olmalı, bazarın ehtiyaclarını düzgün və geniş qiymətləndirməli, nəhayət, bazara nəyi, nə vaxt, harada və necə təqdim edəcəyini doğru müəyyənləşdirərərək gələcək işlərini planlaşdırmalıdır. Bu zaman riskləri görə bilməli və onların aradan qaldırılma yollarını tapmağa çalışmalıdır. Adətən, güclü və potensiallı komandalar bazarın risk kimi gördüyü amilləri fürsətə çevirə bilir ki, məhz bu komandaların uğur qazanma ehtimalı çoxdur.

Sxemə baxaq:

Ən çox buraxılan səhvlər

Mütəxəssisin sözlərinə görə, startap fəaliyyəti “Lean” metodologiyasını (https://www.planview.com/resources/guide/lean-principles-101/what-is-lean/) sevir ki, buna “Yalın sahibkarlıq” (https://btm.istanbul/blog/yalin-lean-girisim-nedir-ne-ise-yarar) da deyirlər.

Ümumiləşdirsək, bunu belə ifadə etmək olar: Startap fəaliyyəti kifayət qədər riskli olsa da, gəlirli sahədir: “Potensial riskləri nəzərə alaraq, prosesi “yalın” başlamağı, komanda investisiya potensialını öz imkanları ilə formalaşdırana qədər belə davam etməyi təklif edirəm. Startap fəaliyyətində resursları çox effektiv istifadə etmək zəruridir. Elə etmək lazımdır ki, risklərdən irəli gələn uğursuzluqlar komandanın işini dayandırmasın... Ancaq bunlar o mənaya gəlməməlidir ki, startap komandası ofisdən istifadə etməsin. Əksinə, ofis şəraiti faydalı işləmək üçün yaxşı amildir. Şərt deyil ki, ofisi kirayə götürəsiniz. Müxtəlif inkubasiya xidməti verən mərkəzlər var ki, onların vasitəsilə həm ödənişsiz ofis imkanı qazana, həm də digər faydalı fürsətlərdən yararlana bilərsiniz. Çətinliklərin olması isə həmişə mənfi mənada qiymətləndirilməməlidir. Startap yeni bir dəyər (əlavə dəyər) formalaşdırırsa, əlbəttə ki, bunun çətinlikləri olacaq. Əgər hər şey çox rahat baş verirsə, deməli, nəyisə səhv və ya əksik edirik...”

İ.Qasımovun qənaətincə, hər bir startapın uğuru düzgün formalaşdırılmış uğurlu komandanın işindən çox asılı olduğu üçün komanda startapda iddia edilən işlərə uyğun qurulmalıdır. Startapda iddia edilən işlərə uyğun bacarıqları olan komanda ilə işi davam etdirmək ən doğru yoldur. İlkin toxum investisiya qazandıqdan sonra bazara çıxış mərhələsində komandanı maaşlı və ya könüllü işçilər formasında böyütmək daha düzgündür. Əgər startapın iddia etdiyi xidmət və ya məhsul proqramçı işi tələb edirsə, deməli, əsas komandada proqramçının olması zəruridir. Hər bir startap biznes fəaliyyəti olduğuna görə komanda maliyyə, marketinq kimi bacarıqları nəzərə alsa, yaxşıdır. Bunun üçün ya komandaya yeni üzv cəlb edilə, ya da mövcud komandanın bu kimi bacarıqları inkişaf etdirilə bilər.

Texnopark direktoru startapçıların yeni biznesə başlayanda ən çox buraxdığı səhvləri də açıqlayıb: Təkbaşına təsisçi olmaq, əlverişsiz yerləşmə, ideyanın qeyri-orijinallığı, əsassız inadkarlıq, səhv platforma seçmək, süründürməçilik, tələsmək, spesifik istifadəçilərin olmaması, gəlirin azlığı, xərclərin çoxluğu, daha çox pula fokuslanmaq, kasıb/pis investor idarəetməsi, istifadəçilərin fəda edilməsi/mənfəət ehtimalı, tənbəllik, təsisçilər arasında münaqişə, cəsarətsizlik. 

Startap komandası üçün ilkin maliyyə imkanları aşağıdakılar ola bilər:
- Ailədən verilən dəstək;
- Startap komandasının öz imkanları;
- Müxtəlif müsabiqələrdən qazanılan mükafatlar;
- Qrant.

Yuxarıdakılar ilə yanaşı, startapı investisiya xarakterli maliyyə imkanları inkişaf etdirir: “Startap ekosistemində “smart money” ifadəsi var. Hər bir uğurlu startapın nailiyyəti həm də onun qazandığı “smart money”lə bağlıdır. Başqa sözlə, startap ekosistemi bilən, potensiallı bir investordan investisiya ala bilirsə, bu, həmin startapçıya böyük imkanlar qazandırır. Startap komandaları investor ilə “dost” olmağı bacarmalıdır. İnvetisiya qazanmaq üçün çıxılan yolda investor ilə “dost” olmaq çox mühüm amil sayıla bilər. Bəs, bu “dostluq” necə reallaşır? Əslində, düzgün bazar araşdırması bu suala doğru cavab tapmağa kömək edəcək.

Bazarı, rəqibləri və hədəf auditoriyanı yaxşı öyrənməlisiniz

2015-ci ildən startap sahəsində çalışan Şahin Xəlilov bildirib ki, bu müddət ərzində çoxsaylı çətinliklərlə üzləşib, səhvlərə yol verib.
“Komandamı itirsəm də, bu, məni dayandırmadı. Hər dəfə yeni-yeni şeylər öyrənərək fərqli texnoloji startaplar qurmağa cəhd etdim və müəyyən bir uğura nail oldum”, - deyən startapçı təcrübəsinə əsaslanaraq, biznesinə yeni başlamaq istəyənlər üçün bəzi vacib məqamları sadalayıb.

Onun sözlərinə görə, birinci əsas məqam biznes planın hazırlanmasıdır. Uğurlu startap üçün biznes plan hazırlamaq ideyanın necə həyata keçəcəyini göstərən xəritədir. Bu zaman bazar tədqiqatı aparılmalıdır ki, bunun üçün də bazarı, rəqibləri və hədəf auditoriyasını yaxşı öyrənməlisiniz: “Təcrübəmə əsasən, deyə bilərəm ki, bazar tədqiqatının düzgün aparılmaması səbəbindən bir neçə dəfə çətinliklərlə üz-üzə qalmışam. Ona görə də məhsulunuzun bazarda necə qəbul ediləcəyini əvvəlcədən öyrənməlisiniz. Düşünürəm ki, məhsulunuza bazarda nə dərəcədə ehtiyacın olduğunu, digərlərinin bunu sizdən nə dərəcədə yaxşı və ya pis etdiyini araşdırmalısınız. Dəfələrlə şahid olmuşam ki, startap yaradılır, uzun zaman bunun üçün işlər aparılır, ancaq məhsulu bazara çıxarmaq istəyəndə görürlər ki, artıq belə bir məhsul mövcuddur və ondan çox gözəl şəkildə istifadə edilir”.

