5 dekabr 2024

Bütün xəbərlər
test
26 noyabr, 11:00
212

Son illərdə gənclərimizin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alması, akademik uğurlarla yanaşı, ictimai-sosial işlərdə də fəallıq göstərmələri diqqətçəkici məqamlardandır. 

Xaricdə təhsil arzularını reallaşdıran gənclərdən biri də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Imperial College London” ali təhsil müəssisəsində “İctimai səhiyyə” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Aydan Poladovadır. 

Tanıtım. 6 sentyabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2006-2017-ci illərdə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli  tam orta məktəbdə alıb, həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. Təhsil müddətində müxtəlif fənlər (riyaziyyat, biologiya, Azərbaycan dili) üzrə olimpiadalarda və “Sabahın alimləri” respublika müsabiqəsində uğurla iştirak edib. 2015-ci ildə biologiya fənni üzrə Respublika fənn olimpiadalarında bürünc medala layiq görülüb. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında 668 bal toplayaraq təhsil aldığı orta məktəbin ən yüksək bal toplayan abituriyenti olub.

Bakalavr təhsilini Azərbaycan Tibb Universitetinin “Müalicə işi” (Tibb fakültəsi) fakültəsində dövlət sifarişi əsasında alıb. Universiteti 2023-cü ildə qırmızı diplomla bitirib. 

Əldə etdiyi uğurlar peşəkar inkişafında və məqsədlərinə çatmaqda böyük rol oynayıb. Həmçinin “SOCAR Midstream” tərəfindən maliyyələşdirilən tərcümə layihəsində çalışaraq, psixofarmakologiya sahəsində “Stahl’s Essential Psychopharmacology” dərsliyinin ana dilimizə tərcümə olunmasında yaxından iştirak edib. Bu ona liderlik və komanda işində təcrübə qazandırıb. 
Bu yaxınlarda isə Aydan “Imperial College London”’da tələbə cəmiyyəti üzvlərinin “Mental Health” təmsilçiliyinin nümayəndəsi seçilib.
“Azərbaycan müəllimi” olaraq Aydanla müsahibəmizə elə bu yeniliklə körpü salırıq.

 Avropada nüfuzlu universitetin tələbə cəmiyyətinin azərbaycanlı nümayəndəsi 

- London İmperial Kollecində tələbə cəmiyyəti üzvlərinin nümayəndəsi seçildiniz.  Bu proses necə keçdi? Tələbə cəmiyyəti üzvlərinin nümayəndəsi kimi hansı işləri görəcəksiniz?

- London İmperial Kollecində tələbə cəmiyyətinin nümayəndəsi olmaq üçün müəyyən seçim meyarları mövcuddur. İlk əvvəl, tələbə birliyinə üzv olmaq istəyən şəxslər namizədliklərini irəli sürürlər. Bunun üçün “manifesto” yazmaq tələb olunur, özünüzü təqdim edib, hədəfləriniz və namizədliyinizi irəli sürdüyünüz sahə üzrə planlarınızı qeyd edirsiniz. Daha sonra səsvermə əsasında qaliblər müəyyən olunur və yekunda, hər bir nominasiya üzrə qaliblərin siyahısı paylaşılır.

Seçilmiş olduğum nominasiya psixi sağlamlıq üzrədir. Biz tələbələrin psixi sağlamlığı və rifahı üçün maarifləndirmə təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi ilə məşğul oluruq. Bu sahədə, əsas məqsədimiz müxtəlif kampaniyalar və tədbirlər təşkil edərək tələbələrə qarşılaşdıqları çətinliklərdə köməklik göstərmək, imtahanlar zamanı yaranan stres vəziyyəti ilə mübarizə aparmaq üçün yollar təklif etmək, eləcə də digər səbəblərdən (ailədən uzaq olmaq, fərqli mühitə adaptasiya ola bilməmək, dil çətinlikləri və s.) yaranan narahatlıq hallarının qarşısını almaq üçün kömək göstərməkdir. Hazırda bu istiqamətdə məlumatlandırıcı tədbir təşkil etməyi planlaşdırırıq.
 

- Xaricdə təhsil üçün London İmperial Kollecini seçmisiniz. Bu ali məktəb hansı üstünlükləri ilə sizi cəlb etdi? 

- Təhsilimi xaricdə davam etdirməyi planlaşdırdığım zaman, ilk növbədə, Böyük Britaniya universitetlərinə müraciət etməyi qərarlaşdırmışdım. Ötən il lazımi proseslərdən keçdikdən sonra Böyük Britaniyanın bir neçə universitetindən qəbul aldım (Imperial College London, University of Bristol, University of Edinburgh, University of Sheffield, University of Nottingham). Yekun qərarım İmperial Kollecində təhsil almaq oldu, bunun səbəblərindən biri son bir neçə ildir ki, universitetlərin reytinq cədvəlində getdikcə irəliləməsi və 2025 QS reytinq cədvəlində dünya üzrə 2-ci, Avropa üzrə isə 1-ci yerdə olmasıdır. Həmçinin İmperial Kollec tibb sahəsində olduqca qabaqcıl universitetlərdən biridir, tibbi tədqiqat və innovasiyalar üzrə aparıcı rola malikdir, belə ki, National Institute for Health Research (Milli Səhiyyə Tədqiqatları İnstitutu) və digər böyük qurumlarla əməkdaşlıq edir, bu isə onu tibb elminin inkişafında liderlərdən birinə çevirir.

 

“Burada müəllimlər tələbələrin fərdi ehtiyaclarına diqqətlə yanaşır

- London İmperial Kollecində tələbə-müəllim münasibətləri necədir? 

- Müəllimlərin peşəkar və eyni zamanda səmimi münasibətləri, tələbələrə həm akademik, həm də şəxsi inkişaf baxımından dəstəkləyici bir atmosfer yaradır. Burada müəllimlər tələbələrin fərdi ehtiyaclarına diqqətlə yanaşır və onlara dəstək vermək və tədris prosesində yarana biləcək sualları cavablandırmaq üçün ofis saatları və görüşlər təşkil edirlər. Həmçinin tələbələrə akademik karyera, təcrübə proqramları, tədqiqat imkanları və gələcək peşə həyatı ilə bağlı da dəstək verirlər. İmperial Kollecində müəllimlər müntəzəm olaraq tədrisin keyfiyyətini artırmaq və tələbələrin ehtiyaclarına uyğun dəyişikliklər etmək məqsədilə müzakirələr aparırlar.

“Hər bir ölkə üçün ictimai səhiyyənin rolu olduqca vacibdir, çünki sağlam əhali inkişaf etmiş cəmiyyətlərin əsasını təşkil edir”

- Hazırda hansı ixtisas üzrə təhsil alır və tədqiqatlar aparırsınız? İctimai səhiyyə sahəsi sizin üçün nə dərəcədə maraqlı sahədir? Hazırda ictimai səhiyyə qarşısında nə kimi vəzifələr durur?

- Təhsilimi İctimai səhiyyənin Sağlamlığın Təşviqi və Səhiyyədə Keyfiyyətin Təkmilləşdirilməsi istiqaməti üzrə davam etdirirəm. Hazırda apardığım araşdırma “Qadınlarda doğuşdan sonra psixi sağlamlığın yaxşılaşdırılması üçün innovasiyalar” mövzusundadır.

Bakalavr təhsilimi tibb üzrə aldıqdan sonra həkim kimi fəaliyyət göstərməyə başlamazdan əvvəl, daha çox insana fayda verə bilmək üçün ictimai səhiyyə üzrə ixtisaslaşmalı olduğumu düşündüm. Hər bir ölkə üçün ictimai səhiyyənin rolu olduqca vacibdir, çünki sağlam əhali daha güclü iqtisadiyyata malik, inkişaf etmiş cəmiyyətlərin əsasını təşkil edir.

İctimai səhiyyənin qarşısında duran vəzifələr, həm qlobal, həm də yerli miqyasda mürəkkəb və çoxşaxəlidir. Səhiyyədə bərabərsizliyin aradan qaldırılması, pandemiyalara hazırlıq, iqlim dəyişikliyi və ətraf mühitin təsiri, psixi sağlamlıq, səhiyyə sistemlərinin effektivliyinin artırılması ictimai səhiyyənin gələcəyini formalaşdıran əsas aspektlərdir.

“Azərbaycanda daha güclü, dayanıqlı və səmərəli səhiyyə sisteminin qurulmasına töhfə vermək əsas məqsədlərimdəndir”


- Biz pandemiya dövründə ictimai səhiyyənin əhəmiyyətini daha çox hiss etdik. Bu sahəyə artan maraq nə ilə bağlıdır? Tədqiqatlarınız Azərbaycana nə verəcək? 

- COVID19 pandemiyası ictimai səhiyyənin əhəmiyyətini bir çox cəhətdən vurğuladı və nəticədə, bu sahəyə olan marağı daha da artırdı. Pandemiya dövründə məlum oldu ki, infeksion xəstəliklərin geniş vüsət alması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün ciddi təhlükə yaradır. İctimai səhiyyə, belə infeksiyaların yayılmasını nəzarət altına almaq, qorunma tədbirlərini işləyib hazırlamaq və sağlamlıq sistemlərini möhkəmləndirmək üçün həyati əhəmiyyət kəsb edir. 

Tədqiqatlarımın Azərbaycana verəcəyi töhfələr, ölkənin ictimai səhiyyə sistemini gücləndirmək, sağlamlıq xidmətlərinə bərabər çıxışı təmin etmək, infeksion xəstəliklərlə mübarizə aparmaq və əhalinin ümumi rifahını artırmaq istiqamətində olacaq. Pandemiya kimi qlobal problemlərdən sonra Azərbaycanda daha güclü, dayanıqlı və səmərəli səhiyyə sisteminin qurulmasına töhfə vermək əsas məqsədlərimdəndir. Həmçinin burada öyrəndiyim biliklərlə, digər ölkələrin uğurlu ictimai səhiyyə proqramları və siyasətlərinin ölkəmizdə tətbiq edilməsinə dəstək olmağa çalışacağam.

