
Nəriman Məmmədzadə Lənkəran-Astara regionunun fərqlənən fiziki tərbiyə müəllimlərindən biridir. 1997-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olan Nəriman müəllim orta təhsilini burada alıb. 2017-ci ildə Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə fakültəsinə qəbul olub. Məzun olduğu 2020-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edib və Yardımlı rayonunun Horonu kənd tam orta məktəbində əmək fəaliyyətinə başlayıb.
Tələbəlik dövründə kolleclər arasında keçirilən voleybol yarışında birinci yerə layiq görülən müsahibimiz boks üzrə yarışın respublika üçüncüsü də olub. 2021-ci ildə yenidən müəllimlərin işə qəbul imtahanında iştirak edərək 45 balla Cəlilabad rayonunun Xanəgah kənd tam orta məktəbinə fiziki tərbiyə müəllimi təyin olunub. Həmin məktəbdə şagirdləri voleybol idman növü üzrə daha çox inkişaf etdirib. Məktəblilərdən ibarət komanda yaradıb. Bu komanda dəfələrlə rayon çempionatlarında mükafatlar əldə edib. 2024-cü ildə müsabiqədə iştirak edərək iş yerini Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbə dəyişdirib.
2023-cü ildə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) keçirdiyi müsabiqədə “İlin gənc fiziki tərbiyə müəllimi” seçilən Nəriman müəllim səmərəli fəaliyyətinə görə Lənkəran-Astara Regional Təhsil İdarəsi (LARTİ) tərəfindən iki dəfə fəxri fərmanla mükafatlandırılıb.
- Nəriman müəllim, bəziləri elə düşünür ki, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimliyini seçənlər digər fənləri yaxşı bilmədiklərinə görə bu sahəyə yönəliblər...
- Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır, lakin qeyd edim ki, sadaladıqlarınız xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Elə insanlar var ki, bu ixtisaslardan biri üzrə təhsil almaq istəyib, amma qabiliyyət imtahanından keçə bilməyib. Bir sözlə, bu yanaşma tamamilə absurddur. Mənə gəldikdə, bu ixtisası seçməyim uşaqlıqdan idmana olan həvəsim, bu sahədə özümü daha çox doğrulda biləcəyimə inanmamla bağlıdır.

- Azərbaycanın YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan çövkən kimi qədim milli oyunları var. Müasir dövrdə sırf Azərbaycana məxsus yeni idman növü, oyunlar yaradılıb?
- Çövkən oyunu əsasında müasir polo idman növü yaradılıb. Çövkən bizim idman növü olsa da, polo bizə aid deyil. Dünyada “xıy-xıy”, “çilingağac”, “zorxana” kimi qədim milli oyunlarımıza uyğunlaşdırılmış müasir oyunlar var. Məs, “hokkey” oyununu “çilingağac”a bənzətmək olar. Amma son dövrlərdə Azərbaycana məxsus yeni yaranan idman növü yoxdur.
- Şagirdlərinizin dərsinizə marağı necədir?
- Hər bir müəllim fənninə maraq yaratmağı bacarmalıdır. Şagirdlərin dərsimə marağı yüksək səviyyədədir, onlar hətta dərsdən sonra ayrıca məşğələ keçməyimi istəyirlər.
- Müasir dövrün uşaqları ilə işləmək sizə çətin gəlmir ki?
- Gənc müəllim olduğumdan müasir uşaqlarla işləmək mənim üçün elə də çətin deyil. Lakin bizim nəslin uşaqları ilə indiki uşaqlar arasında fərq var.
- Fəxri fərmanlara layiq görülmüsünüz, “İlin gənc fiziki tərbiyə müəllimi” seçilmisiniz. Sizi digər fiziki tərbiyə müəllimlərindən hansı xüsusiyyətlər fərqləndirir?
- “İlin müəllimi” seçilməyi işə başlayan gündən xəyal etmişəm, qısa müddət ərzində bunu bacara biləcəyimi isə xəyal belə edə bilməzdim. Amma yüksək əzmkarlığım sayəsində bunu bacardım. Təbii ki, bu ixstisas üzrə məndən daha təcrübəli olan müəllimlərin sayı çoxdur. Mən bilmədiklərimi onların təcrübəsindən yararlanaraq öyrənirəm.
- Fənninizin nəzəri tərəflərini də tədris edirsiniz?
- Nəzəri bilikləri metodik vasitələrlə şagirlərə çatdırmağa çalışıram. Daha geniş məlumatları internet vasitəsilə araşdırıb şagirlərə açıqlayıram.
.jpeg)
- Peşəkar idmançı kimi də fəaliyyət göstərmisiniz. Sizcə, hansı daha çətindir- meydanda döyüşmək, yoxsa məktəbdə çalışmaq?
- Hər ikisi məsuliyyət tələb edir. Mən boks idman növü ilə məşğul olmuşam. Boks ən kiçik səhvi belə bağışlamır. Ona görə çalışıram ki, rinqdə olduğu kimi, məktəbdə də ən kiçik səhvə belə yol verməyim. İşimdə məsuliyyətli olmağı özümə borc bilirəm.
- Bəzən valideynlər hiperaktiv uşaqlarını idmana, xüsusən döyüş idman növlərinə yönəldirlər. Bunu doğru hesab edirsiniz?
- Uğur qazanmaq istəyən mütləq seçdiyi sahəni sevməli və bütün çılğınlıqlarını kənara qoymalıdır. İdmanla məşğul olmaq üçün uşağın hiperaktiv olması əsas deyil, onun idmana həvəs göstərməsi, sevməsi və məsuliyyətli olması önəmlidir. Valideynlərə məsləhətim odur ki, övladları ilə davamlı olaraq fərdi və pisixoloji söhbətlər aparsınlar. Uşaqlarının həvəs göstərdiyi peşəyə yiyələnməsinə dəstək göstərsinlər.
- Qızların və oğlanların məşğul ola bildiyi və bilmədiyi idman hərəkətləri və növləri var?
- Fiziki tərbiyə dərslərində bəzi hərəkətlər var ki, onları qız və oğlanlar fərqli şəkildə etməlidir. Məsələn, oğlanlar hündür, qızlar alçaq turniklərdə dartınmalıdırlar. Azərbaycanda gender bərabərliyi var və hər kəs buna hörmətlə yanaşmalıdır. Biz deyə bilmərik ki, qız uşağının boksla məşğul olması yaxşı deyil. Azərbaycanın o qədər qadın boksçuları var ki, onlar yüksəksəviyyəli yarışlarda bayrağımızı göylərə ucaldıblar. Ona görə də qız və ya oğlan olmasından asılı olmayaraq, həvəsi olan hər kəs istədiyi idman növü ilə məşğul ola bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər