21 noyabr 2024

Bütün xəbərlər
test
23 oktyabr, 10:36
290

Seçimlər sırasında Zəngilanın adını görmək nəyə desəniz dəyər..

Qarabağ adı çəkiləndə qəlbimizdə fərqli, sözlərə, cümlələrə sığdıra bilməyəcəyimiz hisslər yaranır. Nisgil hissi deyil, yox. Sevinc, göz yaşı, illərdir öz doğma sahiblərini gözləyib qovuşan, dirçələn, gözəlliyini yaşlıların, sakinlərinin dilindən eşitdiyimiz, indi isə gənclərimizin də iştirakı ilə daha da abadlaşan yurd hissidir bu hiss. Abadlığını gördükcə mavi səmasına qürurla baxdığımız doğma yurdumuz. 

Azad olunmuş ərazilərimizdə müəllimlik fəaliyyəti göstərən müəllimlərin sorağı ilə bir neçə gün əvvəl gününü qeyd etdiyimiz Zəngilanda dayandıq. Ağalı kənd məktəbində…

Gənc müsahiblərim sevə-sevə həmsöhbət olmağa razılaşırlar. Hiss olunur ki, ürək sözləri çoxdur. 

İlk olaraq, Şəmsiyyə müəllimlə həmsöhbət oluram. Suallardan əvvəl onun haqqında qısaca olaraq məlumat verim.

Şəmsiyyə Şəmsəddinova Yevlax rayonu Ərəş kəndindəndir. 2020-cı ildə Mingəçevir Dövlət Universitetini bitirib. Hazırda Ağalı kənd tam orta məktəbində ibtidai sinif müəllimidir.

– Şəmsiyyə müəllim, ilk dəfə bu peşə ilə məşğul olacağınıza nə zaman qərar verdiniz?

– Müəllimlik peşəsinə marağım uşaqlıqdan olub. Dərsdən sonra ən çox da həftə sonları qonşu uşaqları ilə yığışardıq. Özümə taxta parçasından lövhə hazırlamışdım, məktəbdən təbaşirlər gətirərdim, başlayırdım məktəbdə nə öyrənmişəmsə uşaqlara öyrətməyə. İlk vaxtlar tarix müəllimi olmaq istəyirdim. Amma uşaqlarla vaxt keçirdikcə onlarla işləmək mənə daha da zövq verirdi. Artıq qərarımı qətiləşdirdim. Mən ibtidai sinif müəllimi olacaqdım. Oldum da. (Şəmsiyyə müəllim danışdıqca üzündəki təbəssümdən, səsindəki qətiyyətdən hiss olunur peşəsini sevməsi, şagirdlərinə bağlılığı). Universitet, eləcə də təcrübə dövründə daha da təkmilləşmələr etdim. Təcrübə dövrüm pandemiya vaxtlarına təsadüf etdi. Hətta ilk açıq dərsimi keçəndən sonra karantin rejiminə keçildi. Hə, yadıma düşmüşkən tələbə olanda uşaqlar hazırlaşdırırdım. Qazandıqları balaca bir uğur məni çox sevindirirdi. Bax onda dedim ki, “nə yaxşı ki, müəllim olmuşam”. Mingəçevirdə bir il azyaşlı, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmişəm.

– Zəngilana gəlmək qərarınıza qarşı çıxan oldumu, yoxsa sizi dəstəklədilər?

– 2020-ci il. Hər birimizin qəlbində Zəfərə, Qələbəyə inamın baş qaldırdığı, qığılcımların alovlandığı bir dövr oldu. Əmin idim ki, bu torpaqlara qayıdacağıq, hər şey yenidən qurulacaq. Məhz bu ərazilərdə işləmək həvəsi ilə çırpınırdım. Amma bu barədə heç kimlə danışmadım. Məqsəd və iradəmi ancaq bura yönləndirmişdim. Nə yalan deyim, qorxum var idi ki, birdən alınmaz, evdən icazə verməzlər. Müəllimlərin işə qəbulu imtahanında iştirak etdim. Vakansiya seçimində Zəngilan şəhəri Ağalı kəndini gördüm. O ankı sevincimi ifadə edə bilmirəm. Doğrudur, seçim etməmişdim, ancaq seçimlərin sırasında Zəngilan adını görmək, nəyə desəniz dəyərdi. Seçimimi etdim, mənə zəng olundu və bildirdilər ki, Ağalı məktəbində dərs deyəcəyəm. Bu xəbəri ilk atamla bölüşdüm. Bir az tərəddüdlü idi. Amma qətiyyətimi gördü. Vaxt gəldi, vədə yetişdi Zəngilana getməyə. Bizim üçün xüsusi avtobus ayrılmışdı. Ali təhsil aldığım dövrdə də evdən uzaq olmamışdım. İndi isə, məkan olaraq uzağa gedirdim. Doluxsunmuş gözlərlə ailəmdən ayrılıb, avtobusa əyləşdim. İşğaldan azad olunmuş ərazilərə yaxınlaşdıqca, fərqli hisslər yaşayırdım. Yollar sanki qollarını açıb bizi qoynuna alırdı. Bu dəfə ağlayırdım, sevinc göz yaşlarım idi bu yaşlar.

– Azad olunmuş Zəngilanda, Ağalıda müəllimlik fəaliyyətini davam etdirmək necə bir duyğudur?

– Yeni bir mühit, yeni insanlar, demək olar ki, hər şey yeni idi mənim üçün. Qalacağımız məkanla tanış oldum. Sanki nə vaxtsa bu torpaqlarda olmuşam, elə bir doğmalıq duyurdum. Məktəbə getdik. Addım atdıqca, gəzdikcə bura ilk əsgərlərimizin gəldiyini, onların canı, qanı bahasına alınan torpaqlarımızın nə qədər müqəddəs olduğunu bir daha anlayırsan. Nəhayət, ilk dərs günü gəldi. Böyük açılış mərasimi oldu. Tədbirlər, görüşlər keçirildi, bu da hər sahədə təcrübə qazanmağıma böyük dəstək oldu.

– Şagirdlərinizə dərsi, tədris etdiyiniz fənni necə sevdirirsiniz, onları hansı üsullarla motivasiya edirsiniz?

– Şagirdlərə sevgi, qayğı, nəvazişlə yaxınlaşmaq lazımdır. Uşaqlara niyə burada olmağın mənasını, tariximizi hər zaman izah edirəm. Düşünürəm ki, onların sevgisini qazanmaq ən böyük uğurumdur. Bu gün məktəbimiz ən müasir avadanlıqlarla təchiz edilib. Kollektiv olaraq dərslərin effektiv, akademik bazamızın güclü olması üçün var gücümüzlə çalışırıq.

Səmimi müsahibəsi üçün təşəkkür edib Şəmsiyyə müəllimdən ayrılırıq.

Növbəti gənc müsahibim Elçin müəllimdir. O, Gədəbəydə doğulub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonundandır. Ağalıya uzanan müəllimlik yolu isə ta paytaxt Bakıdan başlayır. Artıq 3 ildir burada müəllimlik fəaliyyəti göstərən müsahibim Ağalıda dərs deməsinin necə böyük bir qürur olduğunu dilə gətirir.

– Sizcə, bir müəllim şagirdlərinə dərslərini necə sevdirməlidir?

– Məncə, bir müəllim şagirdlərə dərsləri sevdirmək, onlarda maraq oyatmaq istəyirsə, öncə onlarla şəxsiyyət kimi davranmalı, onların psixologiyasını dərindən analiz etməli və onlarla olduqca həssas rəftar etməlidir. Bəzən şagirdlər sadəcə qiymət xatirinə oxuyur, bəzən ümumiyyətlə təhsilə maraq göstərmir. Biz belə şagirdlərlə və onların valideynləri ilə mütəmadi söhbətlər aparırıq, onlar üçün təhsilin önəmini, xüsusən də indiki dövrdə vacibliyini bildiririk. Düşünürəm ki, bunu etmək biz müəllimlərin vəzifə borcudur.

– Bəzən valideynlər övladlarının ali təhsil almasına o qədər düşkün olurlar ki, onların hər hansı istedadını görmək istəmirlər. Qarşılaşmısınız belə hallarla?

– Əlbəttə. Elə vaxtlar olur ki, valideynlər övladlarını öz istədikləri səmtə, arzularında olduqları peşəyə yönəltmək istəyirlər. Hüquqşünas, tibb sahəsinə və s. Belə olan halda valideynlər uşaqlarında olan maraq və istəkləri, onlarda olan fitri istedadı görməkdən yayınırlar. Axı hər kəs hüquqşünas, yaxud hər kəs həkim, müəllim olacaq deyə bir şey yoxdur. Bəzi uşaqların incəsənətə, bəzilərinin isə idmana, eləcə də digər sahələrə böyük maraqları olur. Gələcəyin şairləri, yazıçıları, idman çempionları olmaq üçün xüsusi istedada malik olurlar. Bunun üçün biz müəllimlər, eləcə də valideynlər uşaqların maraq və bacarıqlarını görə bilməli və onlara dəyər verməliyik.

– Bəzən dərs danışmaqdan, lövhəyə çıxmaqdan çəkinən uşaqlar olur. Onların dərslərini mənimsəməsi, rahat şəkildə danışması üçün necə bir üsul seçirsiniz?  

– Dərs zamanı bəzən özünə qapanan, utancaq, antisosial şagirdlərlə qarşılaşdığımız vaxtlar da olur. Bu zaman onlarla daha həssas davranmalı, rahat şəkildə özlərini ifadə etmələrini təmin etməliyik. Məsələn, utancaq bir şagird lövhəyə çıxmağa çəkinirsə, bu zaman onunla dərsi sorğu-sual etməli, mövzu müzakirəsinə dəvət etməlisən. Zamanla həmin şagirdlər müəyyən dərəcədə komplekslərindən azad olur və şagird yoldaşları və müəllimindən çəkinməməyə başlayır. Bizim işimiz uşaqları qorxudaraq, onları alçaldaraq təhsilə yönləndirmək yox, şagirdləri sevərək, təhsilin onların gələcək həyatları üçün nə qədər əhəmiyyətli və mühüm olduğunu aşılamaqdır. 
    
– Vətənimiz artıq bütövdür, suverenliyimizi bərpa etmişik. Və bunlarla yanaşı, gündən-günə gözəlləşən azad olunmuş torpaqlarımızda təhsil müəssisələri yenidən qurulur. Bununla bağlı nə demək istərdiniz.

– Gündən-günə gözəlləşən vətənimin, demək olar ki, hər yerində təhsil müəssisələri fəaliyyət göstərir, işğaldan azad torpaqlarımızda təmir və bərpa işləri sürətlə davam edir, bu torpaqların həsrətində olan vətəndaşlar artıq öz doğma el-obalarına böyük sevinc hissi ilə köç edirlər. 
Övladlarını məktəbə göndərir, işlə təmin olunurlar. Bu, bizim üçün çox böyük qürurverici və gözəl hissdir.

Xəbər lenti

21 noyabr, 12:12
3

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
11

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
36

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
31

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
28

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
12

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
18

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
18

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
22

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
19

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
27

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
24

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

20 noyabr, 21:47
42

Adambaşına maliyyələşmə sisteminə keçən peşə məktəblərinin sayı artırılacaq

20 noyabr, 21:41
63

Növbəti il daha 750 metodist işə cəlb olunacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.