Bütün xəbərlər
16 yanvar, 15:38

Ailədə ata və ana məktəbəqədər yaşlı uşağın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Valideynlərlə ünsiyyət uşağın dünyagörüşünün yaranmasına əhəmiyyətli təsir göstərir ki, bu da onun həyata baxışlarını və fikirlərini inkişaf etdirməyə şərait yaradır. Uşağın inkişafı, eyni zamanda, ailədə ünsiyyətin necə təşkil olunmasından asılıdır, yəni ünsiyyət aydın olmalı və koqnitiv münasibət istisna edilməlidir.

Uşağın ilkin olaraq sosiallaşması ailədə həyata keçirilir və onun şəxsiyyət kimi formalaşmasının əsası qoyulur. Ailə uşaqda nizam-intizam və davranış qaydalarının formalaşmasında mühüm amildir. Valideynlər uşağa davranış qaydalarını təşviq etmək, pisləmək, habelə cəza tətbiq etməklə və ya davranışda məqbul dərəcədə sərbəstliyə icazə verməklə təsir göstərirlər. Uşağın idrak və yaradıcılıq fəaliyyətinin təşviqi, uğurlarının tanınması onda intellektual və yaradıcılıq qabiliyyətinin inkişafına kömək edir. Həm də bilik və təcrübəyə malik uşaqlar yeni mühitə asanlıqla uyğunlaşırlar. Məktəbəqədər müəssisə də bu aspektdə mühüm olması ilə seçilir. Ailə və məktəbəqədər təhsil müəssisəsi arasında tərəfdaşlıq əlaqələri vəhdət təşkil etdikdə qarşıya qoyulan məqsəd daha düzgün şəkildə yerinə yetirilir. Müxtəlif xüsusiyyətlərə malik 5−6 yaş arası məktəbəqədər yaşlı uşaqların sosial-emosional inkişafına, ilk növbədə, doğmaları və yaxınları ilə münasibətlər təsir edir. Buna görə də valideynlərdən və tərbiyəçi-müəllimlərdən tələb olunanlar uşaqlarla ünsiyyət qurmaq, onların jest və duyğularını başa düşmək, səbrlə baş verən hadisələrin mahiyyətini, sözlərin və hərəkətlərin mənasını izah etmək bacarığıdır.

Şəxsiyyətlərarası münasibətləri anlamaq və dərk etmək uşaq üçün vacib məsələ hesab edilir. Təlim prosesində uşaqlarda əxlaqi, iradi, estetik və s. keyfiyyətlər tərbiyə olunur , “yaxşı – pis”, “xeyir – şər”, “gözəl – çirkin”, “doğru – yalan” anlayışları, utanma hissi, ikrah hissi formalaşır. Uşaqlarda ictimai münasibət və ünsiyyət qaydaları formalaşır, ictimai davranış qaydaları və qadağaları başa düşürlər. Güvən və rəğbət uşaqlarda formalaşan empatiyanın (empatiya, başqa bir insanın emosional vəziyyətini, düşüncələrini və hisslərini anlamaq qabiliyyəti) ilkin komponentləridir və əsası məktəbəqədər yaşda qoyulur. Əxlaq anlayışı və hisslər emosiyanın ayrılmaz hissəsidir. Uşaqlar hisslərini birbaşa ifadə edir, ağlayır və tez sakitləşirlər. Onların əhval-ruhiyyəsi, əsasən, şəraitdən asılıdır, sevincin həddi-hüdudu yoxdur, kədər təsəllisizdir, qorxu dərindir, təəccüb böyükdür, gülüş yoluxucudur. Uşaqlarda hiss və istəklərin ifadəsində kortəbiilik üstünlük təşkil edir, rəğbət, simpatiya və antipatiya hissləri açıq şəkildə təzahür olunur. Məktəbəqədər yaşdan başlayaraq onlarda həssas olan “mən” hissi inkişaf edir. Uşaqlarla davranış onlarda sevinc, qürur, inciklik, qorxu və s. mənfi və müsbət emosiyalar oyadır. Əlbəttə ki, toxunma təması haqqında unutmamalıyıq. Bədən hissləri də bizim üçün böyük bir məlumat mənbəyi rolunu oynayır. Valideynlərin incə toxunuşları və uşağa qucaq açmaları onlara emosional stressin öhdəsindən gəlməyə kömək edir, stress və narahatlığı azaldır, ahəngdar inkişafı təşviq edir. Bu baxımdan şəxsiyyətin formalaşması bir çox amillərin (yaşayış şəraiti, ətraf mühit, sağlamlıq və s.) təsiri altında baş verir. 

