4 dekabr 2024

Bütün xəbərlər
test
4 dekabr, 10:26
82

“Qiymətləndirmə bir hesabat dövrüdür”

Afət Süleymanova Elm və təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Qiymətləndirmə siyasəti sektorunun aparıcı məsləhətçisidir. Artıq uzun illərdir ki, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsində qiymətləndirmə siyasətinin müəyyənləşdirilməsində iştirak edir. Bu günlərdə 60 yaşını qeyd edən təhsil mütəxəssisi elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

“Azərbaycan müəllimi” qəzetinə müsahibəsində yubilyar, sadəcə əməyinə verilən qiymətdən yox, həm də birbaşa iştirakçısı olduğu əsas təhsil hadisələrindən danışıb.

– 60 il necə keçdi? Həqiqətən bir göz qırpımında keçdi, yoxsa...

– Çox həyəcanlı idi... 2 gündür bu 60 il barədə düşünür, ömrün hesabatını aparıram. Özünüqiymətləndirmə bir hesabat dövrüdür sanki, yarım əsrdən çox yaşamış, ömrünün çoxunu çalışmış bir insanın hesabatıdır. Yanlışlarım nə oldu, doğrularım nədir? İnsan düşünməyə bilmir. Özünütənqid, özünütəqdir prosesindən keçib gəlib çıxmışam 60-a.

– Bu 60 ilin hesabatını çıxartmağınız 60 yaşın təsiridir, yoxsa qiymətləndirmə sektorunda fəaliyyətinizlə bağlıdır?

– Təbiətimdən irəli gəlir. Hər axşam öz köşəmə çəkiləndə günün nəticələrini düşünürəm. Hansısa işimə görə özümü təqdir edir, başqa bir işimə görə isə danlayıram, “Bu yaşında bu səhvi necə edə bilərdin?”, – dediyim vaxtlar belə olub.

“Əmək fəaliyyətinə müəllimliklə başladım” 

– Olduğunuz yerə müəllimlikdən gəlmisiniz. Təcrübəyə, əmək fəaliyyətinə müəllimlikdən başlamısınız...

– Ondan daha əvvəl başlamışam. 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsinə daxil oldum. Bilirsiniz ki, axşam şöbəsində oxuyanların işləməsi şərt idi. Müxtəlif yerlərdə katibə, inzibati işləri idarə edən, kadrlar şöbəsinin inspektoru işlədim. Analıqla bağlı bir müddət işləmədim və 1993-cü ildə əmək fəaliyyətinə 123 nömrəli məktəbdə müəllim olaraq başladım.

“Müəllim qiymətləndirilməsi bir tədqiqatdır”

– Yəni bugünkü yerə yol ordan başladı – müəllimlikdən. 31 il əvvəl siz yola düşəndə başqa müəllim vardı, bu gün qarşımızda fərqli bir müəllim durur. Müəllimin qiymətləndirilməsindən tutmuş müəllimin özünün qiymətləndirməsinə qədər hər şey dəyişib.  31 ildir içərisində olduğunuz, müşahidə etdiyiniz, iştirakçısına çevrildiyiniz bu prosesi necə qiymətləndirirsiniz?

– ABŞ-də “Kurikulumun atası” adını almış Ralf Tayler özü-özünə opponentlik edərək yazır: Oxucu, düşünə bilərsən ki, sənin verdiyin prinsipləri mənim müəllimim 20 il əvvəl heç oxumadan gözəl müəllim idi. Amma mən anadan müəllim doğulanlardan danışmıram. Həqiqətən də belədir, müəllim olmaq üçün doğulanlar var. Məhz bunu nəzərə alaraq tələbələrimə həmişə tövsiyəm bu olur ki, müəllimliyi sevmirlərsə, seçməsinlər. 2018-ci ildən Xəzər Universitetində müəllimlik fəaliyyətimi davam etdirirəm. Pedaqogika üzrə fəlsəfə doktoruyam, yaxın günlərdə elmlər doktorluğunu da müdafiə edəcəyəm. Bunu deyərkən onu nəzərə alıram ki, bir müəllim birdən-birə 30-40 fərdin taleyini həll edir, ya gələcəyini qurur, ya da dağıdır. “Əvvəllər müəllimlər yaxşı idi, indi pis”, – fikri ilə razılaşmıram. Bu, insanın daşıdığı dəyərlərlə çox bağlıdır. Ümumtəhsil məktəblərində tədris edilən məktəb proqamları 5 ildən bir dəyişir və ya təkmilləşdirilir. Bunu niyə edirik? Çünki ətrafda hər şey sürətlə dəyişir. Texnologiya inkişaf edir. Bu gün aktual olan 5 il sonra unudula bilir. Elmi-tədqiqat aparanda belə araşdırdığınız mənbələr 10 il əvvəl yazılıbsa, ona əsaslanmaq aktual sayılmır. Son 5 ilin elmi-tədqiqatlarına istinad tövsiyə olunur. Dünən müəllimlərə deyirdik ki, dərsdə İKT-dən istifadə edin, kompüterdə işləyin, internetdən faydalanın, bu gün dünya süni intellektdən istifadə edən müəllimlərdən danışır. Özünü inkişaf etdirməyən bir müəllim onu qiymətləndirmə məcburiyyətində buraxır, təhsil üçün məsuliyyət daşıyan tərəfləri onu yoxlamağa məcbur edir. 

Bu gün sinfə 50-ci ilin dərsliyi ilə girmək mümkündürmü? H.Zərdabi deyir ki, şagirdini cəmiyyətə hazırlamayan məktəb kimə lazımdır? Məktəb qapısından çıxacaq şagird “Mən necə edim?” – sualı ilə baş-başa qalacaqsa, o məktəbin faydası varmı? Məktəbdəykən uşağa süni intellektin hansı imkanları olduğunu, onun köməyindən istifadə edib məlumatlar əldə etməyi, harada və necə tətbiq edəcəyini öyrətməliyik. Müəllim qiymətləndirilməsi onu yoxlayıb “5” və ya “2” verilməsi deyil, bu bir tədqiqatdır. Müəllimin fənn biliyi, psixoloji yanaşmalarla bağlı variantları dəyərləndirilir. Bu tədqiqatlar müəllimlərdə nəyin çatışmadığını, onların nəyə ehtiyacı olduğunu deyir. Biz ali təhsil müəssisələrində müəllim hazırlığında həmin boşluqları aradan qaldırmağa çalışırıq.

“Şagird mətni oxuyur, hissələrini düzgün müəyyənləşdirirsə, təhlil bacarığı var”

– Müəllimin qiymətləndirilməsindən danışırıq, müəllim özü də qiymətləndirəndir. Müəllim hansı bucaqdan baxsın ki, verdiyi qiymət ədalətli və real olsun.

– Nazirlər Kabineti “Ümumtəhsilin dövlət standartları”nı təsdiq edib. Təhsil icmasının tərtib etdiyi, işçi qruplarda dəfələrlə yoxlanılaraq təsdiq olunan həmin standartlar dövlətin tələbi, bir növ verdiyi sifarişdir. Burada dövlətin yetişdiriləcək vətəndaşlarla bağlı gözləntiləri əksini tapıb. Burada müəyyən edilib ki, vətəndaş hansı bilik, bacarıq, vərdiş və dəyərlərə sahib olmalıdır. Bu, dünyada da belədir. Hər fənn üzrə 4-5 vacib bacarıq təyin edilir və gözlənilən bu nəticə həmin fənnin konstitutsiyasıdır. Fənn kurikulumları məhz bu 4-5 maddədən ibarət standartlardan qaynaqlanır. Müəllim tədris zamanı bunu reallaşdırmalıdır. 

