Bütün xəbərlər
25 avqust, 16:31

Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra tələbələrin qarşısında yeni mərhələ – qeydiyyat prosesi başlayır. Lakin hər il olduğu kimi bu il də bir sıra namizədlər magistraturaya qəbul olsalar da, qeydiyyatdan keçməyiblər. Bu isə təhsil sistemində müəyyən suallar doğurur: səbəb nədir?

“Qeydiyyatdan keçməmək faktiki olaraq imtina deməkdir”

“Azərbaycan müəllimi” mövzu ilə bağlı regionda fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti (ATU) və Gəncə Dövlət Universitetində (GDU) mövcud vəziyyətlə maraqlanıb.

ATU-nun Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun sözlərinə görə, bu il universitetin magistratura səviyyəsinə I turda 113 bakalavr qəbul olub: “Onların 102 nəfəri qeydiyyatdan keçib, lakin 11 nəfər bu prosesi başa çatdırmayıb. Bu isə faktiki olaraq imtina deməkdir”.

E.Bayramov bildirir ki, universitet imtina edənlərlə əlaqə saxlayaraq səbəbləri öyrənib: “Bəziləri uzaq şəhərlərdə yaşadıqları üçün davamlı gediş-gəlişin çətin olacağını əsas gətirib. Bəziləri artıq işlədiyini və təhsilini davam etdirmək imkanının olmadığını bildirib. Digər namizədlər isə sonradan fikirlərini dəyişib və ya ixtisas seçimlərinin uyğun olmadığını vurğulayıblar. Maddi imkanlarla bağlı problemlər də əsas səbəblər sırasındadır”.

“Qeydiyyatdan keçməyənlərin sayı çox olarsa, həmin ixtisas üzrə qəbul yerlərinin azaldılması məsələsi gündəmə gələ bilər”

Mühüm məqam odur ki, imtina edilən yerlər boş yer kimi II tura çıxarılmır. Bu isə ali məktəblər üçün planlaşdırmada əlavə çətinlik yaradır. 
GDU-da da oxşar mənzərədir. Universitetin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva qeyd edir ki, I tur üzrə universitetə qəbul olan 318 nəfərin 27 nəfəri qeydiyyatdan keçməyib. S.Quliyeva bu imtinaların səbəblərini belə sıralayır: Qohum-əqrabaya qəbul olub “özünü göstərmək” məqsədilə imtahanda iştirak edənlər. Arzuolunan ixtisasın uyğun olmaması. İş məsələləri və şəxsi həyatla bağlı qərarlar.

Universitet rəsmisi bildirir ki, qeydiyyatdan keçməyən tələbələrlə portalda qeyd olunan əlaqə nömrəsi vasitəsilə əlaqə saxlayırlar, onlara dəstək təklif edirlər. Qeydiyyat zamanı texniki problemlər yaşayanlara yardım göstərilir, ödənişlə bağlı çətinliklər olduqda isə təhsil tələbə krediti ilə bağlı məlumat verilir.
Sevinc Quliyeva deyir ki, bu proses bir neçə mənfi nəticə doğurur:  “Maliyyə baxımından problem ondadır ki, universitetlər plan yerinə görə resurs ayırır, lakin tələbə  gəlmədikdə həmin resurslar boş sərf olunur. Tədris baxımından -  tələbə sayı az olduqda qruplar yaranmır, bəzi hallarda tələbələr başqa qruplara əlavə olunur ki, bu da həm tədrisin keyfiyyətinə, həm də müəllimlərin dərs yükünə mənfi təsir edir. Gələcəkdə qəbul planına da təsir göstərir. Əgər müəyyən ixtisaslarda qeydiyyatdan keçməyənlərin sayı çox olarsa, həmin ixtisas üzrə qəbul yerlərinin azaldılması məsələsi gündəmə gələ bilər”.

Tələbələr imtina səbəbləri kimi nələri əsas gətirirlər?

“Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasını bitirən Nərmin Əhmədova Gəncə şəhərində yaşayır, MBA proqramı üzrə magistraturaya qəbul olub. Lakin həm ixtisası uyğun olmadığından, həm də şəxsi məsələlərlə əlaqədar təhsilini  davam etdirmir. Atasının fikri də onun qərarında rol oynayıb: “Pulsuz olsa idi, icazə verərdi, amma ödənişli olduğuna görə razı olmadı”.

Samux rayonunda yaşayan Royal Nəzərov isə magistr təhsili almaq istəyir, amma qəbul olduğu ixtisas ödənişli əsaslı olduğundan təhsilini davam etdirmək fikrindən daşınıb: “Maddi vəziyyətim buna imkan vermədiyi üçün qeydiyyatdan keçmədim”.

Şəmkir sakini Zəhra Ziyadzadənin imtina səbəbi isə belədir: “Qəbul zamanı ailəmlə məsləhətləşməmişdim. Düzü, qəbul olduğum ixtisas əvvəlki təhsilimlə bağlı deyildi. Mən ADAU-da “Əczaçılıq” ixtisasını bitirmişəm, lakin MBA proqramına qəbul olmuşdum. Sonradan anladım ki, buna ehtiyac yoxdur”.
Xaçmazda yaşayan Milyanə Tahirova isə imtina səbəbi kimi yolun uzaq olduğunu göstərir: “ Səhvən Gəncədəki məktəbin adını  yazmışdım, ona görə imtina etdim. Amma ixtisasıma uyğun fakültəyə qəbul olmuşdum”. 