İnkişaf dövründə uşaqda emosional dəyişikliklər baş verir, yəni dünyaya baxışları və başqaları ilə münasibətləri dəyişir və uşaqda duyğularını idarə etmək qabiliyyəti formalaşır. Emosional yaddaş inkişaf edir və bir neçə il əvvəl baş vermiş bəzi epizodlar xatırlanır. Məktəbəqədər yaşda uşaqların həmyaşıdları ilə ünsiyyəti daha çevik, situasiyalı və sabit olur. Bu yaş dövründə oğlanlar, ilk növbədə, atalarının, qızlar isə analarının davranışlarına diqqət yetirirlər. 6–7 yaşlı uşaqlar ailədəki münaqişəli münasibətlərə xüsusi həssaslıq göstərirlər. “Cəmiyyətdə uşağın sosiallaşması üçün o, sosial münasibətlərə daxil olur. Bu baxımdan uşaqlarda insan, dünya, həyat haqqında fikirlər formalaşır. Belə ki, uşaqlar başqa adamları anlamağı, yaşlılara, qadın və kişilərə, kiçik uşaqlara hörmət və kömək etməyi öyrənirlər. Bu baxımdan uşağın sosial-emosional inkişafının bünövrəsi qoyulur” [İsmayılova, N., 2022]. 

Uşaqların sosiallaşmasında onları əhatə edən insanların təsiri böyükdür. Uşaqlar, adətən, təqlid etməyə, davranışları mənimsəməyə meyillidirlər. Onların sosiallaşması bununla məhdudlaşmır. Məktəbəqədər yaşlı uşaqlar böyüklərin həyatı ilə bir çox cəhətdən – müşahidə etməklə, dinlədikləri nağıllar, şeirlər vasitəsilə tanış olurlar. Onun üçün nümunə başqalarının sevgisini, hörmətini qazanan insanların davranışıdır. Həmyaşıdlarının da davranışı uşaq üçün nümunə ola bilər. Müasir uşaqlar üçün 6–7 yaşa qədər məktəbəqədər uşaqlıq dövrü başa çatır. Ümid edək ki, əsas vəzifələrdən biri yerinə yetirilib – uşağın inkişaf edən şəxsiyyətində zəruri bilik və bacarıqlarla yanaşı, humanist, insani dəyərlər də yer alır. Bu o deməkdir ki, 6–7 yaşlı uşaqlar: 
• təbii (ağrısız) inkişaf mərhələlərini keçir və yaşa bağlı problemləri həll edirlər; 
• valideynlərinin oxşar hisslərinə cavab olaraq incəlik və məhəbbət hissləri yaşayırlar; 
• onlara yaxın və əhəmiyyətli insanlar tərəfindən səlahiyyət və hörmət, anlayış ehtiyaclarını dərk edirlər; 
• “mən” hissi, inam və fəallıq, adekvat özünə hörmət, o cümlədən istək və imkanların səviyyəsi yaranır; 
• empatiya qurmağı bacarırlar; 
• insanlara qarşı aparıcı xoşməramlılıq hissi olduqda açıq-aşkar qısqanclıq və paxıllıq hissləri göstərmirlər; 
• ünsiyyətcildirlər, həmyaşıdları ilə bərabər şəraitdə ünsiyyət qurmağa çalışırlar. 

Uşaqlarda emosional sferanın inkişafına yönəlmiş iş aktual və vacibdir. Psixoloq, tərbiyəçi-müəllim və böyüklərin vəzifəsi məktəbəqədər yaşlı uşaqlarda sosial-emosional münasibətlərin formalaşmasında bu kimi mürəkkəb və çoxşaxəli prosesə kömək etməkdir. Bu prosesdə özünəinam hissi yaratmaq üçün əsas istiqamətləri qurmaq lazımdır. Məktəbəqədər yaşlı uşaq özünün və ətrafındakı insanların emosional vəziyyətini şüurlu şəkildə dərk etməyi öyrənir. Yalnız emosional təcrübə əsasında uşaqlarda sosial həssaslıq, yəni təkcə öz hisslərini və istəklərini deyil, həm də başqalarının hisslərini anlamaq, nəzərə almaq, vəziyyətə adekvat reaksiya formalaşdırmaq, emosional özünütənzimləmə bacarığı inkişaf edir. Bu, öz “mən”i haqqında anlayış yaranmasına və adekvat özünəhörmətin formalaşmasına kömək edir. 

 Əsas hissə  

Ailə uşağın həyatında mühüm yer tutur və valideynlərin ona verə biləcəyi hər şeyi – münasibətlərin əsaslarını, ətraf aləmə münasibəti, istəyinə nail olma yollarını, dəyərləri və s. mənimsəyir. Təəccüblü deyil ki, uşaqlar böyüdükcə valideynlərinin davranış modelini təkrarlayırlar. “Ailədə sosial-mənəvi tərbiyə əvvəlki dövrlərdə olduğu kimi valideynlərin maarifləndirilməsi hesabına uşaqların uğur qazanmaları və problemləri həll etmələri deyil. Yeni pedaqoji paradiqma (fəal tərbiyə, inkişafetdirici təlim, pedaqoqların peşəkarlığının yüksəldilməsi və ailənin pedaqoji potensialının artırılması) informativ-ibrətamiz tərbiyə modelindən uşaq və böyüyün əxlaqi şüurunun, hisslərinin və davranışının inkişaf modelinə, pedaqoq və valideynlərin psixoloji və pedaqoji kompetensiyalarının artırılması modelinə, uşağın təlimi və sosiallaşması üçün şəxsiyyətlərarası və ailədaxili sosiomədəni texnologiyaların mənimsənilməsi modelinə keçməyi tələb edir” [Həsənova, P., 2017].

Ailə sistemində baş verənlər uşağın emosional vəziyyətinə və inkişafına necə təsir edir? Uşağın emosional vəziyyətinə, ümumiyyətlə, ailədəki münasibətlər, xüsusən də uşağın ailə üzvləri ilə münasibəti təsir göstərir. Uşaq emosional reaksiyaları valideynlərindən və ailə üzvlərindən öyrənir. Yəni uşaqlar böyüklərdən ətrafdakı insanlarla qarşılıqlı əlaqənin əsas nümunələrini öyrənirlər. Uşaqların stressdən və gərginlikdən uzaq durmaları da mühüm məsələ kimi dəyərləndirilir. “Emosional stress qeyri-spesifik adaptiv gərginlikdir və bədənin xarici mühitinin patogen təsirinə reaksiyaları, həddindən artıq güc və ya mənfi müddətlə vasitəçilik edən amildir [Zinchenko, V., 2008]. 

Məktəbəqədər yaşlı uşaqlar həmişə hissləri və duyğuları ilə nə baş verdiyini dərk etmir, nə baş verdiyini izah edə bilmirlər, buna görə də uşaqların emosional davranışlarının inkişafı valideynlərin onlara sadə ifadələr söyləməsi ilə başlayır: bəzən valideyn uşağının əsəbi, bəzən şən olduğunu görür və hiss edir. Bu zaman onun hisslərində baş verən dəyişiklikləri valideynləri ilə bölüşməsi üçün şərait yaratmalıdır. Valideynlərin uşağa necə münasibət göstərməsi də eyni dərəcədə vacibdir. Uşaqların sevildiyini və qəbul edildiyini hiss etməsi çox mühümdür. Buna görə də emosional laqeydlik, məhrumiyyətlər və uşağın hissləri, dəyərsizləşməsi qopmağa, təklik hisslərinə, başqaları ilə əlaqənin pozulmasına, yetkin həyatda çətinliklərə və hətta psixi xəstəliyə səbəb ola bilər. “Uşaq məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər ailədə müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnir. Ona görə də ailə uşağın ilk tərbiyəçisi hesab olunur. Ailənin uşağın ilk tərbiyəçisi kimi qəbul edilməsi gələcəkdə təlim-tərbiyə prosesinin məzmunlu qurulması, əlverişli münasibətlərin yaranması üçün vacib amildir. Valideyn və tərbiyəçilərin ümumi səyləri uşaq haqqında məlumatların əldə olunmasına, uşağın davranışı, rəftarı, münasibətləri ilə bağlı fikir və mülahizələrin bölüşdürülməsinə, ən əsası, uşağın böyüməsi və inkişafı üçün daha əlverişli şəraitin yaradılmasına yönəldilir” [İsmayılova, N., 2021]. 

