4 dekabr 2024

Bütün xəbərlər
test
5 noyabr, 11:11
3805

Son illərdə İsmayıllı rayonunun məktəbliləri bir sıra uğurları ilə təhsil ictimaiyyətinin diqqətini cəlb etməkdədir. “Azərbaycan müəllimi” rayon məktəblərinin bir sıra bilik yarışları, olimpiadalarda uğurlu nəticələr göstərən, bilik və səriştələri ilə seçilən şagirdlərlə həmsöhbət olub.

“Olimpiadada 2 dəfə qızıl medala layiq görüldüyüm üçün xoşbəxtəm” 

İlk müsahibimiz Leyla Ağayevanın uğur hekayəsindən başlayaq. 2008-ci ildə İsmayıllı şəhərində anadan olub. İsmayıllı şəhər Natiq Behtiyev adına 6 nömrəli tam orta məktəbin XI sinfində oxuyur. Müəllimlərinin dediyinə əsasən, Leyla hələ ibtidai sinifdə dərslərinə  daha məsuliyyətli yanaşdığına görə digər yoldaşlarından seçilib. Çalışqanlığı sayəsində təhsil sahəsində təşkil olunan bir çox layihələrdə, müsabiqələrdə uğur qazanmağa nail olub. 2024-cü ildə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri sırasında yer alıb.  Respublika fənn olimpiadalarında iki dəfə  yüksək nəticə göstərib tarix fənni üzrə I yeri qazanaraq qızıl medala layiq görülüb. 2019-cu ildə məktəb komandası ilə birlikdə Nə? Harada? Nə zaman?  müsabiqəsinin qalibi olub. 

Leyla Ağayeva qazandığı uğurlarda müəllimlərinin əməyini yüksək dəyərləndirir:
- 4 ilə yaxındır ki, tarix fənni hazırlıqları ilə məşğulam. Bu fənnə olan sevgim və marağım bir başqadır. Artıq  özümdən əlavə, respublikamızın digər istedadlı gənclərinin də olimpiadada iştirakına, onların hazırlığına dəstək göstərir, olimpiada hazırlığı ilə məşğul oluram. Bu sahədə yetişməyim bilavasitə müəllimlərimin əvəzsiz əməyinin nəticəsidir. Qazanılan bütün uğurlarımızda müəllimlərimizin imzası var.  


- İsmayıllı rayonunu olimpiada və digər müsabiqələrdə təmsil edəndə hansı hisslər yaşamısınız? 
- Rayonumuzun olimpiada sahəsində kifayət qədər uğurları var və hər il  uğurlarımızın üzərinə yeni uğurlar gətirməyə çalışırıq. Bu uğurlara mən də öz töhfəmi verə bildiyim, iki dəfə olimpiada qalibi olaraq qızıl medala layiq görüldüyüm üçün çox xoşbəxtəm, özümü çox şanslı şagirdlərdən biri hesab edirəm.

2019-cu ildə məktəbimizin “Cavanşir” komandası ilə birlikdə Nə? Harada? Nə zaman? onlayn  Respublika kubokunda üçüncü yeri qazanaraq çempion olduq. Çempionluq hissi qürurverici idi. 2022-2023-cü tədris ilində Respublika fənn olimpiadasında tarix fənni üzrə qızıl medala layiq görülmüşəm. 2024-cü ildə sözügedən olimpiadada növbəti qızıl medalımı qazanmışam. 
Olimpiada qalibi olaraq qızıl medalı qazanarkən tam fərqli duyğularla dolu fəxarət hissi yaşadım. Qızıl medalı ikinci dəfə qazandığımda yaşadığım qürur hissini  sözlə ifadə etmək bir qədər çətindir. Çox sevincli idim.  


- “Ən yaxşı təqdimat” müsabiqəsindəki uğurlu çıxışınız haqqında nə deyərdiniz? 
- 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinə “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan mədəniyyətinə vurduğu zərərlər” adlı təqdimatla qoşuldum və müsabiqənin üçüncü dərəcəli diplomuna layiq görüldüm. Müsabiqəyə təqdim etdiyim mövzunun günümüzdəki aktuallığını nəzərə alaraq belə bir məsələni ətraflı təqdim edib işləmək mənim üçün çox uğurlu oldu. Deyərdim ki, bu nailiyyət uğurlarımın ən dəyərlisidir. Çünki bu müsabiqə xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuşdur. Nailiyyətimə görə qürur və fəxarət hissi duyuram. 
IV Şagird Respublika elmi-praktik konfransında “Kiçik Akademiya” üzvü olaraq təqdim etdiyim layihəm ikinci yerə layiq görülüb. Bununla yanaşı, rayon və region səviyyəli çoxsaylı müsabiqələrin qalibi olmuşam, hər bir uğurum mənə əvəzsiz sevinc hissi yaşadır.  


- Yaşıdlarınıza nə demək istəyərdiniz ?
- Yaşıdlarıma tövsiyəm o olardı ki, uşaq yaşlarından həm dərslərinə vaxtı-vaxtında hazırlaşsınlar, eyni zamanda dərsdənkənar fəaliyyətlərə, tədbirlərə  maraq göstərsinlər, heç zaman özlərini o sahələrdə sınamaqdan çəkinməsinlər, hər zaman hədəflərinin arxasınca getsinlər. Müəllimlərimizin verdiyi tapşırıqları vaxtında yerinə yetirsək, dərslərdən geridə qalmasaq, qələbə qazanmağımız daha asan olar. 
Leyla gələcək hədəflərindən söz açaraq bildirir: “Gələcəkdə Vətənimə, dövlətimə layiqli vətəndaş olub ölkəmizi qürurla təmsil edib Qalib Azərbaycanımızın inkişafında öz töhfəmi verməyə çalışacağam”. 

 

“Düzgün vaxt bölgüsü edən, çox çalışan hər bir şəxs uğur qazana bilər” 

 Emil  Ağamirzəyev 2008-ci il sentyabrın 29-da İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. İsmayıllı rayon Talıstan kənd tam orta məktəbinin X sinif şagirdidir. Dəfələrlə ölkə miqyaslı intellektual yarışların qalibi olub. 2022-ci ildə Respublika bilik yarışında gümüş medala layiq görülüb. Aşağı siniflər arasında keçirilən Respublika bilik yarışında 1-ci yeri qazanıb. Respublika Fənn Olimpiadasının tarix  fənni üzrə finalçısı Emil ilə həmsöhbət olub, uğurun formulunu öyrənməyə çalışdıq. 

- Dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda iştirak edirsiniz, bunlardan ən maraqlısı, ən yaddaqalanı hansı olub? 
- Məncə, ən yaddaqalan Türkiyə səfərimizdir. 2023-cü il yanvarın 10-14 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq elm olimpiadasında 45 ölkənin məktəbliləri arasında 6-cı yeri qazanmışdım. İlk xarici səfərim,  ilk beynəlxalq uğurum idi, ona görə həm maraqlı, həm də yaddaqalan oldu.  


- Necə oldu ki, beynəlxalq elm olimpiadasına qoşuldun? Bu işdə müəllimlərinin dəstəyini necə ifadə edərdin?
- Məni həm yerli olimpiadaya hazırlayan, həm xarici olimpiadada dəstək olan tarix müəllimim Orxan Əhmədovdur. Biz yerli olimpiadaya hazırlaşanda da mənim üzərimdə əziyyəti çox olub. Həm məktəbdə, həm onlayn, həmişə məşğul olub. Mənə dəstək olub. Şagird də müəllimin dəstəyindən uğurlanır. 


- Daha hansı beynəlxalq yarışlarda iştirak etmisən?
- Ötən il aprelin 21-24 tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq elm olimpiadasında 64 ölkənin iştirakçıları arasında 4-cü yeri qazanmışam. Həmçinin 2023-cü il iyunun 1-3 tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən beynəlxalq elm olimpiadasında 68 ölkənin iştirakçıları arasında 4-cü yerdə qərarlaşdım. Daha sonra həmin il    1-5 avqust tarixlərində İtaliyanın Milan şəhərində keçirilən Qlobal İntellektual yarışın 4-cüsüyəm.  2024-cü il 26-30 yanvar tarixlərində İngiltərənin paytaxtı London şəhərində keçirilən “Dünya ölkələrinin tarixi” adlı beynəlxalq elm müsabiqəsində 52 ölkədən gəlmiş 2345 şagird arasında  fərqlənərək ilk onluqda - VIII yerdə yer aldım. Bütün bunlarla yanaşı 2023-cü ilin 1-10 sentyabr tarixlərində  ABŞ-də keçirilən beynəlxalq konfransın iştirakçısıyam.    


- Ucqar dağ rayonunun, kənd məktəbinin şagirdi üçün dünyanın ən böyük şəhərlərində tədbirlərdə iştirak etmək çətin deyildi ki?
- Oxumaq ucqar və yaxud şəhərə baxmır. Bir insanın məqsədi varsa, kənd və yaxud şəhər fərq etmir. Həmçinin mənim oxuduğum məktəbin çoxsaylı məzunları bu gün dünyanın müxtəlif ölkələrində böyük uğurlar əldə ediblər. Bizim məktəbin özünəməxsus təhsil ənənələri mövcuddur. Bu baxımdan, düşünürəm ki, çətin deyil.  


- ABŞ-də beynəlxalq konfransda iştirakın zamanı hansı mövzuda çıxış etdin?
- 10 sentyabr 2023-cü ildə  ABŞ-də keçirilən beynəlxalq konfrans iştirakçısı oldum. Konfrans gənclərin gələcək planları, karyera barəsində idi. Gənclərə müxtəlif istiqamətlər barədə məlumat verildi. Həm istirahət etdik, həm də öyrəndik. 


- Fransada dünya ölkələrinin tarixi mövzusunda beynəlxalq müsabiqədə iştirak etmək, uğur qazanmaq necə bir hissdir?
- 2024-cü il 21-23 avqust tarixlərində Fransada beynəlxalq müsabiqədə V yeri qazandım. Fransa mənim ən sonuncu iştirak etdiyim ölkədir. Məqsədim  3-lüyə düşmək idi, amma 5-ci yeri tutdum. Fikrimcə, böyük uğur idi. Dünya ölkələrinin tarixi mövzusunda keçirilən müsabiqədə uğur qazanmaq qürurvericidir. 


- IV Şagird Respublika elmi-praktik konfransındakı çıxışın hansı mövzuda idi?
- 20 iyun 2024-cü ildə S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycanda elm və təhsilə şagird baxışı” mövzusunda IV Şagird Respublika elmi-praktik konfransında “Yerdə ekoloji böhran” mövzusunda elmi təqdimatım 2-ci yerə layiq görüldü. 


- Emil, müsabiqələrə, beynəlxalq yarışlara hazırlaşmaq üçün vaxtı necə bölüşürsən?
- Yarışlara hazırlaşanda əsas məsələ vaxt bölgüsüdür. Düzgün vaxt bölgüsü edən, çox çalışan, məsuliyyətli olan hər bir şəxs uğur qazana bilər. Fikrimcə, uğurun formulu var. Belə ki, vaxt bölgüsü + səbir + mübarizə + məsuliyyətli olmaq + çox çalışmaq = qələbə qazanmaq.  

Ruhəngiz Qasımova  27 iyul 2010-cu il təvəllüdlüdür. Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin IX, İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin fortepiano ixtisası üzrə VI sinfində oxuyur. Onun sözlərinə görə, 30-dan artıq sertifikat və fəxri fərmanla təltif edilib. Kiçik hekayələr yazmaq, fortepianoda ifa etmək, rəsm çəkmək kimi xüsusi bacarıqları var.  Bir neçə inşa-yazı və bədii qiraət müsabiqələrinin qalibi olub. Məktəbdə kiçik layihələr icra edir, ssenarilər hazırlayır, tədbirləri aparır. İsmayıllı rayon ümumtəhsil məktəbliləri arasında keçirilən bir çox seir və rəsm müsabiqələrində qalib gəlib. İsmayıllı Rayon Uşaq-Gənclər Mərkəzinin (UGİM) “Bədii qiraət” dərnəyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə fəal üzvüdür.

- Könüllülüyü çox sevirəm, elə ona görə də rayonumuzda keçirilən tədbirlərdə, sosial layihələrdə aktiv iştirak edirəm. Bir çox layihələrin iştirakçısı və könüllüsü olduğumdan və sosial məsuliyyəti dərk etdiyimdən fərqli mövzularda ideyalarım var. Bu ideyaları həyata keçirmək üçün layihələr hazırlayıram. 2022-ci ildə “Sahibkar məktəbli” II Respublika müsabiqəsinə qoşuldum. Layihə çərçivəsində bizə 3 aylıq təlimlər keçirildi, mentor dəstəyi göstərildi. Mən bu təlimlərdə layihələr yazıb öz ideyamızı həyata keçirməyin yollarını öyrəndim. “Sahibkar məktəbli” Respublika müsabiqəsinə “İKT qızları” adlı layihə təklifi ilə qoşuldum və final mərhələsində məktəbimizi və İsmayıllı Rayon UGİM-ini təmsil etdim. Mərkəzin toxuculuq dərnəyinin üzvüyəm.  


