Bildiyimiz kimi, ənənəvi təlim metodları müəllimin tədris prosesində mərkəzi rol oynadığı, şagirdlərin isə passiv dinləyici olduğu yanaşmadır. Burada şagirdlərin dərsdə aktiv iştirakı məhduddur, müəllim və şagirdlər arasında subyekt-obyekt münasibətləri özünü göstərir. Müasir təlim metodları isə interaktiv, şagird mərkəzli yanaşmanı təşviq edir, burada şagirdlər aktiv iştirakçı, problem həll edən və yaradıcı düşünən subyektlər kimi qəbul edilir (Hüseynzadə və d., 2021). Beləcə, müasir interaktiv təlim ənənəvi metodlardan fərqli olaraq, şagirdləri obyekt deyil, subyekt kimi qəbul edir, yəni onların aktiv iştirakını ön plana çıxarır.
Refleksiya sanki özümüzə güzgü tutaraq, hərəkətlərimizi və qərarlarımızı qiymətləndirməkdir.
Müasir təlim metodlarına əsaslanan fəal dərsin əsas mərhələlərindən biri də, əsasən, sonda tətbiq olunan refleksiya mərhələsidir.
Refleksiya (latınca “reflexio”) “geriyə baxmaq” deməkdir. Yəni müəllim fəaliyyətin nəticəsini görməli, onu təhlil etməli, dəyərləndirməli və qiymətləndirməlidir. Bununla yanaşı, refleksiya öz düşüncələrimizi və etdiyimiz işləri araşdırmaq və bununla bağlı suallar verməkdir (Hüseynzadə və d., 2021).
Refleksiya zamanı şagirdlər dərs prosesində öyrəndiklərini xatırlayıb təhlil edirlər. Ancaq refleksiya təkcə şagirdlər üçün deyil, həm də müəllimlərin öz dərslərini təkmilləşdirmələri üçün vacibdir. Belə ki, refleksiya müəllimlərə təlim-tədris fəaliyyətini daha səmərəli və məqsədyönlü qurmağa imkan verir (Newell, 2024). Bununla da müəllim dərs planının nə qədər uğurlu olduğunu, təlim məqsədlərinin reallaşma səviyyəsini və şagirdlərin dərsdə aktivliyini qiymətləndirə bilir. Bu, dərs zamanı hansı metodların və qiymətləndirmə vasitələrinin daha təsirli olduğunu anlamağa kömək edir.
Eyni zamanda refleksiya müəllimə şagirdlərin ehtiyaclarını, maraqlarını və dərsi mənimsəmə səviyyələrini dəqiq müəyyən etməyə imkan verir (Newell, 2024). Bu datalar əsasında müəllim növbəti dərsləri daha məqsədəuyğun və effektiv planlaşdıra bilər.
Nəticədə, refleksiya müəllimlərin peşəkar inkişafı üçün vacib bir alətdir, çünki onlar öz təcrübələrinə nəzər salaraq hər zaman daha yaxşı olmağa çalışırlar.
Gəlin, nümunələr əsasında hansı üsullarla refleksiya işini təşkil edəcəyimizə baxaq
- Arzuolunandır ki, dərslərin yekunu ilə bağlı qeydləri yazmaq üçün müəllimin şəxsi jurnalı və burada siniflər üzrə qeyd hissələri olsun. Təbii ki, bu adi qeyd dəftəri və ya ağıllı telefonlarda olan “note” proqramları da ola bilər. Beləliklə, hər dərsdən sonra öz fəaliyyətlərini qeyd edən müəllimlər hansı metodların uğurlu olduğunu və hansıları təkmilləşdirmək lazım olduğunu daha aydın görə bilərlər.
Nümunə: Müəllim 8-ci sinif ingilis dili dərslərindən sonra qeydlər aparır. O, bu günkü dərsdə şagirdlərin qrup işində aktiv olduğunu və mövzunu daha yaxşı anladıqlarını müşahidə edir. Qeydində "Bu sinifdə uşaqların öyrənməsi üçün qrup işləri daha effektivdir, növbəti dərslərdə daha çox qrup işinə yer verəcəm", - deyə yazır.
