Bütün xəbərlər
25 avqust, 12:22

İbtidai siniflərdə dərslərin müddəti illərdir pedaqoqların, valideynlərin və təhsil ekspertlərinin müzakirə etdiyi mövzulardan biridir. İlk dəfə məktəbə qədəm qoyan 6-7 yaşlı uşaqların uzun müddət diqqətlərini dərs prosesinə yönəltməkdə çətinlik çəkməsi isə həm psixoloqların, həm də müəllimlərin xüsusi diqqətindədir. Bu səbəbdən də bir çox ölkələrdə ibtidai siniflərdə dərs müddəti yuxarı siniflərdən fərqli olaraq daha qısa müəyyənləşdirilir.

Ölkəmizin bütün ümumi təhsil müəssisələrində I siniflərdə dərsin müddəti hazırda 45 dəqiqədir. Bu norma Nazirlər Kabinetinin 2012-ci ildə qəbul etdiyi 171 nömrəli qərarla təsbit olunub. Qaydalara əsasən, ibtidai siniflərdə dərs zamanı təlimə sərf olunan vaxt ümumi dərs müddətinin 80 faizindən çox ola bilməz. Bundan əlavə, günün ortasında 40 dəqiqədən artıq olmayan dinamik fasilə də nəzərdə tutulur. Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu normativlərin dəyişdirilməsi gündəmdə deyil.

Təhsil İnstitutunun metodisti Səidə Dünyamalıyeva da təsdiqləyir ki, bütün siniflərdə dərs müddəti eynidir - 45 dəqiqə. Onun fikrincə, xüsusilə 1-ci sinif şagirdləri üçün bu, kifayət qədər uzun görünə bilər: “Əvvəlcə nəzərə almaq lazımdır ki, həmin uşaqlar məktəbəqədər hazırlıq qruplarına və ya bağçalara cəlb olunublarmı? Əgər bu təcrübələri varsa, artıq müəyyən qaydalara, vaxt və davranış rejiminə alışmış olurlar. Amma elə uşaqlar da var ki, birbaşa evdən məktəbə gəlirlər. Bu halda 45 dəqiqəlik dərs prosesi onlar üçün həm çox uzun, həm də psixoloji və fiziki cəhətdən ağır ola bilər”.

Səidə Dünyamalıyeva əlavə edir ki, azyaşlı uşaqlar uzun müddət eyni fəaliyyətdə sıxılır, hərəkət etmək, oyun oynamaq istəyirlər. Ona görə də müəllim 45 dəqiqəlik dərsi elə qurmalıdır ki, şagird həm öyrənsin, həm əylənsin, həm də yenidən məktəbə gəlmək həvəsində olsun.

Dərsi necə təşkil etməliyik ki, şagird yorulmasın?

Metodist bildirir ki, dərs planlaması düzgün qurularsa, şagird nə yorular, nə də sıxılar. Əsas məsələ dərsin strukturunda gizlənir: “Uşaqlar uzun müddət oturduqda tez yorulduqları üçün qısa fiziki hərəkətlər, yəni “enerji fasilələri” olduqca vacibdir. Məsələn, müəllim əl işarəsi ilə uşaqları ayağa qaldırıb sadə hərəkətlər etdirə, ya da musiqi fonunda bir dəqiqəlik rəqs təşkil edə bilər. 

Dərsin maraqlı və cəlbedici olması üçün vizual materiallardan istifadə etmək zəruridir; şəkillər, rəngli kartlar, videolar və kuklalar uşaqların diqqətini daha uzun müddət saxlamağa kömək edir. Tapşırıqlar isə müxtəlif və qısamüddətli olmalıdır; 7-10 dəqiqəlik fəaliyyətlərdən sonra dərhal başqa məşğuliyyətə keçmək daha effektivdir. Həmçinin şagirdlərə sinifdə müəyyən rollar vermək, məsələn, müəllim köməkçisi olmaq, dəftərləri paylamaq, lövhəni silmək həm məsuliyyət hissini artırır, həm də diqqəti tez yayınan uşaqları dərs prosesinə aktiv şəkildə cəlb edir”.

Metodist vurğulayır ki, müəllim dərsi şagirdlərin yaş səviyyəsinə və öyrənmə tipinə uyğun planlamalıdır. Kimisi vizual, kimisi eşitmə, kimisi isə kinestetik üsullarla daha yaxşı öyrənir. Müxtəlif metodların tətbiqi bütün uşaqlar üçün balanslı mühit yaradır.

