“Müəllim kimi fəaliyyətə başladığım ilk günlər əsas hədəfim şagirdlərimlə düzgün münasibət qurmağı bacarmaq idi. Çünki mənə görə hər şey buradan başlayır. Düşünürəm, şagirdlərim əvvəl məni müəllim kimi sevməlidirlər ki, tədris etdiyim fənni də maraqla öyrənsinlər”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Xızı rayonu Fındığan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Fidan Cəfərli deyib.
Sumqayıtdan Xızıya gedən yol
Müsahibimiz 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbdə alıb. Deyir ki, məktəb illərində dərslərinə hər zaman hazırlıqlı, məsuliyyətli şagirdlərdən biri olduğundan müəllimlərinin sevimlisinə çevrilib. Məktəbdə oxuduqca müəllimlik peşəsinə sevgisi və marağı artıb. Beləcə, məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub və ali təhsilini müvəffəqiyyətlə başa vurub.
2023-cü ildə müddətli müqavilə ilə Xızı rayonu Yeni Yaşma kənd tam orta məktəbində müəllim işləməyə başlayan gənc bir il sonra müəllimlərin işə qəbulu imtahanında 83.75 bal toplayıb və beləliklə, hazırda işlədiyi məktəbə daimi əsaslarla işə qəbul olub.
Fidan Cəfərli bu məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətinə davam edir. Sumqayıt şəhərində yaşadığı üçün həftənin beş günü Xızı rayonuna gedib-qayıdır. Fidan müəllim söyləyir ki, işini sevdiyi və məktəbdə çox gözəl qarşılandığı üçün yolun yorğunluğunu, çətinliyini unudur.
İlk illərin təəssüratı
Gənc müəllim hesab edir ki, pedaqoji fəaliyyətinin ilk illərində Fındığan kənd tam orta məktəbində təcrübə qazanması onun üçün yaxşı fürsət olub: “Bunun əsas səbəbi həm ilk gündən məktəbin direktoru, direktor müavinləri başda olmaqla bütün kollektivin mənə dəstək olması, həm də şagird və valideynlərin böyük sevgi və inamla yanaşması olub”.
F.Cəfərli bildirir ki, tədrisə başladığı ilk vaxtlar hər gənc müəllim kimi onu da narahat edən bir sıra məsələlər olub: “Məsələn, dərsə marağı aşağı olan şagirdlərimə fənnimi necə sevdirə, valideynlərlə münasibətimi necə qura bilərəm? Dərsləri hansı metodlarla tədris etsəm, daha maraqlı və əyləncəli olar? Zamanla şagirdlərimin mənə olan sevgisi və inamı, onların gözlərində gördüyüm öyrənmə həvəsi, təcrübəli müəllimlərimizin və mənə dəstək göstərən valideynlər sayəsində bu çətinliklərin öhdəsindən gəldim”.
Həmsöhbətimiz əlavə edir ki, dərsini təşkil edərkən ən çox şagirdlərinin sıxılmamasına, əksinə, dərs prosesində ən zəif şagirdin belə fəal olmasına çalışır: “Bunun üçün dərs prosesini bütün şagirdlərimin marağını cəlb edəcək şəkildə təşkil etməyə səy göstərirəm”.
Məsuliyyətli və şərəfli müəllimlik
Fındığan kənd tam orta məktəbi haqqında danışan müəllim diqqətə çatdırır ki, işlədiyi tədris ocağında 92 şagirdi və 22 müəllimi var.
Müəllim peşəsinin şərəfli, eyni zamanda məsuliyyətli və çətin olduğunu vurğulayan qəhrəmanımız deyir: “Düşünürəm ki, tədris prosesini çətinləşdirən problemlərdən biri bəzi hallarda müəllim-valideyn, şagird-valideyn münasibətinin düzgün qurulmamasıdır. Tədris prosesi boyunca müəllim və valideyn birgə hərəkət etməlidir. Buna görə də şagirdin düzgün təlim-tərbiyəsi ailədən başlamalıdır. Müşahidə edirəm ki, ailədə yaşanan problemlər şagirdlərin dərslərinə mənfi təsir göstərir. Mən bu yolda valideynlərin daha çox maariflənməsinə ehtiyac olduğunu hesab edirəm”.
Fidan müəllimin fikrincə, dəcəl şagirdlərlə işləmək çətin olsa da, onları ələ almaq mümkündür: “Mən bir ibtidai sinif müəllimi olaraq dərs boyu şagirdlərimə həm valideyn, həm müəllim olmağa çalışıram. Müəllim kimi onları lazımi bilik və bacarıqla təmin edir, yeri gəldikdə, ana kimi nəvaziş göstərib problemlərini həll etməyə çalışıram. Lazım olduqda isə çətinlik yaşayan şagirdin valideyni ilə birlikdə hərəkət planı hazırlayırıq. Bütün əziyyətli tərəflərinə baxmayaraq, bu məsuliyyətli və şərəfli peşənin nümayəndəsi olduğum üçün qürur duya bilərəm”.
Gənc müəllim ən böyük hədəfini də “Azərbaycan müəllimi” ilə bölüşüb: “Hədəfim şagirdlərimi Vətənimə, millətimə layiqli, dövlətimizin inkişafı üçün çalışan, yenilik yaradan və bizi hər sahədə dünyada tanıtmağa can atan Azərbaycan vətəndaşı olaraq yetişdirməkdir. Bunun üçün öz üzərimdə çalışmağa davam edəcəyəm”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)