Bütün xəbərlər
4 avqust, 14:31

İnklüzivlik nədir?

Bu ritorik sualın cavabı ilk anda cəmiyyətin bütün üzvlərinin bərabər imkanlara malik olduğu, müxtəlifliklərin qəbul edildiyi bir mühitin doğurduğu anlam kimi başa düşülür. Bu anlamda ehtiva olunan odur ki, bütün sahələrdə insanlar cinsi, etnik, dini, fiziki və zehni fərqliliklərinə baxmayaraq, bərabər dəyərləndirilir və qəbul edilir. İnklüzivliyin nəzərə alınması bu gün böyük bir cəmiyyət hadisəsi kimi qiymətləndirilərək yüksək səviyyədə qəbul olunur. Dünyanın böyük fikir sahiblərinin, o cümlədən filosof və psixoloqların yaradıcılığında inklüzivliyin insanlar üçün daha anlaşıqlı və rahat bir mənəvi mühiti formalaşdırmasından bəhs olunur. 

Böyük psixoloq və təhsil nəzəriyyəçisi Lev Vıqotski uşağın inkişafında mühitin əvəzsiz rolundan bəhs edərək bildirirdi ki, uşağın inkişafı onun təkcə daxili potensialı ilə deyil, həm də sosial mühitdə qarşılıqlı təsirlərlə müəyyən olunur. 

Məşhur iqtisadçı və təhsil nəzəriyyəçisi Amartya Sen də cəmiyyətin inkişafında inklüzivliyin xüsusi rolunu nəzərə alaraq qeyd edirdi ki, insanların azadlığını və imkanlarını genişləndirəndə cəmiyyətdə real bərabərlikdən danışmaq olmaz. O, bu fikri söyləyərkən məhz inklüziv düşüncə əsasında insanlara bərabər imkanların yaradılmasını nəzərdə tuturdu. 

İnsanların bərabərliyi anlayışı, ilk növbədə, onların bərabər müstəvilərdə fəaliyyət göstərməsini tələb edir. Ona görə də bu gün inklüziv təhsil anlayışı daha çox yada salınmaqla gündəmə gəlir. Həmçinin inklüzivliyin müzakirə edildiyi sahə də təhsildir. UNESCO  inklüziv təhsilə belə bir tərif vermişdir. “İnklüziv təhsil bütün uşaqların, xüsusən də problemli və ya sosial baxımdan həssas qruplardan olan uşaqların eyni məktəbdə, eyni sinifdə və eyni proqram çərçivəsində təhsil alma hüququnun təmin olunmasıdır”. Təbii ki, bu, bir yanaşma kimi təhsil hüququnun verilməsi ilə kifayətlənmir. Həm də bu hüququn səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün dəstək mexanizmlərinin yaradılmasını tələb edir.

Müasir dövrdə insanların qlobal dünyanın təpkilərinə üstün gəlmək və özlərinin istər təhsil, istər hər hansı sosial həyat şəraitində fəaliyyətlərini tənzimləmək üçün daha çox inklüziv təfəkkürün imkanlarından istifadə etmək zərurəti yaranır. Bu zərurət fərqliliklərə hörmət, empatiya və ədalətli münasibət prinsiplərindən irəli gəlir. Bütün bunlar isə Birləşmiş Millətlər Təşkilatının  2030-cu il Dayanıqlı İnkişaf  Məqsədlərindən (4-cü məqsəd: Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək) irəli gələn vəzifələrin icrasına təminat verir. 

İnklüzivlik həm də fərqliliklərə qarşı dözümlülük kimi düşünülməlidir. Bu fərqliliklər cəmiyyətin zənginliyinin bir hissəsi kimi qəbul edilməlidir. İnklüziv cəmiyyəti qurmaq üçün yalnız qanunları deyil, həm də insanların şüurunun dəyişilməsi və empatik yanaşmanın gücləndirilməsi vacibdir. 

Təhsildə inklüzivlik bucağı

Müasir dünyanın çağırışlarından biri inklüzivlikdir. İnsanlar nə qədər fərqli xüsusiyyətləri ilə görünsələr də, onların vahid müstəvidə olmalarına və fəaliyyətlərinin ümumi kontekstdə qiymətləndirilməsinə ehtiyac vardır. 

Məlum olduğu kimi, ənənəvi təhsil müəyyən normalarla fəaliyyət göstərirdi. Müəyyən normalara cavab verməyən uşaqlar (məsələn, problemli uşaqlar, imkansız ailələrin övladları və ya dil maneəsi olan uşaqlar) kənarda qalır, ayrıca müəyyən olunmuş müəssisələrə yönəldilirdilər. Halbuki, müasir inklüziv təhsil modeli bu yanaşmanı dəyişərək təhsil sisteminin uşaqlara uyğunlaşdırılmasını tələb edir. 

Beynəlxalq səviyyəli sənədlərdə də inklüziv yanaşmanın əhəmiyyəti və humanist cəmiyyətin formalaşmasındakı rolu xüsusi nəzərə alınır və UNESCO-nun 1994-cü ildə qəbul etdiyi Salamanka Bəyannaməsində belə qeyd olunur ki, “Bütün uşaqlar təhsil almaq hüququna malikdirlər və ümumi məktəblər bu hüququ həyata keçirmək üçün vasitədir. Bu məktəblər bütün uşaqları qəbul etməli və onların fərqliliklərini əks etdirəcək şəkildə təşkil olunmalıdır”. 

Təhsildə inklüzivlik həm də bir dəyər sistemidir. Bu dəyər sistemi insan hüquqları, bərabərlik, sosial inteqrasiya və qarşılıqlı hörmət kimi prinsiplərə əsaslanır. Eyni zamanda cəmiyyətin bütövlükdə inkişafına xidmət edir. O, təkcə problemli uşaqlar üçün deyil, cəmiyyətin bütün üzvləri üçün faydalı olan yanaşmadır. Bu yanaşma müxtəlifliyi zənginlik kimi təqdim edir və birlikdə yaşayan fərqliliklərin önəmli tərkib hissəsi olduğunu göstərir. 

Təhsildə inklüzivlik bucağından yanaşılma gələcəyin daha ədalətli, sosial cəhətdən sabit və dayanıqlı qurulması üçün zəruridir. İnklüziv təhsil təkcə kənarda qalanların deyil, hamının qazanması üçün bir fürsətdir. Təhsil sistemləri inklüzivliyi sadəcə siyasət deyil, həyat tərzi kimi qəbul etməli və onu bu səviyyədə inkişaf etdirməlidir. 

İnklüziv təfəkkür

İnklüzivliyin mövcud olmasında başlıca amillərdən biri kimi inklüziv təfəkkürün formalaşması əsas şərt olaraq çıxış edir. Bir düşüncə, mövqe faktoru kimi fəaliyyətin əsasında dayanır. 

Bəs onda inklüziv təfəkkür nədir?

İlkin yanaşmada onu belə düşünmək olar. İnklüziv təfəkkür fərqli insanlar, ideyalar və perspektivləri qəsdən dinləmək, qəbul etmək və sosial resurs kimi istifadə etmək deməkdir. Bu yanaşma yalnız tolerantlılıqla kifayətlənmir, eyni zamanda təfəkkürümüzü genişləndirərək daha dərin və ədalətli qərarların qəbuluna şərait yaradır. Bir mühitdə insanlar özlərini əhəmiyyətli və dəyərli hesab etdikdə, yəni inklüziv mühit yarandıqda iş məmnunluğu, yaradıcı düşüncə və təşkilati bağlılıq artır. 

Tədqiqatlar göstərir ki, müəllimlərin inklüzivliyinin xüsusi təlimi yoxdur. Həmçinin ali təhsil proqramlarında inklüziv pedaqogika üzrə müddəaların nəzərə alınması da aşağı səviyyədədir. Bunun nəticəsidir ki, müəllimlər sinfə, əsasən, psixoloji və texniki hazırlıqla daxil olurlar. 

Bütün bunlar onu göstərir ki, ölkəmizdə inklüziv tədris ehtiyaclarının hərtərəfli öyrənilməsi və vahid bazanın yaradılması günümüzün ən vacib problemlərindəndir. Həmçinin ali təhsil müəssisələrində inklüziv pedaqogika ixtisaslarının açılmasına, bu sahədə tədqiqatların aparılmasına ehtiyac vardır. Eyni zamanda inklüziv təhsili təmin edən proqram, dərslik və dərs vəsaitlərinin yaradılması vacib tələb kimi qarşıda durur. Bütün bunlarla yanaşı, müəllim və valideynlərin inklüziv terminologiya və dil istifadəsi haqqında maarifləndirilməsi işinin aparılması zəruri tələblərdəndir. Çünki onunla sosial streotipləri aradan qaldırmaq mümkündür. 

İnklüziv təhsilin məzmun problemləri yalnız siniflərin formal yaradılması ilə həll olunmur. Bunun üçün ehtiyac analizləri, pedaqoji hazırlıq işləri, sosial, mədəni dəyişikliklər aparılmalı, müasir texnologiyalara istinad edilməlidir. 

(Ardı var)

Ənvər ABBASOV,

Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

1 /1

Şərhlər

Xəbər lenti

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.