Azərbaycanda könüllülük hərəkatı son illərdə daha geniş vüsət alıb. Könüllülük gəncləri cəmiyyətə töhfə verən məsuliyyətli fərd, əmək fəaliyyətində uğurlu kadr kimi formalaşdırır. Bu fəaliyyət həm qısa, həm də uzunmüddətli perspektivdə onların həyatında müsbət dəyişikliklər yaradır.
Könüllülüyə maraq artır
“Bu gün artıq cəmiyyət könüllülüyün sosial inkişafda mühüm rol oynadığını dərk edir. Xüsusilə pandemiya dövründə könüllülərin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirildi. O dövrdə könüllülər ehtiyacı olan insanlara yardım etməkdən tutmuş maarifləndirmə kampaniyalarına qədər bir çox sahələrdə fəal iştirak etdilər. Bu proses könüllülüyün əhəmiyyətini və insanların bu sahəyə marağını daha da artırdı”.
Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova deyib.
O bildirib ki, artıq ölkəmizdə keçirilən tədbirlərin əksəriyyətində könüllülərin iştirakı mütləq şəkildə nəzərdə tutulur. Gənclərin erkən yaşlardan təcrübə əldə etməsinə şəraitin yaradılması, müxtəlif qurumlar tərəfindən bu fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə fərqli nominasiyalar üzrə mükafatların təqdim olunması gənclərin könüllülüyə motivasiyasını daha da artırır, bir növ, çağırış rolu oynayaraq hər kəsi bu prosesə cəlb edir: “Əminliklə deyə bilərəm ki, ölkəmizdə könüllülük mədəniyyəti ən yüksək səviyyədə inkişaf edib. Hətta bu model digər dövlətlər tərəfindən də maraqla qarşılanır. Ölkəmiz könüllülük sahəsində əldə etdiyi uğurları ilə beynəlxalq təcrübə mübadiləsinə töhfə verir. Azərbaycanın könüllülük modeli sosial rifahın artırılmasında və ictimai inkişafın sürətləndirilməsində effektiv vasitələrdən biri kimi qəbul edilir. Bu uğurun əsas səbəblərindən biri könüllülüyə dövlət səviyyəsində göstərilən diqqət və dəstəkdir”.
İşə qəbul zamanı könüllülük təcrübəsi namizədin aktivliyi kimi qiymətləndirilir
L.Zeynalovanın sözlərinə görə, könüllülük əmək bazarına bir növ hazırlıq mərhələsidir. Çünki burada gənclər iş mühitinə uyğunlaşmağı, məsuliyyətli olmağı və komandada işləməyi öyrənirlər: “Bu fəaliyyət gənclərə real iş mühitində iştiraketmə, müxtəlif sahələrdə təcrübə qazanma və gələcək karyeralarına daha inamla addım atmaq imkanı yaradır. Gənclər könüllü fəaliyyət vasitəsilə işəgötürənlər üçün cəlbedici olan təcrübələr əldə edir və CV-lərində bu təcrübələri vurğulayaraq rəqabətqabiliyyətlərini artırırlar.
Bir çox işəgötürənlər könüllülük təcrübəsini namizədin aktivliyi, təşəbbüskarlığı və məsuliyyət hissinin göstəricisi kimi qiymətləndirir. Könüllülük fəaliyyəti zamanı gənclər müxtəlif sahələrdə işləyərək gələcəkdə özlərinə uyğun peşə istiqamətini daha yaxşı müəyyən edə bilirlər. Fərqli sahələrdə özlərini yoxlama onlara maraq dairələrini genişləndirmə və öz potensiallarını daha yaxından tanıma fürsəti verir. Eyni zamanda, könüllülük şəbəkələşmə imkanları baxımından da gənclər üçün əhəmiyyətli platformadır.
Onlar müxtəlif tədbir və layihələr vasitəsilə iş dünyasının nümayəndələri ilə münasibətlər quraraq gələcək karyeraları üçün vacib əlaqələr yaradırlar. Bu, gənclərə peşəkar çevrələrini genişləndirmək və yeni iş imkanlarına çıxış əldə etmək imkanı verir. Mən dəfələrlə şahidi olmuşam ki, könüllü kimi fəaliyyət göstərən gənclər sonradan yaxşı iş imkanları əldə ediblər. Könüllülük proqramları çərçivəsində gənclər üçün müxtəlif təlim və mentorluq proqramları təşkil olunur ki, bu da onların əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Liderlik, komanda idarəetməsi, layihələrin təşkili və biznes etikası kimi təlimlər gənclərin peşəkar bacarıqlarını gücləndirir və onları iş həyatında daha uğurlu olmağa hazırlayır”.
“Könüllülük peşəkar yüksəlişin əsas mərhələsinə çevrilib”
Ölkəmizdə könüllülük mədəniyyətinin sürətlə inkişaf etməsi və gənclərin bu fəaliyyətdən çoxşaxəli fayda əldə etməsinin sevindirci hal olduğunu deyən Leyla Zeynalovanın fikrincə, ünsiyyət, komanda işi və problem həlli kimi yumşaq bacarıqlar həm peşəkar, həm də şəxsi həyatda uğurun əsas açarlarındandır:
“Könüllülük fəaliyyəti isə gənclərə bu bacarıqları praktiki şəkildə inkişaf etdirmək, müxtəlif tədbir və layihələrdə iştirak etməklə həm maraqlı dostluqlar qurmaq, həm də yeni məşğuliyyətlər və təcrübələr qazanmaq fürsəti yaradır. Beləliklə, onlar yalnız sosial çevrələrini genişləndirmir, həm də hərtərəfli inkişaf edirlər. Vacib məqam odur ki, könüllülük gənclərə cəmiyyətə faydalı olmağın dəyərini dərindən dərk etməyə kömək edir. Onlar bu fəaliyyət vasitəsilə sosial məsuliyyət hissini mənimsəyir, müxtəlif sahələrdə fəaliyyət göstərərək həm ekoloji problemlərə, həm də sosial məsələlərə həssas yanaşmağı öyrənirlər. Eyni zamanda, könüllülük gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə də təsir göstərir. Vətəni və cəmiyyəti üçün faydalı işlər görmək, ictimai problemlərin həllinə töhfə vermək onlarda milli şüurun və birlik hissinin formalaşmasına səbəb olur. Bundan əlavə, könüllülük zamanı əldə edilən təcrübə gənclərin şəxsiyyət kimi formalaşmasına böyük təsir edir. Məsuliyyət hissi, nizam-intizam və vaxtın səmərəli idarə olunması, liderlik bacarıqları, təşəbbüskarlıq və innovativ düşüncə tərzi könüllülük prosesində formalaşan vacib xüsusiyyətlərdəndir. Burada gənclər öz qabiliyyətlərini real şəraitdə sınayaraq gələcəkdə hansı sahədə inkişaf etmək istədiklərini müəyyən edə bilirlər”.
O əlavə olaraq qeyd edib ki, bu gün artıq könüllü fəaliyyəti təkcə bir seçim deyil, həm də fərdi inkişaf və peşəkar yüksəlişin əsas mərhələsinə çevrilib: “Son illərdə ölkəmizdə könüllü fəaliyyətə qoşulan gənclərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu tendensiyanın əsas səbəblərindən biri könüllülüyün gənclərə qazandırdığı dəyərli təcrübələr və inkişaf imkanlarıdır. Dövlət tərəfindən könüllülük fəaliyyətinin təşviqi və dəstəklənməsi bu sahəyə marağın artmasına təkan verən əsas faktorlardan biridir. Hazırda müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış yüzlərlə qeyri-hökümət təşkilatı vasitəsilə gənclər könüllü fəaliyyətə cəlb olunur və bacarıqlarını inkişaf etdirirlər. Bu tədbirlər gənclərə bacarıqlarını nümayiş etdirmək, yeni biliklər qazanmaq və fərqli sahələrdə təcrübə əldə etmək üçün əvəzsiz fürsətlər təqdim edir. Bu cür beynəlxalq tədbirlərdə işləmək onların stres altında işləmə və çevik qərarvermə qabiliyyətini artırır, bu da gələcəkdə daha kompleks iş mühitlərinə adaptasiya olmalarına kömək edir. Həmçinin gənclər mədəni müxtəlifliklə tanış olmaq və qlobal dünyagörüşünü genişləndirmək imkanı əldə edirlər. Müxtəlif ölkələrdən gələn iştirakçılarla ünsiyyət quraraq xarici dil biliklərini təkmilləşdirir, fərqli mədəniyyətlərə dair anlayışlarını genişləndirir və qlobal məsələlərə daha açıq yanaşmağa başlayırlar”.
“Könüllük mənə özümü hansı sahəyə aid olduğumu tapmağımda kömək etdi”
Milli Məclisin deputatı Nigar Məmmədovanın əsas köməkçisi vəzifəsində çalışan Bikəxanım Qulaməddinova bu pilləyə könüllülük fəaliyyəti sayəsində gəlib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Biologiya müəllimliyi” ixtisası üzrə məzundur. B.Qulaməddinova təhsil aldığı müddət ərzində dərsləri ilə yanaşı, könüllük proqramlarına da çox zaman ayırıb:
“Tələbəliyimin ilk ilindən universitetin Tələbə Gənclər Təşkilatında, “Enactus” proqramında fəaliyyət göstərərək ictimai fəal tələbələrdən biri olmuşam. Hətta semestr imtahanlarında müşahidəçi olmaq hüququm var idi. Universitetdənkənar bir çox könüllü proqramlarında iştirak etmişəm. Buna AKTA-nın layihələrini nümunə göstərə bilərəm. Könüllülük fəaliyyətim mənə çox şey qazandırıb. Universiteti bitirərkən ictimai fəallığıma görə fəxri fərmanla təltif olundum. Könüllük mənə özümü hansı sahəyə aid olduğumu tapmağımda kömək etdi. Mənə yeni dostluqlar qazandırdı, zamanımı səmərəli keçirməyi öyrətdi, onun biliklərimə belə müsbət təsiri vardı. Mən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllü fəaliyyətinə başladım, orada öz qrupum üzrə rəhbər seçildim, fəallığıma görə müəyyən tədbirlərdə daha öndə olurdum. Deputatımız mənim könüllü olduğum mərkəzin direktoru olub, iş fəaliyyətimi orada görüb və məni işlə təmin edib. Onun sayəsində dünənin könüllüsü bu günün dövlət qurumunun əməkdaşdır”.
Könüllülüyün ən böyük üstünlüyü
Könüllü fəaliyyəti ilə müəyyən təcrübələr qazanan, əldə etdiyi nailiyyətlər nəticəsində iş həyatına atılan Bənövşə Feyziyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. O, İTV-də “Səhər” proqramında çalışır. B.Feyziyeva bildirib ki, könüllülük fəaliyyəti bir çox layihələrin qurulmasında, təşkilatı məsələlərdə könüllülər üçün çox böyük təcrübədir:
“Könüllülük fəaliyyəti elə bir prosesdir ki, insanı komfort zonasından çıxarır, başqa bir mühitə salır. Artıq burada sən özünə güvənərək, cəmiyyətdə gördüklərinə əsaslanaraq hərəkət edirsən. Təbii ki, könüllü kimi fəaliyyət göstərən hər bir gənc istiqamətləndirilir. Bu fəaliyyət gənclərin cəmiyyətə tez adaptasiya olmasına, əlaqələrin qurulmasına şərait yaradır. Könüllülük əlaqələrin sağlam qurulmasında, artmasında böyük rol oynayır. Mən deyərdim ki, yaxşı əlaqələr insana mükafatdır. Bu əlaqələrin sağlam qurulması gələcək həyata da siraət edir. Medianın İnkişaf Agentliyinin könüllüsü olmuşam, işə cəlb olunmağımda bu könüllülük rol oynadı.
Belə ki, biz media qurumlarına təcrübəyə göndərilirdik. Universitet bizə bu təcrübələrdən faydalanmağı məsləhət görürdü. Həqiqətən çox çalışdım, bu şəraiti də mənə MEDİA yaratdı. Sevindirici hal odur ki, mən hər dəfə MEDİA-nın əməkdaşlarını görəndə bu qurumun könüllüsü olduğum üçün qürur duyuram. Könüllülüyün ən böyük üstünlüyü əlaqələrin qurulması, əməyə cəlb olunmadır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)