Bütün xəbərlər
28 aprel, 10:44

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn həftəsi” idi. Odur ki, universitet həyatı daha da canlanmışdı. Qonaq-qaralı keçən “Dizayn həftəsi”ndə “Azərbaycan müəllimi” də iştirak etdi. 

Məlumat üçün bildirək ki, universitetin 50 illik yubileyinin qeyd edildiyi bu il Dizayn fakültəsinin yaranmasından da 1 il ötür. Odur ki, Dizayn fakültəsinin kafedralarının hər biri - Qrafika və media, Təsviri incəsənət, Mühit dizaynı kafedraları öz nailiyyətlərini nümayiş etdirib. Sadəcə Dizayn fakültəsinin keçdiyi 1 ilin hesabatını vermədilər, “Dizayn” ixtisasının tədris edildiyi ötən 26 illik böyük təcrübəni sərgilədilər. Aprelin 21-də start götürən dizayn həftəsinin açılışında AzMİU və ali təhsil müəssisələrinin rəhbərliyi, ictimai-siyasi xadimlər, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Rektor professor Gülçöhrə Məmmədova qonaqları salamlayaraq, AzMİU-nun dizayn sahəsindəki peşəkar yanaşmasını və təhsil keyfiyyətini diqqətə çatdırıb, tələbələrin yaradıcı potensialının gücləndirilməsi və dizayn təhsilinin cəmiyyətdə daha çox tanınması istiqamətində atılacaq addımlar barədə fikirlərini bölüşüb. Rektor bu tədbirin həm tələbələrin inkişafına, həm də dizaynla bağlı qlobal trendlərin Azərbaycanda daha çox tanınmasına böyük töhfə verəcəyini qeyd edib. Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor, ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əziz, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı professor Natiq Əliyev dizayn sahəsində kadr hazırlığı prosesinə AzMİU-nun verdiyi töhfəyə diqqət çəkərək “Dizayn həftəsi”nin işinə uğurlar arzulayıblar. 

Tələbələr dizaynda öyrəndiklərini rəsm və fotolarla göstərdilər 

“Dizayn həftəsi”nin ən maraqlı hissəsi dizayn istiqamətləri üzrə tələbə işlərindən ibarət sərgilərin təqdimatı olub. Sərgilərdə AzMİU-nun Təsviri incəsənət, Qrafik və media dizaynı, Mühit dizaynı kafedralarının tələbələrinin əl işləri nümayiş olunub, həmçinin tanınmış fotoqraf Ziya Alisoyun fərdi fotosərgisi təqdim edilib. Sərgilər tələbələrin yaradıcı qabiliyyətlərini nümayiş etdirmək və dizayn sahəsindəki ən yeni trendləri göstərmək üçün mükəmməl bir platforma olub.

Əl işləri sərgilənən tələbələrdən biri Fidan Abdullayeva çox xoşbəxt görünür: “Birinci semestrdəki işimdir. “Hər dadı ilə xoşbəxtlik” sloqanı ilə hazırladığım bu iş insana xoşbəxtlik verir”.

Simuzər Abbasovanın isə 2 işi sərgilənib. “Nuş” konfet şirkətinin “Süfrəniz şirin olsun” sloqanını seçdiyi məhsul “Şipşirin” konfetləridir. Reklam etdiyi xəyali şirkətin xəyali məhsulu ilə sərgidə yer alan S.Abbasova da məmnundur.

Əli Rüstəmzadə III kurs tələbəsidir. “Dizayn” ixtisası üzrə təhsil alır: “Hər hansı problemi qoyur, onunla bağlı fikirlərimizi deyir, təkliflərimizi hazırlayır, onun əsasında da öz işimizi təqdim edirik. Firma üslubunda hazırladığımız işlər üzrə bizə ballar yazılır. Sərgilərdə, müsabiqələrdə iştirak etmişəm və bu, məni çox qürurlandırır. İşlərim fərqlənir və müəllimlərim onları sərgiləmək üçün seçərkən tərəddüd etmirlər”.

Vüsalə Orucova uşaqlıqdan jelibona olan sevgisini kurs və sinif işində əks etdirib: “Valideynlərim jelibon yeməyimə qarşı çıxırdılar. Mən öz kurs işimdə tərkibində zərərli maddələr olmayan, müxtəlif meyvələrin qarışığından hazırlanmış bir məhsul hazırladım”.

İlk dəfə qatıldığı sərgidə 1 işlə təmsil olunub və bu, müəlliminin sayəsindədir: “Qrafik müəllimim Firuzə Bədəlovanı çox sevirəm. Bu istiqamətdə uğurlarım da məhz onun sayəsindədir”. 

Sərgidə AzMİU-nun “Dizayn” ixtisası üzrə IV kurs tələbəsi Ziya Alısoyun fotoları da yer alıb: “Uşaqlıqdan foto və videolar çəkirdim, çox həvəsliydim. Artıq 4 ildir ki, peşəkar fotoqraf kimi məşğul oluram. İlk dəfə fotolarım sərgilənir və bu sərgidə fərqli vaxtlarda dünyanın tam fərqli regionlarında - Avstriyadan tutmuş Türkiyəyə kimi, o cümlədən Azərbaycanın fərqli yerlərində - Lənkərandan tutmuş Qubaya, Bakıya qədər hər yerdə çəkilmiş şəkil var. 28 fotom sərgilənir və böyük bir məmnuniyyət hiss edirəm. Ümid edirəm, növbəti sərgimi daha böyük bir yerdə, daha böyük miqyasda keçirəcəyəm. Mən artıq işləməyə də başlamışam. Həm dizayner, həm də marketinqini həyata keçirdiyim bir iş yerim var”. 

“Sərgiyə gələn hər kəs tələbələrimizin inkişafını görür”

AzMİU Mühit dizaynı kafedrasının müdiri, əməkdar dizayner Yeganə Hacıyeva deyir ki, artıq 26 ildir mühit dizaynı bir ixtisas kimi tədris edilir. Həm bakalavriat, həm də magistratura səviyyəsində həyata keçirilən tədris prosesi uğurla davam etdirilir.

Y.Hacıyeva deyib ki, sərgiyə 500-dən artıq tələbə öz işini təqdim edib və onların arasından 50-dən çox iş seçilib: “Bu işlərin hamısı kurs layihəsidir, sənəddir. Uğurlu layihələrin müəllifləri qiymətləndirmə imtahanlarından keçirlər”.

Qrafik və media dizaynı kafedrasının müdiri Təranə Bəkirova qeyd edir: “Bu sərgi qrafik dizaynın hansı istiqamətdə inkişaf etdiyini, aktual problemləri necə əks etdirdiyini görmək məqsədi daşıyır. 

Məqsədimiz fəzada qrafik dizaynın necə göründüyünü, necə qavranıldığını göstərməkdir. Bu baxımdan tələbələr  də məkanlarda informasiyanın qrafik dillə müşahidəçiyə necə çatdırılması yollarını öyrənirlər”.

Təsviri incəsənət kafedrasının müdiri, baş müəllim Pərviz Cəfərovun sözlərinə görə, kafedrası, sadəcə dizayn ixtisası üzrə deyil, memarlıq və şəhərsalma ixtisasları üzə kadr hazırlığında da iştirak edir: “Lakin ən çox dərslərimiz dizayn ixtisasındadır. Ona görə də bu istiqamət  üzrə proqramımıza daha çox rəngarənglik qata bilirik”.   

Rəngkarlıq üzrə 100-ə yaxın, rəsm üzrə isə 30 nəfərə qədər tələbənin qatıldığı sərgidə nümayiş olunan işlər həm də 3 semestr ərzində Təsviri incəsənət kafedrasının tədris etdiyi fənlər üzrə tələbələrin nəticələridir.

Dizayn fakültəsinin dekanı Fərid Kərimov bildirib ki, bu tədbirlə əldə etdiyimiz nailiyyətləri, topladığımız təcrübəni dizayn tədris edən başqa universitetlərlə də paylaşmaq istədik. Məqsədimiz odur ki, biz də onların təcrübəsini öyrənək, nailiyyətlərini müzakirə edək, fikir mübadiləsi aparaq.

F.Kərimov “Azərbaycan müəllimi”nə bildirib ki, bakalavr və magistratura səviyyəsində “Dizayn” ixtisası 3 dildə tədris edilir: “Bakalavr səviyyəsində ikili diplom proqramı var. Milan Politexnik Universiteti ilə reallaşdırılan bu layihəyə böyük maraq var. Fakültə tərkibində 3 kafedra ilə yanaşı, İtaliya-Azərbaycan Dizayn Mərkəzi də daxildir”.

Ustad dərsləri 

Dizayn həftəsinin növbəti günündə dizayn fakültəsinin müəllimləri mövzular əsasında maraqlanan şəxslər üçün ustad dərsləri keçib. 

Qrafik və media dizaynı kafedrasının təşkil etdiyi ustad dərslərində kafedranın müəllimləri Pərviz Əliyev və Firuzə Bədəlova dizaynın əsas istiqamətləri barədə çıxış ediblər. 

Tələbələr müzakirələr zamanı onlar aktiv suallar verib, öz fikirlərini bölüşüb və mövzular ətrafında diskussiyalara qatılıblar. Bəzi tələbələr öz dizayn işlərini nümayiş etdirərək müəllim və yaşıdlarından rəy alıblar ki, bu da biliklərin qarşılıqlı şəkildə bölüşülməsi və təcrübənin inkişafı baxımından mühüm rol oynayıb.

Mühit dizaynı kafedrasının təşkil etdiyi ustad dərslərində Aytən Şərifova və Əşrəf Baxşıyev “Kağızın gücü - maketləşmə prinsipləri” mövzusunda çıxış ediblər. Tələbələr təqdimatdan dərhal sonra kiçik qruplarla işləyərək ideyalarını maketlər üzərində nümayiş etdiriblər. 

