.jpeg)
Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər (onlayn formada), ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn formada), AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.
Tədbir çərçivəsində 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış keçirilib. İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq, toplantının gündəliyini iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra görkəmli alim Rüfət Mirqasımovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik İsa Həbibbəyli çıxışında AMEA-da aparılan təməl işlahatların və "İnkişaf Konsepsiyası"nın icrasından bəhs edib. O bildirib ki, 27 mart tarixində AMEA-nın yaradılmasının 80 illiyi tamam olur. Akademiya bu illər ərzində mühüm inkişaf yolu keçib.
O vurğulayıb ki, 1969-1982-ci illər Akademiya quruculuğunun intibah dövrü olub. Lakin 1983-1993-cü illərdə tənəzzül meyilləri hiss edilib. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qəyıdışı AMEA-da yeni dövrün başlanğıcı olub.
Akademik İsa Həbibbəyli bildirib ki, sovet dövründə formalaşmış yanaşmaların yerinə, Azərbaycanın milli mənsubiyyəti və tarixi köklərinə uyğun yeni elm konsepsiyaları işlənib hazırlanıb.
Bundan başqa, Akademiyada milli fəlsəfə anlayışının elmi dövriyyəyə daxil edildiyi, "Heydər Əliyev Ensiklopediyası" və "Qərbi Azərbaycan Ensiklopediyası" kimi fundamental nəşrlərin hazırlandığı diqqətə çatdırılıb.
Məruzəçi qeyd edib ki, AMEA-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirilir. Akademiya Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası və Asiya Akademiyaları Assosiasiyası kimi qurumların üzvü olub. Bundan əlavə, Fəlsəfə və Sosiologiya İnstitutunda "Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi", Memarlıq və İncəsənət İnstitutunda "Türk sənət tarixi və mədəni irsi" və Əlyazmaları İnstitutunda "Türk əlyazmalarının tədqiqi" şöbələri yaradılıb.
Bildirilib ki, Mahmud Kaşğarinin "Divani luğat-it-türk" əsərinin 86 il sonra tapılan nadir əlyazma nüsxəsinin 3 cilddə nəşri planlaşdırılır.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməli və ən qısa müddətdə kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır. Nazir müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu deyib. Bildirib ki, elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.
“Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”, - deyə Emin Əmrullayev əlavə edib.
O, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilən elmi kadr hazırlığı prosesinin müasir tələblərə uyğun təşkili və bu sahədə təhsil formasının yenilənməsinə dair zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.
Nazir qeyd edib ki, nəticəyönümlü maaliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: “Elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında hər kəsi rəhbərlik etdiyi qurum adından salamlayıb, fondun fəaliyyəti haqqında danışıb. AMEA-nın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun olduqca mühüm tərəfdaşlarından biri olduğunu vurğulayan Aktotı Raimkulova Akademiya ilə birgə müxtəlif konfrans və seminarların keçirildiyini söyləyib.
Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.
Akademik Arif Həşimov qeyd edib ki, Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından bir sıra nailiyyətlərlə müşayiət olunan 2024-cü il Azərbaycan elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üçün də uğurlu olub. Diqqətə çatdırıb ki, 2022-ci ilin sonlarından AMEA-da başlamış islahatyönümlü tədbirlər 2023-cü ildə olduğu kimi, 2024-cü ildə də ardıcıl və kompleks şəkildə davam etdirilib, nəticədə Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dövlət siyasətinin strateji hədəfləri və dünya elminin çağırışları ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilib,
Akademik Arif Həşimov bildirib ki, hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələri üzrə elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb.
“AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında çıxış edən İşçi qrupun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri qeyd edib ki, müzakirəyə təqdim edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” iki əsas bölmədən ibarətdir.
Birinci bölmədə dünyanın qlobal çağırışları, dünya elminin yeni inkişaf meylləri, ictimai və humanitar elmlərin yeni inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, Akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, Konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indiqatorları da burada əksini tapıb. O vurğulayıb ki, bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində Akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və AR Prezidentinin Gənclər mükafatçısı, Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Mircavid Ağalarovun çıxışları dinlənilib. Həmçinin Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər və ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Leinin onlayn çıxışları təqdim olunub.
Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər