
17 ildir ki, pedoqoji fəaliyyətlə məşğuldur, məhz onun səyləri nəticəsində işlədiyi məktəbdə şagirdlərinin tədris etdiyi fənnə marağı artıb. Söhbət Ordubadın ən böyük kəndi olan Dəstə kənd tam orta məktəbin coğrafiya müəllimi Sevda Seyidovadan gedir. Naxçıvan Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasını bitirən müəllim 2021-ci ildə sertifikatlaşdırma imtahanında uğur qazanıb. Müəllimlik həyatında yeniliklərə açıq olmaq, inkişafa yönəlmək onun əsas prinsiplərindəndir. Bu səbəbdəndir ki, 500 nəfərdən çox şagirdi olan kənd məktəbində şagirdlərin çoxu onun yolunu gedərək cografiya müəllimi olmaq istəyir.
“Azərbaycan müəllimi” Sevda Seyidova ilə müsahibəni təqdim edir.
– Müəllim olmaq arzunuz nədən qaynaqlanıb?
– Müəllim olmaq istəyim daha çox orta məktəb illərimlə bağlıdır. Xoşbəxtlikdən, təhsil aldığım illərdə yolum elə müəllimlərlə kəsişdi ki, onlar təkcə bilik öyrətmir, həm də şəxsiyyət formalaşdırırdılar. Onların fədakarlığı, səmimiyyəti və hər bir şagirdə fərdi yanaşması məni dərindən təsirləndirdi. Ən böyük təsiri isə ibtidai sinif müəllimim Ruqiyyə Yusifova və sonralar Azərbaycan dili və ədəbiyyat müəllimim Ağa Sadiqov göstərdi. Onların dərslərində həyatın özü var idi. Bir dəfə sinifdə Qarabağ şəhidlərindən biri haqqında mətn oxunmalı idi, Ruqiyyə müəllim həmin mövzunu sona qədər oxuya bilmədi, ağlayaraq “Uşaqlar, siz davam edin”, - demişdi. Mən uşaq ağlımla onun niyə bu qədər kövrəldiyini dərk etməmişdim, amma böyüdükcə fərqinə vardım. Bu illər ərzində müəllimimin mərhəməti, insanlığı və vətənpərvərliyi ilmə-ilmə ruhuma işləyib.

Ağa müəllimin dərsləri elə maraqlı keçərdi ki... Onun dərslərində təkcə ədəbiyyat yox, sənət var idi. Bizə əsərlərdəki qəhrəmanlar vasitəsilə özümüzü tanımağı, düşünməyi, duymağı öyrədirdi. Onun dərsə sevgisi, danışıq tərzi, şagirdləri ilə ünsiyyəti mənə həm sözün gücünü, həm də müəllimlik sənətinin incəliklərini hiss etdirdi. Müəllimlərimin mənə verdiyi müsbət motivasiyanı indi mən öz şagirdlərimə ötürməyə çalışıram. Bu zəncirin bir halqası olmaq mənim üçün böyük qürur və məsuliyyətdir.
– Şagirdlərinizin coğrafiyaya böyük marağı var. Bu fənni uşaqlara necə sevdirirsiniz?
– Bu marağı davamlı etmək üçün müasir dövrün müəlliminin üzərinə çox iş düşür. Çünki coğrafiya yalnız xəritələrdən və məlumat əzbərləməkdən ibarət deyil, o, yaşadığımız dünyanın anlaşılmasıdır. Mən dərslərimin mümkün qədər monoton qurmamağa çalışıram. Məsələn, müasir texnologiyalardan, vizual materiallardan, xəritələrdən istifadə edirəm, bəzən şagirdlərə qrup şəklində layihələr, yaxud təqdimatlar hazırlamağı tapşırıram. Məsələn, bir dəfə şagirdlərimə “Təsəvvür edin ki, yadplanetli ilə görüşmüsünüz, ona hansı sualları verərdiniz?” deyə bir təqdimat hazırlamağı tapşırmışdım. Bir dəfə isə “Öz xəyal ölkələrini yarat” tapşırığını vermişdim. Belə tapşırıqlar onlarda şəxsi təxəyyülü inkişaf etdirir. Şagirdlər öz ölkələrini, iqlimlərini, təbii sərvətlərini öyrəndikcə fənnə münasibətləri də dəyişir. Mən onların dünyanı tanımaq maraqlarını bir növ coğrafiya vasitəsilə qidalandırmağa çalışıram. Dərslərimdə tez-tez onlara belə deyirəm:
“Coğrafiyanı öyrəndikcə, təkcə Yer kürəsini yox, bu dünyada öz yerinizi də daha yaxşı anlayacaqsınız”.

