Bütün xəbərlər
13 mart, 15:05

Şəkinin əsrarəngiz gözəlliyini seyr edə-edə tarixin və mədəniyyətin əl-ələ verdiyi bir məkana qədəm qoyuruq. Bura uzun illərdən bəri şəhərin təhsil ənənələrini şərəflə daşıyan 8 nömrəli beynəlmiləl tam orta məktəbdir. Çoxlarının “8 nömrəli məktəb” kimi tanıdığı bu tədris ocağı, həm tarixi, həm də burada yetişən məzunların böyük nailiyyətləri ilə seçilir. Biz də bu məktəbdə uğurun sirlərini, fədakar müəllimlərin və istedadlı şagirdlərin töhfələri ilə yaxından tanış olmaq üçün yola çıxdıq.

Keçmişin işığı: 1929-cu ildən bu günə

Məktəb 1929-cu ildə Şəkidə ilk rus məktəbi olaraq fəaliyyətə başlayıb, 1992-ci ildən isə beynəlmiləl status alaraq, eyni zamanda həm rus, həm də Azərbaycan bölməsində şagirdlərə tədris verir. Uğurlu fəaliyyəti, yüksək təhsil nəticələri nəzərə alınaraq 2014-cü ildən “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. 

Bu illər ərzində məktəbin məzunları sırasında tanınmış rejissor Rasim Ocaqov, məşhur bəstəkar Cavanşir Quliyev, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev, Dövlət Sərhəd Xidmətinin general-leytenantı Əsgər Xəlilov, Almaniyada tanınmış həkim Nail Əliəkbərli, Milli Bankın vitse-prezidenti Vüsal Cəlilov və Beynəlxalq Bankın vitse-prezidenti Elmir Həbubullayev kimi nüfuzlu şəxslər yer alır. Onların hamısı 8 nömrəli məktəbin yetirmələri olmaqla, ölkəmizin inkişafına töhfələr verməyə davam edirlər.

“Şəkidə ən böyük məktəb bizik”  

Məktəb direktoru Büllurə Abdulsəlimli ilk növbədə, vurğuladı ki, 8 nömrəli məktəb Şəkinin şagird sayı ən çox olan təhsil müəssisəsidir. Burada hazırda 1500-dən çox şagird 62 sinifdə (38-i rus, 24-ü Azərbaycan bölməsi) təhsil alır və onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur:

“Böyük məktəbdə təhsil prosesi çoxşaxəlidir. Bu, həm bizim məsuliyyətimizi artırır, həm də uğurlarımızı çoxaldır. Şənbə günləri də tədris keçən yeganə məktəbik. Düşünürəm ki, bu, şagirdlərə daha geniş zaman aralığında yüksək səviyyəli təhsil verməyə imkan yaradır. Eyni zamanda şagirdlərin müxtəlif layihələrdə, olimpiadalarda iştirakı üçün də əlavə vaxt qazanırıq”.

Onu da əlavə edək ki, Billurə müəllim 2021-ci ildə təhsildə göstərdiyi xidmətlərə görə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib, eləcə də  ATİAHİ tərəfindən “Yubiley döş nişanı”na layiq görülüb.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Anar Məmmədov bildirib ki, hədəfləri layihələr vasitəsilə zəif nəticə göstərənlərin yüksəlişinə nail olmaq, onları inkişaf etdirməkdir. “Mikro:bit” kimi layihələr uşaqda robototexnikaya, alqoritmik düşüncəyə maraq yaradır. 

8 nömrəli məktəbin məzunlarının uğurları şəhərin hüdudlarını aşıb. Məsələn, Gülşən İsmayılova Fransanın nüfuzlu Sarbonna Universitetinin I kurs tələbəsidir. Yaxud 2023-2024-cü tədris ilinin məzunu Ömər Əliyev Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 685 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

Biz Gülşənlə qısa söhbət etdikdə, o, məktəbinin beynəlmiləl olması sayəsində öz dil biliklərini, dünyagörüşünü inkişaf etdirdiyini vurğuladı:

Hazırda Sarbonna Universitetinin tələbəsi olan Gülşən İsmayılova deyir: “Burada təkcə rus və Azərbaycan dili deyil, ingilis dili, hətta digər xarici dillərlə bağlı da əlavə dərnəklər təşkil olunurdu. Müxtəlif dillər və mədəniyyətlərlə tanışlığım Sarbonna Universitetinə qəbul prosesində mənə böyük üstünlük verdi”.