“Gənclər akademik karyeraya çox önəm vermirlər” 

Təhsil eksperti, Türkiyənin Gazi Universitetinin doktorantı Rasim Həsənzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, son illər Azərbaycanda ali təhsilin magistratura səviyyəsinə qəbula marağın azalıb: “Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, ikinci turda boş qalan 3700 (1200 dövlət sifarişli) yerə cəmi 1418 nəfər seçim edib. Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olub və dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub. Beləliklə, yüzlərlə dövlət sifarişli yer boş qalıb!”

Təhsil eksperti bu təhsil səviyyəsinə marağın azalmasının səbəblərindən danışıb: “Gənclər akademik karyeraya çox önəm vermirlər və bakalvr təhsili bitirdikdən sonra birbaşa əmək bazarına “atılırlar”. Bunun əsəs səbəbi isə universitetlərdə çalışan professor-müəllim heyətinin maaşlarının gözləntilərdən az olmasıdır. Eyni zamanda, artıq müəssisələr diploma yox, bilik və bacarıqlara daha çox diqqət edir, bu səbəbdən də gənclər magistratura təhsili üçün 2 il əlavə oxumaq istəmirlər”.

“Ali məktəblər magistr təhsilini cəlbedici edə bilmir”

Ekspert səbəblər arasında son illərdə gənclərin daha çox xaricdə magistr təhsili almağa meyil göstərdiyini də qeyd edir: “Bu da onu göstərir ki, ali təhsil müəssisələri təqdim etdiyi magistr təhsilini cəlbedici edə bilmir”.

Rasim Həsənzadənin fikrincə, magistr proqramları formal təhsildən daha çox praktika və elmi-tədqiqata əsaslanmalı, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır: “Əks halda, uzunmüddətli perspektivdə akademik kadr çatışmazlığı, elmi-tədqiqat fəaliyyətinin zəifləməsi, kadr hazırlığında boşluqlar, xaricə axının güclənməsi, nəticədə təhsil sisteminin rəqabət qabiliyyətinin azalması qaçılmaz olacaq”.

Ekspert problemin həlli üçün dünya təcrübəsinə istinad edir: “ABŞ-də iki istiqamətli magistr proqramları var: 1. Tədqiqat (research-based); 2. Peşəkar model (professional-based). Bununla da həm elm və tədqiqatla maraqlanan gənclər, həm də əmək bazarında praktiki bacarıqlar qazanmaq istəyənlər üçün alternativlər yaradılır. Bəzi ölkələrdə isə universitetlər şirkətlərlə birlikdə proqramlar hazırlayır, tələbələr təhsil müddətində praktikada iştirak edir və çox vaxt həmin şirkətlərdə iş imkanı əldə edirlər. Bu da gənclər üçün magistraturanı vaxt itkisi yox, karyera investisiyası kimi göstərir. Elə ölkələr də var ki, magistratura təhsili daha qısa müddətə uyğunlaşdırılıb. Məsələn, Böyük Britaniyada proqramların çoxu 1 illikdir və bu, gənclərə vaxt baxımından daha sərfəli görünür”.  

Rasim Həsənzadə deyir ki, ABŞ-də “accelerated master’s programs” modeli tətbiq olunur: tələbələr bakalavrın son ilində magistr fənlərini oxumağa başlayaraq həm vaxt, həm də maliyyə baxımından üstünlük qazanırlar. Azərbaycanda isə artıq bu ildən 1,5 illik magistr ixtisaslaşmaları yaradılıb və yeni təhsil proqramları hazırlanıb. Lakin bu islahatın real nəticələrinin özünü göstərməsi üçün bir neçə il vaxt lazım olacaq: “    Əlavə olaraq qeyd etmək olar ki, magistratura səviyyəsində dərslərin təşkili daha çevik, həm tələbələrin, həm də müəllimlərin imkanlarına uyğun formatda həyata keçirilməlidir. Hazırda bəzi universitetlərdə dərslər səhər saat 9-da, digərlərində günorta, bəzilərində isə yalnız axşam saatlarında keçirilir.  Bu isə təhsilini davam etdirərkən işləmək istəyən gənclər üçün ciddi çətinlik yaradır”.   

Mütəxəssis deyir ki, bu problemi aradan qaldırmaq üçün universitetlər magistratura səviyyəsində hibrid və ya qiyabi proqramlar təklif edə bilər. Belə yanaşma gənclərə həm işlə təhsili paralel aparmaq, həm də əlavə vaxt və resurs qazanmaq imkanı yaradacaq.

Şərhlər

Xəbər lenti

25 avqust, 17:39

Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu 

25 avqust, 17:38

“Ali məktəbə oğlumun təhriki ilə sənəd verdim” – 20 ildən sonra tələbə olan Qax sakini

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

25 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.