- Ən rahat refleksiya üsullarından biri də məhz sual-cavabdır. Sual-cavab müəllimin dərs zamanı və dərsdən sonra özünə verdiyi suallar vasitəsilə tədris prosesini təhlil etməsini təmin edir. Bu alət müəllimlərə dərslərdən dərhal sonra fəaliyyətlərini gözdən keçirməyə və hansı istiqamətlərdə dərsin gedişini yaxşılaşdıra biləcəklərini müəyyən etməyə kömək edir. Sual-cavab refleksiyası vasitəsilə müəllim dərsin məzmununu və şagirdlərin iştirak səviyyəsini qiymətləndirə bilər (Derry et al., 2010).
Nümunə: Riyaziyyat müəllimi dərsdən sonra başa düşür ki, şagirdlər fəza fiqurları mövzusunu qavramaqda çətinlik çəkiblər. Özünə dərsin gedişatı ilə bağlı suallar (məsələn, “Hansı materiallardan istifadə etdim və bu materiallar şagirdlərə necə kömək etdi?”, “Niyə şagirdlərin bəziləri fəza fiqurlarını fərqləndirməkdə çətinlik çəkdilər?”, “Növbəti dərsdə nələri dəyişdirməliyəm?” və s.) verərək belə nəticəyə gəlir ki, daha çox vizual materiallardan istifadə etməli və növbəti dərsdə həndəsi fiqurları real əşyalar üzərində göstərməlidir.
- Effektiv refleksiya üsullarından biri də dərsin qeydə alınmasıdır. Çünkü dərs zamanı çox vaxt müəyyən detalları qaçırmaq, dərsdən sonra tam xatırlamamaq mümkündür. Video refleksiya vasitəsilə isə müəllim öz davranışlarını, ünsiyyətini və şagirdlərlə münasibətini daha yaxşı təhlil edə bilir. Videoya baxarkən dərsin müxtəlif mərhələlərini təhlil etmək gələcəkdəki dərslərdən daha çox faydalanma imkanı yaradır (Derry et al., 2010).
Nümunə: Coğrafiya müəllimi 10-cu siniflərlə olan dərsini videoya çəkir, daha sonra izləyərək dərsi təhlil etməyə çalışır. Müəllim şagirdlərə danışmaq üçün yetərincə vaxt vermədiyini müşahidə edir və gələcəkdə onların iştirakını artırmaq üçün yeni strategiya (məsələn, "Think-Pair-Share" strategiyası: Şagirdlərin fəal iştirakını artırmaq və düşüncə prosesini inkişaf etdirmək məqsədilə istifadə olunan interaktiv öyrənmə metodudur. Bu metod üç mərhələdən ibarətdir. Əvvəlcə, müəllim mövzu ilə bağlı sual verir və şagirdlər fərdi şəkildə düşünür. Daha sonra şagirdlər parta yoldaşları ilə fikirlərini müzakirə edirlər. Nəhayət, şagirdlər müzakirə etdikləri fikirləri siniflə bölüşür, müəllim isə əlavə suallarla müzakirəni genişləndirir) tətbiq etməyi qərara alır.
Yuxarıdakılarla yanaşı, rəy sorğuları da dərs haqqında şagirdlərin fikirlərini öyrənmək üçün səmərəli vasitədir. Bu sorğular dərsdən dərhal sonra və ya müəyyən dövrlərdə aparıla bilər. Şagirdlərin rəyləri əsasında müəllim fəal dərsin hansı mərhələsinin uğurlu olduğunu, hansı mərhələsində isə təkmilləşdirmələr aparmalı olduğunu, həmçinin şagirdlərin öyrənmə ehtiyaclarını müəyyən edə bilər (Bookwidgets, 2009).
Qeyd edək ki, bir çox onlayn alətlər (məsələn, “Google Forms”, “SurveyMonkey”, “Jotform”) də mövcuddur ki, bunlardan refleksiya üçün istifadə edə bilərik. Belə alətlər müəllimlərə dərslərini daha sürətli və asan şəkildə təhlil etməyə kömək edir. Nəticədə, rəy sorğusu müəllimə şagirdlərin öyrənmə tələblərini daha dəqiq anlamağa və dərsləri buna uyğun şəkildə inkişaf etdirməyə imkan verir.
Nümunə: Tarix müəllimi 11-ci sinifdə "Bakı Sovetinin azərbaycanlılara qarşı soyqırımı siyasəti" mövzusunu tədris edir. Dərsdən sonra müəllim şagirdlərin dərs haqqında fikirlərini öyrənmək üçün "Google Forms" vasitəsilə rəy sorğusu keçirir. Sorğuda şagirdlərdən mövzunun hansı hissələrinin daha aydın başa düşüldüyünü, hansı hissələrinin daha çətin olduğunu və əlavə hansı resurslara ehtiyac duyduqlarını qeyd etmələri istənilir. Müəllim sorğu nəticələrini təhlil etdikdən sonra şagirdlərin müstəqil tədqiqat aparmağı daha çox bəyəndiklərini, lakin bəzilərinin müzakirə üçün daha çox vaxt istədiklərini öyrənir. Bu data əsasında müəllim növbəti tarix dərslərində müstəqil öyrənməyə daha çox yer vermək və şagirdlərə soyqırımı siyasətinin fərqli aspektləri haqqında daha çox məlumat vermək üçün əlavə resurslar təqdim edəcək.
Faydalı özünüqiymətləndirmə alətlərindən biri də SWOT (Güclü, Zəif, İmkanlar, Təhdidlər) analizidir (Marine, 2024). Dərsin SWOT təhlili müəllimlərə güclü tərəflərini və inkişaf etdirilməli olan zəif tərəflərini müəyyənləşdirməkdə kömək edir. Bu analiz vasitəsilə müəllim həm də təhdidləri və imkanları müəyyən edir.
Nümunə: İngilis dili müəllimi özünün tədris fəaliyyətini qiymətləndirmək üçün SWOT analizi edir:
Güclü tərəflər |
|
Zəif tərəflər |
|
İmkanlar |
|
Təhdidlər |
|
Beləliklə, müəllim güclü tərəflərindən və mövcud imkanlardan istifadə edərək zəif tərəflərini düzəltməyə, təhdidləri isə azaltmağa çalışır.
Bunlardan başqa, digər həmkarlardan da dəstək almaq faydalı refleksiya vasitəsidir. Belə ki, müəllimlər həmkar refleksiyası vasitəsilə müzakirələr edərək qabaqcıl pedaqoji təcrübələri öyrənirlər. Həmkarlardan gələn geridönüşlər müəllimin özünün zəif tərəflərini tanımasına və inkişaf etdirilməsi zəruri olan yerləri müəyyən etməsinə kömək edir (Christodoulou, 2010).
Eyni zamanda kollektivdəki atmosferi daha müsbət hala gətirir (Cattaneo & Bissell, 2014). Bunun üçün digər həmkarlarınızın dərslərini izləyə, həmçinin onları dərslərinizə dəvət edib yekunda onların fikirlərini ala bilərsiniz.
İstifadə edilən mənbələr:
- Cattaneo, A., & Bissell, D. (2014). Peer Learning in Professional Development: Evidence from the Learning Practices of Teachers. Teaching and Teacher Education, 38, 12-24.
- Christodoulou, I. (2010). Teacher self-reflection. Brno, Czech: Masaryk University.
- Derry, S. J., et al. (2010). Conducting Collaborative Learning Research in a Digital Age. In Collaborative Learning, Reasoning, and Technology (pp. 67-88). Cambridge University Press.
- Hüseynzadə, R., Əzizova, Z., Əliyev, S., & Verdiyeva, Ü. (2021). Pedaqogika. Mütərcim.
- https://www.talesfromaverybusyteacher.com/2024/05/swot-analysis-for-teaching.html
- https://www.irisconnect.com/uk/blog/the-ultimate-guide-to-reflective-practice-in-teaching/
- https://www.kent.edu/ctl/think-pair-share
- https://www.bookwidgets.com/blog/2019/02/how-to-become-a-reflective-teacher-the-complete-guide-for-reflection-in-teaching
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)