“Şagirdlərin iqlim savadlılığının ölçülməsi təşəbbüsü qlobal təkliflərlə tam səsləşir”
Bəşər həyatının bütün sahələrində arzu olunan dəyişikliklər məktəblərdən, gənc nəslin təhsil və tərbiyəsindən başlanır. Təhsil yeni dünyagörüşün və arzu olunan keyfiyyətlərin formalaşmasının başlanğıc nöqtəsidir. Bu yanaşma təkcə sosial-iqtisadi inkişaf sahələrində deyil, həm də qlobal ekoloji problemlərin həllində mühüm rol oynaya bilər.
Hazırda “İqlim dəyişikliyi təhsili” dünyada genişlənən və məzmunca daim yenilənən qlobal trendlərdən biridir. İqlim mövzusu beynəlxalq müzakirələrdə xüsusi yer tutur və bu məsələdə təhsil əsas həlledici vasitələrdən biri kimi qəbul edilir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Paris Sazişi kimi sənədlər, eləcə də UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların hesabatları iqlim təhsilinin vacibliyini vurğulayır.
Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Noyabrın 22-dək davam edəcək konfrans yalnız maliyyə və texnoloji məsələlərə deyil, həm də təhsil vasitəsilə iqlim dəyişikliklərinə uyğunlaşma yollarının müəyyən edilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə, konfransda təqdim edilən “İqlim təhsilini ölçmə təşəbbüsü” gələcəkdə qlobal səviyyədə təhsil sistemində tətbiq oluna biləcək model kimi qəbul edilə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Elm və Təhsil Nazirliyinin COP29 çərçivəsində təqdim etdiyi bu təşəbbüs haqqında danışaraq bildirib ki, ETN-nin təşəbbüsü Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyində yer alan 14 qlobal təşəbbüslərlə tam səsləşir və onun həyata keçirilməsi üçün konkret həll mexanizmi təklif edir:
“Bu təşəbbüs Azərbaycanın əvvəlki konfranslarda, xüsusən də COP28-də qəbul olunan öhdəliklərin yerinə yetirilməsinə ciddi töhfə verir. Bundan əlavə, sözügedən layihə təhsilin yaşıllaşdırılması istiqamətində daha səmərəli həllər təqdim edir”.
Tahirə Allahyarova əlavə edib ki, Elm və Təhsil Nazirliyinin PISA vasitəsilə iqlim təhsilini ölçmə təşəbbüsü yalnız təhsilalanların deyil, həm də təhsilverənlərin ekoloji bacarıqlarının artırılması üçün effektiv mexanizmdir. Bu layihə xüsusilə gənc nəslin ekoloji savadlılığının artırılmasını özündə ehtiva edərək, davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm rol oynayacaq.
“Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov da "Azərbaycan müəllimi"nə açıqlamasında gənc nəslin ekoloji biliklərinin artırılmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, şagirdlərin iqlim dəyişikliyi ilə bağlı biliklərinin ölçülməsi çox vacibdir:
“Onların iqlim dəyişikliyinin əsas səbəbləri, nəticələri və həll yolları haqqında məlumatlı olması gələcək nəsillərin ekoloji savadlılığına da öz müsbət təsirini göstərəcək. Ətraf mühitin qorunması istiqamətində təhsilin rolu misilsizdir və bu biliklərin bağça və məktəblərdən başlayaraq uşaqlara ötürülməsi vacibdir”.
Sadiq Həsənov əlavə edib ki, qlobal istiləşmə, yaşıllıqların azalması, su ehtiyatlarının tükənməsi, atmosferin çirklənməsi və tullantıların düzgün idarə olunmaması kimi əsas problemlər mövcuddur. Bu problemlərin həllində təhsil sektoru liderlik etməli, məktəblərdə ekoloji maarifləndirmə daha geniş şəkildə həyata keçirilməlidir:
"Hesab edirəm ki, COP29 çərçivəsində keçiriləcək “İnsan İnkişafı Günü”ndə bu məsələlər daha dərindən müzakirə olunacaq. Tədbirdə iqlim təhsili vasitəsilə gənc nəslin daha sağlam, daha savadlı və davamlı inkişaf naminə adekvat bacarıqlara sahib olmasını təmin etmək üçün konkret addımlar atılması nəzərdə tutulur. Bu təşəbbüs həmçinin “Finance COP” adlanan konfransda iqlim təhsilinin maliyyələşdirilməsi ilə bağlı yekun qərarlarda əksini tapa bilər.
Azərbaycanın COP29 çərçivəsində təqdim etdiyi təşəbbüslər, xüsusilə də iqlim təhsilinin inkişafı istiqamətində gördüyü işlər UNESCO və İSESCO kimi təşkilatlar tərəfindən dəstəklənir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsləri yalnız milli prioritetlərə deyil, həm də qlobal səviyyədə iqlim təhsilinin inkişafına töhfə verə bilər. Bu konfrans çərçivəsində təklif olunan “Yaşıl təhsil modeli”nin beynəlxalq miqyasda tətbiqi isə Azərbaycanın iqlim dəyişikliklərinə uyğunlaşma və mübarizə sahəsində aparıcı mövqeyini möhkəmləndirəcək".
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)