– Dərsləri maraqlı keçmək üçün başqa hansı alətlərdən istifadə edirsiniz?
– Coğrafiya təbiət fənni olduğu üçün onunla bağlı mövzular aşağı siniflərdən şagirdlərin marağını cəlb edir. Əlbəttə ki, dərs zamanı təqdim olunan animasiya və videolar mövzunu daha yaxşı anlamağa kömək edir. Çalışıram ki, praktik tapşırıqlara daha çox üstünlük verim. Məsələn, uyğun mövzularda səyahət planı hazırlamaq, əraziləri qruplarla araşdırmaq və təqdim etmək şagirdlərin öyrənmə prosesini aktivləşdirir. Qrup işi və müzakirələr, şagirdlər arasında fikir mübadiləsi onların düşüncə bacarıqlarını artırır və dərsin interaktivliyini yüksəldir. Bəzən müəyyən mövzular üzrə kiçik debatlar keçirirəm. Ekologiya ilə bağlı mövzularda rollu oyunlar təşkil edərək “Ekoloji məhkəmə” təşkil edirəm. Çalışıram ki, baş verən təbii hadisələri gündəlik həyatla bağlayım. Günəş sistemi, Yerin Günəş və öz oxu ətrafındakı hərəkəti ilə bağlı olan mövzular əyaniliyə daha çox gərək duyan mövzulardır. Çalışıram ki, həmin mövzuların izahı zamanı qlobus, telluri kimi avadanlıqların iş prinsipini videomateriallar əsasında izah edim.

– Sizcə, XXI əsrin müəllimi necə olmalıdır? Texnikanın imkanlarından necə istifadə edirsiniz?
– Mənə görə, XXI əsrin müəllimi təkcə bilik daşıyan və onu ötürən şəxs deyil. Bu illər ərzində bir şeyi anladım ki, müəllim şagird üçün təkcə faktlar bankından, müəllim olmaq isə yalnız bilik öyrətməkdən ibarət olmamalıdır. Biz şagirdlərin həyatında həm də rol modeli, yol göstərəni, motivasiya verəni, yeri gələndə dost kimi olmalıyıq. Hər şagirdin fərqli olduğunu qəbul edib, onların istedad və bacarıqlarını görmək, ilk növbədə, hər bir şagirdi şəxsiyyət kimi görmək və onları öz yolunda dəstəkləmək çox önəmlidir. Mənim hər zaman dərslərimdə diqqət etdiyim əsas nüans odur ki, hər bir şagird özünü rahat, dəyərli və dinlənilmiş hiss etsin.
Müasir dövrdə texnologiya müəllimin ən böyük köməkçisidir. Dərslərdə təqdim olunan videolar, oyunlar, internet resursları dərsi maraqlı və anlaşılan edir. Müasir dünyada hər şey sürətlə dəyişir, müasir müəllim də bu dəyişimə, belə desəm ki, açıq olmalı, daim özünü inkişaf etdirməlidir. Müasir avadanlıqlarla təchiz olunmuş məktəblərdə bu daha böyük imkanlar yaradır. Məsələn, mən dərslərimdə elektron lövhədən istifadə etməyi üstün tuturam. Bu şagirdin diqqətini mövzuya çəkməyə və onu vizual şəkildə daha yaxşı anlamağa imkan verir. Məsələn, xəritələri, şəkilləri dərhal lövhədə göstərmək və üzərində geniş izah vermək çox faydalı olur.

– Şagirdlərlə münasibətiniz necədir? Gənc müəllim üçün yuxarı sinif şagirdləri ilə dil tapmaq çətin olmur ki?
– Şagirdlərimlə münasibət mənim üçün dərsin uğurla keçməsi qədər vacibdir, əslində, deyərdim ki, dərslərin uğurlu alınması müəyyən qədər bundan asılıdır. Mən dərsin ilk günündən çalışıram ki, aramızda qarşılıqlı hörmət və səmimiyyət yaransın. Xüsusilə yuxarı sinif şagirdləri ilə işləyərkən bu balansı qorumaq çox önəmlidir. Çünki onlar artıq formalaşmaqda olan gənclərdir, özlərinə məxsus dünyaları var. Amma şəxsi düşüncəmə görə, səmimiyyətin olması sərhədlərin olmaması anlamına gəlmir, mütləq sərhədləri düzgün qurmaq gərəkdir. Mən dərslərimdə şagirdlərimə nə qədər ciddi və məsuliyyətli yanaşıramsa, bir o qədər də səmimi və anlayışlı olmağa çalışıram.
Fikrimcə, yaxşı müəllim mütləq şagirdin dostu olmalı deyil, amma şagird müəllimin yanında özünü rahat, dəyərli və başa düşülən, dinlənilən hiss etməlidir. Dostluq mənə görə təkcə yaxın olmaq deyil, eyni zamanda anlayışlı olmaq, onu olduğu kimi qəbul etmək və dəstək göstərməkdir. Düzdür, bunlar bəlkə çətin görünə bilər, amma səmimiyyət, anlayış, empatiya hissi yüksək olduqda heç bir yaş fərqi problem yaratmır.
Müəllimlik fəaliyyətim boyunca çox yaxın bağ qurduğumuz şagirdlərim olub. Hətta illər öncə məzun olan şagirdlərim var ki, indi də fikirlərimizi bölüşür, məsləhətləşirik.

– Sizi çətin vəziyyətə salan şagirdiniz olubmu?
– Açığını desəm, belə hallarla qarşılaşmaq qaçılmazdır. Mən də belə hallarla rastlaşıram. Amma zamanla anladım ki, məhz o şagirdlər mənim müəllim kimi yetişməyimə səbəb olublar. Çətin davranış sərgiləyən uşaq əslində içində ya hansısa narahatlığı, ya görünməyən bir ağrını, ya da sadəcə ərköyünlüyü daşıyır. Bunu əvvəl görmək olmur, biz müəllimlər çox vaxt davranışa fokuslanırıq, amma zənnimcə, şəxsi eqomuza qalib gələrək davranışın səbəbini oxumağı öyrənməliyik. Bəzən dərsə maraq göstərməyən, laqeyd yanaşan şagirdlər olur ki, hətta sinfin diqqətini yayındıra bilir, bu zaman həm dərsi keçmək, həm də digər şagirdləri idarə etmək bir qədər çətinləşir. Yaxud da olur ki, çox savadlı, ağıllı bir şagird müəlliminə aqressiv reaksiyalar verir. Belə vaxtlarda səbirli və anlayışlı olmaq xüsusi təcrübə tələb edir. Zamanla belə şagirdlərlə də münasibətim dəyişir. Mənim özümə verdiyim bir söz var: heç bir şagirdi “çətin uşaq” kimi etiketləməyəcəyəm. Çünki bəzən o “çətin” uşaqların içində ən həssas, ən parlaq ruh gizlənir. Onlara sadəcə bir az şəfqət gərəkdir. Düşünürəm ki, müəllim kimi bizim ən əsas vəzifəmiz yalnız dərs keçmək yox, onun iç dünyasını görə bilmək, onu anlamaq və doğru istiqamətə yönəltməkdir.
Məncə, müəllimliyin əsl gözəlliyi də məhz budur: hər gün bir insanın həyatına kiçik də olsa, müsbət təsir göstərmək.

– Coğrafiya müəllimi olaraq hansı ekoloji tədbiri vacib bilirsiniz və keçirirsiniz?
– Bir coğrafiya müəllimi kimi ekoloji məsələlər mənim üçün həm dərsin, həm də həyatın bir parçasıdır. Məncə, müasir dövrün uşaqlarına təkcə iqlim dəyişiklikləri, təbii resurslar və ekoloji çirklənmə haqqında məlumat vermək kifayət deyil. Onları daha çox ekoloji şüura sahib və məsuliyyətli vətəndaşlar kimi yetişdirmək vacibdir. Sinifdə plastikdən az istifadə, suya və enerjiyə qənaət kimi gündəlik vərdişləri də tez-tez müzakirə edirik.
Müəyyən mövzular zamanı qrup işi təşkil edirəm: şagirdlər ekoloji problemlərlə bağlı, xüsusən yaşadığımız bölgənin ekoloji məsələləri ilə əlaqədar araşdırma apararaq təqdimat hazırlayırlar.
Bundan başqa, hər il “Yer Günü” və ya “Su resurslarının qorunması həftəsi” kimi günlərdə kiçik tədbirlər təşkil edirik. Məsələn,”Yaşıl məktəb” layihəsi çərçivəsində məktəbin həyətində 6-cı siniflərlə birgə ağac əkdik, tullantıların azaldılması və təmizlənməsi ilə bağlı tədbir keçirdik. Bu cür fəaliyyətlər uşaqlarda həm məsuliyyət hissi yaradır, həm də coğrafiyanın yalnız nəzəri bir fənn olmadığını göstərir.
Mənim üçün ən vacib ekoloji fəaliyyət şagirdin düşüncə tərzini dəyişməkdir. Onlara ətraf mühiti sevdirmədən qorumağı öyrətmək çətin olar. Sevdikləri şeylərə isə qayğı göstərməyi könüllü istəyirlər.

