
“İkili diplom proqramlarının əsas məqsədi ali təhsil sistemimizin beynəlxalq ali təhsil sisteminə inteqrasiyasının, eyni zamanda ali təhsil müəssisələrimizin beynəlxalq rəqabətliliyinin artırılması, akademik mühitin yaxşılaşdırılması və gənc istedadlı tələbələrimizin beynəlxalq proqramlarda iştirakının təmin edilməsidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev söyləyib.
Nazir müavini bildirib ki, bu proqramlar vasitəsilə tələbələr beynəlxalq arenaya çıxış imkanı əldə edirlər: “Prezident İlham Əliyev dünən ali təhsil sistemində beynəlxalq rəqabətliliyin artırılması ilə bağlı əlavə tədbirlər barədə müvafiq sərəncam imzaladı. Sərəncamın əsas məqsədi ölkəmizin ali təhsil sistemində beynəlxalq ikili diplom proqramlarının tətbiqinin genişləndirilməsidir. Bu sərəncam əvvəlki illərdə ölkə başçısı tərəfindən qəbul edilən və təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən olunmuş tədbirlərdən irəli gəlir. Bu sərəncam, ilk növbədə, ölkə başçısının bu prosesə dəstəyini göstərir.
Məlumat üçün bildirirəm ki, həmin sərəncamla beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi 8-ə çatdırılacaq. Hazırda ölkəmizdə 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Onların 4-ü ali təhsilin magistratura səviyyəsindədir. Həmin ikili diplom proqramları Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə ADA Universiteti, Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti ilə Yerusəlim İbrani Universiteti, İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında olan proqramlardır. Bundan əlavə, ali təhsilin bakalavriat səviyyəsində 2 beynəlxalq ikili diplom proqramı mövcuddur: Cənubi Koreyanın İNHA Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında olan ikili diplom proqramı”.
İdris İsayev bildirib ki, ümumilikdə bu proqramlara 1050-yə yaxın tələbə cəlb olunub: “Məqsədimiz bu ikili diplom proqramlarının sayını 8-ə çatdırmaqdır və proqramların icra müddəti 2030-cu ilə qədər davam edəcək. Bu proqramlar beynəlxalq səviyyədə tətbiq olunan təhsil texnologiyalarının ölkəmizdə də tətbiqi, əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrinə cəlb olunması və ümumilikdə akademik mühitin keyfiyyətinin yüksəldilməsi deməkdir”.
İdris İsayev qeyd edib ki, ali təhsil müəssisələrimiz artıq QS reytinq cədvəlində öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Məsələn, Bakı Dövlət Universiteti əvvəl 951–1000 aralığında təmsil olunurdusa, artıq 688-ci yerə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti əvvəllər 1-1200 aralığında siyahıda yer alırdısa, indi 800–851 aralığında yer alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti 851–900 aralığında qərarlaşıb. Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti isə 951–1000 aralığında yer alır. Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti və Sumqayıt Dövlət Universiteti də bu reytinq sıralamasında yer alıblar:
“Göründüyü kimi, ikili diplom proqramlarının tətbiqi ali təhsil müəssisələrimizin beynəlxalq rəqabətqabiliyyətliliyini artırır. Düşünürəm ki, ali təhsil müəssisələrimiz bu prosesi uğurla davam etdirəcək və mövqelərini daha da yaxşılaşdıracaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər