Bütün xəbərlər
22 aprel, 11:35

Artıq 14-cü dəfədir ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən, yeniyetmə tədqiqatçıların öz ideyalarını reallaşdırması üçün böyük imkanlar yaradan “Sabahın alimləri” Respublika Layihə Müsabiqəsi bu il də ölkənin müxtəlif bölgələrindən olan istedadlı məktəbləri bir araya gətirdi.

Cənub bölgəsindən yarışmada iştirak edən və II yerə layiq görülən üç gəncin uğur hekayəsi isə xüsusi maraq doğurur. “Azərbaycan müəllimi” həm nəzəri elmlərə, həm də texnoloji yeniliklərə olan maraqları, istedadları ilə diqqət çəkən bu üç gənci sizə tanıtmaq istəyir.

“Riyaziyyat mənim üçün bir düşüncə tərzidir”

Astara rayon Təngərüd kənd Səməd Vurğun adına tam orta məktəbin X sinif şagirdi Əli Qurbanov müsabiqəyə “Bəzi triqonometrik tənliklərin kompleks ədədlərlə həlli” adlı layihə ilə tək qatılıb. Əli bu sahədə tədqiqat aparmağın və yeni yanaşmalar üzərində düşünməyin ona zövq verdiyini deyərək riyaziyyatla münasibətini belə izah edir:

“Riyaziyyat elminin arxasındakı məntiq əvvəl məni çox heyrətləndirirdi. Müəllimlərimin dəstəyi ilə bu marağım daha da gücləndi. İndi riyaziyyat mənim üçün sadəcə bir fənn deyil, bir düşüncə tərzidir. Hər bir məsələni bir tapmaca kimi görürəm və onu həll etmək mənə böyük zövq verir…”.

Rəqəmlərə olan sevgi

O, kompleks ədədlərə marağının uşaqlıqdan başladığını vurğulayır və layihəsinin motivasiyası barədə danışarkən belə deyir:

“Kompleks ədədlərin məntiqi dərinliyi və həyatın müxtəlif sahələrindəki tətbiqləri məni bu mövzuya yönəltdi. Riyaziyyatda abstrakt anlayışlarla işləməyi sevirəm və kompleks ədədlər məhz bu cəhətdən çox cəlbedicidir. Onların həqiqi və xəyali hissələrdən ibarət olması, cəbr və həndəsə ilə əlaqəsi məni bu mövzunu seçməyimdə rol oynadı…”.

Əli layihə üzərində işləyərkən qarşılaşdığı çətinlikləri interaktiv proqramlar, elmi mənbələr və müəllim dəstəyi ilə aşdığını qeyd edir. Layihəsinin praktiki əhəmiyyətindən bəhs edərkən isə bu sahələrin adını çəkir:

“Kompleks ədədlər texnologiyada, elektrik mühəndisliyində, siqnal emalında və kvant fizikası kimi sahələrdə geniş istifadə olunur. Məsələn, elektrik dövrlərinin analizində və dalğa funksiyalarının modelləşdirilməsində kompleks ədədlər vacib rol oynayır. Bu göstərir ki, tədqiqatım təkcə nəzəri deyil, həm də praktik əhəmiyyət daşıyır”.

Gələcəkdə riyaziyyat və fizikanın kəsişdiyi sahələr üzrə təhsil almağı arzulayan Əli bu müsabiqənin onun üçün elmi-tədqiqat dünyasına atılmış ilk əhəmiyyətli addım olduğunu deyir: “Məni riyazi model və alqoritmlər vasitəsilə real həyatdakı problemlərin necə həll etməyin mümkün olduğunu öyrənmək çox maraqlandırır. Hədəfim bu sahədə tədqiqatlar aparmaq və faydalı layihələr hazırlamaqdır. “Sabahın alimləri” müsabiqəsində iştirakım isə elmi-tədqiqat dünyasına atılmış əhəmiyyətli addım olub”. 

Dediyinə görə, müsabiqə ona elmi-tədqiqatın necə aparıldığını, araşdırma etməyin və nəticələri sistemli şəkildə təqdim etməyin əhəmiyyətini öyrədib. Eyni zamanda, tənqidi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirib: “Bu təcrübə mənə daha inamlı olmağım və gələcəkdəki elmi layihələrim üçün bir təməl yaratdı”.

Texnologiya ilə təhlükəsizlik arasında körpü - İmran və Asifin birgə layihəsi

Cəlilabad şəhəri akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin IX sinif şagirdləri İmran İbrahimov və Asif Alızadə “Mühəndislik” kateqoriyasında təqdim etdikləri “SafeHelm” adlı layihə ilə II yerə layiq görülüblər.

Onların hazırladığı ağıllı motosiklet kaskası təhlükəsizliyin, funksionallığın və texnoloji yeniliyin birləşdiyi uğurlu bir prototipdir. İmran layihənin ideyasını belə izah edir:

“Birgə hazırladığımız “SafeHelm” layihəsinin ideyası motosikletlərin avtomobillərə nisbətən daha çox qəzaya düşməsi və bu qəzaların nəticəsinin ağır olması səbəbindən yarandı. Bu layihə ilə motosiklet kaskalarının daha təhlükəsiz və müasir olmasına çalışmışıq. Layihə arduino və mikrobit texnologiyalarına əsaslanır. Akselerometr vasitəsilə vəziyyət müəyyən edilir, zərbələr qeydə alınır və lazım gəldikdə SOS siqnalı göndərilir. SOS siqnalı funksiyası, termal və su sensorları, soyuducu fan və avtomatik silici sistemləri kimi xüsusiyyətləri olan bu layihənin inkişaf etdirilməsi planlaşdırılır”.

Texnologiyaya maraq göstərsə də, tibb üzrə oxumaq istəyir 

İkili əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirən Asif layihədəki rolunu belə təsvir edir:

“Mən 3D printer vasitəsilə kaskanın xarici görünüşü ilə məşğul oldum, İmran isə proqramlaşdırma hissəsini yazdı…”.

İmran texnologiyaya maraq göstərsə də, gələcəkdə tibb sahəsində oxumağı düşünür. Asif isə hələ seçim qarşısındadır, lakin mühəndislik marağını inkar etmir. Layihə yalnız texniki deyil, şəxsi inkişaf baxımından da ona çox şey qazandırıb.

“Layihə bizə həm elmi bilik, həm də özümüzü ifadə etmə bacarığı qazandırdı”, – deyə onlar əlavə edirlər.

Fərqli layihələr, ortaq cəhətlər

Bu üç gəncin hekayəsi sübut edir ki, elmə maraq və əzmlə yanaşan hər bir şagird böyük uğurlara imza ata bilər. Onların layihələri fərqli olsa da, ortaq cəhət odur ki, hər biri düşünür, araşdırır və hər hansı yenilik yaratmağa çalışır.

Məhz bu xüsusiyyətlər onları sabahın həqiqi alimlərinə çevirəcək. Onlar üçün bu müsabiqə sadəcə bir yarış deyil, həm də öz ideyalarını təqdim etmə, tənqidi düşünmə və özünəinam kimi mühüm bacarıqları inkişaf etdirmək üçün böyük bir fürsət olub.

Onların uğurları yalnız fərdi nailiyyətlər deyil, eyni zamanda, təhsil sistemimizin və müəllimlərinin zəhmətinin bariz nümunəsidir. “Sabahın alimləri” müsabiqəsində qazandıqları təcrübə isə onların sabahkı böyük uğurlarının başlanğıcıdır.

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.