Alt standartlar qiymətləndirmə üçün əsas meyarları təşkil edir. Onların özlərinin ciddi elmi bazası var. Məsələn, şagirdə oxuduğu mətni hissələrə ayırmaq tapşırılıb. Deyə bilərsiniz ki, burda nə var ki, qiymətləndirsin? Məsələ ondadır ki, biz müəllimlərə ali təhsil müəssisələrində, əlavə təhsil səviyyələrində, ixtisasartırmada öyrədirik ki, şagird mətni oxuyur və hissələrini düzgün müəyyənləşdirirsə, deməli həmin şagirdin təhlil bacarığı var. Bu alt standart Blum taksonomiyasının IV - yəni təhlil səviyyəsindədir. Dövlət  sifarişi nə qədər verilibsə, uşaq o qədər öyrədilməli, qiymətləndirilmə də o səviyyədə aparılmalıdır. Təbii ki, burada söhbət xüsusi istedadlı uşaqlardan getmir. Qeyri-adi istedadlar var ki, onlar 45 dəqiqəlik dərsi 7 dəqiqədə yerinə yetirir və belə uşaqların istedadının inkişaf etdirilməsinə şərait yaratmaq lazımdır. 

Ümumi yaş səviyyəsində ayaqlaşa bilməyən uşaqlarla isə təhlil deyil, tətbiq səviyyəsində iş apara bilərik. Təhlil səviyyəsində iş aparan şagird “əla” qiymətləndirilirsə, tətbiq səviyyəsində iş aparan uşağı “yaxşı” qiymətləndirə bilərik. Yəni çalışır, nəticəsi var, amma üzərində hələ iş aparılmalıdır ki, müəyyən edilən standart səviyyəsində tələbə cavab versin. 

Qiymətləndirmə özü ciddi nəzəri-elmi bazaya söykənir və biz universitetlərdə bunu gələcək müəllimlərimizə öyrədirik. Xəzər Universitetində uzun müddətdir ki, həm Azərbaycan, həm də ingilis dillərində “Kurikulum və qiymətləndirmə strategiyaları”nı tədris edirəm. Hesab edirəm ki, bunları bilmədən müəllim ustalığına sahib olmaq mümkün deyil. 

“Öyrənmə zəif olduğuna görə, əldə edilən bilik tez itir”

– Müşahidələrimiz göstərir ki, kurikulum müəllimlərin və müəllimliyə namizədlərin ən çox çətinlik çəkdiyi sahədir. Müasir tədris proqramlarında müəllimlərə çətin görünən nədir? 

– Anlayan müəllimlər var. Bir çox müəllim baxış bucaqlarını dəyişməyə nail olub, real, konstruktivist, mütərəqqi müəllim olublar. Kim ki müəllimindən gördüyünü tətbiq etməklə kifayətlənir, kurikulumun mahiyyətini dərk etməyəcək. Az qala 20 il olur ki, yeni fənn kurikulumları tətbiq olunur. Məsələ bundadır ki, insanın təfəkküründən, inancından başlamaq lazımdır. Şagird oxuyub anladığının 50 faizini elə həmin il, 80 faizini növbəti il unudur. Bunu alimlər araşdırıblar. Çünki insan beyninin imkanları hüdudsuz deyil. Unudulmaması üçün müəllim nəyi öyrətməlidir? Blum taksonomiyasında 6 səviyyə – bilmə, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə nəzərdə tutulub. Gəlin görək, dərsdə nə baş verir, biz necə öyrədirik? Müəllim şagirdə tapşırıq verir, “Oxu, gəl danış”, – deyir. “Gözəl danışdın”, – deyib əla qiymətləndirir. Bu öyrənmə idrak fəaliyyətinin ən zəif səviyyəsidir. Yəni dərs bilmə və yadda saxlamaqla məhdudlaşdı, müəllim uşağın beynini ən aşağı səviyyədə işlətdi, ona daha yuxarı səviyyədə çalışmaq imkanı vermədi. Öyrənmə zəif olduğuna görə əldə edilən bilik tez itir. Ya da müəllim sual verir, “izah et”, “şərh et” tələbi qoyur və bununla şagirdin mövzunu anlamasını da təmin edir. Deməli, bununla yalnız ikinci səviyyəyə qalxdı. Nadir hallarda şagirdlərə tapşırıqları yerinə yetirmək tapşırılır, onu da Azərbaycan dili, riyaziyyat, kimya kimi fənlərdə tətbiq səviyyəsinə qalxa bilir, uşağın beynini idrak fəaliyyətinin ən aşağı səviyyələrində çalışdırır. Dünyada özünü doğruldan müasir təcrübə isə deyir ki, uşaq edərək öyrənəcək. Ona dərs danışma, danışacağın məsələni problemləşdir, böyük bir açıq suala çevir. Açıq suala cavab tapa bilmək üçün bu sualın  konkret cavabının əksini tapmadığı məlumat mənbələrini göstər. Şagird qoyulan suala ancaq o vaxt cavab verə biləcək ki, mənbələri oxuyacaq, anlayacaq, təhlil edəcək, yeni əldə etdiyi məlumatları sintez edib həmin sualın cavabını tapacaq, məsələni həll, ideyanı konstruksiya edəcək. Müasir təhsil bunu istəyir. Ona görə də beynimizi bir düşüncə tərzindən başqa bir öyrənmə yanaşmasına dəyişməliyik. Esensializm təhsil fəlsəfəsindən konstruktivizm, proqressivizm təhsil fəlsəfəsinə, mühafizəkar bir baxışdan, mütərəqqi bir baxışa keçməliyik. Bu da müəllimlərin təhsillə bağlı fəlsəfəsinin kökündən dəyişməsi deməkdir. 

Müəllim təhsilinin məzmununda birinci mərhələ budur: özünütəyin. Müəllim hər şeydən öncə peşəkar mənliyini, kimliyini təyin edəcək. Bunun  üçün təhsil fəlsəfələri, təhsilin ayrı-ayrı məsələlərinə baxış bucaqlarının, dünyada gedən proseslərlə bu baxış bucaqlarından hansının ayaqlaşdığını müəyyənləşdirməyə imkan verən proqram var. Həmin proqramın köməyi ilə müəllim özünü qiymətləndirir, tanıyır və inkişaf etdirir. Cəmi 3 il aktual olacaq informasiyanı uşağa əzbərlədərək mənimsətmək nə qədər doğrudur. Yaxşı olmazmı ki, biz uşaqlara hər gün bazalara daxil olaraq öz məlumatlarını yeniləməyi öyrədək?!

– Müəllimin özünütəyinetməsini sertifikatlaşdırma ilə müvafiq qurumlar etmirmi?

– Yox, sertifikatlaşdırma müəllimin mövcud vəziyyətini, peşəkarlığını müxtəlif bucaqlardan təyin edir. Özünütəyini kurikulum kurslarında keçirik, universitetlərdə tədris edilən fənn kurikulumları proqramlarında öyrədirik. 

“Şagirdlərini ayırd edib ona uyğun tapşırığı vermək sinifdə müəllimin işidir”

– Günümüzdə istər müəllimlər, istər şagirdlərin istifadəsi üçün çoxlu vəsaitlər hazırlanır. “Müasir dərsdə müəllimə dərslik lazım deyil”, - fikrinin gücləndiyi bir dövrdə bu qədər çox vəsaitin hazırlanmasına ehtiyac varmı?

