
Bir neçə gün əvvəl Bakı Ali Neft Məktəbində elmin gənc fidanlarının bir araya gəldiyi mühüm bir tədbir baş tutdu. “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsi ölkənin ən istedadlı məktəblilərini bir məkanda – Bakı Ali Neft Məktəbində topladı. Ali təhsil ocağının geniş və işıqlı zalında həyəcan, sevinc və maraq bir-birinə qarışmışdı. Burada toplaşan şagirdlər, onların elmi rəhbərləri, alimlər və təhsil ictimaiyyətinin nümayəndələri eyni məqsədlə bir araya gəlmişdi – layihələrin təqdimatını etmək, elmi yeniliklərə açıq, tədqiqat ruhu ilə yaşayan gəncləri kəşf etmək və dəstəkləmək. Bəli, məhz həmin gün yeniyetmələrimiz tədqiqatlarını təqdim etdilər, elm və texnologiyanın müxtəlif sahələrindəki yeniliklərə öz baxışlarını nümayiş etdirdilər.
Bu tədbir ölkə ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilən “Sabahın alimləri” bu dəfə də sözün yaxşı mənasında yüksək ab-havası ilə, ölkənin, eləcə də onun hüdudlarından kənarda çalışan tanınmış alimlərimizin və tədqiqatçılarımızın şagirdlərimizin vəsiləsi ilə bir araya gəlməsinə unikal fürsət yaratdı. Onu da xüsusi vurğulayaq ki, bu müsabiqə artıq yalnız bir yarış deyil, həm də elmi düşüncənin inkişafına yönəlmiş platformaya çevrilib. Burada qalib olub-olmamaqdan daha önəmli olan IX-XI sinif şagirdlərinin təqdim etdikləri layihələrin aktual mövzuları əhatə etməsi, onların qazandıqları elmi təcrübə, əldə etdikləri dəyərlər və qurduqları əlaqələrdir.
“Tədqiqatdan nəticəyə gedən yol”
Müsabiqənin ilk günü açılış mərasimi paytaxtla yanaşı, demək olar ki, ölkənin əksər bölgələrinin şagirdlərinin finala vəsiqə qazanmış 138 layihəsinin sərgidə təqdim edilməsi və onlardan ən layiqlilərinin seçilməsi ilə yadda qaldı. Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçılara uğurlar arzulayaraq “Sabahın alimləri” müsabiqəsinin ildən-ilə daha çox yeniyetməni elmə cəlb etdiyini bildirdi. Nazir müavininin sözlərinə görə, bu müsabiqə müasir, yaradıcı düşüncəli gənclərin formalaşmasında mühüm rol oynayır: “Bu gün burada gördüyümüz məktəblilər ölkənin gələcək tədqiqatçıları, mühəndisləri, alimləridir. Onların bu gün qoyduğu təməllər gələcəyin elmi nailiyyətlərinə çevriləcək”.
Bu fikirləri XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı, ABŞ-də təşkil edilən İNTEL İSEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev də təsdiqlədi. O, öz uğur hekayəsini bölüşərək bildirdi ki, “Sabahın alimləri” ona potensialını realizə etmək imkanı yaradıb.
Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri haqqında məlumat verdi.
Rəqəmlər öz sözünü deyirdi: 654 layihə arasından 138-i sərgidə iştirak hüququ qazanmışdı. Bu isə o deməkdir ki, şagirdlər təkcə nəzəri biliklərə deyil, həm də praktiki tədqiqatlara böyük maraq göstərirlər.
Bu il müsabiqənin maraqlı məqamı iştirakçılar arasında qızların sayının artması idi. Bu faktı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışında xüsusi vurğuladı: “Əvvəlki illərlə müqayisədə qızların müsabiqəyə daha çox qatıldığını görürük. Bu, bizi sevindirir. Çünki elm və innovasiya sahəsində qadınların iştirakı dünyanın hər yerində vacib məsələdir”.
Millət vəkili Ceyhun Məmmədov isə müsabiqənin şagirdlərdə tənqidi düşüncə, analitik bacarıqlar və elmi yanaşmanı inkişaf etdirdiyini qeyd etdi. Onun fikrincə, bu cür tədbirlər şagirdlərə öz potensiallarını nümayiş etdirmək və gələcək üçün yeni perspektivlər açmaq imkanı yaradır.
Gələcəyin alimləri və onların innovativ layihələri
Tədbirin rəsmi hissəsindən sonra şagirdlərin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqat layihələri ilə tanışlıq oldu. Kimisi ekologiya və ətraf mühitin idarə olunması sahəsində maraqlı ideyalar irəli sürmüşdü, kimisi süni intellekt və robototexnika üzərində çalışırdı, kimisi isə alternativ enerji mənbələri sahəsində yeniliklər təklif edirdi.
İştirakçı məktəblilər öz unikal layihələri ilə münsiflər heyəti və ziyarətçilərin diqqətini çəkməyi bacarırdılar. Qeyd edək ki, onların ideyaları yalnız nəzəri deyil, həm də real problemlərə praktik həll yolları təklif edirdi. Bu il müsabiqəyə ilk dəfə olaraq süni intellekt istiqaməti də əlavə edilmişdi. Şagirdlər bu sahədə də bacarıqlarını sübut edərək maraqlı işlər təqdim edirdilər. Kim bilir, bəlkə də illər sonra bugünkü iştirakçılar böyük alimlərə, mühəndislərə və ixtiraçılara çevriləcək və onların adı elm tarixinə yazılacaq. Hazırda isə onlar öz ideyalarını reallığa çevirmək üçün yorulmadan çalışırlar. "Sabahın alimləri" müsabiqəsi onların bu yolda atdıqları ilk, amma ən vacib addımlarından biridir. Təbii ki, bu müsabiqə təkcə qalibləri müəyyən etmək üçün deyil, həm də Azərbaycanın elmi gələcəyini formalaşdıran istedadlı gəncləri üzə çıxarmaq, onlara dəstək olmaq və yeni imkanlar açmaq məqsədi daşıyırdı.
Müsabiqədə münsiflər heyəti tərəfindən şagirdlərin 9 istiqamət üzrə hazırladıqları 138 elmi-tədqiqat işi arasından ən yaxşılarına qiymət verildi. Və son iki gün ərzində şagirdlərimiz öz layihələrini həm münsiflər heyətinə, həm də bütövlükdə təhsil ictimaiyyətinə yüksək səviyyədə təqdim etdi. Onlar tədqiqat işlərini elmi cəhətdən əsaslandıraraq münsiflər heyətinin suallarını cavablandırdılar.
Sərgi boyu müşahidə etdiklərimiz bir daha sübut etdi ki, gənc alimlərimizin potensialı və elmə olan marağı olduqca böyükdür. Şagirdlər öz layihələrini böyük həvəslə təqdim edir, onların hər biri cəmiyyət üçün faydalı və innovativ ideyalar irəli sürürdü. Sərgi iştirakçıları süni intellektdən ekoloji problemlərin həllinə, biotexnologiyadan alternativ enerjiyə qədər müxtəlif sahələrdə maraqlı tədqiqatlarla tanış oldular.
Həyəcan dolu anlar: Kimlər qalib olacaq?
Həlledici gün gəlib çatdı. Martın 14-də hamı yenidən Bakı Ali Məktəbinə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin mükafatlandırma mərasiminə toplaşdı. Zalda sakitlikdir. Hər kəs səhnəyə baxır. Bir azdan qaliblərin adları qeyd olunaraq səhnəyə dəvət olunacaq. Və bu qaliblərin hər birinin həmin gündən uğur hekayəsi yazılmağa başlayacaq. Adları qalib sıyahısında olanların bəziləri gələcəkdə elmi-tədqiqatlarına davam edəcək, bəziləri isə beynəlxalq arenada ölkəmizi təmsil edərək yeni uğurlar qazanacaqlar.
Azərbaycanın sabahkı alimləri – böyük elmi yolun ilk pilləsinə qədəm qoyacaq
“Sabahın alimləri” müsabiqəsi ilə bağlı hazırlanmış videoçarx şagirdlərimizin yüksək bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, onların nə qədər yüksək potensiala sahib olduğunu bir daha vurğuladı.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında şagirdlərin bu müsabiqəyə hazırlıqlarını yüksək dəyərləndirdi. Nazir müavini qeyd etdi ki, müasir elmdə uğur qazanmaq üçün yalnız bilik yetərli deyil, eyni zamanda, müxtəlif bacarıqlara və istedada malik olmaq vacibdir: “İstedadların vaxtında aşkar edilməsi və inkişaf etdirilməsi, onlara yeni imkanlar açan layihələr vasitəsilə mümkündür. Bu müsabiqə məhz bu məqsədi daşıyır”, – deyə Firudin Qurbanov əlavə etdi.
Çıxışında müsabiqənin məqsədini vurğulayan nazir müavini intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi kimi tədbirlərin təşkilini şagirdlərin innovativ və yaradıcı yanaşmalarını aşkara çıxarmaq üçün əhəmiyyətli olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev son illərdə gənclərin elmi inkişafına verdikləri töhfələrdən danışdı. O qeyd etdi ki, son dövrlərdə həyata keçirilən layihələr nəticəsində gənclərin elmi potensialı üzə çıxıb və mükəmməl nəticələr əldə olunub.
Nəhayət, hamının səbirsizliklə gözlədiyi an gəlib çatdı. Qaliblər mükafatlandırılmaq üçün səhnəyə dəvət olundu. 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olundu.
“Gələcəyin elm adamlarını şagird ikən seçmək qürurvericidir”
Müsabiqə ilə bağlı təəssüratını "Azərbaycan müəllimi” ilə bölüşən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə təmsil etdiyi qurumun “Sabahın alimləri” müsabiqəsinin təşkilatçılarından biri olmasından məmnunluq duyduğunu söylədi. Qeyd etdi ki, gələcəyin elm adamlarını şagird ikən seçmək, onların elm yolunda addımlamasına dəstək olmaq qürurvericidir: “Şagirdlərin innovativ düşüncəsi, əzmkarlığı və elmi araşdırmalara verdiyi önəm gələcəyin alimlərinin məhz belə bir elmi mühitdə yetişdiyini göstərir. Bütün iştirakçıları, xüsusilə də böyük həvəs və əzmlə çalışan qalib şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram”.
Qalib şagirdlər deyir ki...
Müsabiqənin qaliblərinin sevincinə şərik olmaq üçün onlara yaxınlaşırıq. Qalibiyyət duyğusunu yaşayan şagirdlər layihələri ilə bizi tanış edirlər.

Müsabiqənin qızıl medalını qazanan “Sualtı dron” layihəsinin müəllifləri Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı tam orta məktəbin XI sinif şagirdi Həmid Məmmədli və Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın XI sinif şagirdi Toğrul Abbas Xəzər dənizində baş verən prosesləri daha dərindən araşdırmaq üçün sualtı dron layihəsi üzərində işləyiblər. Onlar sualtı araşdırmalara yeni bir baxış gətirən texnologiya hazırlayıblar. Layihənin əsas xüsusiyyətlərindən, istifadə məqsədlərindən söz açan uşaqlar deyir ki, bu dron sualtı obyektləri tanıyır və 10 fərqli fiquru suyun altında tanıya və analiz edə, torpedo ata bilir. Müdafiə və təhlükəsizlik sahəsində istifadə oluna biləcək bu xüsusiyyət dronu daha funksional edir. Dron axtarış alqoritminə malikdir. Belə ki, obyektlərin müəyyən edilməsi və izlənməsi üçün xüsusi alqoritm tətbiq edilib.
Adıçəkilən layihə 8 aya hazırlanıb dizayn, elektronika və proqramlaşdırma hissələri tamamilə şagirdlərin özlərinə aiddir. Layihə “STEAM Azərbaycan”ın dəstəyi ilə ərsəyə gəlib. Layihənin elmi rəhbəri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexatronika və robotexnika mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Vüqar Sadıqlıdır. Onun elmi dəstəyi sayəsində sualtı dronun texniki və proqramlaşdırma hissələri daha peşəkar səviyyəyə çatdırılıb.
Həmid və Toğrul qızıl medal qazanacaqlarına inandıqlarını və bu müsabiqənin onlara çox dəyərli təcrübələr qazandırdığını bildirirlər. Həmidin sözlərinə görə, müsabiqə onlara təkcə elmi uğur gətirmədi, həm də çox dəyərli dostlar qazandırdı: “Gələcəkdə daha böyük layihələrə imza atmaq üçün bu təcrübə bizə çox kömək edəcək”.
“EcoFlow”– subasma probleminin innovativ həlli
"Sabahın alimləri" müsabiqəsinin digər qızıl medala layiq görülən layihələrindən biri də "EcoFlow" olub. Layihənin müəllifləri Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Eldar Şirəliyev və XI sinif şagirdi Sürəyya Ağazadədir. Onların elmi rəhbəri Aysel Məmmədova olub, prototipin hazırlanmasına isə “Sumbuilders” komandası kömək göstərib. Layihə şəhərlərdə yağış və daşqın sularının daha effektiv və sürətli təxliyəsini təmin edən ağıllı quyu qapağı (lük) hazırlamağa yönəlib.
Eldar və Sürəyya bu ideyanı keçən il Bakıda baş verən güclü yağışlar və daşqınlardan sonra düşünüblər. Həmin hadisələr zamanı iki nəfər həyatını itirmişdi və şəhər infrastrukturu ciddi ziyan görmüşdü. Bu hadisədən təsirlənən yeniyetmələr belə problemlərin qarşısını almaq üçün innovativ bir həll tapmağa qərar veriblər.
Onlar hazırladıqları cihaz haqqında məlumat verirlər: “Lük qapağına yerləşdirdiyimiz sensor suyun hündürlüyünü aşkarlayır və servomotora siqnal göndərir və bu da lükün avtomatik şəkildə açılmasına şərait yaradır. Biz Bakıda yağış suları ilə bağlı yaranan problemləri həll etmək istəyirdik. Layihəmiz aktual bir mövzunu əhatə etdiyindən uğur qazanacağımıza inanırdıq, amma birinci yerə çıxacağımızı gözləmirdik. Bu nəticə bizi daha da ruhlandırdı”.
“SafeHelm” – gələcəyin təhlükəsiz motosiklet kaskası
Motosiklet sürücülərinin təhlükəsizliyini artırmaq məqsədilə Cəlilabad şəhəri akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin IX sinif şagirdləri İmran İbrahimov və Asif Alızadə tərəfindən hazırlanan “SafeHelm” layihəsi müsabiqədə gümüş medala layiq görülüb. Elmi rəhbərləri fizika müəllimi Vasif Əliyevin dəstəyi ilə reallaşdırılan bu layihə, motosiklet kaskalarının müasir texnologiyalarla təkmilləşdirilməsini hədəfləyir.
İmran deyir ki, motosiklet qəzaları avtomobil qəzalarına nisbətən daha ciddi və ağır nəticələrə yol açır. Bunun əsas səbəblərindən biri kaskaların texnoloji baxımdan yetərsiz olmasıdır. Onların hazırladıqları “SafeHelm” kaskası təhlükəsizliyi artırmaq üçün bir sıra innovativ xüsusiyyətlərə malikdir. “SafeHelm” kaskaları karbon liflərindən hazırlanıb və içində akselerometr, su sensoru və şüşəni silən avto silici olmaqla ventilasiya üçün fan və ona bağlanmış termal sensor, həmçinin blutuz girişi və qəza zamanı SOS yardım siqnalı göndərmək qabiliyətinə malikdir. Şagirdlər söyləyirlər ki, bu əlavələrin motosiklet sürücülərinin təhlükəsizliyini və komfortunu artıracağından əmindirlər.
Asif Alızadə qələbəyə olan inamını və gələcək planlarını bölüşür: “Layihə üzərində işləyərkən hər zaman motivasiyamızı yüksək tutduq. Hədəfimiz gələcəkdə bu layihəni daha da inkişaf etdirib beynəlxalq səviyyədə təqdim etməkdir”.
Layihənin elmi rəhbəri və fizika müəllimi Vasif Əliyev şagirdlərinin uğurlarından qürur duyduğunu bildirir: “SafeHelm” layihəsi texnoloji yeniliklər baxımından olduqca perspektivlidir.
“Sabahın alimləri” müsabiqəsi şagirdlərin araşdırma, tədqiqatçılıq bacarıqlarını artırmaqla yanaşı, onlara mövzu olaraq işlədikləri real problemlərə innovativ həll yolları tapmaq imkanı yaradır. Bu təcrübə onların gələcək elmi fəaliyyətləri üçün böyük bir stimul olacaq”.
“BabyMind” – körpələrin dilini anlayan cihaz
“Sabahın alimləri” müsabiqəsində gümüş medal qazanan layihələrdən biri "BabyMind" olub. Bu innovativ layihə körpələrin ağlama səslərini süni intellekt vasitəsilə təhlil edərək onların ehtiyaclarını valideynlərə çatdırmaq məqsədi daşıyır. Layihənin müəllifləri Sumqayıt şəhəri Milli Qəhrəman Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Aişa İsrafilova və Ağalar Əliyevdir. Onların elmi rəhbəri məktəbin fizika müəllimi Mehriban Abbasovadır.
Aişa və Ağalar bu ideyanı ətraflarındakı valideyn və körpələrin qarşılaşdığı çətinlikləri müşahidə edərkən düşünüblər. Onlar bir gün bir ananın ağlayan körpəsini sakitləşdirməyə çalışdığını, lakin bunun səbəbini anlamadığını görüblər. Məhz həmin an körpələrin ağlama səbəblərini təhlil edən bir cihazın olmasının valideynlər üçün nə qədər faydalı ola biləcəyini anlayıblar.
