Yolum Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbədir. Bir vaxtlar neçə-neçə məzun yola salan bu məktəbin yerini əvvəlcə tapa bilmədim. Sən demə, məktəbin yeri dəyişibmiş. Binanın görünüşü yaraşıqlı və səliqəli idi. Oraya çatanda artıq tənəffüs vaxtı idi. Məktəbin direktoru Cəmilə Əhmədova ilə görüşüb söhbət etdik.
Cəmilə Əhmədova da vaxtilə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il daxil olduğu Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının Tarix fakültəsini 1983-cü ildə fərqlənmə diplomu ilə bitirib.
– Cəmilə müəllim, bir vaxtlar şagirdi olduğunuz məktəbə direktor kimi qayıtmaq sizi duyğulandırdımı?
– Məzunu olduğum məktəbin direktoru olacağımı heç ağlıma gətirməzdim. Bu məktəb çoxlu tanınmış şəxsiyyətlər – alimlər, hərbçilər, pedaqoqlar və başqalarını yetişdirib. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev, sabiq daxili işlər naziri Ramil Usubov da bu məktəbin məzunlarından olub. Hər gün məktəbə qədəm qoyanda xatirələr məni uzaqlara aparır… Çox duyğulanıram, sinif yoldaşlarımı tez-tez xatırlayıram.
– Əmək fəaliyyətinizə harada başlamısınız?
– İlk dəfə Ağdamdakı 4 nömrəli orta məktəbdə fəaliyyətə başladım, tarix fənnini tədris edirdim. Ağdam 1993-cü ildə işğal olunduqdan sonra Bakının 247 nömrəli tam orta məktəbində müəllim, sonra isə 48 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışdım. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ramana qəsəbəsində Xankəndi məktəbi tikildikdən sonra – 2013-cü ildən orada tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərdim.
– Şagird və müəllimlərinizin sayı nə qədərdir?
– Məktəbimizdə 296 şagird təhsil alır. Müəllimlərin sayı isə 30 nəfərdir. Onların 26-sı ali, 4-ü orta ixtisas təhsillidir. Təəssüf ki, Bakıdakı Xankəndi məktəbindəki müəllimlərin çoxu buraya gəlmək istəmədi. Çünki əvvəllər burada şərait istənilən səviyyədə deyildi: qaz, su, istilik sistemlərində problemlər var idi. Sonradan işləmək istəsələr də, artıq gec idi…
– Yuxarı sinif şagirdlərinin sayı yetərlidir? Xankəndiyə yeni ailələr köçdükcə şagirdlərin sayı artır?
– Hələlik şagird sayı tam yetərli deyil. Ancaq Azərbaycan Prezidentinin gərgin zəhməti və düzgün siyasəti nəticəsində Xankəndiyə köç prosesi davam etdikcə şagirdlərin də sayı artacaq.
– Bütün fənlər üzrə müəllim var?
– Bəli, artıq bütün fənlər üzrə pedaqoji heyət formalaşıb.
Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə qısa müddət ərzində hər cür şərait yaradılıb, burada hər tərəf göz oxşayır. Məktəb müasir avadanlıqlarla təmin edilib, dövlətimiz heç nəyi əsirgəməyib. Belə bir qayğıdan sonra şagirdlərin uğur qazanmaması mümkün deyil. Qoy, uşaqların səsi və gülüşü buradan heç zaman əskik olmasın!
Səriyyə Müslümqızı
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)