COP29 Azərbaycan haqqında müsbət imic formalaşdırdı
Bu günlərdə Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. COP "Conference of the Parties", yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna görədir. COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir oldu. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub.
Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu - 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 isə bu ilin noyabr ayında Azərbaycanda, Bakı şəhərində keçirildi. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, dünyanın bir nömrəli beynəlxalq tədbiri, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı iki həftə ərzində dünyanın mərkəzi oldu. Şəhər təqribən 70-80 min xarici qonağa ev sahibliyi etdi. Konfransın ən mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsidir. Regional turizm sahəsində də keyfiyyət dəyişikliyi gözlənildi, yeni marşrutlar və səhər turları təşkil olundu.
COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.
COP29-un Azərbaycanda keçirilməsi böyük beynəlxalq hadisədir. Azərbaycana təxminən 100 ölkədən 55 mindən yuxarı qonaq, 85 ölkənin rəhbəri gəldi. Dünyada ən tanınmış alimlər, ekspertlər, nəhəng şirkətlər, ekoloji problemlərlə məşğul olan bütün tanınmış insanlar Azərbaycanda oldular. Bu, bir də onu göstərir ki, Azərbaycan onlarla yüksək səviyyədə olan beynəlxalq toplantılar keçirir və gələn qonaqlar bir daha yeniləşən, inkişaf edən, çiçəklənən Azərbaycanı görürlər, onlar böyük təəssüratlarla qayıdırlar, bütün dünyada bunu danışır, bölüşürlər. Bizdə çox maraqlı bir trend var ki, Azərbaycan hansı işə əl qoyursa, o işdə ya birinci, ya üçlükdə, ya da beşlikdə olmalıdır. Azərbaycanda artıq belə bir ənənə var. İstər idman olsun, istər elmi konfranslar, mədəniyyətlə əlaqədar olan beynəlxalq festivallar, transmilli layihələr olsun, bunların hamısı həyata keçirilib və davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tarixi və qiyməti fikri iki həftə ərzində Bakıda keçirilən tədbirdə bir daha təsdiqini tapdı. Elə dünyanın Azərbaycana toplaşmasının özü də bir tarixi hadisə idi. Həmçinin uğurla başa çatan COP29 tədbiri dünya diplomatiya tarixinə də ölkəmizin adını yazdı. Dövlətimizin başçısı, Prezident İlham Əliyev ötən ilin dekabrında bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan dərhal sonra keçirdiyi müşavirədə bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının növbəti böyük uğuru olacaq. Mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərara gəldikdə isə Prezident İlham Əliyev bildirdi ki, biz buna layiqik.
Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qeyd edildiyi kimi, Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 13 yanvar 2024-cü ildə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalanmışdır. COP 29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim etdi.
COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları oldu. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək etdi. COP 29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini də artırdı. Bu, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə və ekoloji layihələrdə aktiv iştirak etməsinə səbəb oldu.
COP29 konfransının Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilirdi. Bu konfrans nəticəsində turizm sektoru canlandı. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaratdı. Dubayda baş verən fırtına və sel qlobal istiləşmənin nəticəsidir. Unutmaq olmaz ki, belə fəlakətlərin hər zaman hər ölkədə baş verə biləcəyi qaçılmazdır. Ona görə də dünya dövlətləri birgə addım atmalı, əlbir olmalı, problemin həlli üçün var güclərini səfərbər etməlidirlər. Prezidentin də dediyi kimi, əvvəlki illərdə keçirilən COP tədbirlərinin nəticələri gündəlikdən çıxmamalı, COP29 özündən əvvəlki müzakirələrin nəticəsinə işıq tutmalıdır. COP 29-un ölkəmizdə keçirilməsinə dair qərar həm yerli, həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirildi. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır.
Dövlətimizin başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım etdi. Paylaşımda qeyd edildiyi kimi, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Azərbaycan və Prezident İlham Əliyev çox ağır və çətin bir işin öhdəsindən gəlmiş oldu.
COP29 konfransı Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərdi. Belə ki, beynəlxalq konfransın keçirilməsi turizm sektorunu canlandırdı, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlir gətirdi. Həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaratdı və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan verdi.
Təzyiqlərə, haqsız qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan bu ağır yükün öhdəsindən gəldi və biz bir daha sübut etdik ki, Azərbaycan haqq yolundadır. Azərbaycan qlobal aktorlarla bərabər qlobal problemlərin həllinə töhfə verə biləcək gücdədir və Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Azərbaycan 30 il, 20 il bundan öncəki Azərbaycan deyil və Azərbaycanla, Azərbaycanın mövqeyi ilə barışmaq və Azərbaycanla dost olmaq digər dövlətlər üçün də daha faydalı olar və ümumiyyətlə bizim regionumuz üçün, dünya üçün birlik, həmrəylik və sülh çağırışları ən düzgün yanaşmadır və Azərbaycanın məhz COP29 ərəfəsində və COP29 zamanı irəli sürdüyü sülh çağırışları gələcək COP təşkilatçıları üçün də bir örnək olmalıdır və bu ənənə davam etdirilməlidir. Eyni zamanda, Azərbaycanın qazandığı təcrübə və ortaya qoyduğu yeni yanaşmalar gələcək illərdə təşkil edəcək COP tədbirlərində də mütləq istifadə ediləcəkdir və Azərbaycan da öz təcrübəsini məmnuniyyətlə bu dövlətlərlə bölüşəcəkdir və biz inanırıq ki, Azərbaycanın əldə etdiyi uğurlar COP29-da qəbul edilmiş qərarlar uzun illər Bakı ilə Azərbaycanla bağlı olaraq xoş xatirə olaraq yad ediləcəkdir və hər zaman Azərbaycan dövlətinin xidmətləri və Azərbaycanın ev sahibliyi mütləq uğur kimi yada salınacaqdır.
COP29-da iştirak edən qonaqlarımıza hörmətlə yanaşmaq, millətimizi, vətənimizi yüksək səviyyədə təmsil etmək biz müəllimlərin də öhdəsinə düşən vəzifə borcu idi. Şagirdlərimizə COP29 ilə əlaqədar məlumat verir, şəhərimizə tədbir ilə əlaqədar gələn qonaqlarımızın hansı dövlətin nümayəndələri olduğunu bildirir, onlarda COP29-a maraq yaradırdıq. “Yaşil dünya naminə” adlı sərgilər təşkil edir, məktəb həyətində ağaclar əkir, videoçarxlar hazırlayaraq sosial şəbəkədə yayımlayırdıq. İnanırıq ki, hər kəs kimi biz müəllimlər də COP29-da təhsilimizi təmsil edən nümayəndələr sırasında yüksək səviyyədə iştirak edərək təmsil etdik.
Vüsalə QASIMOVA,
170 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)