Uşağın emosional vəziyyəti həmişə ailə mühitindən təsirlənir. Belə görünür ki, uşaq heç bir şəkildə ailə çətinliklərini həll edə bilməz, bu, böyüklərin işidir, bəs niyə narahatdır? Ancaq fakt budur ki, uşaqlar böyüklərin vəziyyətini şübhəsiz tanıyırlar və insanlar arasında, xüsusən də valideynlər arasında olan münasibətlərin keyfiyyətini incə şəkildə qavrayırlar. Uşaqlar ailə problemlərini, valideynlərin stress və narahatlığını anlayırlar, çünki ətrafda baş verənlər onlar üçün təhlükəli görünməyə başlayır. Valideynlər mübahisə etsə nə olacaq, onların işdə problemləri həll olunmasa nə olacaq?.. 

Uşaqlar şüursuz olaraq bunu ailənin mövcudluğuna təhlükə və müvafiq olaraq uşağın özünün həyatına təhlükə kimi qəbul edirlər. “Uşağa bu gün aqressivlik göstəririksə, onun sözünü dinləmiriksə, fikirlərini geri çeviririksə, gələcəkdə ondan xoş xasiyyət, mülayim davranış, mərhəmət gözləyə bilmərik. Çünki valideynlərin uşağa sırf bu cür rəftarı onun şüuraltısında formalaşır. Uşağın şüuraltısında necə formalaşırsa, o cür də həyata keçirilir. Belə bir deyim var: İnsan 7 yaşında nədirsə, 70 yaşında da odur. Freyd demişdir ki, insanın binası artıq 6 yaşında tamamlanır. Biz sonradan ona sadəcə divar kağızları və pərdələrlə bəzək vururuq. Yəni uşağın xarakteri 6 yaşında tam formalaşır. Heç bir uşağın xasiyyətini 6 yaşından sonra dəyişmək mümkün deyil. Sadəcə pozulmuş davranışlarını korreksiya etmək mümkündür. Hansı ki, bu pozulmuş davranışlar onun həyatına mənfi təsir edir. Əgər uşağımızı düzgün tərbiyə etmək istəyiriksə, ona vaxt, zaman ayırmalıyıq” [Bodzovich, L., 2008]. 

Ailə ilə yanaşı, məktəbəqədər müəssisə də uşaqların əqli, fiziki, sosial-emosional inkişafında əhəmiyyətli rol oynayır. İlk növbədə onların sosiallaşmasını təmin edir. Uşağın öz ailəsi xaricində güvənli bir mühitdə sosiallaşması olduqca vacibdir. Məktəbəqədər müəssisədə, xüsusilə ailənin tək övladı olan uşaqların həmyaşıdları ilə eyni şəraitdə paylaşmağı öyrənmələri asanlaşır. Beləcə, uşaqlar dinləmək, hörmət etmək və kollektiv fəaliyyət göstərmək kimi təməl prinsipləri erkən yaşda qavraya bilirlər. Məktəbəqədər müəssisədə kəsmə, boyama, yapışdırma, quraşdırma kimi məşğuliyyətlərə daha çox yer verilməsi uşaqların sosial inkişafına əhəmiyyətli təsir göstərir. Həmçinin fikir mübadiləsi, müşahidə qabiliyyəti kimi çalışmalarla onlarda riyazi bacarıqlar inkişaf etməyə başlayır. Şəkilli kitablara diqqət etmək və rəsm çəkmək kimi bacarıqlar sayəsində isə yazmağa və oxumağa olan maraqları artır. Uşaqlarda diqqət əskikliyi və ya öyrənmə çətinliyi kimi bir çox problemlər erkən yaşda müəyyən edilməli və məktəbə başlamadan bəzi önləmlər alınmalıdır.