İbtidai dərslərin effektiv planlanması üçün tövsiyələr

ARTİ-nin metodisti dərslərin daha səmərəli təşkili üçün belə bir ardıcıllıq təklif edir:

1. Motivasiya mərhələsi - Şagirdlərin marağını oyatmaq üçün şəkil, mahnı, sual-cavab, animasiya, real əşyalar.

2. Mövzuya giriş - Hər mərhələ üçün 5-7 dəqiqəlik vaxt ayrıldıqda, 45 dəqiqəlik dərs uzun görünmür.

3. Əsas fəaliyyət - Müəllim müşahidəçi rolunda olur, uşaqlar oyun, tapşırıq, kartlar, hərəkətli məşğələlərlə mövzunu mənimsəyirlər.

4. Yaradıcı fəaliyyət - Mövzunu möhkəmləndirmək üçün rəsm, plastilin, kəsib-yapışdırma, qrup və cüt işləri.

5. Refleksiya - Sonda “Bu gün nə öyrəndiniz?”, “Nə yadınızda qaldı?” kimi suallarla uşaqlar fikirlərini bölüşürlər.

Beynəlxalq təcrübə nə deyir?

Dünyanın müxtəlif ölkələrində ibtidai siniflərdə dərs müddətləri müxtəlifdir və bu, pedaqoji yanaşmaların fərqliliyini göstərir. Məsələn, İtaliyada dərslər adətən 30-35 dəqiqə davam edir və bu qısa dərslər şagirdlər üçün daha çox fasilə imkanı yaradır. Finlandiyada isə 45 dəqiqədir və dərsdən sonra şagirdlərə 15 dəqiqəlik istirahət fasiləsi verilir. 

Latviya təhsil sistemində I sinifdə dərslər 35 dəqiqə davam edir, yuxarı siniflərdə isə 40-45 dəqiqəyə qədər uzanır. 

Türkiyədə ibtidai sinif şagirdləri 40 dəqiqəlik dərslərdə iştirak edir və dərslər arasında 10 dəqiqəlik fasilələr təşkil olunur.

Sinqapurda dərslər 30-40 dəqiqə arasında dəyişir və burada oyun əsaslı öyrənmə metodları üstünlük təşkil edir. 

İngiltərədə isə şagirdlər fəaliyyət blokları ilə öyrədilir; qısa, 15-20 dəqiqəlik bloklar fasilələrlə növbələşərək dərs prosesini maraqlı və cəlbedici edir. 

Çin məktəblərində dərslərin müddəti adətən 40 dəqiqədir, bəzi bölgələrdə isə I sinifdə 35 dəqiqəyə qədər qısaldılır. 

Yaponiyada isə ibtidai sinif şagirdləri 35 dəqiqəlik dərslərlə məşğul olurlar.

Səhiyyə təşkilatlarının yanaşması

Amerika Pediatriya Akademiyasının (AAP) tövsiyələrinə görə, uşaqların diqqət saxlama qabiliyyəti onların yaşına uyğun dəqiqələrlə ölçülür. Məsələn, 6 yaşlı uşaq 6-8 dəqiqə, 7 yaşlı uşaq isə 7-9 dəqiqə fasiləsiz diqqət göstərə bilir. Buna görə də dərslərin qısa bloklarla təşkili, ardınca isə fəaliyyət dəyişikliyi vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının sənədlərində isə qeyd olunur ki, 6-7 yaşlı uşaqlar ən geci 30-40 dəqiqədən bir ayağa qalxıb hərəkət etməlidirlər. Bu, həm fiziki, həm də zehni sağlamlıq baxımından zəruridir. 

Təhsil psixoloqları da diqqət müddətini sadə düsturla izah edirlər: yaş vurulsun 2-5 dəqiqə. Yəni 7 yaşlı uşaq dərs prosesində maksimum 14-35 dəqiqə diqqətini qoruyaraq öyrənə bilir. Bu isə yalnız oxu-yazı ilə deyil, oyun, rəsmlə məşğuliyyət, qrup işi kimi fəaliyyətlərin növbələşməsi ilə mümkündür.

Göründüyü kimi, bəzi ölkələrdə (Latviya, Yaponiya, İtaliya və s.) ibtidai siniflərdə dərs müddəti daha qısadır. Finlandiya və İngiltərə kimi ölkələr isə fasilələrin tezliyi və uşaqların aktivliyinə xüsusi diqqət yetirir.

Azərbaycanda mövcud qaydalar dərsin 45 dəqiqədən az olmamasını tələb etsə də, beynəlxalq təcrübə sübut edir ki, dərsin keyfiyyətinə təkcə müddət yox, həm də onun təşkili, fasilələrin düzgün planlanması və uşaqların yaş xüsusiyyətlərinə uyğunlaşdırılması birbaşa təsir göstərir.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.