Bununla yanaşı, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycanda elm və təhsilə şagird baxışı” mövzusunda keçirilən IV Şagird Respublika elmi-praktik konfransında “Vitaminlər” mövzusunda olan məqaləm və təqdimatım ilə iştirak etdim.  Müəllimlərimizin təşəbbüsü ilə “e-Twinning” beynəlxalq layihəsinə qoşuluram. Bu layihə çərçivəsində keçirilən görüşlərdə aktiv iştirak edərək keyfiyyət nişanı sertifikatını qazanmışam.  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Gənclər və İdman Nazirliyi və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə əməkdaşlığı, “İrşad Elektronics”in dəstəyi ilə “Kəndimə gəl!” düşərgə layihəsində iştirak etmişəm. Bu, gələcəkdə peşə və karyera seçimimizə dəstək olacaq təlimlər idi. 


Hazırda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində icra edilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsinin müdavimiyəm və müsabiqəyə məktəb komandamızla  bilikdə “Eko-Mən” adlı layihə ilə qoşulmuşuq. Bütün bu kimi layihələr mənim üçün maraqlı və səmərəlidir.  


- Asudə vaxtlarınızı necə keçirirsiniz? 
- Kiçik hekayələr yazmaq, əl işləri hazırlamaq, rəsmlər çəkmək mənim asudə vaxtımı səmərəli keçirməyimə səbəb olur. Kiçik hekayələr yazmağım mənim söz ehtiyatımı zənginləşdirir və inşa-yazı müsabiqələrində uğurlu iştirak etməyimə səbəb olur. Rayonumuzda bir neçə esse və şeir müsabiqəsinin qalibi olmuşam. Yazdığım hekayələr mənim oxuduğum əsərlərin təsirindən formalaşıb. Məni çox duyğulandıran mövzular olduğunda həmin mövzuda öz ideyalarım formalaşır, öz “qəhrəmanlarım” bədii obrazlarım yaranır. Hekayələr yazanda ruhum sakitləşir, fikirlərim aydınlanır. Çəkdiyim rəsmlərlə bir neçə müsabiqəyə qoşulmuşam.   


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəsm və əl işləri müsabiqəsinə çəkdiyim rəsmlərlə qoşuldum, rəsmlərim müsabiqənin rayon mərhələsində seçilərək Xətai Sənət Mərkəzinin keçirdiyi rəsm sərgisində seçilmiş əl işləri ilə birlikdə nümayiş etdirilib.  


- Gələcək hədəfləriniz, arzularınız nədir?
- Ümid edirəm ki, gələcəkdə yaxşı musiqiçi ola bilərəm. Musiqi ifa edərkən ruhum dincəlir, başqa bir aləmə düşürəm. Necə deyərlər, musiqi ruhun qidasıdır. Fortepianoya həvəsim var, gələcəkdə ali təhsil aldıqdan sonra pianoçu olmaq, musiqi savadımı təkmilləşdirmək istəyirəm.

Xəbər lenti

4 dekabr, 14:52
8

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
6

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
7

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

4 dekabr, 14:30
7

Direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb

4 dekabr, 14:12
61

4 fənnin kurikulumu təsdiqlənib

4 dekabr, 14:03
35

Azərbaycanda “avtobus-bağça"lar fəaliyyətə başlayacaq

4 dekabr, 13:59
13

“Praktik riyaziyyat” adlı yeni metodik vəsait nəşr olunub

4 dekabr, 13:43
14

Məktəblilərin fiziki fəallığı artırılır – Yeni layihə

4 dekabr, 12:59
10

Divar üzərində maraqlı rəsmlər çəkən məktəbli 

4 dekabr, 12:47
41

Bəzi kolleclərdə nöqsanlar aşkarlandı, rəhbərlərinə töhmət verildi

4 dekabr, 12:45
26

Emin Əmrullayev: Məktəbəqədər təhsildə əlavə 100 min yer açılacaq

4 dekabr, 12:38
12

“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 12:34
26

Nazir: Əhali sıxlığı yüksək olan ərazilərdə dövlət-özəl tərəfdaşlığı modeli tətbiq edilə bilər

4 dekabr, 12:12
14

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
26

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
13

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
25

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
31

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
24

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
17

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.