Dünya təcrübəsi sübut edir ki, şəxsiyyətin formalaşmasında məktəbəqədər təhsilin rolu böyükdür. Fərdin şəxsiyyətə çevrilməsi üçün əsas bünövrənin qurulması məhz bu təhsil ocaqlarının üzərinə düşür. Ölkəmizdə bu gün yüzlərlə məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onların arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulanlar da az deyil.
“Azərbaycan müəllimi” nitqi qüsurlu uşaqların təhsil aldığı sistemlə yaxından tanış olmaq üçün Sumqayıt şəhərində yerləşən 40 nömrəli Xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında olub.
Valideyn hələ körpə ikən uşaqla danışmalıdır
İlk görünüşdə digər bağçalardan fərqlənməyən müəssisənin binasına daxil oluruq. Qapıda dayanan xadimə xanım bizi nəzakətlə qarşılayıb direktorun otağına aparır. Xüsusi təyinatlı bağçanın direktoru ilə tanışlıq zamanı Nigar Əliyeva özü haqqında məlumat verərək bildirir ki, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 2006-cı ildən 2021-ci ilə qədər Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2021-ci ildən isə haqqında danışdığımız körpələr evi-uşaq bağçasının müdiri təyin edilib.
Daha sonra otaqları gəzərək N.Əliyevanın bağça haqqında məlumatını dinləyirik:
- Bağçamız bir və iki mərtəbəli iki korpusdan ibarətdir. Burada 3 loqoped otağı, 1 musiqi zalı, 1 mətbəx, tibb bacısı üçün otaq yerləşir. Bağça 1967-ci ildə ümumtipli məktəbəqədər müəssisə olaraq fəaliyyətə başlayıb. 1979-cu ildə isə müvafiq əmrə əsasən xüsusi tipli bağça kimi fəaliyyətini davam etdirib. Bağçamıza uşaq qəbulu sırf Psixoloji tibbi-pedaqoji komissiyanın qərarı əsasında aparılır. Biz özümüz heç bir uşağı qəbul etmirik, çünki diaqnoz qoya bilmərik - buna bizim ixtiyarımız yoxdur. Valideynlər ərizə formasında müraciət etdikdən sonra komissiya tərəfindən uşaqlar müayinədən keçirilir.
Komissiyanın qərarı, müəyyən sənədlər, sağlamlıq kağızları, nevropatoloqların qərarları əsasında uşaqların siyahısı bizim bağçanın sisteminə daxil edilir. Mən sistemdə gözləmədə olan uşaqları qrupuna uyğun yerlərə qəbul edirəm. Bağçamızın əsasnaməsinə görə, uşaqlar 3 yaşdan qəbul edilir. Çünki bu yaşa qədər artıq uşaqlarda nitq formalaşır və qüsurlar gözə çarpır. Bağçamıza Saray, Corat kimi uzaq qəsəbələrdən gələn uşaqlar var. Valideynlər uzaqlığa baxmadan uşaqlarını müəssisəmizə həvəslə gətirirlər, çünki onlar üçün əsas yaxşı nəticə lazımdır.
Məktəbəqədər müəssisədə gördüyümüz səliqə-səhman, eyni geyim formalı gülərüz işçi heyət bizə xoş aura bəxş edir. Müəssisə rəhbərinə suallarımızı ünvanlamaqda davam edirik:
- Nigar xanım, uşaqlarla iş prinsipiniz necədir? Eyni qrupun uşaqlarına eyni iş planı ilə yaxınlaşırsınız, yoxsa bu məsələdə fərdi yanaşmaya üstünlük verirsiniz?
- Bağçamız 64 yerlikdir və hazırda burada 61 uşaq var. Bağçamızda 6 qrup, yəni iki kiçik, iki orta, iki məktəbəhazırlıq qrupu mövcuddur. İldən-ilə qruplarımızın sayı dəyişir, misal olaraq, üç məktəbəhazırlıq qrupu ola bilər. Bununla yanaşı, hər qrupda maksimum 12 uşaq olmalıdır, artıq ola bilməz. Biz məktəbəqədər müəssisə olaraq 2025-ci il yanvarın 6-sına qədər həftənin 6 günü 24 saat fəaliyyət göstərirdik. Lakin bu ildən artıq həftənin 5 günü ərzində 12 saat fəaliyyət göstərəcəyik. Müəssisəmizdə 6 loqoped çalışır, 3 loqoped otağı mövcuddur. Hər otaqda 2 nəfər olmaqla defektoloqlar uşaqlara xidmət göstərirlər.
