İnternat məktəbinin məzunu müəllim olaraq döndü: “Çətinliklər arzularıma əngəl olmadı”
Bəzi ixtisaslar var ki, həmin sahə üzrə peşakar kimi fəaliyyət göstərmək üçün təkcə bilik-savad yetmir. Burada həmin peşəyə sevgiylə, qayğıyla, səmimi qəlbdən yanaşmaq əsas peşəkarlıq göstəricisi hesab edilir.
Müəllimlik peşəsi də bu sahələrdən biridir…
Gənc olmasına baxmayaraq peşəsini sevən, ucqar kənddə şagirdlərin məhəbbətini qazanan müəllimlərdən biri də Dilşad Məmmədovadır.
Fizika fənnini tədris edən gənc müsahibimiz fəaliyyəti ilə bağlı fikirlərini bizimlə bölüşüb.
“Azərbaycan müəllimi” AzEdu.az Təhsil Portalına istinadən müsahibəni təqdim edir.
- Xoş gördük, Dilşad müəllim. Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?
- Mən, Dilşad Məmmədova Quba rayon Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbində Fizika fənnini tədris edirəm. İlk dəfə təcrübəyə başladığım bu məktəbdə artıq 2 ildir ki, fəaliyyət göstərirəm. Əslində Bakıda yaşayırdım, lakin Qubanın Xınalıq kəndində işləməyi özüm seçdim.
Bakı Dövlət Universitetinin Fizika fakültəsində fizika müəllimliyi üzrə 2018-ci ildə qəbul olub, 2022-ci ildə bitirmişəm. Tələbə olduğum müddətdə müxtəlif sahələrlə də məşğul olmuşam. O sahələrdən biri də jurnalistika idi. Jurnalistika kursunu bitirdikdən sonra müxtəlif televiziya və saytlarda müxbir vəzifəsində 2 ilə yaxın müddətdə çalışmışam.
Ali məktəbi bitirdikdən sonra müəllimlərin işə qəbulu imtahanına hazırlaşdım. Müxtəlif sahələrdə özümü yoxladıqdan sonra gördüm ki, mənim istəyim müəllimlikdir. MİQ-ə imtahan verdim və müsahibədən keçdim. Həmişə istəyirdim ki, bir rayonda, kənd yerində müəllim kimi fəaliyyət göstərim. Çünki şəhərdə yetərincə müəllim var, ancaq ucqar yerlərdə, kənd yerlərində müəllimə hər zaman ehtiyac duyulur. Ona görə də həmişə fikirləşirdim ki, rayonda müəllim kimi işləyə bilim. Lakin Xınalıqda fəaliyyət göstərəcəyimi biləndə mənə də sürpriz oldu. Müəllimlər üçün vakansiya seçimində Xınalığı görəndə diqqətimi çəkdi və dedim ki, elə ilk yerə bu rayonu qeyd edəcəm.
Bilmirəm, amma məni bura nəsə bağlayır…
- Az əvvəl qeyd etdiniz ki, sizi bu məktəbə bağlayan nəsə var. Bilmək olarmı niyə belə hiss edirsiniz?
- Orta təhsilimi Mingəçevirdə internat tipli məktəbdə təhsil almışam. Elə məni buraya çəkən məktəbin internat tipli olması idi. Elə bir məktəbdə böyüyən biri olaraq, ilk dəfə müəllim kimi burada dərs keçəcəyimi biləndə çox sevindim.
- Xınalığa ailənizlə birgə köçmüsünüz, yoxsa təksiniz?
- Təkəm.
- Bəs ailənizdən uzaqda yaşamaq fəaliyyətinizə mane olurmu?
- Əslində, ailəm onlardan uzaqda qalmağıma, dərs demək üçün Qubaya getməyimə razı deyildi. Çünki Xınalığı araşdırdıqda gördülər ki, həm ərazi olaraq uzaq, həm də hava şəraiti o qədər də əlverişli deyil. Həmçinin yolların gediş-gəliş üçün çətinlik yaratması razı olmamalarının digər səbəblərindən biri oldu. Buna görə məni dəfələrlə fikrimdən döndərməyə də çalışdılar. Ancaq mən inadımdan geri dönmədim. Çətinliklərə baxmayaraq orada fənnimi tədris etmək fikrindən geri çəkilmədim.
Həm müəllimlik fəaliyyətimin ilk illəridir, həm də ilk dəfədir ki, ailəmdən uzaq bir yerdə tək yaşayıram. Buna görə də sayısız problemlərlə qarşılaşırdım. Bəzən çox yorulurdum. Lakin şagirdlərimin mənə ehtiyacı olduğunu, onlara fayda verə bildiyimi hiss edəndə yaşadığım bütün çətinliklərə qarşı məndə böyük bir motivasiya yaranırdı.
Burada qış aylarında havanın temperaturu -20 dərəcəyə qədər düşürdü. Həyatımda ilk dəfə idi ki, belə bir soyuqla qarşılaşdım. Amma yenə də burada qalıb fəaliyyətimi davam etməyi düşünürəm. Çünki düşünürəm ki, onların mənə çox ehtiyacı var.
Belə bir söz var ki, əgər sevdiyin işlə məşğul olursansa, yaranan çətinlikləri görmürsən. Məncə, bu, doğru fikirdir. Çünki hər gün oyanıb məktəbə gedəndə, şagirdlərimə nəyisə izah edəndə özümü işə gedirmiş kimi hiss etmirəm. Elə bil ki, doğma bir yerə yollanıram. Şagirdlərimi çox sevirəm və onlar da məni sevdiklərini söyləyirlər. Tədris etdiyim fənn elə də asan fənn deyil. Ona görə də şagirdlərim mənə söyləyirlər ki: “əvvəl bu fənn bizə çətin gəlirdi, siz gəldikdən sonra daha rahat öyrənməyə başladıq”.
- Dilşad müəllim, bayaq qeyd etdiniz ki, müəllimlikdən öncə müxtəlif sahələrdə işləmisiniz, lakin ən sonda müəllim kimi fəaliyyət göstərmək qərarına gəlmisiniz. Sizi müəllimliyə cəlb edən nə oldu?
- Ümumiyyətlə uşaqlıqdan hər kəsin müxtəlif arzuları olur. Lakin bir müddət sonra fikirlərindən daşınır və özünə fərqli peşələr seçməyə başlayırsan. Uşaq yaşlarımdan öyrənməyə və nəyisə öyrətməyə həvəsim, marağım olub. Hətta bacımın məndən böyük olmasına baxmayaraq, ona dərslərində köməklik edirdim. Anam mənə həmişə deyirdi: “səndən çox yaxşı müəllim olar”.
10-11-ci siniflərdə oxuyan zaman qərar verdim ki, mən müəllim olmaq istəyirəm. Ali məktəbə hazırlaşdığım dönəmlərdə müəllimim fizika fənnini mənə sevdirməyə çalışdı. Bundan sonra bu fənnə həvəsim yaranmağa başladı. Bu gün şagirdlərim mənə deyir ki, fizikanı sizin sayənizdə sevirik.
Şagirdlərim arasında fizika müəllimi olmaq istəyənlər də var. Bu mənə bir müəllim kimi xoş təsir bağışlayır. Müəllimlik onsuz da çətin bir peşədir. Bizim qarşımızda sabahın şəxsiyyətləri əyləşirlər. Bu peşə Çətinliklə yanaşı, məsuliyyət də tələb edir. Üstəlik ucqar bir kənddə işləyirsənsə, bu məsuliyyət iki qat artır. Çox istərəm ki, ucqar bölgələrdə dərs deyən müəllimlərin sayı artsın. Çünki buradakı çətinliyi görən heç kim gəlmək istəmir. Gələnlər də olur, amma 1 ildən sonra gedirlər. Bu da bir növ kənd yerlərində müəllim çatışmazlığına səbəb olur. Düzdür, bizə uzaq məsafəyə görə H1, H2 kimi güzəşt tətbiq edirlər. Ancaq kirayəni, işığı, qazı hesablayanda baxırsan ki, aldığımız məbləğ bizə yetərli deyil.
Bəziləri düşünürlər ki, kimsə işləmək üçün kəndi seçibsə, deməli orda daha yüksək əmək haqqı verilir. Amma belə deyil. Yeri gəlsə, burada qazandığımı Bakıda artıqlaması ilə qazanaram. Axı mənim üçün bunun bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq burdakı uşaqların müəllimə ehtiyacı var və məndə bunu təmin etmək üçün seçimimi etdim.
- Təkcə fizika fənni tədris edirsiniz?
- Həm fizika, həm də təbiət fənnini tədris edirəm. Belə ki, 5-6-ci siniflərə təbiət, 7-11-ci siniflərə fizika dərsini keçirəm. Müəllimlər olaraq çalışırıq ki, Xınalıq kimi çətin şəraiti olan bir yerdə şagirdlərimiz üçün əlimizdən gələni edək.
- Gələcəkdə müəllimlik fəaliyyətinizlə bağlı hansı hədəfləriniz var?
- Ən böyük istəyim Qarabağ Universitetində dərs deyərək gələcəyə layiqli vətəndaş yetişdirməkdir.
- Çalışdığınız məktəbin nə kimi üstün cəhətləri var?
- Məktəbimizin bir sıra üstünlükləri var. Belə ki, məktəb yataqxana, yeməkxana ilə təchiz olunub. Məktəbə təkcə valideyn himayəsindən məhrum olmuş uşaqlar deyil, uzaq yerlərdə yaşayan şagirdlər də üz tuturlar.
- Hava şəraiti sizin üçün daha çox hansı çətinlikləri yaradır?
- Qeyd edim ki, bir neçə gün əvvəl bura qar yağdı və biz ilk qarımızı gördük. Əslində Xınalıq rayonu gözəl mənzərəyə sahib bir məkandır. İnsanları çox mehriban və qonaqpərvərdir. Həqiqətən də belə bir yerdə çalışdığıma görə qürur duyuram. Şagirdlərimlə muzeylərə gedirik, təbiət qoynunda piknik edirik.