Dövlət Proqramı ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına kömək edir 

- Dövlət Proqramı təqaüdçüsü kimi xaricdə təhsil dövlət proqramlarının əhəmiyyəti barədə nə deyərdiniz? 

- Dövlət proqramları ilə xaricdə təhsil, həm tələbələrin, həm də ölkənin ümumi inkişafı üçün geniş perspektivlər açır. Dövlət Proqramı təqaüdçüsü olaraq, deyə bilərəm ki, bu proqram xaricdə təhsil almaq istəyən gənclər üçün əvəzolunmaz bir imkandır. Mən və mənim timsalımda hər il yüzlərlə Azərbaycan gənci Dövlət Təqaüd Proqramı hesabına xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq xəyalını gerçəkləşdirir. Xaricdə təhsili maliyyələşdirən Dövlət Proqramı, ölkəmizin gələcəyi üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əvəzsiz rol oynayır. Həmçinin xaricdə təhsil almış gənclərin uğurları, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına kömək edir. 

- Konkret olaraq 2022-2028-ci illər üzrə Dövlət Proqramı sizə nə verdi? Hansı təcrübə və səriştələri qazandırdı?

- 2022-2028-ci illər üzrə Dövlət Proqramının qalibi olaraq Londonda yaşamaq və dünyanın ən qabaqcıl universitetlərindən birində təhsil almaq imkanı əldə etdim. Dövlət Proqramı mənə həm təhsil, həm də peşəkar inkişaf və beynəlxalq təcrübə qazandıran bir yol oldu. Bütün bunlar mənə şəxsi inkişaf və təhsilimdə irəli getməklə yanaşı, dünyanın bir sıra ölkələrindən yeni insanlarla tanış olmaq, dostluqlar qurmaq şansı yaratdı. Müxtəlif ölkələrdən olan tələbələrlə birgə çalışaraq, multikultural mühitdə fəaliyyət göstərmək bacarığı əldə etdim.

İmperial Kollecində təhsil almaqla, elmi tədqiqatlarla yaxından tanış olmaq, analitik düşünmə bacarıqlarımı inkişaf etdirmək imkanı əldə etdim. Bu təcrübə mənə tibb sahəsində innovasiyalar və müasir elmi metodlar haqqında dəyərli məlumatlar qazandırıb və qazandırmağa davam edir.

“Komfort” zonasından kənara çıxmaq uğurun başlanğıcıdır

- Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələr verərdiniz?

- Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, xaricdə təhsil almağı planlaşdıran hər bir gənc öncə bu sahədə müəyyən araşdırmalar aparmalıdır. Nəzərə alsınlar ki, hər bir universitetin təhsil sahələri, mühitləri və tədris metodları fərqlidir. İdeal universiteti seçmək üçün öncə seçdikləri proqram və universitetin gələcək karyera hədəfləri ilə nə dərəcədə əlaqəli olduğunu düşünməlidirlər. Məsləhət görərdim ki, dil bacarıqlarını inkişaf etdirsinlər, bu həm akademik, həm də sosial əlaqələrdə vacib rol oynayır. Mənə görə ən vacibi isə, özünü psixi cəhətdən hazırlamaqdır. Çünki yeni bir mədəniyyətə uyğunlaşmaq, ailədən uzaq olmaq və təhsil sisteminə alışmaq müəyyən qədər stresə səbəb ola bilir. Ancaq unutmasınlar ki, “komfort” zonasından kənara çıxmaq uğurun başlanğıcıdır.

- Gələcək hədəfləriniz barədə nə deyərdiniz?

- Gələcək hədəflərimdən biri, ictimai səhiyyə mütəxəssisi və həkim olaraq, sağlamlıq siyasəti, səhiyyədə keyfiyyətin yaxşılaşdırılması və elmi araşdırma sahələrində fəaliyyət göstərməkdir. İctimai səhiyyə və tibb təhsili sahəsindəki təcrübələrimi birləşdirərək, həm individual xəstələrin müalicəsi, həm də əhalinin rifah səviyyəsini artırmaq üçün çalışmağı planlaşdırıram. Həmçinin, bu sahədə tələbələrə praktik biliklər öyrətmək və elmi-tədqiqat metodologiyası haqqında tədris aparmaq, akademik tədqiqatlar apararaq, bu tədqiqatları yenilikçi tədris proqramları şəklində tədris prosesinə tətbiq etmək kimi hədəflərim mövcuddur.

Xəbər lenti

4 dekabr, 20:47
22

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
77

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
136

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
25

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
21

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
13

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
39

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
28

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
82

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
40

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
23

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.