“Uşaqlarımızı məktəbə yola saldıqda nitqləri tam düzəlmiş olur”
Loqoded otaqlarına daxil olub onların uşaqlara göstərdiyi xidməti müşahidə edərək şəkillərini çəkirik. Bağça müdiri davam edir:
- Hər gün bu loqopedlərin uşaqlarla məşğələsi olur. Ümumi frontal məşğələlərdən sonra hansı uşaqda problem daha qabarıqdırsa, onunla fərdi şəkildə iş aparılır. Bəzən uşaqlarla iki-iki, üç-üç əlavə məşğul olurlar ki, mövcud problem aradan qaldırılsın. Loqopedlər tərbiyəçi və valideynlərlə qarşılıqlı əməkdaşlıq şəklində işləyir, tərbiyəçilərə müəyyən tapşırıqlar verirlər. Uşaqlar günortadan sonra yuxudan durduqda tərbiyəçilər həmin tapşırıqlar üzərində işləyirlər. Eyni zamanda, valideynlərə də tapşırıqlar verilir və onlar evdə uşaqlarla məşğul olurlar. Elə vaxtlar olur ki, mütləq psixoloqlarla əməkdaşlıq etməli oluruq. Uşaq bəzən özünə qapanır, aqressiv olur və psoxoloqla işlədiyimiz zaman daha yaxşı nəticələr əldə edilir. Məqsədimiz bizə gələn uşaqların nitqi üzərində işləyib əlimizdən gələn qədər mövcud problemi aradan qaldırmaqdır. Valideynlər bizimlə əməkdaşlıq edərkən, bizimlə razılaşarkən daha tez və yaxşı nəticələr əldə olunur.
Çalışırıq bağçamıza göndərilən uşaqların nitqindəki qüsuru tam aradan qaldırıb onları məktəbə yola salaq. İstəmirik ki, kimsə sonradan bu uşaqların qəlbinə dəysin və onlar qüsürlu nitqinə görə utanıb sıxılsınlar. Çox şükür ki, əksər hallarda yaxşı nəticələrə nail ola bilirik. Uşaqlarımızı məktəbə yola saldıqda onlar digər uşaqlardan seçilmirlər, nitqləri tam düzəlmiş olur. Nadir hallarda elə çətinlik dərəcəsi olur ki, müəyyən əməliyyatlar tələb olunur və sonradan belə uşaqların da nitqi düzəlir. Loqopedik kabinetlərimiz müasir stadartlara uyğun olaraq ən son təchizatlarla təmin olunub. Loqoped və tərbiyəçilərin birgə səyi və əməyi nəticəsində çox böyük uğurlara imza atmışıq. Burada xadimə, dayə və texniki işçilərin də əməyini unutmaq olmaz. Uşaqlarla savadlı işçi heyət çalışır.
“Valideynləri necə maarifləndirirsiniz?” sualına cavabında müsahibim bildirir: “Bunun üçün valideyn iclasları təşkil edirik, onlara uşaqlarla necə rəftar etməyin yollarını başa salırıq. Valideyn hələ körpə ikən uşaqla danışmalıdır. Yalnız yedizdirmək, içizdirmək, yatızdırmaqla valideynlik olmur. Uşağın mənəvi ehtiyacları ödənilməlidir, uşağa sevgi, qayğı, diqqət mütləqdir. Valideynlərə tövsiyə edirik ki, uşaqları televizorun, telefonun qabağına qoyub gedib işinizlə məşğul olmayın. Bu zaman uşaq özünə qapanır, danışmır, ünsiyyət qurmur. Sonradan düşüb həkim, loqoped axtarmamaq üçün körpə vaxtından uşaqlarınıza diqqət ayırın. Əlbəttə, anadangəlmə problemləri olan uşaqlar da var, ancaq uşaq sağlam dünyaya gəlibsə və sonradan özünə qapanırsa, bunun mütləq səbəbi var.
Ailədə problem ola bilər, ancaq bu problemi uşağa yansıtmaq olmaz. Böyüklərin 5-10 dəqiqədən sonra yadından çıxaracağı məsələ uşağın yaddaşına daima həkk olunur. 6 yaşadək uşaqlar süngər kimi hər bir şeyi özünə çəkir, yaxşı və pis münasibəti unutmur. Böyüklər psixoloq yanına gedəndə niyə körpəliyə qayıdır? Çünki bütün olanlar elə həmin vaxta təsadüf edir. Bu cür söhbətlərdən sonra valideynlərdə çox dəyişiklik müşahidə edirik. Hətta aqressiv valideynlərimiz mülayimləşir. Başa düşürlər ki, biz də onlar kimi ancaq uşaq üçün çalışırıq: məqsədimiz eynidir. İşimiz çox məsuliyyətlidir. Uşaqlara sevgi, qayğı mütləqdir. Uşaqları hədsiz sevirəm, işimə məsuliyyətlə yanaşmağa çalışıram və eyni məsuliyyəti tərbiyəçi-müəllimlərdən, loqopedlərdən tələb edirəm. Mən özüm, loqoped və tərbiyəçilərimiz mütəmadi olaraq müxtəlif təlimlərdə, kurslarda iştirak edirik, hərtərəfli öz üzərimizdə işləyirik, bütün yeniliklərdən xəbərdar olmağa çalışırıq”.
“Qarşımıza 6 ay müddətində uşağın danışmasına nail olmaq məqsədi qoyuruq”
Loqoped xanımlarla ayrı-ayrılıqda söhbət edərək öyrənirik ki, onların hər biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olub.
Xatirə Əliyeva ADPU-nun Defektologiya fakültəsini bitirib və 2001-ci ildən bağçada fəaliyyət göstərir. İşlədiyi 24 il ərzində ildən-ilə nitq qüsurlu uşaqların sayında artım müşahidə edildiyini diqqətə çatdırır. Loqoped valideynlərin hələ uşaq dünyaya gətirməzdən əvvəl maarifləndirməli olduğunun vacibliyinə diqqət çəkir: “Biz ağır formalı nitq qüsuru olan uşaqlarla işləyərkən masajdan, zondlardan, şpatellərdən istifadə edirik. Qarşımıza 6 ay müddətində uşağın danışmasına nail olmaq məqsədi qoyuruq, lakin hərdən olur ki, vaxt gedir və heç bir irəliləyiş baş vermir. Zondla, masajla işlədikdən sonra ay yarıma istədiyimiz nəticəni əldə edirik. Kəkələmə, səs qoyuluşu, nəfəs vermə problemi olan uşaqlarda bu metod xüsusilə yaxşı nəticəyə gətirib çıxarır. Bəzən uşaqlar olur ki, eşitməsi yaxşıdır, ancaq fonetik-fonematik qavramada problemləri var. Yəni bir uşağın məktəbəqədər səviyyədən artıq məktəbə hazırlaşmağı üçün biz mütləq bu proseslərdən keçməli oluruq ki, uşaq məktəbdə sərbəst, rabitəli, ardıcıl şəkildə danışmağı bacarsın. Düşünürəm ki, tək bizim nitq qüsurlu bağçada deyil, digər bağçalarda da nitq problemi olan uşaqlara rast gəlinir. Lakin həmin ümumtipli bağçalarda loqoped ştatı yoxdur. Bizim bağçanın üstünlüyü ondan ibarətdir ki, məhz loqopedlər uşaqların nitqinin formalaşdırılması ilə məşğuldur”.
Nigar Əhmədova ADPU-nun Defektologiya fakültəsini “Loqoped” ixtisası üzrə bitirib. 2009-cu ildən bu bağçada çalışdığını söyləyən Nigar xanım uşaqların nitqində olan qüsurların aradan qaldırılması, korreksiyası ilə yanaşı, inklüziv, əqli problemləri olan uşaqlarla da işlədiyini bildirir: “Bağçamız dövlət tərəfindən lazımi loqopedik vəsaitlərlə təmin olunur. Eyni zamanda, özümüz də nitq gimnastikalarına uyğun aparatlar, diqqət, yaddaşla işləmək üçün kartlar və s. ləvazimatlar alırıq, digər ölkələrdən sifariş edib gətizdiririk. Biliklərimizi artırmaq üçün mütəmadi olaraq təlimlərə qoşuluruq. Sonuncu dəfə dekabrın 22-də “Exolaliya və onun aradan qaldırılması yolları” ilə bağlı təlimə qoşulmuşdum. Davamlı olaraq çalışırıq ki, onlayn da olsa hər il bir neçə dəfə təlimlərə qoşulaq, biliklərimizi təkmilləşdirək. 2024-cü ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun rəhbərliyi ilə bağçamızda loqopedlərə həftədə 2-3 dəfə olmaqla 12 dərs keçildi və sertifikatlar aldıq. Eyni zamanda, Nitq İnkişaf Mərkəzinin rəhbəri, defektoloq-loqoped Esmira Kazımovanın keçirdiyi təlimlərdə iştirak etdik”.
