Bütün xəbərlər
22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” sadəcə təcrübəçi deyil, o, gələcəyin təhsil işçisi və idarəçisidir. Onların arasında elə gənclər var ki, qısa müddətdə karyeralarında çox böyük uğur qazana biləcək potensiala malikdirlər. “Maarifçi”lərə, sadəcə təcrübə keçən tələbə-məzun kimi baxılmır, onların həm də gələcəyini qururuq. Yanaşmamızı özümüzü onların yerinə qoyaraq müəyyən etməliyik ki, inkişaflarına şərait yaradaq”.

Bunu Elm və Təhsil Nazirliyinin əməkdaşı, “Maarifçi” tələbə-məzun təcrübə proqramı işçi qrupunun icraçı katibi Tünzalə Vəliyeva mentorlarla görüşdə dedi. "Strateji mentorluq: İstedadların aşkarlanması və inkişafı" mövzusunda keçirilən görüş təlim formatında idi və tədbirdə Elm və Təhsil Nazirliyinin və tabe qurumlarının əməkdaşları iştirak edirdilər.

“Hansı 3 tövsiyəni verərdiniz?”- Mentorlara tapşırıq

Nümunəəsaslı keçirilən görüşün baş qəhrəmanları “Maarifçi”lər - Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirdiyi III “Maarifçi”proqramının iştirakçıları idi.
Görüş iştirakçıları tapşırıqlar yerinə yetirdilər. Onlar qruplara bölünərək əvvəlcə “Təsəvvür edin ki, mentorluq etdiyiniz proqram iştirakçısı motivasiyasını itirib və tapşırıqları vaxtında yerinə yetirmir. Bu vəziyyəti necə həll edərsiniz?” sualına cavab verdilər. Sonra isə “Təcrübə proqramının sonunda iştirakçıların maksimum fayda əldə etməsi üçün mentor olaraq siz hansı 3 əsas tövsiyəni verərdiniz?” – sualına cavab olaraq öz tövsiyələrini hazırladılar.

“İstəyirik ki, “Maarifçi”nin elm və təhsil sistemi üçün əhəmiyyətini bilsinlər”

İşçi qrupun icraçı katibi Tünzalə Vəliyeva “Azərbaycan müəllimi”nə görüşdən danışaraq bildirib ki, əsas məqsəd III “Maarifçi” Tələbə-məzun təcrübə proqramının iştirakçılarına mentorluq edən əməkdaşların bu sahədə biliklərinin artırılmasıdır: “Mentor fəaliyyəti göstərən əməkdaşlara mentorluqla bağlı maraqlı strategiyalardan danışdıq, onlara prosesdə lazım olan faydalı tövsiyələr verdik”.

T.Vəliyeva bildirib ki, hər üç “Maarifçi”də mentorlarla belə görüşlər təşkil edilib, onlarla təcrübə prosesində rast gəlinən çatışmazlıqlar müzakirə olunub: “Belə görüşlərdə proqramın mahiyyəti, tətbiqində vacib istiqamətlər barədə məlumat verilirdi. Ancaq bu dəfə strateji mentorluq mövzusunda müzakirə apardıq, istedadların aşkarlanmasında hansı metodlardan istifadə edə biləcəyimizdən danışdıq. Onları daha çox məlumatlandırmağa çalışdıq. İstəyirdik ki, “Maarifçi”nin elm və təhsil sistemi üçün əhəmiyyətini bilsinlər. Çünki bu proqramın sayəsində təhsil idarəçilərini, bu sahədə potensialı olan kadrları müəyyən edirik. Ona görə də mentorların “Maarifçi” proqramının iştirakçıları arasından istedadları üzə çıxarmaları, idarəetmə bacarığı olanları düzgün müəyyənləşdirmələri bizim üçün önəmlidir. Bu baxımdan mentorlarla belə görüşlərin intensiv olmasını vacib hesab edirik. Bunun mentorluq bacarıqlarının da inkişafında faydalı olacağını düşünürük”.

Mentorlarla görüşün vaxtı da təsadüfi seçilməyib: “Təcrübə iştirakçıları gələn həftədən yerdəyişmə edəcək, hər biri indiyə qədər keçdiyi qurumdan fərqli quruma keçəcək, fərqli istiqamətdə təcrübəyə başlayacaqlar. Mentorlar üçün də gələn həftədən yeni başlanğıc olacaq”.

T.Vəliyeva hesab edir ki, mentorlarda bu görüşlər çox önəmli rol oynayır: “Proqram  barəsində məlumatları genişləndikcə ona töhfələri artır. Bir araya gəlməklə bir-birilərini də tanıyırlar. Bu görüşlər bizim üçün həm də ona görə faydalıdır ki, mentorlardan məhz belə görüşlərdə maraqlı təkliflər alır, həmin fikirlər əsasında proqramı zənginləşdiririk. Proqramın reallaşdırılmasında payı olan hər kəsin fikri nəzərə alınsın”.

“Hər iştirakçı nazirliyin mümkün qədər çox struktur bölməsində təcrübə keçəcək”

İcraçı katibin sözlərinə görə, III “Maarifçi” proqramının əvvəlkilərdən fərqi var. Bu dəfə proqram 4 ay müddətinə həyata keçirildiyi üçün 2 aydan sonra iştirakçıların fərqli istiqamətdə təcrübəyə cəlb edilmələri məqsədəuyğun sayılıb: “Mentilər fərqli strukturda və ixtisasına uyğun bölmədə təcrübə keçsinlər ki, daha kompleks biliklərə malik olsunlar. Əvvəlki proqramlarda bu, könüllü xarakter daşıyırdı. Bəzən isə proqram gedişatında iştirakçılarla bağlı öz mülahizələrimiz də olurdu və onu müvafiq qaydada fərqli sahəyə yönləndirirdik. Lakin bu dəfə bunu məcburi etdik ki, hər iştirakçı nazirliyin mümkün qədər çox struktur bölməsində təcrübə keçsin ki, bilik və bacarıqlarını daha çox təkmilləşdirə bilsin”.

Mentorlar nə düşünürlər?

2 saat çəkən təlim əsaslı görüşdən sonra mentorlar nə düşünürlər? İndiyədək öz mentiləri ilə necə davranmışdılar, bundan sonra mentor fəaliyyətlərində nəyi dəyişəcəklər?
Elm və Təhsil Nazirliyi Elm, ali və peşə təhsili şöbəsinin Peşə təhsili sektorunun müdiri Səbinə Babayeva ilk dəfə mentorluq fəaliyyətinə III “Maarifçi”də cəlb olunub: “Bir mentim vardı, artıq ikinci mentim də olacaq. Bu görüş ilk dəfə mentorluq edən şəxslər üçün mentorluğun əsaslarından tutmuş strateji yanaşmalara, nazirliyin gözləntilərinə qədər çox geniş təsəvvürümüz formalaşdı”.

Sektor müdiri menti ilə iki aylıq işindən də danışıb: “Çinarə Qasımlı ilk mentimdir və 2 aydır ki, onunla xeyli yol qət etmişik. Onun müsahibələrində də iştirak etmişdim və mənə çox böyük təsir bağışlamışdı. İstər dünyagörüşü, istər ingilis dili bilikləri, istərsə də peşə bilik və bacarıqları ilə bağlı kifayət qədər geniş təsəvvürləri olan, daim öz üzərində çalışan bir kadrdır. Fikrimcə, kifayət qədər uğurlu namizəddir. Əminəm ki, lider, təhsil idarəçisi kimi önəmli yerlərdə qərar tutacaq. Çinarə ilə Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin bir neçə ölkənin kvalifikasiyalar çərçivəsi ilə müqayisəli təhlilinə baxdıq. Çinarə əhatəli hesabat hazırladı. Münasibətlərimiz, sadəcə işlə də məhdudlaşmır. Biz bir-birimiz üçün öyrənib-öyrədən kimi davranırıq. Yalnız öyrətmirəm, özüm də Çinarə xanımdan öyrənirəm, xüsusən süni intellektdən istifadə ilə bağlı”.

Növbəti mərhələdə isə o, Nuray Məmmədli adlı “Maarifçi” ilə çalışacaq: “Nurayla daha strukturlu çalışmağı düşünürəm, formal və qeyri-formal mentorluğu bir arada aparmağı planlaşdırıram. Çinarə xanımla işimi daha çox qeyri-formal mentorluq üzərindən qurmuşdum”.

““Maarifçi”də bir rolum olacağını bilmək məni çox qürurlandırır”

“Maarifçi”də mentor fəaliyyətinə başlayacaq Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova bildirib ki, bu sahədə 2018-ci ildən işləyir, layihələrin idarə olunması sahəsində beynəlxalq sertifikatlar qazanıb və təcrübəçilərlə işləmək təcrübəsi var: “Gələn həftədən ilk dəfə “Maarifçi” proqramının iştirakçısı ilə işləyəcəyəm. Maraqlıdır ki, iştirakçı özü layihələrin idarə olunması sahəsində təcrübə keçmək istədiyini bildirib və qurum olaraq da Təhsilin İnkijşafı Fondunu seçib. Rəhbərliyimiz də onun üçün mentorluğu mənə tapşırıb. Əslində, bu mənə verilən dəyərdir və buna görə çox həvəsliyəm”.

Aysel Məhərrəmova növbəti iki ayda “Maarifçi” ilə görəcəyi işi artıq planlaşdırıb: “Çalışacağam ki, 2 ay müddətində qazandığım təcrübəni, onun üçün faydalı olacaq məlumatları mentimlə bölüşüm. Mentim mənimlə “Risklər necə tapılır”, “Büdcə necə idarə olunur?”, “İnsanlarla necə işləmək lazımdır?” və bu kimi başqa suallara real nümunələr əsasında cavab tapacaq. Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi layihələrdə onu işə cəlb edəcəyəm ki, növbəti 2 ayı faydalı keçirsin. Çünki gələcəyi bilmək olmaz, bəlkə “Maarifçi”dən sonra məhz layihələrin idarə olunması sahəsində ixtisaslaşmaq istəyər. Onunla beynəlxalq sertifikatlara necə hazırlaşmağım, bu istiqamətdə uğura necə nail olmağımla bağlı təcrübələrimi də bölüşəcəyəm”.

Layihələrin idarə olunması şöbəsinə “Maarifçi” tələbə-məzun təcrübə proqramı iştirakçısı ilk dəfə gəlsə də, onun bu sahədə təcrübəsi var: “Təhsilin İnkişafı Fondunda mentor proqramları  həyata keçirilir. Həmin proqramlar çərçivəsində “Yüksəliş” qalibləri ilə işləmişəm. Təhsil təcrübəmdə müəllimlik olduğu üçün öyrətməyə peşəmdən doğan bir maraq, həvəs var. Həm peşəmin bir hissəsi olan bir işlə məşğul olacağam deyə sevincliyəm, həm də “Maarifçi”də bir rolum olacağını bilmək məni çox qürurlandırır”.

1 /7

Şərhlər

Xəbər lenti

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:50

Milyonlarla uşağın oynadığı “Roblox” təhlükəsi: Valideynlər nə etməlidirlər?

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

22 avqust, 11:47

Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

22 avqust, 11:43

Yeni dərs ilinin tədris planlarına dair QEYDLƏR

22 avqust, 11:31

Məktəbəhazırlıq qruplarında uşaq sıxlığı necə müəyyənləşdirilir? 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.