Günel Ələsgərova “Fərdi mebel avadanlıqlarının kiçik ölçülü tətbiqi” mövzusunda real layihə nümunələri əsasında təqdimat apararaq tələbələrə fərdi yanaşmaların dizayn prosesində necə özünü göstərdiyini izah edib. 

“Açıq qapı” günü və sağlam həyat tərzinin təşviqi

“Dizayn həftəsi” çərçivəsində aprelin 23-də təşkil olunan “Açıq qapı” günündə müxtəlif məktəblərin şagirdləri, əsasən gələcəkdə dizayner olmaq istəyən abituriyentlər, o cümlədən valideynlər iştirak edib. Onlara universitetin dizayn sahəsindəki nailiyyətləri, tələbə layihələri və tədris prosesi barədə ətraflı məlumat verilib.

Eyni zamanda İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə sağlam həyat tərzini təşviq edən təlim keçirilib. Tədbir zamanı tələbələr interaktiv furşet formatında sağlam qidalanma prinsiplərini öyrənib, təbii məhsullarla italyan pizzası hazırlayıblar. Bu təlim həm öyrədici, həm də əyləncəli şəkildə həyata keçirilib. 

Həmin gün AzMİU-da cədvəl üzrə keçilən bütün dərslər açıq elan olunub. Arzulayan istənilən şəxs dərslərdə iştirak edib. 

Təbiətə açılan pəncərə

Təsviri incəsənət kafedrasının təşəbbüsü ilə açıq havada təşkil edilən plener tələbələrə real mühitdə müşahidə bacarıqlarını inkişaf etdirmək və işıq-rəng harmoniyasını əsərlərinə köçürmək imkanı yaradıb. Tələbələr canlı təbiətə əsaslanan rəsmlər çəkib, rəng duyumunu, kompozisiya bacarığını və fərdi ifadə tərzlərini ortaya qoyublar.

Tədbirin diqqətçəkən hissələrindən biri də memar və dizayner Kənan Sultanovun “S.E.N.S.U.M. by Amapola” layihəsi çərçivəsində çıxışı olub. O, “Vertikal yaşıllaşdırma” texnologiyasından danışaraq bu metodun ekoloji və estetik əhəmiyyətini izah edib. Tələbələr müasir memarlıqda fitodizaynın rolu ilə tanış olublar.

Panel müzakirə - Müasir təhsil texnologiya ilə birgə

Həftənin dördüncü günü plenar müzakirələrlə davam edib. Müzakirələrin əsas mövzusu isə son illərin ən aktual məsələlərindən biri - “Təhsildə süni intellekt alətlərindən istifadə” olub.

Panelə Dizayn fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Elşad Əliyev moderatorluq edib. 

Panelin əsas spikerlərindən olan Qrafik və media dizaynı kafedrasının baş müəllimi Fəridə Qasımova çıxışında süni intellektin dizayn öyrənmə prosesində vizual və mətn əsaslı alət kimi necə istifadə edildiyini nəzərə çatdırıb. 

“Dinamic Box”un həmtəsisçisi Yaqub Mehdiyev isə təqdimatında real layihələr üzərindən süni intellektin dizayn prosesinə olan təsirini izah edib. 

“Code Academy”nin həmtəsisçisi və icraçı direktoru Ülvi Aslanov çıxışında vurğulayıb ki, gələcəyin dizaynerləri həm vizual estetikaya, həm də texnoloji savadlılığa malik olmalıdırlar. 

“Dizayn həftəsi”nin sonuncu günü universitetdə dizayn tədrisinin tarixi, fakültənin uğurları, ümumi statistikalarla zəngin təqdimatlar həyata keçirilib. Sonra tələbələrin yaradıcılıq işləri hərraca çıxarılıb. 

Şərhlər

Xəbər lenti

28 aprel, 13:30

Çində təhsil alan doktorant: “Gənc tədqiqatçılar iki ölkə arasında elmi körpü ola bilərlər”

28 aprel, 13:24

Mayın 28-dək meteor yağışı müşahidə olunacaq

28 aprel, 13:08

“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib

28 aprel, 13:03

RFO-nun fizika və kimya fənləri üzrə final turu keçirilib

28 aprel, 12:20

“Öyrənməyi öyrətmək” – Dərin öyrənmənin sirri

28 aprel, 12:14

Sabahın hava proqnozu açıqlanıb

28 aprel, 11:49

TKTA-da Akkreditasiya komissiyaları ilə görüş keçirilib

28 aprel, 11:37

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

28 aprel, 11:36

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

28 aprel, 10:44

Yeni nəslin tərbiyəsi müzakirə edildi – Bu dəfə Gəncədə

28 aprel, 10:17

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

28 aprel, 10:00

Müəllimlər arasında “Nə? Harada? Nə zaman” oyunu keçirilib

28 aprel, 09:38

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür

27 aprel, 15:19

Gəncədə Mir Cəlal Paşayevin xatirəsi anılıb

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

27 aprel, 09:15

Sözümüzün gücü: Dövlət dili statusunun şərəfli yolu 

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.