Məktəbəqədər təhsil müəssisəsinin uşaqların həyatında rolu böyükdür. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısıdır. Uşaqların necə inkişaf edəcəyi onları əhatə edən mühitlə bağlıdır. Uşaqların sosiallaşması üçün atılan ilk addımlardan biri də onların bağça mühitinə öyrəşmələri ilə başlayır. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, uşaqların intellektual səviyyəsi məhz kiçik yaşlarında onlara verilən tərbiyə ilə bağlıdır. Məktəbəqədər müəssisədə tərbiyə alan uşaqlarla digər uşaqların fərqi varmı? Məktəbəqədər təhsil müəssisəsində tərbiyə alan uşaqlar daha fəal olurlar. Onlar ünsiyyət, fiziki, əqli cəhətdən yaxşı inkişaf edirlər, özünəinamlı olurlar, kollektivə öyrəşirlər, bir çox sevmədikləri yeməklərin adlarını öyrənirlər, evdə yemək istəmədikləri xörəkləri bağçada qrup halında əyləncəli şəkildə yeyirlər. Uşaqlar bağça mühitində paylaşmağı, bölüşməyi öyrənirlər, dostluq edirlər, bir-biriləri ilə daha çox ünsiyyətdə olurlar, birlikdə daha çox zaman keçirmək istəyirlər. Hətta bağçaya öyrəşən uşaq həftə sonu anasına sual verir ki, “bağça nə vaxt açılacaq”? Məktəbəqədər təhsil müəssisəsinə getməyən uşaqlar isə bəzən özünə qapanıq olur, ünsiyyətə az girir, yeni mühitə gec adaptasiya olur. Kiçik yaşlı uşaqlar qonaq gedəndə, evə qonaq gələndə analarından ayrılmaq istəmirlər. “Uşağın sosial təcrübəni mənimsəməsi yalnız ünsiyyətdə deyil, həm də digər insanlarla müştərək fəaliyyət zamanı da baş verir. Sosiallaşma prosesi boyu uşaq yeni fəaliyyət növlərini mənimsəyir. Bu və ya digər dövrdə müəyyən fəaliyyət növünə daha çox üstünlük verilir. Erkən yaş dövründə əşyavi fəaliyyətə, məktəbəqədər təhsil müəssisəsinə qədər yaş dövründə oyun fəaliyyətinə, məktəbəqədər təhsil müəssisəsində təhsilə və s.. Uşaqların inkişafı uşaq bağçasında onların oyun, təhsil, əmək, təhsildənkənar fəaliyyətlərinə edilən məqsədyönlü təsir nəticəsində baş verir. Seçilən fəaliyyətin həyata keçirilməsi zamanı yeni rolların mənimsənilməsi və onların əhəmiyyətinin dərk edilməsi baş verir” [Əliyeva, Ş., Həmidova, X., Mustafayeva, S., 2020]. 

Əhatə olunduğu mühit uşağın inkişafına birbaşa təsir edir. Uşaqlarda əqli inkişaf, dil və nitq inkişafı mərhələsi məktəbəqədər yaş dövründən, əsasən 3 yaşdan başlayır. Məktəbəqədər dövrdə dilin inkişafı üçün хüsusi bir zəmin yaranır. Uşağın lüğət ehtiyatı artır, ünsiyyətə meyli çoхalır. Eyni zamanda “mən” obrazı formalaşır. Məktəbəqədər dövrdə uşağın nitqi, xüsusilə, şifahi nitqi daha sürətli inkişaf edib zənginləşir, lüğət ehtiyatı artır. O, ana dilinin qrammatik qanunları əsasında danışmağa başlayır. Bu yaş dövründə uşaqların nitqi ailədə, məktəbəqədər müəssisədə, onu əhatə edən yaxın insanlarla ünsiyyət zamanı formalaşır. “Uşaq şəxsiyyətinin psixologiyası problemi ilə bağlı L.İ.Bojoviç yazır: “L.S. Vıqotski, uşağın sosial baxımdan inkişafını “bütün psixologiya üçün ən yüksək” hesab etdi və özü də onun həllinə ciddi şəkildə keçdi” [Bodzovich, L., 2009]. 

Məktəbəqədər yaş dövründə uşağın yiyələndiyi nitq formalarından biri də izahlı nitqdir. Məsələn, uşaq bu nitqlə oyunun məzmununu yoldaşlarına izah edir. Rabitəli nitqin bir forması olan izahlı nitq uşağın həyat fəaliyyətində böyük əhəmiyyətə malikdir. Eqosu yüksək olan aqressiv, ərköyün uşaqlar bağça mühitində paylaşmağı, dostluq etməyi öyrənirlər. Evdə valideyn bu yaşda uşaqlara nə qədər “ağıllı balam”, “sağol” desə də, məktəbəqədər müəssisədə tərbiyəçi-müəllimin onu rəğbətləndirməsi, “afərin” deməsi daha müsbət nəticə verir. Məlum olduğu kimi, məktəbəqədər yaş dövründə uşaqların əsas aparıcı fəaliyyət növü oyundur. Bu yaş dövründə uşaqlar vaxtlarının çox hissəsini oyunda keçirirlər. Məktəbəqədər yaş dövrü 3 yarım dövrə bölünür: 
• kiçik məktəbəqədər yaş dövrü (3–4 yaş); 
• orta məktəbəqədər yaş dövrü (4–5 yaş); 
• böyük məktəbəqədər yaş dövrü (5–6 yaş).

Bu yaş dövrlərində süjetli oyunların inkişafı sürətlənir, rolların mənimsənilmə imkanları genişlənir. 3–6 yaş dövründə uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklərə gətirib çıxarır. Oyun şəraitində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə, müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı, didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsaslı rol oynayır. Xüsusilə də bu yaş üçün səciyyəvi tipik olan rollu oyunlarda uşaqlar yaşlıların fəaliyyətini öz üzərinə götürür, onların real həyatı funksiyalarını yerinə yetirir, özlərini yaşlı kimi aparırlar. Bu yaş dövrü üçün aparıcı fəaliyyət olan oyun prosesində uşaq müəyyən işlər görür, rola aid mülahizələr yürüdür, münasibətini bildirir, hətta, yeri gəldikcə mübahisə edir və yaş artdıqca qaydalı oyunlar onların həyatında mühüm yer tutmağa başlayır. Uşağın məktəbəqədər müəssisədə bir çox imkanları, qabiliyyətləri, ünsiyyət bacarığı fəaliyyət formasında meydana çıxır. Qabiliyyətin üzə çıxması üçün uşaq mütləq bir fəaliyyətdə olmalıdır. Oyunun da müəyyən mərhələləri var. Uşaq kiçik yaş dövründə əşyaları tanımağa başlayır, müxtəlif oyuncaqlarla oynayır, ətrafında gördüklərini təhlil edir. Hələ kiçik yaşlarında uşaq oyuncaqların tərkib hisslərini ayıraraq, analiz edir, onlarla oynayır. Bu zaman uşağın inkişafına zəmin yaranır, lakin bir müddət sonra uşaq oyun əsasında ətrafdakı insanları - onu əhatə edənlərin sosial rollarını mənimsəyir. Oyunda bunu daha da təkmilləşdirir. Bu təkmilləşdirmə yalnız bağça mühitində daha keyfiyyətli həyata keçə bilər. Bunlarla yanaşı, onlar dostluq və kömək etməyi öyrənirlər. Məktəbəqədər müəssisədə oyuncaqların seçimi də müəyyən tədqiqata əsaslanır. Oyun prosesi uşağın inkişafını müəyyənləşdirir, qabiliyyətlərini üzə çıxarır. Burada yalnız ünsiyyət məsələsi yox, təsviri qabiliyyət, aktiv oyunlar, fiziki qabiliyyət də nəzarət altına alınır.

Məktəbəqədər müəssisəyə gedən uşaqlarda, artıq məktəb dövründə müəyyən inkişaf özünü göstərir. Yəni o, məktəbə hazır vəziyyətdə gedir, sosial fobiyası olmur, ağlamır, qışqırmır, anasını istəmir, yeni mühitə daha tez adaptasiya olur, tanımadığı uşaqlara daha tez uyğunlaşır. Buna görə də bağçanın rolu uşağın həyatında əvəzolunmazdır. Emosional sahə məktəbəqədər və ibtidai məktəblilərin inkişafında vacib bir komponentdir, çünki başqasının emosional vəziyyətini hiss etmədikləri, görmədikləri və duyğularını idarə edə bilmədikləri təqdirdə heç bir ünsiyyət və ya qarşılıqlı əlaqə effektiv olmayacaqdır. Hissləri duymaq, başa düşmək də böyüməkdə olan bir insanın şəxsiyyətinin inkişafında vacib bir məqamdır. Emosiyaların tanınması və ötürülməsi uşağın müəyyən biliklərə və müəyyən inkişaf səviyyəsinə malik olmasını tələb edən kifayət qədər mürəkkəb bir prosesdir. Məktəbəqədər yaşlı uşaqlar sevinc, heyranlıq və əyləncəni asanlıqla ayırd edir, lakin kədər, qorxu və təəccübü tanımaqda çətinlik çəkirlər. Onlar pantomima duruş və jestlərə əhəmiyyət vermədən, ilk növbədə, üz ifadələrinə diqqət yetirirlər. Beləliklə, uşaqların şəxsiyyətinin inkişafına təsirin əsas yolu cəmiyyətdə davranış qaydalarını tənzimləyən əxlaq normalarının mənimsənilməsinin təşkilidir. Bu normalar uşaq tərəfindən modellərin və davranış qaydalarının təsiri altında əldə edilir. Uşaqlar üçün davranış modelləri, ilk növbədə, böyüklərin hərəkətləri, münasibətləridir. Eyni zamanda böyüklərin uşağa təsirinin ən vacib komponenti onların emosional reaksiyaları, qiymətləndirilmələri və xüsusiyyətləri sistemidir. 

Nəticə  

Məktəbəqədər yaş dövrünün sonunda uşaqların hissləri və təcrübələri daha mürəkkəb və fərqli olur. Emosionallığı və təəssürat qabiliyyətini qoruyub saxlayaraq, əvvəlki sadəlövhlük və inandırıcılıq artıq mövcud deyil. Özünənəzarət, özünütənqid, öhdəliklərin artması, günahkarlıq hissləri, ədalət, gözəl və çirkin kimi ifadələri anlamağa başlayırlar. Uşaqla münasibətlərdə böyüklər incə şəkildə emosional təsir formalarını seçməlidirlər. Uşağa emosiyaların müsbət və mənfi təsir formaları kortəbii olaraq (böyüklərin özünün əhval-ruhiyyəsindən asılı olaraq) yaranmamalı, bir növ ünsiyyət texnikasına çevrilməlidir. Burada əsas fon müsbət emosiyalardır və günahlandırma forması kimi istifadə olunur. Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin inkişafında həmyaşıdları ilə ünsiyyətin ona göstərdiyi təsirin mühüm rolu var. Erkən yaş dövründə digər uşaqlara yaranan simpatiya məktəbəqədər yaşlı uşaqda həmyaşıdları ilə ünsiyyət ehtiyacına çevrilir. Məktəbəqədər yaşlı uşağın sosial-emosional inkişafı ilə bağlı bir məqamı da vurğulayım ki, insanın dünyaya qayğı ilə baxmaq qabiliyyəti, xoşbəxt olmaq bacarığı məhz burada mühüm məsələdir. Bu istiqamətdə ailə və məktəbəqədər müəssisə bir-biri ilə qarşılıqlı vəhdətdə prosesləri yerinə yetirməlidirlər. 

Mənbə: “Məktəbəqədər və ibtidai təhsil elmi-metodik” jurnalı 2024, №4/249 s.31-41

 

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.