Aişa İsrafilova bu barədə deyir: "Biz hazırladığımız texnologiyanın problemi həll etməkdə faydalı ola biləcəyini düşündük və bu sahəni araşdırmağa başladıq. Beləliklə, 8 ay ərzində layihəmizi inkişaf etdirdik və müsabiqəyə təqdim etdik. Analar bu cihazı kompüterə taxaraq uşaqın yanına qoyur və nəticədə uşaqın səsi mikrofona daxil olur və cihaz onun səsini analiz edib valideynə ekranda uşağın ağlama səbəbini, probleminin nə olduğunu müəyyənləşdirməyə kömək edir”.
Ağalar Əliyev layihəni gələcəkdə daha geniş istifadəyə verilməsini hədəflədiklərini deyir: "Biz bu layihənin təkcə Azərbaycanda deyil, bütün dünyada valideynlərə kömək olacağını hiss edirik. Ona görə də “Sabahın alimləri” müsabiqəsinə qatılmağa qərar verdik və gələcəkdə layihəni daha da təkmilləşdirəcəyik”.
İlk dəfə bu müsabiqədə iştirak edən Aişa və Ağalar nəticələr elan olunarkən həyəcan içində olduqlarını söyləyirlər. Layihələri ikinci yerə layiq görülərək gümüş medal qazandıqda isə həyəcanları qürur və sevinc hissinə çevrilib. Aişa yaşadıqları həmin xoş anlardan söz açır: “Əldə etdiyimiz uğur uzun müddət davam edən əmək və səylərimizin mükafatı oldu. Məktəbimizin Milli Qəhrəman Polad Həşimovun adını daşıması bizə əlavə məsuliyyət hiss etdirirdi və bu nailiyyət bizim üçün böyük motivasiya oldu”.
“RegenAid” – diabetik yara baxımında yeni dövr
Digər həmsöhbətlərimiz Mahinur Yusifli Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif, Nuray Məmmədli isə Sumqayıt şəhər 26 nömrəli məktəbin IX sinif şagirdidir. Müsabiqənin bürünc medalına layiq görülən şagirdlər “RegenAid” adlı innovativ layihə hazırlayıblar.

Mahinur deyir ki, diabet xəstələrinin ən böyük problemlərindən biri diabetik ayaq yaralarıdır. Bu yaralara düzgün nəzarət olunmadıqda ağır fəsadlara səbəb olar, hətta amputasiya ilə nəticələnə bilər: “Qohumumu ziyarətə getmişdik. Diabetik ayaq yarası nəticəsində ayağı amputasiya olunmuşdu. Düşündüm ki, təbabət bu qədər inkişaf etdiyi halda insanlar hələ də hansısa orqanını itirirlər. Hər kəsi xilas edən, hər kəs üçün əlçatan bir qurğu hazırlamaq qərarına gəldik. Layihəni 6 aya hazırladıq. Antosiyanin tərkibli yara sarğısı və yaranın temperaturu, nəmliyini uzaqdan izləyən qurgu hazırladıq. Biz bu qurğu sayəsində xəstənin yarasını uzaqdan izləməklə bərabər, onun sağalmasını tezləşdirə bilərik. Qurğu proqram təminati ilə işləyir və onda mikroprosessor var ki, bu da yaradakı məlumatı mobil cihaza ötürməsini təmin edir”.
Mahinur qeyd edir ki, bu müsabiqə onlar üçün yalnız bir elmi yarış deyil, həm də yeni biliklər qazanmaq və müxtəlif innovativ ideyalarla tanış olmaq üçün əla fürsət oldu.
Öz layihələri ilə elmin başlanğıcını qoyanlar...
“Sabahın alimləri” müsabiqəsinin qaliblərinin təəssüratları və gələcəyə dair hədəfləri bir daha onu göstərir ki, məktəb illərindən elm, tədqiqat yolunda inamla addımlayan şagirdlərimizin potensialları böyükdür və onların gələcəkdəki uğurları təkcə özlərinin deyil, bütövlükdə cəmiyyətimizin və ölkəmizin inkişafına töhfə verəcək. Bu müsabiqə yeniyetmələrimizə yalnız öz ideyalarını həyata keçirmək üçün imkan yaratmır, eyni zamanda, onlara gələcəyin elm dünyasında yer tutma arzusunu aşılayır.
Bəli, müsabiqənin qalibləri gələcəkdə daha böyük uğurlara imza atmaq və elmin müxtəlif sahələrində yeni həlletmələr təqdim etmək niyyətindədirlər. Bu yeniyetmələrimizin əzmi və istedadı ilə dolu bir gələcəyin başlanğıcıdır. “Sabahın alimlər”i sayəsində bizlər artıq gələcəkdə daha işıqlı və inkişaf etmiş bir dünyanın qurulmasına yönələn təməl daşının qoyulmasına şahidlik edirik.
Foto: Kənan Qafarov
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər