Bütün xəbərlər
10 sentyabr, 14:30

Yay tətilinin son səhifələri çevrilmək üzrədir. Bir neçə gündən sonra məktəblərimiz yenidən şagird səsləri ilə canlanacaq, sinif otaqları nur üzlü balalarımızla işıqlanacaq. Evlərdə çantalar, məktəb geyimləri hazır, arzular böyük, həyəcanla yeni tədris ilinin başlanılmasına günlər sayılır. 

Hər yeni dərs ili yalnız tədrisin başlanğıcı deyil, həm də biliklərə yiyələnmək, məqsədlərə bir addım daha da yaxınlaşmaq üçün fürsətdir.Və bu hər bir şagird üçün özünü daha yaxşı ifadə etmək, qazanacağı uğurları ilə tanınmaq və gələcəyini inşa etmək üçün bir başlanğıcdır.

Bəs məktəblər bu yeni başlanğıca necə hazırlaşır? Məzuniyyətini bitirib, məktəbə qayıdan müəllimlərin tədris ilinə hazırlıqları hansı səviyyədədir? Sinif otaqlarında vəziyyət, texniki imkanlar necədir? Ən əsası bu ilin tədris hədəflərində nələr dəyişib, nələr yenilənib?

Suallarımıza yerindəcə cavab tapmaq üçün qəzetimizin fotoqrafı Kənan Qafarovla paytaxtdakı 161 nömrəli tam orta məktəbə yollanırıq. Elə təhsil ocağının həyətinə daxil olar-olmaz bizi qəribə hisslər bürüyür. Adətən uşaqların şaqraq gülüşlərinə, dinamik hərəkətlərinə öyrəşdiyimizdən təhsil ocağı bizə cansıxıcı gəlir. Özümüzü təqdim edərək içəri keçirik, bizi içəridə yenilənmiş partalar, stullar qarşılayır. Dəhlizlərdə səssiz bir hazırlıq hökm sürür. Və sakitliyin içində qəribə bir canlanmanın şahidinə çevrilirik.

Müəllimlər sinif otaqlarında planlarını, gündəliklərini, yeni tədris materiallarını nəzərdən keçirirlər. Lakin bu sakitlik uzun çəkmir. Dəhlizin o başından bir neçə şagirdin addım səsləri eşidilir. Kimisi məktəblə ilk tanışlığa gəlib, valideyninin əlindən tutaraq həyəcandan sakit dayana bilmir. Bəziləri isə dərs kitablarını almaqla yanaşı, öz müəllimini görmək ümidi ilə sinif qapısına tərəf boylanır. Qaçışan ayaq səsləri, uşaqların bir-birini səsləməsi, valideynlərin müəllimlərlə söhbəti bütün bunlar məktəb divarlarına doğma bir hənirtini qaytarır.

Elə müşahidələrimizi davam etdirirdik ki, direktor Rəna Hüseynovanın bizə tərəf gəldiyini görürük. Rəna müəllim işinin gərgin olmasına baxmayaraq bizi otağına dəvət edir. 2024-cü ildən bu məktəbə rəhbərlik edən direktor təhsil ocağı haqqında ətraflı məlumat verir. Bildirir ki, 161 nömrəli tam orta məktəb 2019-cu ildən yeni binası ilə fəaliyyətini Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ərazisində davam etdirir. Məktəbin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. 3 mərtəbəli məktəbin 33 sinif otağı, idman, akt zalları və yeməkxanası var. Təhsil ocağında pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür imkan və şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Orta ümumtəhsil müəssisəsi 2025-2026-cı tədris ilinə 1000 şagirdlə başlayacaq. Onların təlim-tərbiyəsi ilə 57 müəllim məşğul olacaq. Yeni tədris ili üçün müəyyən təşkilati işlər görülüb. Şagirdlərin siniflər üzrə dərs cədvəlləri hazırdır və müəllimlərin dərs saatlarının bölgüsü aparılıb. 

Məktəbdə müxtəlif fənn kabinetləri, tədris laboratoriyaları şagirdlərin istifadəsindədir. Bütün bu imkanlar şagirdlərə yalnız bilik əldə etməyi deyil, həm də onları təcrübədə tətbiq etməyi öyrədir.

Rəna müəllim deyir ki, kollektivin böyük əksəriyyəti cavan, müasir təlim texnologiyaları ilə işləyən innovativ düşüncəyə malik təhsil işçiləridir. Müəllimlərin əksəriyyəti MİQ və sertifikasiya imtahanlarında yüksək nəticələr göstəriblər. Bu il keçirilən sertifikasiya imtahanında respublika üzrə yeganə 60 bal toplayan biologiya müəllimi Hacı Mədinə də məhz bu məktəbin müəllimidir. Bu, həm pedaqoji heyətin yüksək peşəkarlığının, həm də məktəbin müəllim hazırlığı sahəsində gördüyü məqsədyönlü işlərin göstəricisidir.

Direktordan öyrənirik ki, məktəb innovativ yanaşmaların tətbiq olunduğu qabaqcıl orta ümumtəhsil müəssisələrindən biridir. Təhsil ocağı "Rəqəmsal bacarıqlar" layihəsinə qoşulub. Layihə çərçivəsində şagirdlər alqoritmik düşüncə, proqramlaşdırma əsasları, rəqəmsal texnologiyalardan səmərəli istifadə kimi bacarıqları mənimsəyirlər. Məqsəd gələcəyin tələblərinə uyğun rəqabətqabiliyyətli və texnologiya yönümlü gənclər yetişdirməkdir.

Bundan əlavə, məktəbdə həm STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat), həm də “Rəqəmsal bacarıqlar” kabinetləri fəaliyyət göstərir. Şagirdlər burada tətbiqi bilik və bacarıqlarını inkişaf etdirir, komandada işləmək, yaradıcı düşünmək və praktiki layihələr üzərində çalışmağı öyrənirlər. Məktəb bu sahədə də uğurları ilə fərqlənir: son 3 il ardıcıl olaraq STEAM üzrə respublika ikincisi olub. Orta ümumtəhsil müəssisəsi həmçinin beynəlxalq və yerli müsabiqələrdə də fəal iştirak edir. Belə ki, “FIRST LEGO League Challenge 2022-2023” Azərbaycan turnirində “Robot dizayn” kateqoriyası üzrə 2-ci yerin qalibi olub. Bundan əlavə, məktəbin “Lunar Eclipse” adlı komandası Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) və İsrail Kosmik Agentliyinin birgə təşkil etdiyi Beynəlxalq Kosmik Olimpiada müsabiqəsinin milli finalında uğurla çıxış edib. Komanda müxtəlif sinifləri əhatə etməklə 17 şagirddən ibarət olub.

Pedaqoji heyət və metodist müəllimlər

Məktəbin müəllim kollektivi peşəkar və inkişaf yönümlüdür. Müəllimlər mütəmadi olaraq milli və beynəlxalq təlimlərdə, eləcə də xarici ölkələrdə keçirilən pedaqoji proqramlarda iştirak edirlər. Təhsil ocağında “Müasir metodist” layihəsi çərçivəsində 3 metodist müəllim fəaliyyət göstərir, onlardan ikisi ibtidai sinif, biri isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Metodist müəllimlərin fəaliyyəti məktəbdə tədris prosesinin keyfiyyətini artırmaq, pedaqoji təcrübəni bölüşmək və gənc müəllimlərə dəstək olmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Sağlam təhsil mühiti və müəllim–şagird–valideyn əməkdaşlığı
  
Direktor Rəna Hüseynova məktəbdə müəllim–şagird–valideyn münasibətlərinin sağlam zəmin üzərində qurulduğunu qeyd edir: “Əminliklə deyə bilərəm ki, məktəbimizdə sağlam təhsil mühiti mövcuddur. Bunu məktəbə gələn valideynlərin bizimlə səmimi ünsiyyətindən şagirdlərin davranışlarından hiss etmək mümkündür. Mənim fikrimcə, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulan bu münasibət tədris prosesinin uğurla həyata keçirilməsinin başlıca açarıdır. Qürurla deyə bilərik ki, təhsil ocağımız artıq respublikamızın qabaqcıl məktəbləri sırasına daxil olub və MİQ, sertifikasiya imtahanlarının keçirildiyi mərkəz məktəblərdən biri kimi tanınır. Qısa bir müddət ərzində bır sıra uğurlar əldə etməyimizdən qürur hissi keçiririk”.

Rəna müəllim deyir ki, məktəb yalnız dərs öyrənilən yer deyil. O həm də şagirdlər üçün ikinci evdir: “Biz bu evi şagirdlər üçün daha təhlükəsiz, daha yaradıcı və daha maraqlı etməyə çalışırıq”.

Direktorun məktəb haqqında geniş məlumatından sonra yeni tədris ilinə hazırlıqla bağlı görülən işlərlə tanış olmaq üçün məktəbi gəzirik.

"Əlimə ilk dərsliyi aldığım andan tədris ilinin ab-havasını yaşayıram"

Yeni dərs ilinə hazırlıq işləri təkcə müəllim və məktəb rəhbərliyi ilə bitmir. Məktəbin ikinci mərtəbəsində yerləşən kitabxanaya daxil oluruq. Kitabxanada dərslikləri götürməyə gələn sinif müəllimləri ilə yanaşı, bir neçə şagird də görürük. Onlar həm öz kitablarını almağa, həm də kitabxanaçıya yardım etməyə gəliblər.

Nuray İbrahim-zadə bu il IV sinifdə oxuyacaq. Onun ibtidai sinif müəllimi Lətifə Sofiyevadır. Nuray hələ balacadır, amma böyük arzularla yaşayır: “Mən məktəbimi çox sevirəm. Yayda darıxmışdım, müəllimimi görmək istəyirdim. İndi dərs kitablarımı almağa gəlmişəm və müəllimimlə də görüşəcəyəm”.

Zeynəb Cəfərova V sinfə keçib. O kitabxananın müdiri Sevinc İbrahim-zadayə dərsliklərin qruplaşdırılmasında kömək edir. Kitabları ehtiyatla çeşidləyir, kiçik yaşına baxmayaraq məsuliyyətlə davranır: “Mən gələcəkdə Vətənimizi qorumaq üçün hərbiçi olmaq istəyirəm. Məktəb bu arzuma çatmaq üçün ilk yoldur. Dərs oxumağı, öyrənməyi sevirəm. Burada olmaq mənim xoşuma gəlir”.

Zəhra Mehdizadə isə IX sinifdə təhsil alacaq. Məktəbin ən fəal və nümunəvi şagirdlərindən biridir. Dərslərində uğurludur və gələcək planları da təhsillə bağlıdır: “Məktəb üçün çox darıxmışdım. Dərs kitablarımı almağa gəlmişəm. Mən ibtidai sinif müəllimi olmaq istəyirəm. Balaca uşaqlarla işləməyi, onlara hərfləri, rəqəmləri öyrətməyi çox sevirəm”.

Bu şagirdlər məktəbin kitabxanasında təkcə kitab almaqla kifayətlənməyib, kitabxana mühitinə töhfə verməyə də can atırlar. Onların davranışlarında, baxışlarında və danışıqlarında məktəbə olan daxili bağlılıq, müəllimlərinə olan hörmət, kitablara isə dərin sevgi hiss olunur.

Kitabxananın müdiri  Sevinc İbrahim-zadə həm dərs ilinə hazırlığın, həm də şagirdlərə dərsliklərin vaxtında çatdırılmasının məsuliyyətini çiyinlərində daşıyır. Otaqda kitab qutuları səliqə ilə düzülüb, üzərində siniflərin nömrələri qeyd olunub. Hər şey planlı və nizamlıdır.
Kitabxana müdiri deyir ki, hazırlıqlara avqust ayının sonlarından başlayıblar: “Mənim üçün yeni dərs ili kitabxanadan başlayır. Əlimə ilk dərsliyi aldığım andan tədris ilinin ab-havasını yaşayıram. Hazırda ibtidai sinif dərsliklərinin paylanılması prosesi gedir”.

"Uşaqlarla işləmək bir sevgi, bir məsuliyyətdir" 

Geniş, işıqlı, səliqə-sahmanı ilə göz oxşayan ibtidai sinif otaqlarında oluruq. Partalar düzülüb, lövhə silinib, pəncərə kənarına qoyulmuş güllər təzəcə sulanıb. Müəllim masalarının üzərində gündəlik, metodik vəsaitlər və planlaşdırma üçün qeyd dəftəri qoyulub. İbtidai sinif müəllimləri Samirə Abdullayeva və Ülkər Süleymanova şagirdləri üçün darıxdıqlarını söyləyirlər. Pedaqoqlar valideynlərin uşaqlarının istər təlimi, istərsə də tərbiyəsi ilə gündəlik olaraq maraqlanmalarını müsbət hal kimi qiymətləndirirlər. Partaların üzərinə qoyular dərsliklər diqqətimizi cəlb edir. Müəllimlər bu dərsliklərin valideyn iclasında valideynlərə təqdim olunacaqlarını bildirirlər. 

“Uşaqlarla işləmək o qədər gözəldir ki, bu işi sadəcə peşə kimi deyil, bir sevgi kimi görürük. Yay tətilindən sonra məktəbə qayıtdıqları ilk gün onlara “darıxmadınız ki?”, – deyə soruşanda, hamısının sevinc dolu baxışlarla, məktəbin başlanılmasını səbirsizliklə gözləyirdik, - demələri bizi çox duyğulandırır”. 

Qapının arxasından balaca bir qızın səsi eşidilir. Birinci sinifdə oxuyacaq Elay sinfinə baxmaq istəyir. Ülkər müəllim qapını açıb, Elayı anası Nuranə ilə sinfə dəvət edir. Elay ürkək addımlarla sinfə daxil olur, bir parta qarşısında dayanır və sakitcə soruşur: “Mən burada otura bilərəm?”.

Müəllim gülümsəyir və cavab verir:

“Bura artıq sənin yerindir, qızım. Bu sinif sənin ikinci evin olacaq”.

Ülkər müəllim deyir ki, peşəkar müəllim uşaqlara məktəbi ilk gündən sevdirməyi bacarmalıdır: “Mənim üçün hər bir şagird bir toxum kimidir. Onu sevgi ilə sulasan, işıq versən, gözəl böyüyərək çiçəklənəcək”.

Nuranə Rzazadə Elayın valideynidir. Birinci övladı Banu bu məktəbdə təhsil alır. Təhsil müəssisəsindəki təlim-tərbiyə mühiti onu qane etdiyindən ikinci övladının da burada oxumasında qərarlıdır.

“Məktəbi, sinfi canlı edən, tədris mühitini canlandıran da məhz şagirdlərdir”  

Olduğumuz “Rəqəmsal bacarıqlar”, STEAM, həmçinin kimya kabinetləri və laboratoriya otaqında zəngin informasiya, texnoloji resurslar, təcrübə keçmək üçün laborator təminat yüksək səviyyədə idi. İnformatika müəllimi Kəmalə Dadaşova, kimya müəllimi Təranə Əmiraslanlı, kimya laborantı Xuraman Qəmbərova hazırkı şagirdlərin oxumağa, yeni biliklər almağa maraqlı olduqlarını, eyni zamanda geniş dünyagörüşü ilə fərqləndiklərini söyləyirlər. Deyirlər ki, nə qədər gözəl siniflər olsa da, orada şagird olmayanda onun heç bir mənası olmayıb. Məktəbi, sinifi canlı edən, tədris mühitini canlandıran da məhz şagirdlərdir”. 

"Dərs ilinə hazırlıq təkcə sinif otaqlarında deyil, uşaqların daxilində də baş verməlidir"

Məktəbi gəzərkən diqqətimizi çəkən maraqlı məqamlardan biri də məktəbin psixoloqu Nərgiz Cavadovanın bu il 1-ci sinifdə oxuyacaq uşaqların psixoloji durumunu yoxlamaq üçün onlarla apardığı iş oldu.  

Psixoloq bizi uşaqlarla aparılan psixoloji testlərlə tanış edir. Deyir ki, yeni dərs ilinə hazırlıq təkcə sinif otaqlarında deyil, uşaqların daxilində də baş verməlidir:

“Uşaqlar yay boyu tamamilə fərqli bir rejimdə olurlar. Məktəbə qayıdış təkcə fiziki deyil, həm də psixoloji keçid tələb edir. Biz bu keçidi mümkün qədər yumşaq və təhlükəsiz etməyə çalışırıq”.

Nərgiz Cavadova xüsusilə birinci sinif şagirdlərinə xüsusi diqqət ayırdığını deyir. O qeyd edir ki, bu yaş dövründə məktəbə uyğunlaşma hər uşaqda fərqli şəkildə gedir: “Bəzi uşaqlar üçün məktəb maraq və oyun yeri kimi görünür, bəziləri üçünsə qorxulu və bilinməyən bir dünya. Biz onların qorxularını və bəzən ifadə edə bilmədikləri hisslərini müşahidə edirik. Rəsm çəkdirmə, oyun terapiyası, fərdi söhbətlərlə onları tanımağa çalışırıq. İlkin diaqnostika mütləq lazımdır. Bu, nə üçün faydalıdır? Məsələn, müəllim bilir ki, artıq sinifidə hansı uşağa, hansı formada yanaşmaq lazımdır. Onda nələr inkişaf etdirilməlidir? Xüsusi testlər vasitəsilə uşağın yaddaş səviyyəsini də öyrənirəm. Uşağa 10 söz verirəm. Ondan neçəsini saniyələr ərzində yadında saxladığını müəyyənləşdirirəm. Nəticələrə əsasən, 10 sözdən 6-7 sözün yadda saxlanılması yaddaş səviyyəsinin orta, 8-9-unun yadda saxlanılması yaxşı, 2-3-ünün saxlanılması isə zəif olduğunu göstərir. Bununla bağlı həm müəllimlərə, həm də valideynlərə bir sıra tövsiyələr verirəm ki, bu da uşağın gələcək inkişafında, psixoloji durumunun yaxşılaşmasında əhəmiyyətli rol oynayır.

Bilirsiniz, məktəbdə yüksək bilik verilməklə yanaşı, emosional təhlükəsizlik mühiti də olmalıdır. Əgər uşaq özünü qəbul olunmuş və güvəndə hiss etmirsə, o zaman heç bir dərs onun üçün mənalı olmayacaq. Psixoloq olaraq fəaliyyətimi həm şagirdlərlə, həm də müəllim və valideynlərlə səmərəli əməkdaşlıq çərçivəsində qururam”. 

"Çalışırıq ki, məktəbimiz səliqə-sahmanı, təmizliyi ilə hər zaman göz oxşasın" 

Məktəbi gəzib, onun təmizliyindən birbaşa cavabdeh olan təmizlikçi xanımların əməyini qeyd etməmək düşünürük ki, haqsızlıq olardı.
Emma Kərimova və Elnurə Bayramova artıq neçə illərdir ki, adıçəkilən təhsil ocağının təmizlik işlərinə baxırlar. Onlar da söyləyirlər ki, yeni dərs ilinə bir sevinc, bir həyəcanla hazırlaşırlar: “Bizim işimiz sadəcə təmizlik deyil, həm də bu uşaqların sağlam və səliqəli bir mühitdə təhsil almasına dəstək olmaqdır. Şagirdlərin səsi-sorağı gəlməyəndə məktəb sanki ruhsuz olur. Onlar gələndə isə məktəb, sinif, hər guşə canlanır. Çalışırıq ki,məktəbimiz səliqə-sahmanı, təmizliyi ilə hər zaman göz oxşasın”.

Pedaqoji Şurada yeni tədris ili üçün yol xəritəsi müəyyənləşdirildi

Və bir azdan bütün məktəbin pedaqoji kollektivi müəllimlər otağına Pedaqoji Şuranın iclasına toplaşır. Təbii ki, jurnalist marağı bizə üstün gəlir və iclasda biz də iştirak edirik. 

Məktəbin direktoru Rəna Hüseynova müəllim heyəti ilə qarşıdan gələn dərs ili üçün yol xəritəsini müəyyənləşdirmək, vacib məsələləri müzakirə etmək və ortaq məqsədlər ətrafında birləşmək üçün bir araya gəlməyin vacibliyini önə çəkir. Bu ilin əsas prioritetləri barədə danışan direktor yeni dərs ilinin onlar üçün yeni yanaşmalar, yeni hədəflər olduğunu söyləyir. Təhsil işçilərinin sentyabr konfranslarında müzakirə olunan məsələləri pedaqoji kollektivin diqqətinə çatdıran direktor yeni tədris ilində məktəb daxilində nizam-intizam, müəllim–şagird–valideyn münasibətlərində şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsipinə daha da önəm verəcəklərini söyləyir. 

Pedaqoji Şurada həmçinin dərs saatlarının bölgüsü və fənn kurikulumlarına dair vacib məqamlar da müzakirə olunur. Xüsusi vurğulanan məsələlərdən biri də rəqəmsal resurslardan istifadənin artırılması, şagirdlərin tənqidi düşünmə bacarıqlarının inkişafı və formativ qiymətləndirmə metodlarının təkmilləşdirilməsi olur. 

Yeni tədris ilinə böyük ümidlərlə, yeni hədəflərlə 

Və vaxt tamam olur. Məktəbdən ayrılırıq. Yeni tədris ilini böyük ümidlərlə, yeni hədəflərlə qarşılamağa hazır olan bu məktəblə tanışlıq zamanı bir məqam aydın şəkildə hiss olunurdu: müəllimlər arasında yalnız bir işgüzar hazırlıq yox, eyni zamanda daxili bir məsuliyyət, sevinc və gözlənti də var. Çünki hər yeni dərs ili onlar üçün yeni bir yolun başlanğıcı deməkdir.

1 /15

Şərhlər

Xəbər lenti

10 sentyabr, 17:13

Naxçıvanda peşə təhsili müəssisələrinin ilk məzunlarına diplomlar təqdim olunub

10 sentyabr, 17:11

BSU-da “İnklüziv və adaptiv təhsil” mövzusunda təlim keçirilib

10 sentyabr, 16:37

Şəki-Zaqatala regionunun məktəblərinə 363 min nüsxədən çox dərslik çatdırılıb

10 sentyabr, 16:25

BMU-İNHA İDP-yə bu il qəbul olan tələbələrlə görüş keçirilib

10 sentyabr, 16:14

Tələbə yataqxanaları ilə bağlı konsepsiyalar hazırlanır

10 sentyabr, 16:10

Yeni “Fizika” dərsliyində ilk dəfə QR kodlardan istifadə olunacaq

10 sentyabr, 16:02

Kimya fənninin məzmunu sadələşdirilib

10 sentyabr, 15:53

Bütün fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib

10 sentyabr, 15:51

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10 sentyabr, 15:42

Kimlər evdə təhsil ala bilər? – AÇIQLAMA

10 sentyabr, 15:37

Dərslik müəllifi: Yeni “Fizika” dərsliyində sualların tərtibinə xüsusi diqqət yetirilib

10 sentyabr, 15:28

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10 sentyabr, 15:28

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10 sentyabr, 15:16

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10 sentyabr, 15:00

Azərbaycan sevdalısı İbrahim Yıldırım – böyük itki

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.