Ş.Xəlilov qeyd edib ki, ikinci vacib məqam dəyər təklifidir (value proposition). Startapa başlamaq istəyənlər müştəriləri üçün hansı problemi həll etdiklərini və məhsullarının nə üçün vacib olduğunu aydın şəkildə müəyyən etməli, məhsul yaradarkən mütləq innovativlik tətbiq etməlidirlər. Maliyyə planı isə gəlir və xərclərinizin proqnozunu hazırlamaq baxımından vacibdir: “Dəfələrlə maliyyə məsələlərində çətinliklərlə qarşılaşmışam. Hesab edirəm ki, belə halla rastlaşmamaq üçün düzgün maliyyə planlaşdırılmasının aparılması mütləqdir. Marketinq və satış strategiyanıza uyğun olaraq, məhsulunuzu və ya xidmətinizi bazara necə çıxaracağınızı, hansı marketinq kanallarından istifadə edəcəyinizi əvvəlcədən planlaşdırın. Bu, müştərilərin sizi tanıması və məhsulunuza maraq göstərməsi üçün vacibdir. Startapınıza uyğun iş formatını seçmək də mühümdür. Həm ofisdə, həm də onlayn formatda çalışmağın özünəməxsus üstünlükləri və çətinlikləri var. Ofisdə çalışmaq iş proseslərinin daha yaxşı koordinasiya edilməsinə imkan verir. Bu, xüsusən layihənin başlanğıc mərhələsində komandanın bir yerdə işləməsi üçün çox faydalıdır. Lakin əlavə xərclər və infrastruktur məsələləri nəzərə alınmalıdır. Onlayn formatda çalışmaq xərclərin azalmasına, yerli və qlobal istedadların layihəyə cəlbinə imkan yaradır. Ancaq onlayn formatda çalışarkən komanda üzvləri arasında koordinasiyanın təşkilində çətinliklər yarana bilər, buna görə düzgün idarəetmə metodlarına ehtiyac var”.

Ş.Xəlilov startapın uğurlu olması üçün düzgün komandanın qurulmasını çox vacib amil sayır. Onun qənaətinə görə, ilkin mərhələdə startapçı bütün işləri özü görə bilsə də, sonrakı mərhələlərdə işin tək görülməsi qeyri-mümkündür: “Məsələn, mən yaratmaq istədiyim şirkətin hissələrini universitetdə oxuduğum qrup yoldaşlarıma verərək onların marağını layihəyə cəlb edə bilmişdim. Bunu daha fərqli metodlarla da etmək mümkündür: əsas odur ki, yanında dəstəkçilərin və işin bir hissəsini aparacaq şəxslər olsun. Onlar təcrübəsiz ola bilərlər, amma öyrədərək birgə işləməyə davam edə bilərsiniz. Təcrübəmə görə, bəzi vəzifələr üzrə işçilərin olmasına diqqət yetirmək lazımdır. Layihə rəhbəri idarəolunma və koordinasiyanı təmin edir. Bu, startapın məqsədlərinə çatmanı təmin edən əsas vəzifədir. Proqramçı məhsulun və ya xidmətin texniki tərəfini inkişaf etdirir, proqramçı olmadan texnoloji startapın irəliləməsi çox çətindir. Dizayner interfeysi və məhsulun ümumi görünüşünü hazırlayır, yaxşı dizayn müştərilər üçün cəlbedici məhsul yaratmaq baxımından çox vacibdir. Marketoloq məhsulun bazara çıxarılması və müştərilərin cəlb olunması üçün strategiya hazırlayır. Uğurlu marketinq strategiyası olmadan məhsulunuzu geniş auditoriyaya çatdırmaq çətin olacaq. Bəzi vəzifələri özünüz yerinə yetirə bilərsiniz, amma bəzi sahələrdə mütəxəssislərin köməyi mütləqdir. Mən də bu sahələrdə mütəxəssislərlə işləməyin vacibliyini dəfələrlə görmüşəm. Startapın hüquqi və maliyyə məsələlərini düzgün şəkildə idarə etmək üçün mütəxəssislərdən dəstək almaq vacibdir. Bu sahədəki səhvlər ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən ilkin mərhələdə həmin işləri maliyyə çox aparmayan podratçı şirkətlərə və ya fərdi peşəkarlara aylıq ödənişlər etməklə görə bilərsiniz. Daha sonra böyük şirkətə çevrilərkən şəxsi peşəkar kadrları bu işlərə cəlb etmək olar. Peşəkar marketinq və PR strategiyası məhsulunuzu bazara daha effektiv şəkildə çıxara bilər. Mən bu sahədə mütəxəssislərlə işləyərək startaplarımın daha geniş auditoriyaya çatmasını təmin etmişəm”.