Ömər Əliyev isə hazırlıq prosesində müəllimlərin ona göstərdiyi qayğını xüsusilə qeyd edir: 
“Mən məktəbimizdə hər zaman müəllimlərimin diqqət mərkəzində olmuşam. Təhsil prosesi fərdi yanaşma əsasında qurulduğundan öz potensialımı tam aşkar etməyimə şərait yarandı. Bu səylər məni ali məktəbə qəbulda uğur qazanmağa motivasiya etdi”.

Olimpiadalar və yaradıcılıq: Şagirdlərin səs-sorağı dünyadan gəlir

Məktəbin yetirməsi olan 11-ci sinif şagirdi Duyğu Qaffarova 15-ci rus dili və ədəbiyyatı olimpiadasında birinci yeri tutub. Onun bu uğurunu müəllimi Nərminə Hacızəkəriyyəyeva xüsusi qürurla dilə gətirdi:

“Duyğu uşaqlıqdan dillərə böyük maraq göstərirdi. Biz də onu yönləndirərək olimpiadalarda iştirak etməyə həvəsləndirdik. Təkcə fənn bilikləri deyil, həm də yaradıcı düşüncə, ədəbiyyata sevgi onun bu uğura nail olmasında əsas amillərdir”.

Məktəbin X sinif şagirdi Mehriban Əliyevanın “Xəyalpərəst” adlı animasiya filmi Belarusda keçirilən “Animaevka-2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında 30 ölkədən göndərilən 188 film arasında “Ən yaxşı animasiya rəssamı” nominasiyası üzrə qalib olması təkcə məktəbdə deyil, bütün Şəkidə sevinclə qarşılanıb. Mehriban öz sevincini bu sözlərlə bölüşür:

“Film çəkilişlərində müəllimlərimdən böyük dəstək almışam. Məktəb, mənim üçün yaradıcılıq meydançasına çevrildi, burada sərbəst şəkildə öz fantaziyalarımı reallaşdıra bildim”.

Nitq mədəniyyəti və təlim metodikası: Azərbaycan dili müəlliminin yanaşması

Vüsalə Məmmədova 16 ildir ki, Azərbaycan dili üzrə müəllim kimi fəaliyyət göstərir və sertifikasiyada maksimum (100 faizlik) nəticə göstərərək peşəkarlığını bir daha təsdiqləyib. O, təkcə dil qaydalarını keçməklə kifayətlənmədiyini, şagirdlərin nitq inkişafına xüsusi diqqət ayırdığını vurğulayır:

“Şəkinin özünəməxsus, şirin ləhcəsi var. Ancaq dərslərimdə şagirdlərə izah edirəm ki, ədəbi dil qaydalarını da mükəmməl mənimsəmək vacibdir. Nitq mədəniyyəti – sözün düzgün tələffüzü, vurğusu, söz ehtiyatının zənginliyi və səlis ifadə tərzi deməkdir. Mən bu prosesdə interaktiv üsullara, rollu oyunlara, qısa debatlara üstünlük verirəm. Şagirdlər cəsarətlə danışdıqca onların nitqi formalaşır”.
Məhz bu xüsusi yanaşma Vüsalə müəllimənin siniflərində yüksək nəticələri təmin edir, şagirdlərin ünsiyyət vərdişlərini genişləndirir.

Məktəbdə psixoloji dəstək: 1997-ci ildən başlayan etimad

8 nömrəli məktəbdə psixoloq xidməti 1997-ci ildən mövcuddur və bu ildən Sevinc Abdullayeva psixoloq vəzifəsində çalışır. Onun fəaliyyəti təkcə şagirdlərlə məhdudlaşmır, valideynlərlə də sıx əməkdaşlıq aparır.

“Uzunillik təcrübəm göstərir ki, bəzən ailədaxili problemlər ucbatından şagirdlər aqressiv davranış sərgiləyir. Bu zaman məndən ən vacib tələb – onların etimadını qazanmaqdır. Fərdi konsultasiyalarda qarşılaşdıqları problemləri dilə gətirirlər, mən isə valideynlərlə də söhbətlər aparıram. Çünki uşaqlara sevgi və diqqət bəxş etmək, uğurlu məktəbli və sağlam cəmiyyət formalaşdırmağın əsas şərtlərindən biridir. Şagirdlər mənə sirdaş kimi yanaşırlar, çünki yaxşı bilirlər ki, onların etirafları məxfi qalır. Hər birində inam və özünə güvən yaratmaq mənim əsas məqsədimdir”.

“Rəqəmsal bacarıqlar” layihəsi: yeni dövrün çağırışları

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində bu il 8 nömrəli məktəbdə 10 və 11-ci siniflər üçün iki ixtisaslaşdırılmış IT sinif təşkil edilib. Direktorla söhbət zamanı öyrənirik ki, əvvəlcə nazirliyin keçirdiyi imtahanlarda 41 nəfər şagird yüksək nəticə göstərərək həmin siniflərə qəbul olunub. Bununla 8 nömrəli məktəb Şəkidə “Rəqəmsal bacarıqlar” layihəsini tam tətbiq edən ilk təhsil ocağına çevrilib. Billurə müəllim qeyd etdi ki, “Layihə çərçivəsində dərslər həftədə beş dəfə keçirilir. Şagirdlər “Python” proqramlaşdırma dili, alqoritmlər, 3D modelləşdirmə, veb-dizayn, oyun dizaynı, robototexnika və digər texnoloji istiqamətlərdə biliklərini artırırlar. Hazırda ümumilikdə 1000-dən çox şagird bu layihədən faydalanır ki, onların 41 nəfəri 10-cu sinif şagirdləridir. Əsas məqsədimiz şagirdləri gələcəyin texnoloji dünyasına hazırlaşdırmaqdır”.

Məktəbdə müəllimlərin professional inkişafı

Bu uğurların qazanılmasında müəllimlərin peşəkar inkişafı da həlledici rol oynayır. Diaqnostik qiymətləndirmə və sertifikasiya nəticələrinə görə, 8 nömrəli məktəbin müəllimlərinin 20 faizi (yəni əhəmiyyətli bir hissəsi) 50+ bal toplayaraq, maksimum nəticə əldə ediblər. İngilis dili müəllimi Arzu Mirzəliyeva, rus bölməsindən Sevda Vəliyeva, Azərbaycan dili fənnindən Qumru Bayraməliyeva və Vüsalə Məmmədova bu siyahıda öndə gedənlərdəndir.

Müəllim-şagird-valideyn tandemi 

8 nömrəli beynəlmiləl tam orta məktəbdəki uğurlar təkcə təhsil keyfiyyətinin deyil, həm də tədrisə çoxşaxəli yanaşmanın nəticəsidir. Burada müəllim-şagird-valideyn arasında qurulan düzgün əməkdaşlıq modelinin səmərəsini hər addımda görmək olar. Müxtəlif qrant layihələri, beynəlxalq olimpiadalarda qazanılan uğurlar, məktəbdaxili psixoloji dəstəyin yüksək səviyyədə təşkil olunması, nitq mədəniyyətinə verilən xüsusi önəm və innovativ proqramlaşdırma layihələri bu modelin ayrılmaz tərkib hissələridir.

Bütün bunlar göstərir ki, 8 nömrəli məktəbdə köklü ənənə ilə müasir yanaşma qarşılıqlı şəkildə tamamlanır. Şagirdlər təkcə bilik qazanmaqla kifayətlənməyib, yaradıcılıq, texnoloji bacarıqlar, sosial məsuliyyət və harmonik inkişafa doğru irəliləyirlər. Burada formalaşan gənc nəslin gələcəyin dayanıqlı cəmiyyəti üçün möhkəm təməl rolunu oynayacağı şəksizdir.

Şəkinin dağ havasında nəfəs alan, tarix və mədəniyyəti özündə ehtiva edən bu təhsil ocağına baxdıqca, bir daha əmin oluruq: doğru yolda irəliləyən 8 nömrəli məktəbin uğurları hələ çox olacaq və təkcə Şəkinin deyil, bütün Azərbaycanın təhsil sisteminə töhfə verməyə davam edəcək.

1 /12

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.