Ən böyük çətinliklərimizdən biri rayonda ümumiyyətlə qazın olmamasıdır və işıqlarda tez-tez sönür. Sözsüz ki, bu həm mənə, həm də burada yaşayan sakinlər üçün çətinlik yaradır. Bu səbəblərə görə burada yaşayan insanların sayı azalıb. Çünki hamı istəyir ki, rahat yaşasın. İnsanların əksəriyyəti rahat şərait üçün Xınalıqdan Qubaya köçdülər.
Uşaqlar hava şəraiti ilə əlaqədar tez-tez xəstələnirlər və buna görə də davamiyyət aşağı düşür. Bəzən set belə olmur. Ona görə də ailəm ilə əlaqə saxlaya bilmirəm.
Bizim ən böyük problemlərimizdən biri də Quba-Xınalıq yolundakı körpünün dağıdılmasıdır. İyulda yağan yağış nəticəsində körpü uçdu və indiyə kimi körpünü düzəltməyiblər. Buna görə də çətinlik yaşayırıq. Çünki Qubadan Xınalığa müxtəlif səbəblərdən tez-tez gedib gəlməli oluruq. Körpünü düzəltmədiklərinə görə biz çayın içərisindən keçməli oluruq. Buradan keçmək isə heç də əlverişli deyil. Çünki yağış yağan zaman suyun səviyyəsi yüksəlmiş olur.
Bir məqamı qeyd etmək istərdim.
- Buyurun.
- Müəllimlərə uzaq məsafədə dərs keçmələri üçün verilən ödəniş burada olan xərcləri tam qarşılamır. Belə ki, mən burda kirayədə qalıram və kirayədən əlavə yemək, geyim, yol pulu da var ki, bunların ödəmək üçün həmin məbləğ yetmir. Ona görə də düşünürəm ki, həmin məbləğin verilməsinin yerinə ucqar rayonlarda dərs keçən müəllimlər üçün qalmağa yer təmin olunsa, çox yaxşı olar. Çünki ev tapmaq, evin istiliklə təmin olunması məsələsi bizə çətin olur.
Hesab edirəm ki, belə bir şərait qurulsa, müəllimlər ucqar rayonda dərs deməkdən çəkinməzlər. Burada insanlar evlərində isinmək üçün odun peçindən istifadə edirlər. Lakin mənim qaldığım kirayə evdə odun peçi yoxdur. Bu da mənə çətinlik yaradır.
- Fəaliyyətə başladığınız ilk dönəmdə belə çətinliklər görməyinə baxmayaraq, hələ də peşənizə həvəslə, sevgiylə yanaşmağınız təqdirəlayiqdir. Maraqlıdır, müəllim kimi işlədiyiniz ilk günü necə xatırlayırsınız?
- Həmin gün bugünkü kimi yadımdadır. Sentyabr ayı idi... Hava çox soyuq, mən isə həyəcanlı idim. Deyirdim ki, görəsən necə olacaq? Şagirdlər məni sevəcəkmi? Mən onlara dərsi necə izah edəcəm? Bu kimi suallar beynimdə dolanırdı. İlk gün məktəb kollektivi məni çox mehriban qarşıladı. Daha sonra sinfə getdim və şagirdlərimlə tanış oldum. Nəyin, necə olacağını bilmədən bir də gördüm ki, sinif rəhbəriyəm. Hətta qeyd edim ki, burada ən gənc müəllim mənəm.
- Şagirdlərinizlə bağlı ən yaddaqalan xatirələriniz hansıdır? Hansı ki, siz onu hələ də unutmamısınız?
- Hər dəfə sinfə girəcəyim zaman şagirdlər mənə müdaxilə edərək, otağa daxil olmağıma mane olurlar. Onda hiss edirəm ki, mənim üçün nə isə hazırlayırlar. Sonda sinfə girəndə görürəm ki, lövhədə “Dilşad müəllim, sizi çox sevirik”,- yazıblar. Bunu tez-tez etməkləri mənə xoş təəssürat bağışlayır.
Ad günümdə 6-ci sinif şagirdləri mənim üçün sürpriz hazırlamışdılar. Onlar öz sevgilərini bir məktuba yazaraq mənlə bağlı xoş diləklərini ifadə etmişdilər. O məktubları hələ də saxlayıram. Mənim üçün o qədər dəyərlidir ki…
Şagirdlərimlə münasibəti elə qurmuşam ki, onlar mənə baxan zaman qorxmasınlar. Yəni dərsimi oxumaları üçün onlarda qorxu yaratmaq istəmədim. İstəyim odur ki, onlarla dost olum. Şagirdlərimə hər zaman deyirəm ki, səhv etməkdən heç vaxt qorxmayın.
- Özünüz kimi gənc müəllimlərə burdan nə demək istərdiniz?
- Müəllim olmaq istəyənlər nəyin, necə olacağından narahatdırlarsa, tövsiyəm budur ki, əsas məsələ başlamaqdır. İşin içərisində olduqca yavaş-yavaş öyrənəcək, uşaqlarla işləməyi bacaracaqlar. Onlar uşaqları və peşələrini sevməli və səbrli olmağı bacarmalıdırlar.
1 /4
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)