
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunmuş “Elmdə Addımlar: TEC Günləri” layihəsi uğurla tamamlandı. Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunan bu layihə çərçivəsində tələbələrin elmi potensialını ortaya çıxarmağa, onların bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir sıra tədbirlər baş tutub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ilk olaraq 5–6 may tarixlərində Davamlı İnkişaf Məqsədlərinə həsr olunmuş dəyirmi masa formatında elmi müzakirələr keçirilib. Tələbələrin və mütəxəssislərin iştirakı ilə davamlılıq sahəsində mövcud çağırışlar və həll yolları geniş şəkildə müzakirə olunub.
Daha sonra 7–8 may tarixlərində baş tutan konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olundu. Konfrans çərçivəsində 600-dən çox tezis qəbul olunub, elmi məqalələr 23 müxtəlif bölmə üzrə sistemləşdirilib. 7 may tarixində açılış və plenar iclas, 8 may tarixində isə bölmə iclasları keçirilib. Tələbələr müxtəlif sahələrdə elmi məruzələrlə çıxış ediblər. Hər bölmə üzrə I, II və III yer sahibləri diplomlarla, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.
Ardınca 12 may tarixində Riyaziyyat, Fizika, İnformatika və Materiallar Müqaviməti fənləri üzrə olimpiada təşkil edilib. Bu mərhələdə tələbələrin nəzəri bilikləri və analitik düşüncə qabiliyyətləri qiymətləndirilib. Hər fənn üzrə I, II və III yer sahibləri diplom və pul mükafatları ilə təltif olunublar.
13–15 may tarixlərində “Gələcəyin Qurucuları” layihəsi çərçivəsində təlim və öyrədici sessiyalar baş tutub. Partnyor şirkətlərlə birgə təlimlər keçirildi, əlavə sessiyalar və laboratoriya sınaqları təşkil olunub. Bu mərhələdə iştirak edən tələbələr də sertifikatlar verilib.
Sonda bağlanış mərasimi keçirilərək layihə müddətində gerçəkləşdirilən konfrans, dəyirmi masa və “Gələcəyin Qurucuları” layihəsində uğurla iştirak edən tələbələrə diplom və sertifikatlar təqdim olunub.
Ümumilikdə, “Elmdə Addımlar: TEC Günləri” layihəsi çərçivəsində iştirakçılara 80-dən çox diplom və 600-dən çox sertifikat verildi. Bu layihə tələbələrin elmi və praktiki inkişafına təkan verərək, onların gələcək karyera yollarında mühüm rol oynayıb.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər