Bütün xəbərlər
21 oktyabr, 15:26

“Azərbaycan müəllimi” qəzeti məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün keçirilən diaqnostik qiymətləndirmə imtahanında ən yüksək nəticə göstərən Balakən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Sədaqət Bayramova ilə həmsöhbət olub.

– Diaqnostik qiymətləndirmə imtahanında ən yüksək nəticə göstərərək 60 bal topladınız. Təbrik edirik! Bu uğurunuzun səbəbini necə izah edərdiniz?

– Çox təşəkkür edirəm! Çox sevindim ki, belə yüksək nəticə qazandım. Sualların çətin və məntiqə əsaslanan olduğunu bilirdik, amma imtahanın nəticəsini görəndə sevincimdən gözlərim doldu. Düşünürəm ki, uğuruma səbəb uzun illər boyu qazandığım təcrübə və kollektivimizlə birgə keçirdiyimiz təlimlər oldu. Biz hamımız Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan diaqnostik qiymətləndirmə imtahanına ciddi hazırlaşdıq. Həmçinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan təlimlərə də qatıldıq. Mən bu peşəni və uşaqları çox sevirəm. Bu sevgim uğuruma səbəb oldu.

– İmtahana hazırlıq necə keçdi?

– İmtahan öncəsi kollektivimizlə müzakirələr apardıq, təlimlərdə aktiv iştirak etdik. Balakən şəhər 3 nömrəli körpələr evində müəllim yoldaşlarımızla birlikdə hazırlıqlarımızı gücləndirdik. Hər birimiz bu qiymətləndirmə imtahanına böyük məsuliyyətlə yanaşdıq, çünki bu bizim peşəkar fəaliyyətimizin daha da təkmilləşdirilməsinə yönəlmiş bir addımdır. Mən də kollektivlə birgə bütün təlimlərdə fəal iştirak etdim. Yüksək nəticə gözləyirdim, amma 60 bal toplamaq çox sevindirici oldu.

– Bu peşəni seçməyinizin səbəbi nə idi?

– 1996-cı ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu bitirdikdən sonra uşaqlarla işləmək istədiyimi tam əminliklə dərk etdim. 1998-ci ildən Balakən şəhər 3 nömrəli körpələr evində çalışıram və hər zaman uşaqların inkişafına, onların təlim-tərbiyəsinə böyük önəm vermişəm. Onların düzgün yetişdirilməsi mənim üçün çox vacibdir. Bu peşə mənim üçün sadəcə iş deyil, həyatımın bir parçasıdır.

– İmtahanda qarşınıza çıxan suallar necə idi?

– Suallar çox düşündürücü və məntiqə əsaslanan idi. Bəzi sualların cavabını tapmaq üçün əvvəlcə dərindən düşünməli oldum. Bu, mənim üçün maraqlı bir təcrübə oldu, çünki suallar bir tərəfdən bizim nəzəri biliklərimizi, digər tərəfdən isə praktik təcrübəmizi yoxlayırdı. Hər bir müəllimə bu çətin və şərəfli peşəmizdə uğurlar arzulayıram.

– Ailənizin və kollektivinizin bu uğurunuzdakı rolu barədə nə deyə bilərsiniz?

– Əlbəttə, uğurumun arxasında ailəmin, xüsusilə də həyat yoldaşımın dəstəyi dayanır. Onların mənə verdiyi dəstək olmasaydı, bu qədər irəli gedə bilməzdim. Eyni zamanda kollektivimizin də rolu böyükdür. Bir-birimizə hər zaman dəstək oluruq və bu da bizi daha güclü edir. Bizim bağçamızda hər bir müəllim çox fəaldır və bir-birimizə kömək edirik.

Balakən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının bizimlə həmsöhbət olan müdiri Mehriban Mehdiyeva bütün müəllimləri imtahanda göstərdikləri yüksək nəticələrə görə təbrik edib və onların hər birinin öz peşəsinə sevgi və məsuliyyətlə yanaşdıqlarını vurğulayıb. M.Mehdiyeva Sədaqət Bayramovanı, xüsusilə təbrik edərək, onun çox çalışqan, məsuliyyətli və peşəkar bir müəllim olduğunu bildirib. "Sədaqət müəllim hər zaman fədakarlığı və işinə olan sevgisi ilə seçilib. Bu uğur illər boyu qazandığı təcrübənin və əməyinin nəticəsidir", - deyə Mehriban xanım qeyd edib. O, eyni zamanda digər müəllimlərə də sertifikatlaşdırma imtahanında uğurlar arzulayaraq, bütün kollektivin bu imtahanlardan da uğurla çıxacağına inamını ifadə edib.

“Azərbaycan müəllimi” qəzeti olaraq Sədaqət Bayramovanı və digər uğur qazanan müəllimləri ürəkdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.