– Yenə gəldik müəllimlərin peşəkarlıq səviyyəsinə. Elə ölkələr var ki, 5-10 cür dərslik var. Ayrı-ayrı nəşriyyatların hazırladığı dərsliklərdən hansından istifadə edəcəyinə məktəb qərar verir. Yaxud hamısını araşdırıb illik planlaşmasını qurur və özlərinin resurslarını seçirlər. Nəinki regionlardakı məktəblərimiz, hətta məktəbdəki “a” sinfi ilə “b” sinfində belə sosial mühit, şagirdlərin tərkibi fərqlidir. Ona görə də müəllim nədən, necə istifadə edəcəyinə özü qərar verməlidir. Bir dərsliyi olduğu kimi tətbiq etmək lazım deyil. Dərsliklər də, metodik vəsaitlər də tövsiyə xarakterlidir. Məsələn, valideyn deyir müəllim çox tapşırıq verir, müəllim deyir dərslikdə olanları verir. Müəllimlərə təlimlərdə deyirik ki, dərslikdə, tutaq ki, 20 tapşırıq verilibsə, hamısı bir şagird üçün nəzərdə tutulmayıb. Müəllim onu şagirdlərinin səviyyəsinə uyğun ayırmalıdır. Tapşırıq var ki, şagird gördüyünü yaxşı dərk etdiyi üçündür, vizuallaşma imkanları var. Elə tapşırıq var ki, sxemlərlə, qrafiklərlə tərtib olunub, məntiqi təfəkkürü iti olan uşaqlar buradakı ismarıcı anlayar və məsələni daha yaxşı həll edib mövzunu dərk edər. Şagirdlərini ayırd edib ona uyğun tapşırığı vermək sinifdə müəllimin işidir.

“Topladığımız təcrübələri gənclərə ötürməliyik”

– Qabaqcıl təhsil təcrübələrini öyrənmək məqsədilə müxtəlif ölkələrdə olmusunuz. Maraqlıdır ki, hansı ölkənin təhsili sizi təəccübləndirib və ya heyrətləndirib?

– İsraildə təhsildə sahibkarlıq mövzusunda təcrübədə olduq. Onlar deyir ki, məqsədimiz məktəbdə sahibkarlar yetişdirməkdir. Şagird məktəbi bitirəndən sonra “Harada işləyim?”, – deyə soruşmasın, iş qurub əlavə 5 nəfəri də işlə təmin etsin. İqtisadiyyat məktəbinə getdik, kənd təsərrüfatı üzrə ixtisaslaşmış məktəbdə şagirdlərin nəticələri heyrətləndirdi. Mən hansı meyvə-tərəvəzləri yetişdirdiklərini soruşdum, onlar mənə ədviyyatlar hazırlamalarından danışdılar. Uşaqlar məktəbdə ədvaların kosmetoloji məqsədlərlə doğru istifadəsini öyrənir, məhsullar yaradır və həmin məhsullarla dünya bazarına çıxıb, gəlir əldə edirlər. Belə maraqlı təcrübələrlə çox qarşılaşdım. Hər getdiyimiz ölkədən hesabatlarla qayıtdıq. Yeni təcrübələr, onların üstünlükləri, riskləri, Azərbaycan məktəbinə, icmasına bunları tətbiq etməyin mümkünlüyü ilə bağlı hesabatlar verirdik. Artıq bu işə gəncləri yönləndiririk. Biz isə topladığımız təcrübələri ölkədəki gənclərə ötürməliyik. Bunun üçün Xəzər Universiteti çox gözəl platformadır. Burada gənc müəllimlərin yetişməsinə töhfə verə bilirəm. 

– Təhsilə verdiyiniz töhfə dəyərləndirilir...

– Elədir. Başda nazirimiz olmaqla qiymətləndirən hər kəsə təşəkkür edirəm. Çox gözəl bir tədbir təşkil edərək nazirliyin kollektivi məni təbrik etdi. Aparat rəhbəri Mətin Kərimli həmin tədbirdə rəhbərliyi təmsil etdi, onların sözünü, təbrikini kollektivin qarşısında çatdırdı. Bu cür dəyərləndirmə insana təsir edir, müsbət emosiyalar ötürür. Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər.

Ruhiyyə Daşsalahlı
Foto: Kənan Qafarov

Xəbər lenti

4 dekabr, 20:47
18

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
65

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
97

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
22

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
13

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
19

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
15

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
12

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
10

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
11

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
16

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
36

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
25

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
65

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
35

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
21

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
11

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
8

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
12

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.