Maliyyənin düzgün idarə edilməməsi iflasa səbəb olar

Startapçıların tez-tez müəyyən səhvlərə yol verdiyini deyən Ş.Xəlilov onun özünün də dəfələrlə səhvlər etdiyini və həmin səhvlərdən nəticə çıxardığını açıqlayıb. Onun sözlərinə görə, bazarın tələbatını düzgün tədqiq etmədən məhsul yaratmaq böyük səhvdir. Bu, startapın uğursuzluğuna səbəb ola bilər. Maliyyənin düzgün idarə edilməməsi startapın iflasına səbəb olar. Düzgün maliyyə planlaşdırması ilə bu problemlərin qarşısını almaq mümkündür: “Startapçı üçün hər bir qəpik çox böyük önəm daşıyır. Əlavə olaraq, hər zaman düşünmək lazımdır ki, şirkətdə qısamüddətli gəlirlər deyil, daim təkrarlanan maliyyə axını mexanizmləri yaratmaq lazımdır”.

Startapçı əlavə edib ki, komandanın və iş proseslərinin düzgün idarə olunmaması layihənin ləngiməsinə və ya uğursuzluğa səbəb ola bilər: “Güclü və əlaqəli bir komanda uğurun açarıdır. Bu səbəbdən sahibkar hər zaman öyrənməyi, özündən güclülərin yanında olaraq onlardan dərs almağı unutmamalıdır. Sonrakı mərhələlərdə isə, sahibkar öz yerinə güclü idarəedici təyin edərək, əsas foksunu böyüməyə, innovasiyaya, şəbəkələşməyə həsr etməlidir ki, xırda idarəetmə məsələlərində ilişib qalmasın”.

Ş.Xəlilov qeyd edib ki, startapın başlanğıc mərhələsində maliyyə resurslarının haradan əldə ediləcəyinin müəyyən edilməsi çox vacibdir. Fərqli maliyyə mənbələrindən istifadə edərək layihələrini maliyyələşdirdiyini deyən startapçının fikrincə, şəxsi yığımlar, dostlardan və ailədən alınan borclar ilkin maliyyələşdirmə üçün istifadə edilə bilər. Bunun başlanğıc üçün yaxşı mənbə sayılmasına baxmayaraq, riskləri də nəzərə almaq lazımdır. Dövlət qrant proqramlarında və müsabiqələrdə iştirak etməklə maliyyə dəstəyi əldə etmək olar. Özəl investorlardan və ya vençur kapital fondlarından layihəyə maliyyə cəlb etmək mümkündür. İnvestorlar startapa böyük dəstək verə bilər, amma onların diqqətini layihəyə cəlb etmək üçün startapın perspektivli olduğunu göstərmək lazımdır. 

Ş.Xəlilov bildirib ki, güclü və real biznes plan investorlara məhsulunuzun uğurlu ola biləcəyini göstərir. İnvestorlar biznes planı diqqətlə araşdırdığı üçün onu mümkün qədər dəqiq və inandırıcı etmək lazımdır. Rəqabətdən fərqlənən və yeni dəyər yaradan məhsul və ya xidmət investorlar üçün maraqlı olar. Güclü və təcrübəli bir komandanın olması da investorlar üçün çox vacibdir. Onlar təcrübəli və bacarıqlı komandaya güvənərək layihəyə investisiya qoyurlar. Ən vacib məqam isə investorların inamını qazanmaq üçün onların hər zaman soruşduqları göstəriciləri (traction) əldə etməkdir. Bu göstəricilər investorların qarşısına qoyulduqda onlardan kapital almaq ən azı 50% asanlaşır.

Xəbər lenti

21 noyabr, 13:16
4

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
2
21 noyabr, 12:43
9

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
7

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
43

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.