Juliane Reinecke: “İqlimlə bağlı öyrətdiyiniz prinsipləri fəaliyyətlərinizlə nümayiş etdirməlisiniz”
Təhsil iqlim savadlılığını artırmaq, iqlimlə bağlı məlumatların yayılma dairəsini genişləndirmək üçün ən böyük vasitələrdən biridir.
Bunu “Azərbaycan müəllimi”nə Oksford Universitetinin “Saïd Biznes Məktəbi”nin Davamlılıq fakültəsinin direktoru, menecment araşdırmaları üzrə professor Juliane Reinecke deyib.
Onun sözlərinə görə, təhsil gələcək nəsillər üçün iqlim dəyişikliyinin nə qədər əhəmiyyətli məsələ olduğunu anlamağa və onun həlli yollarını tapmağa şərait yaradır.
Professor hesab edir ki, innovasiya və texnologiya vasitəsilə potensial həll yollarını inkişaf etdirməyin nə qədər vacib olduğunu düşünmək zəruridir: “Biz kənd təsərrüfatı problemlərinin həlli üçün tətbiq olunan ekotexnologiya yenilikləri və cihazları ilə bağlı böyük nümunələr görmüşük. Buna görə də təhsil yalnız məzmun yaratmaq baxımından deyil, həm də son dərəcə mürəkkəb olan bu problemlərin həllinə başlamaq istəyini artırmaq baxımından çox əhəmiyyətlidir”.
Juliane Reineckenin fikrincə, “yaşıl məktəb”lərin yaradılması iqlim dəyişikliyinin təsirlərini azalda bilər: “Mən öz məktəbimizin təcrübəsindən danışa bilərəm. Universitetimiz ümumilikdə sıfır karbon səviyyəsinə nail olmaqla bağlı öhdəlik götürüb. Təbii ki, biz biznes məktəbi olaraq, Oksford Universitetinin bir hissəsiyik və bu öhdəliyə əməl etməliyik. Bu isə bizim öz işlərimizi çox ciddi şəkildə nəzərdən keçirməyimizi, daha səmərəli enerjidən istifadə etmək, su istifadəsində daha qənaətcil olmaq üçün müxtəlif yollar araşdırmağımızı tələb edir. Biz fikirləşirik ki, məktəbin bütün tələbələr üçün nümunə olması çox önəmlidir. Tələbələr təhsil aldıqları məktəbin “iqlim lideri” olduğunu görmək istəyirlər. Bu səbəbdən biz öhdəliyimizə əməl etməliyik. Tələbələrə yalnız iqlim təhsili öyrətməklə kifayətlənə bilmərik. Məncə, tələbələrin bizim təbliğ etdiklərimizin öz tərəfimizdən tətbiq edildiyini də görməsi çox vacibdir. Məsələn, buna görə bizim yeməkxanamızda yaşıl “canlı divar” var. Həmişə tələbələr üçün vegan seçimləri təklif edirik. Vegan yeməklərini seçən tələbələri hətta təşviq edirik. Hesab edirəm ki, iqlimlə bağlı öyrətdiyiniz prinsipləri öz fəaliyyətləriniz ilə nümayiş etdirməlisiniz, bu, çox çox vacibdir".
Alimin qənaətinə görə, insanlar arasında “yaşıl bacarıqlar”ın artırılması bu problemin həllində dəyişiklik yaratmağın əsasını təşkil edir: “Təhsilverənlər kimi bu gözəl fürsətdən istifadə edərək gənc zəkaları həllərin bir hissəsi olmağa ruhlandıra bilərik və ”yaşıl bacarıq"ların artırılması bu yollardan biridir. Eyni zamanda, bu məsələyə çox konstruktiv yanaşma nümayiş etdirmək vacibdir, çünki iqlim dəyişikliyinin yaratdığı çətinliklər qarşısında təslim olmaq asandır. Məncə, “yaşıl bacarıqlar” iqlim elmini, iqlim siyasətini və texnologiyasını bilməkdən ibarətdir. Digər tərəfdən, bu, öz bacarıqlarına inanmaq, tənqidi düşüncə qabiliyyətinə malik olmaq və problemləri həll etmək yanaşmasına sahib olmaq deməkdir. Hər kəsin iqlimlə bağlı problemlərin həllində fərq yarada biləcəyinə dair özünəinamının olması çox vacibdir. Son vaxtlar gənclərin həqiqətən də iqlimlə bağlı fəaliyyət sahələrində irəli çıxaraq fərqlər yaratdığını görürük".
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)