Loqoped Zeynəb Axundova ADPU-nun İbtidai sinif müəllimliyi fakültəsini bitirib. Sonradan isə ixtisasartırma nəticəsində “Korreksiyaedici təlim” ixtisasına yiyələnib. 2016-cı ildən bağçada nitq qüsurlu uşaqlarla işləyən Zeynəb xanım deyir: “Mən kiçik qrupun loqopediyəm. Bağçamıza dislaliya, alaliya, rinolaliya, mutizm və s. diaqnozla gələn uşaqlar var. Biz, əsasən, oyunlarla, səsli təqlidlərlə, kiçik motor bacarıqları ilə məşğul oluruq, uşaqların lüğət ehtiyatını artırmağa çalışırıq. Mən autizm, daun, nitq pozuntularına aid təlimlərə qoşuluram, özümü inkişaf etdirirəm. Çünki işimiz bizdən bunu tələb edir. Bizə gələn uşaqlarda, əsasən, nitq olmur. Şəkil üzrə, səs kartları ilə işləməklə, oyunlarla uşaqların söz, lüğət ehtiyatını artırmaqla məşğuluq”.
“3-4 yaşlı uşaqları təqlidlərlə, kartlarla səsə hazırlayırıq”
Könül Həsənova ADPU-nun İbtidai sinif müəllimliyi fakültəsini bitirib. “Korreksiyaedici təlimin metodları və metodologiyası” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O deyir: “Mən 2016-cı ildən bu bağçada çalışıram, orta yaş qrupunda 3-4 yaşlı uşaqlarla işləyirəm. Biz bu uşaqları təqlidlərlə, kartlarla səsə hazırlayırıq. Bizə gələn uşaqlarda səs olsa da, nitq olmur. Didaktik oyunlardan, kiçik motor bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuş tapşırıqlardan istifadə edərək (düymələri ipə düzmə, plastilindən, pazllardan istifadə) uşaqların qüsürlarını aradan qaldırmağa çalışırıq. Uşaqlar 2-4 sözdən ibarət cümlələr qurmağı öyrənirlər. Bir il ərzində heç danışa bilməyən uşaq artıq sözləri deyir, cümlələr qurur”.
Aida Həsənova ADPU-nu “Korreksiyaedici pedaqogika və xüsusi psixologiya” ixtisası üzrə bitirib. 2004-cü ildən bağçada loqoped kimi fəaliyyət göstərir. “Bizim iş prinsipimiz belə qurulub ki, həftənin 5 günü qrupda frontal məşğələlərimiz olur. Frontal məşğələlərdə keçilən mövzular əsasında sonra fərdi məşğələlər davam edir. Frontal məşğələ perspektiv plan əsasında qurulur. Fərdi məşğələlərdə isə qec qavrayan, çətinlik çəkən uşaqlarla ayrıca məşğul oluruq. Əgər uşaqda səs problemi varsa, nəfəs, artikulyasiya gimnastikası, sait səslərin üzərində oxunuşlar, səslərin sözdə, cümlədə düzgün tələffüzü, cümlə qurmaq, rabitəli nitqin inkişafı üzərində işləyirik. Uşaqlar şəkil üzərində 2, 4 cümlədən ibarət rabitəli cümlələrlə hekayələr, mətnlər danışırlar”.
“Uşaqların fiziki inkişafına önəm veririk”
Loqopedlərlə tanışlıqdan sonra tərbiyəçi-müəllimlərə yaxınlaşırıq. Həmsöhbətimiz Xatirə Ağayeva 1997-ci ildə ADPU-nun Məktəbəqədər pedaqogika və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib və elə həmin ildən bu bağçada tərbiyəçi vəzifəsində çalışır. İşini, uşaqları çox sevdiyini deyən müəllim loqopedlərin frontal məşğələlərindən sonra tərbiyəçilərin məşğələlərinin başladığını deyir: “Bizə gələn uşaqlar danışmaqda çətinlik çəkdikləri üçün bir az daha həssas, aqressivdirlər. Biz də çalışırıq ki, onlardan öz sevgimizi əsirgəməyək. Məktəbəqədər yaşlı uşaqların keyfiyyətli təlim-təhsilini təmin edirik, bir şəxsiyyət kimi formalaşmasına şərait yaradırıq, özlərinə, ailələrinə, Vətənlərinə, dövlət rəmzlərinə qarşı hörmət və məhəbbət hisslərini aşılayırıq. Uşaqlar burada kollektivdə olurlar, bi-birlərilə, böyüklərlə ünsiyyət qururlar. Bu, onların sosiallaşmasına kömək edir. Bizim əvvəlcədən öz prespektiv planımız olur və onun əsasında işimizi qururuq. Bütün qruplarımızda fəaliyyət mərkəzləri var və orada uşaqlar məşğul olurlar. Gəzintilər, ekskursiyalar, hərəkətli, didaktiv oyunlar həyata keçiririk, uşaqların həm fiziki, həm idraki, sosial-emosional, estetik cəhətdən inkişafı üçün hər bir şərait yaradılıb. İşimizdə yeni təlim metodlarından istifadə edirik. Mən hazırlaşmadan məktəbəqədər pedaqoji işçilərin diaqnostik qiymətləndirilməsi imtahanında 45 bal topladım. Məqsədim gələcəkdə daha yüksək nəticə əldə etməkdir”.
Xədicə Kərimova Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinin İngilis dili müəllimliyi fakültəsini bitirib. 2017-ci ildən bağçada tərbiyəçi-müəllim olaraq fəaliyyət göstərir. Diaqnostik qiymətləndirmədə iştirak edərək 52 bal toplayıb. Xədicə xanım deyir: “Nitq qüsurlu uşaqlarla işləmək xüsusi diqqət tələb edir. Təlimdən öncə bu uşaqlara ürəklə, sevgilə yanaşmaq lazımdır. Təhsilimiz inklüzivdir və bu cür təhsilin iki qolu var: tibbi və sosial model. Biz ancaq sosial modellə işləyirik, çünki çalışırıq ki, problemi uşaqda görməyək.
Valideynlərlə əməkdaşlıq bizim işimizdə çox önəmlidir. Fəaliyyətimizdə 4 inkişaf sahəsinin hamısından istifadə edirik. Ən çox uşaqların fiziki inkişafına önəm veririk, çünki hər bir şeydən öncə sağlamlıq gəlir. Uşaq sağlam olarsa, digər bütün nailiyyətləri asanlıqla əldə etmək olur. Valideynlərlə əməkdaşlığı ona görə vurğuladım ki, uşağın təmizliyi, düzgün qidalanması, yuxu rejimi barədə valideynləri məlumatlandırırıq ki, bağçada olduğu kimi, evdə də uşaqlara diqqət və qayğı göstərsinlər. Müasir təlim metodlarından, materiallardan istifadə etməyə çalışırıq. Uşaqlar müxtəlif oyunlar oynamağı, əl işləri düzəltməyi, qayçıdan, yapışqan və rəngli kağızlardan istifadə etməyi çox sevirlər. Digər bağçalarda olduğu kimi, müəssisəmizdə uşaqlar rəqslə məşğul olur, şerlər öyrənir, mahnılar oxuyurlar”.
Valideyn məmnunluğu
40 nömrəli Xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası barədə fikirlərini öyrənmək üçün valideynləri gözləyirik. Övladını götürmək üçün ilk bağçaya gələn valideyn Lalə Babazadədir. O, oğlu İbrahim Babazadəni 4 yaşından bu bağçaya gətirir. İbrahim artıq 6 yaşına qədəm qoyur. Lalə xanım deyir: “Ümumi nitq geriliyi problemi olduğu üçün oğlumu 2023-cü ilin sentyabrından bu bağçaya gətirirəm. Oğlum bura gələndə tələffüzündə çox qüsurlar var idi. Müəllimlərin və loqopedlərin pedaqoji bacarığı, peşəkarlığı sayəsində İbrahimin nitqindəki problemlər demək olar ki, aradan qalxıb. Düşünürəm, sentyabrda övladım orta təhsilə tam hazır şəkildə, səlis nitqlə qədəm qoyacaq”.
Sevinc Kərimlinin iki övladı – Kərəm və Mələk bağçada təhsil alırlar. Sevinc xanım bildirir ki, övladlarının hər ikisinin nitqində problem olub. Həkimlərə müraciət etdikdən sonra ona bu bağçanı məsləhət görüblər: “Mən buradakı yüksək şəraitdən, loqoped və tərbiyəçilərin peşəkarlığından çox razıyam. Artıq iki ildir ki, uşaqlarımı bu bağçaya gətirirəm və nəticədən məmnunam”.
Valideynlərlə söhbəti yekunlaşdırıb pozitiv təəssüratlarla bağçadan ayrılırıq. Tanış olduğumuz fədakar qadınlar isə xüsusi qayğıya ehtiyacı olan uşaqlara hər gün yeni nəsə öyrətmək, intellektual hazırlıq baxımından yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, məntiqi təfəkkür, təxəyyül formalaşdırmaq, nitqlərini inkişaf etdirmək, onları həyata hazırlamaq məqsədilə sabah yenidən öz işlərinin başında olacaqlar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)