– Gənc müəllim kimi sizdən gözləntilərin çox olduğunu deyə bilərik. Fəaliyyətinizdə hansı yenilikləri etmək istərdiniz?
– Fəaliyyətimdə daim özümü təkmilləşdirməyə çalışıram. Coğrafiya müəllimi kimi həyata keçirmək istədiyim bir çox ideyalarım var. Sözsüz ki, əsas məqsədim dərslərimi daha interaktiv və şagirdyönümlü etməkdir. Bunun üçün texnologiyanın imkanlarından daha geniş istifadə etmək, müxtəlif tətbiqlərlə dərsi zənginləşdirmək istəyirəm. Məsələn, gələcəkdə coğrafiya dərslərini virtual turlar və ya kiçik təcrübə laboratoriyalarına səfərlərlə zənginləşdirmək planlarım var.
Bundan başqa, şagirdlərə tədqiqat yönümlü öyrənməyini təşviq etmək üçün gələcəkdə məktəb daxilində kiçik “şagird elmi klubu” və ya “ekoloji tədqiqat qrupu” yaratmaq planım var.
Bəli, müəllim kimi həm məktəb daxilində, həm də cəmiyyətdə bizdən gözləntilərin çox olduğunu sezə bilirəm. Amma bu, mənim üçün yük deyil, motivasiyadır. İnanıram ki, bizim yeniliklər məktəb mühitinə canlılıq qatar.
– Uğur qazanmaq üçün özünüzə həmişə nəyi diqtə edirsiniz?
– Uğur qazanmaq üçün özümə həmişə bunu xatırladıram: “Əvvəl özün inan, sonra çalış və heç vaxt yarıda dayanma”.
İstər müəllimlik sahəsində olsun, istər şəxsi həyatımda - mənim üçün əsas prinsip budur: inam, əzmkarlıq və davamlılıq. Bəzən bizim həyatımızda da hər şey yolunda getməyə bilər, çətinliklər çıxar, hətta insanın özünü gücsüz hiss etdiyi anlar da ola bilər. Mən belə anlarda özümə həmişə belə deyirəm: “Sən bu yolu səbəbsiz seçmədin. Davam et”.
Hər dəfə sinfə daxil olanda şagirdlərimin gözlərindəki marağı görəndə bir daha anlayıram ki, uğur yalnız nəticə deyil, prosesin içindəki səbir və sevgidir. Bir də ən əsası, insan nə edirsə, sevə-sevə, içdən gələrək etməlidir. Çünki insan öz işini sevərək, ürəklə etdikdə, istər-istəməz uğur özü gəlir. Mən də bu düşüncə ilə yoluma davam edirəm.

– Bəzən gənc müəllimlər şagirdləri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Bəs siz gənc müəllim olaraq hansı pedaqoji metodlardan istifadə edirsiniz?
– Ümumiyyətlə,mənim üçün ən vacibi şagirdləri dərsdə aktiv, maraqlı və özünü dəyərli hiss edən iştirakçılar etməkdir. Bunun üçün də daim yeni metodlar öyrənməyə və tətbiq etməyə çalışıram. Xüsusən ekologiya ilə bağlı mövzularda rollu oyun və simulyasiyalar edərək real həyat situasiyalarını sinifdə canlandıraraq hadisələrin səbəblərini araşdırmaq şagirdlərin dərsə marağını artırır. Elektron lövhələrdən istifadə, interaktiv videolar dərsin monotonluğunu qırır. Həmçinin layihə işi vasitəsilə onların tədqiqat bacarıqlarını inkişaf etdirirəm.
Əlbəttə ki, müsbət motivasiya hər zaman köməyimə çatır. Onların kiçik uğurlarını müsbət şəkildə qeyd edir, onların özünəinamını artırıram. Ən əsası da hər bir şagirdin xüsusiyyətlərini nəzərə alaraq onlara fərdi yanaşma tətbiq edirəm.

– Sevda müəllim, son olaraq həmkarlarınıza bildirmək istədiyiniz nələrsə varmı?
– Hörmətli həmkarlarım, müəllimlik böyük məsuliyyət, səbir və sevgi tələb edir. Hər gün şagirdlərin həyatına toxunur, onların xarakterini və gələcəyini formalaşdırırıq. Mən inanıram ki, biz bir-birimizdən öyrənməklə həm özümüzü, həm də təhsil mühitimizi inkişaf etdirə bilərik.
Gəlin fikirlərimizi, təcrübələrimizi bölüşək, yeni ideyalara açıq olaq. Unutmayaq ki, ən böyük sərvətimiz birlik və əməkdaşlığımızdır.
Çox sevindirici haldır ki, məhz belə gənc müəllimlərin timsalında Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, onlara xalq arasında böyük hörmət və ehtiram var. Çünki müəllimlər gələcəyimizin parlaq gəncliyini yetişdirirlər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər