Nazir: Apardığımız müzakirələr iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verən təhsil mövzularına yönəlib
“Bizim COP29 çərçivəsində apardığımız müzakirələr, əsasən iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verən təhsil mövzularına yönəlib. Əsas təşəbbüsümüzün bir hissəsi olaraq, beynəlxalq qiymətləndirmə layihələrinə iqlim savadlılığı və ətraf mühit savadlılığının daxil edilməsi təşəbbüsü irəli sürülüb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün COP-29 çərçivəsində təşkil edilən media brifinqində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, təhsil və iqlim dəyişikliyi haqqında danışarkən nail olunması hədəflənən əsas məqsəd şagirdlərin ətraf mühitdə, iqlimdə baş verən dəyişikliyi dərk etməsidir:
“Şagirdlər mövcud iqlim problemləri və bilikləri də mənimsəyəcəklər. Lakin burada onların münasibəti daha vacibdir. Şagirdlərin özlərini iqlim dəyişikliyi ilə mübarizənin bir hissəsi hesab etməsi və bu istiqamətdə təşəbbüslərə cəhd etməsi burada olduqca mühüm məqamdır”.
Nazir əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün ilk dəfə olaraq, PISA layihəsinə (Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı) ətraf mühit savadlılığının qiymətləndirilməsi çərçivəsini inkişaf etdirmək məqsədilə yeni bir qiymətləndirmə alətinin hazırlanması təşəbbüsü ilə çıxış edilib:
“Bildiyiniz kimi, PISA hazırda oxu, riyaziyyat və təbiət elmləri üzrə qiymətləndirmələr aparır. Bizim təklifimiz isə bu əsas sahələrə əlavə olaraq, ətraf mühit savadlılığını da ayrıca qiymətləndirmə aləti kimi daxil etməkdir. Bu təşəbbüs müxtəlif hökumətlərin və təhsil nazirliklərinin həyata keçirdiyi müxtəlif fəaliyyətlərin nəticəsi olaraq gündəmə gəlib”.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)